Silahla qurulan yeni islam dövləti
İraqın təslim olan yeni şəhərlərini gördükcə, ruhun təcəllası
haqqında müsəlmanların qəti dini inancına şübhə edə bilmirsən.
Səddamın asılması ilə onun diktaturasının köklərini birdəfəlik
qazıb çıxardıqlarını düşünən və Yaxın Şərqə əbədi dinclik
gətirdiklərini zənn edən batılı dövlətlər ərəb dünyasının növbəti
fəlakətlə üz-üzə qaldığını görəndə anladılar ki, keçmiş Amerika
rəhbərləri nə üçün onların "tiran" adlandırdıqlarını müttəfiqə
çevirib birgə işbirliyində çalışmağı "inqilab qatarı" ilə hərəkət
etməkdən üstün tuturdular.
Bəli, "lənətlənmiş resurs və lənətlənmiş məkan" adlandırılan bu
torpaqlar dünyanın hər yerindən gələn yüz minlərlə insanın hazır
qazılmış qəbiristanlığıdır. İraq özü boyda qardaşlıq məzarıdır. On
illərdir ki, cəhənnəmə gedən yolun ünvanı buradır. Neçə ki,
müsəlmanlar bir əllərində Quran, o birisində silah tutub başları
üzərinə cihad bayrağını qaldıracaqlar, o zamana qədər qan, ölüm və
müqəddəs savaş onların həyatından əskik olmayacaq. Bu əbədi
müharibədir. Siz islamçıların elmi cihadını, maarifçilik hərəkatını
və təfəkkür inqilabını yalnız azsaylı mütəfəkkirlərin qələm
məhsullarında görəcəksiniz. Onları isə linç edib həyatdan vaxtsız
köçürəcəklər.
İŞİD - yeni islami xəritəyə otuzdurulmuş radikal silahlı
birliyin adıdır. Parlaq xarizmatik lideri olmadığından 10 ildən
artıqdır ki, yalnız Əl Qaidənin bir uzantısı kimi tanınıb. Hədəfi
zaman-zaman dəyişdiyindən bu gün onun məramı, təşkilati quruluşu,
milli tərkibi və himayəçisi haqqında bir-birinə zidd fikirlərin
dövriyyəyə çıxmasına səbəb olub. Lakin bir faktdır ki, artıq İraq
çöllərində son on ilin vəhşətindən yeni qüvvə doğulmaqdadır.
Amerikanın İraq xəyalları gerçəkləşə bilmədiyindən mütləq başqa
bir despotizm bu xaos diktarurasından doğulmalı idi. Həbsxanalarda
zülmə və işgəncəyə məruz qalanların, küçə və meydanlarda edam
edilənlərin, zora və haqsızlığa məruz qalanların qidalandırdığı
mühitdə sivil quruluş və demokratiya arzuları əsil tragikomediyanı
xatırladırdı. İŞİD bu gün ona görə asanlıqla Bağdada doğru
irəliləyir ki, evlərindən hətta yüzüncü dəfə didərgin düşən
məzlumlar ona müqavimət göstərməyib də qəlblərində bir radikal
terror təşkilatından nicat və xilaskarlıq gözləyirlər. Lakin
əfsuslar olsun ki, hüquqla, elmlə, qeyri-hərbi texnika və
texologiyalarla deyil, yalnız kor və amansız intiqam hissilə
silahlanmış kütlə qul Spartakın Pirr qələbəsindən özgə nəticəyə
sahib ola bilməz.
İŞİD Suriyanın içində döyüşən yüzlərlə radikal birliyin əlindən
aldığı Rakka vilayətini özünün İslam dövlətinin ana şəhəri elan
edib. "İlahidən aldıqları güclə vuruşduqlarını" desələr də, gah
Əsəd ordusundan, gah da kürd yaraqlılarından ələ keçiridkləri
silah-sursat hesabına sıralarını genişləndiriblər. Hətta baş
mərkəzləri olan Əl Qaidənin belə xəttində sapmaları gördüklərindən
tamam ayrılaraq artıq yeni bir güc kimi Yaxın Şərqin coğrafi və
siyasi xəritəsində yer almağa çalışırlar.
Mosulun ələ keçirilməsi xəbəri manşetlərdə Türkiyənin oradakı
konsulluğunun bütün heyətinin əsir və ya girov alınması ilə
müşayiət olunduğundan bir çoxları az qala İŞİD-lə Türkiyə Silahlı
Qüvvələri arasında yeni müharibənin olacağını iddia etməyə başladı.
