Bir dostum var, təzə evlənib. Məcbur evləndiriblər. Anasına xatir razılaşıb.
Sevdiyi vardı. Adı Ləman.
Dünən qaynı onu “Ləman” kafesinə qonaqlığa çağırıb. Ki, bəs gəl, qayının sənə qonaqlıq verəcək.
***
Bir tanış var.
O vaxt yaxşı vəzifəsi olub. Dəfələrlə ev növbəsinə durub, hər dəfə də adına ev düşüb. Hamısından imtina edib. Ona görə yox ki, ürəyiaçıqdır, dünya malında gözü yoxdu. Fikirləşib ki, bəlkə gələn dəfəki ev daha böyük olar, üzü dənizə, yaxşı bir yerdən.
Bir də gözünü onda açıb ki, SSRİ dağılıb, quşlar da uçub.
İndi makler işləyir. Bir dəfə dedi ki, heç vaxt mənim olmayacaq evləri tərifləməkdən bezmişəm.
***
“Laçın” ticarət mərkəzində bir satıcı var. Yaş 37. Adı Rüqəyya.
Gəlinlik bölməsində işləyir.
Gəlinlik paltarı satır, hərdən icarəyə verir.
Adam heç vaxt gəlinlik geyinməyib, geyinməyəcək. Hər gün neçə nəfərə gəlinlik verir...
Döşündə xərçəng var, birini kəsiblər.
***
Atam velosiped almışdı. Güzgüsü də vardı.
Güzgüsü sındı.
36 gün sonra həmin sınıq güzgünü nənəm atamın sinəsinə qoymuşdu; əgər hələ ölməmişdisə, güzgü tərləyəcəkdi.
Tərləmədi.
Hələ də məndədi o qırıq güzgü. Əl boydadı, amma bir ömürlük xatirədi. Otağımdadı. Ondan qalan əşyaların yanında. Dikinə söykəmişəm kitablara.
Çay içirdim. Yadımda deyil, deyəsən, kitab seçirdim. Fincanı qoydum rəfin üstünə. Güzgünün qabağına.
Qəfil gördüm güzgü tərlədi.
Elə bildim, atam dirildi.
“Nənə, ay nənə, sağdı e dədə, bax, tərlədi güzgü”.
Baxdım ki, çayın buxarıdı hopub üzünə.
Sonra mən öldüm.
***
Atamın telefon nömrəsini son illərə qədər silməmişdim telefondan.
Əvvələr zəng çatmırdı. Bir qırıq ümid. Sonra işləmədi.
Bir gün yenə yığdım.
Aha, zəng gedir, nömrə işləyir...
İzahımüşkül...
Nə hiss edərsən?
Bəlkə də sən mənim qədər həssas deyilsən, amma mən indicə atam telefonun o başından “hə, pota” - deyəcəyi ümidlə endorfin burulğanına düşdüm, az qala, boğulam.
Birdəncə urvatsız bir səs:
- Alyoo, haa, eşidiram, kimdi? - dedi.
Əmin olun, həmin adamın qabaq dişlərinin ikisi qızıldı, “ş” hərfini də “w” kimi yazır.
Cavab vermədim.
- Karsan? Kimsan axı?
Cənub ləhcəsiylə ümidlərimi ayaqlayan dayı susan kimi, “atan ölsün”, deyib, söndürdüm.
***
Gecə.
Kənd.
Anam yemək çəkir. Qardaşım təzə evlənib: yoxsulluq, atam gedib.
Özünə çəkmədi, dedi, yemişəm mətbəxdə.
Yeyib qurtardıq.
Gəlinbacıya dedi, sən yat, mən yuyacam qabları.
Qardaşımla siqaret çəkirik: pəncərə mətbəxə açılır.
Anam mətbəxdədi.
Gördüm, çörək tikələrini götürüb oturdu, qazanı aldı qucağına, başladı qazanın dibini sıyırmağa.
Çəkdiyim siqaretdə yağ tamını hiss etdim.
Sonra öldüm.
***
Daxili Qoşunlar o vaxt müddətdən artıq hərbi xidmət qulluqçularının vakansiya yerləri ilə bağlı elan vermişdi. Mən də müraciət elədim, idmandan keçdim və qəbul olundum. Xüsusi vasitələrin tətbiqi bölümündə idim.
İsmayıllı hadisələri oldu.
Hamımızı yığıb gətirdilər İsmayıllıya. Dəbilqə vardı başımızda. Mən adamları görürdüm, ancaq onlar bizi yox. Dəbilqənin arxasından görürdüm ki, bu, mənim sinif yoldaşımdı, bu, əmim oğludu.
Ondan sonra getdim ərizəmi yazdım ki, mən bu işdə işləyə bilmərəm.
Həmin ilin yayında İsmayıllıya getdim.
Gördüm bir dostum axsayır.
Dedi, hadisələr vaxtı olub.
Sonra öldüm.
***
Tanış qadın var.
Massaj salonunda adminstrator işləyir. Qızlar ona “mama” deyir.
Xidmət haqqı 30 manatdı. 30 manat da kassa.
İki ildi ərindən ayrılıb. Rəsmi boşanmayıblar, amma ayrı yaşayırlar. Uşaq da qadınla qalır. Maddi ehtiyaclara görə problemləri olub.
Deyir, ayda iki dəfə ərim gəlir bura. Əgər əlimdə “iş” olmasa, adi müştəri qiymətinə görüşürəm onunla. Amma imkanı olanda içəridə əlavə pul da verir.
***
Məhəllədə Vitya var.
Yaman içəndi.
Hər gecə müxtəlif monotamaşa verir.
Ən çox sevdiyim özüylə danışmağıdı.
Blokun ağzında skamya var.
Oturur orda. Bərkdən özünü danlayır.
Sonra keçir o tərəfdə əyləşir.
Başqa səslə özünü müdafiə edir. Arqumentlər gətirir.
Dünən gecə yenə özünü danlayırdı.
Mən də həvəslə baxıram.
Amma bu dəfə o biri Vitya yox idi, deyəsən.
Danladı, danladı...
Sonra keçdi o tərəfə. O biri Vityanın yerinə.
Yavaşca dedi:
- Mən ölmüşəm, Vitka...