İŞIĞ-ın İŞİD-ə çevrilməsi
İŞİD adı ilə tanınan "İraq Şam İslam Dövləti" militanlarının
Mosulu ələ keçirməsi və Türkiyə konsulluğunu tam tərkibdə girov
götürməsi gözlənildiyi kimi dünyanı ciddi həyəcanlandırmağa
başlayıb. Mosuldan və ətraf bölgələrdən böyük bir köç axını
başlamış, müdafiəsiz qalmış xalq həyatlarını riskə ataraq,
başıpozuq şəkildə İraq çöllərinə yayılmaqdadır.
Hamını maraqlandıran əsas sual ABŞ-ın Səddamsonrası bu ölkədə
yaratdığı boşluğun artıq elə də böyük olmayan terrorçu qrup
tərəfindən niyə və necə doldurulmasıdır. İllərdir təchizat üstünə
təchizat qoyulan İraq ordusunun ideyasız və əqidəsiz
korrupsiyalaşmış birlikləri silahlarını ataraq geri çəkilmiş
oldular. Demək ki, ABŞ-ın Əfqanıstanda, Pakistanda siyasətinin
iflası, ardından Suriya iflası və nəhayət, İraqda belə asanlıqla
bir terrorçu qrupun iri şəhərləri bir-bir ələ keçirməsi bizi də
hamı kimi narahat etməlidir. Qulaqlarını ABŞ-dakı Azərbaycan barədə
dinləməyə şəkləyən hər kəs üçün bir daha nəyə və kimə güvənmək
sualına cavab tapmaq günün ən təxirəsalınmaz məsələsi
olmalıdır.
Əməllər niyyətə görədir, deyərlər. ABŞ hara ki demokratiya və
azadlıq niyyəti ilə girməyibsə, orada illər uzunu faciələr yaşanıb.
İndi də Ukraynadan yavaş-yavaş başı ayılan Rusiya Avrasiya İttifaqı
ilə qamçısının ucunda Azərbaycana da piroq göstərir. İran
Azərbaycanın Rusiya zolağına girməsini öz təhlükəsizliyi üçün əsas
şərtlərdən biri sayır. Türkiyə də Rusiya ilə özünün qarışmağa
məcbur olacağı bir problem çıxarmamağımızı istəyir. Ermənistan
onunla birlikdə nəzarət altında tutula biləcəyimiz Rusiya modelli
birlikdə bizi görmək istəyir.
Bircə ABŞ nə istəyir, bunun cavabı artıq aydınlaşmağa başlayır.
Pakistanda istədiyini istəyir. Əfqanıstanda istədiyini istəyir. Ən
son nümunə kimi, İraqda istədiyindən fərqli bir şey istəmir.
İraq əslində Səddam zamanında da faktiki dövlət deyildi, tarixi
dövlət idi. Səddamsonrası dövrdə öncə şiə-kürd ittifaqı üzərində
ABŞ silahının gücünə formal bir hakimiyyət quruldu. Son düşünülmüş
addım isə uzun illərdir yetişdirildi, hazırlandı və atıldı. İraqdan
üç dövlət çıxarma siyasəti uğurla yekuna doğru gedir. Şiələrin,
Kürdlərin və Sünnilərin dövləti. Həm də İzraili rahatladacaq qədər
hər zaman bir-biri ilə savaş içində olacaq, zəifləyəcək üç dövlət.
Buraya xaos içində olan Suriyanı da əlavə etsək, bölgənin Amerika
ağırlıqlı gələcəyinin nədən ibarət olduğunu anlamaq mümkündür.