Lakin İraq kürdləri başından bəri bu fikirdə olublar ki, bütün son
hərbi quruluşlar onların İraq içərisindəki müstəqillik hərəkatını
boğmağa və zəif İraq hökumətini çökdürməyə yönəlib. Hətta Suriyanın
kürdlər yaşayan hissəsində bütövlükdə hakimiyyəti ələ alan Rojava
devrimçi Şurasının tam qənaəti budur ki, Türkiyə PKK-nın ölkədən
kənar uzantılarına qarşı mübarizəni məhz İŞİD kimi hörgütlərə
dəstək verməklə aparır.
Belə çıxır ki, AKP hökuməti bir tərəfdən məlum açılım planları
ilə daxili ekstermizmi və kürd millətçiliyini yumşaltmağa çalışır,
digər tərəfdən isə sərhədlərdən kənarda ordu vasitəsilə deyil,
terror qruplarının xidmətindən yararlanmaqla itkilərini minumuma
endirmək xəttini yürüdür. Halbuki bu ittihamın kiçicik bir hissəsi
doğru olsaydı, onun son dərəcə gərgin daxili siyasi münasibətlərdə
olan Türkiyə müxalifəti ilə hakimiyyəti arasındakı qarşıdırmaya
necə təsir edəcəyini təsəvvür etmək o qədər də çətin olmazdı.
Hələ ortada gerçək faktlar olmamış Türkiyə parlamentinin
azərbaycanlı üzvü və ölkəmizin siyasi həyatında da ismi yaxşı tanış
olan Sinan Oğan iqtıdarı Mosulda diplomatlarının qapısını açıb
özlərini terrorçulara təhvil verməkdə qınadı. Razılaşın ki, əgər
iqtidar Şimali Kürdüstanın təhlükəli planlarına qarşı siyasət
işlədibsə, daxili qüvvələrin təpkisini bəri başdan gizli görüşlərlə
önləməyin qayğısına da qalmalı idi. Bir sadəcə İmralıdan Öcalanın
bəyanatlarını almaqla iş bitmir. İndi kürd ordusu nə qədər
pərakəndə vəziyyətdə olsa da, özlərinə Qüds qədər müqəddəs
saydıqları Kərkükün uğrunda savaşa atılacaqlar.
Maliki hökumətinin Amerikadan və Britaniyadan istədiyi yardım
sorğusuna rədd cavabı alması onun əleyhdarlarını daha da
gücləndirəcək və bu illər ərzində qurulumuş bir milyonluq ordunun
bir güllə atmadan təslim olması ilə hakimiyyət dəyişikliyi qaçılmaz
olacaq. Bu isə nəinki təkcə sünni-şiə davasının, eləcə də
Əfqanıstandan Qərb qoşunlarının çıxmasını gözləyən Taliban
hakimiyyətinin Yaxın Şərqə çıxışını təmin edəcəkdir. Qərbin
demokratik konsepsiyalarının aqibəti silahlı dini birləşmələrin və
Yaşıl Bayraqlı hökumətlərin qurulmasına səbəb olanda Misirdə ordunu
çevrilişə vadar edə bilərdilər, lakin İraqda bunları həyata
keçirmək mümkünsüzdür.
Əgər İŞİD tez boğulacaq bir hərəkatdırsa, onda İran niyə belə
qəti mövqe sərgilədi? Mühüm suallardan biri də budur. Axı kürdlər
bəyan edirdlilər ki, Ruhani-Ərdoğan görüşünün pərdəarxası məhz belə
Yaxın Şərq ssenarisinin hazırlanması üçün olub. Elə isə
geoplitikada bu mürəkkəb matritsa tənliyin həlli hamının birləşib
İŞİD-i məhv etməsində, yoxsa onu vahid bir dövlətin sərəncamına
verməsində olacaq? Bu suala silahlanan ərəb cəmiyyətlərinin özü
cavab verəcək.
Ramazan ayına elə də çox qalmayıb. İraq, üstəgəl Şam, daha sonra
yeni ərəb torpaqlarından ibarət bir xəritələylə silahlanmış və
İranın da bir hissəsini oraya qatmış İŞİD-in üzübağlı, başıçalmalı
inqilabının on bir ayın sultanlığına ən böyük töhfəsi bu olacaq.
Üzündəki niqab məsumluğun nişanəsi və qadınlığın simvolu olmaqdan
çoxdan çıxıb. İndi yeni "islam dövləti" qurduğunu bəyan edən işidli
kişilərin də üzü hicaba bürünüb!