Sələfi görüşlərinə sahib olduğu iddia edilən İŞİD təqribən
Suriyada 10 min, İraqda 4 min adam civarında hesablanır və sayları
bir əşirət sayını keçməz. Demək ki, bölgədə olan dövlətlərin
gücləri ilə baş edəcək səviyyədə deyildir. Lakin bu qədər
küstahcasına Türkiyə kimi bir dövlətin konsulluğuna hücum edib,
diplomatları girov götürməsi bütün hallarda təlimatın daha ciddi
güclərdən gəldiyindən xəbər verir. Bu təşkilat Surayada Əsədlə də
amansız döyüşlərə girmişdi, sonradan müəmmalı şəkildə sükunətə
üstünlük verdi və savaşı ayrı-ayrı dirənişçi qruplara və İraqın
Maliki liderliyindəki şiə hakimiyyətini devirməyə yönəltdi. Eyni
Talibanın vaxtilə Əfqanıstanda hakimiyyətə gəldiyi zamanlardakı
davranışlarını təkrarlayırlar.
Bu çoxbaşlı oyunun əsas hədəfində Türkiyə olduğu da aşkardır.
Ancaq bundan da böyük hədəf İslam dinidir. Artıq İslamın
gözəlliklərinin alternativi olaraq ayrıca təbliğata gərək qalmır.
Qan tökməkdən həzz alan terrorçu obrazı ildən-ilə öz populyarlığını
artırmağa davam edir. Hamısının da yeganə səbəbi təhsilsizlikdir,
savadsız kütlənin çoxluğudur.
Dünən Qafqaz Universitetində məzun törəninə dəvət olunmuşdum. Bu
ənənəni uzun illərdir ki, yaşadırlar. Burada məzun həm də
şəxsiyyətinə universitetin sayğısını hiss edir. Özünü universitetin
əşyası, pulqabısı saymır. Gözəl, duyğulu bir vaxt keçirdim.
Xüsusilə də universitetin ən yüksək nəticə qazanan məzunlarının
içində çoxluğu qızlarımızın təşkil etdiyinə sevindim. Bax budur,
rüşvətsiz ali məktəbin effekti...
Gender problemi özlüyündən həllini tapır. İnsanlar universiteti
sevərək oxuyurlar. Uşağ bağçasına, orta məktəbinə, litseyinə
rüşvətlə, tapşırıqla yavrularımızın daxil olduğu şərtlər əvvəl-axır
bir İŞIQ deyil, bir İŞİD doğuracaqdır. Təhsilsizlik, savadsızlıq
artdıqca, İslam qiyafəsində oğruların, dələduzların, saxtakarların,
hacı-kərbəla-məşhəd turistlərinin dinçiliyinin və ən sonda da
Allahın adıyla insan başı kəsənlərin sayı daha da artır. Ədalətli
insanlar üçün ən ciddi qorxu mənbəyinə bu ədalət dininin özü
çevrilməyə başlayanda cahilin dinçiliyindən, ibadətçiliyindən
Allaha sığınan Peyğəmbəri daha dərindən dərk etməyə
başlayırsan.
Bir xatırlayın Fateh Sultan Məhmədin xristianların yaşadığı
Konstantinopola girişini. İslam adı ilə qorxu içində qalmış əhaliyə
necə bir ədalət duyğusu bəxş edə bilmişdi. Bu günədək insanlıq
nümunəsi olaraq vurğulanmaqdadır.
Və bir də baxın müsəlmanların yaşadığı Mosula girmiş İŞİD
birliklərinin vahiməsinə. Dinc müsəlman əhali başqa müsəlmanların
vəhşilikləri ilə üzləşməmək üçün evini, yurdunu buraxıb qaçır.
İslam adına baş verən inqilab zamanı İranda edam edilən yüz
minləri günahsız insanı xatırlayın. Əfqanıstanda Budda abidəsini
uçuran, ölkəni viran qoyan, qızlara təhsili yasaqlayan Taliban
vəhşətini xatırlayın...
Tarixdə də, bu gündə bütün bu hərəkətlər mənbəyini İslamdan
almış. Demək ki, bulağın gözəlliyini içənin natəmizliyi korlaya
bilir...
Bunu anlamayanlar çoxaldıqca, İŞIĞın İŞİD-ə çevrilməsi bir anın
məsələsidir...