Birinci cümləni yazmaq çətindir. İkincidən başlayıram.
Olar 10-12 yaşım. Mal ayağı vaxtıdır. Nobat gəldi. Qoyunlarımız yoxdur. Nənəm dedi, bu vaxt meşəyə getmə, gecdir. Axşamın xeyrindən sabahın şəri yaxşıdır. Atam qayıtdı ki, yox, mütləq gedib tapmaq lazımdır, yoxsa səhərə qurd-quş yeyəcək. Dedi, bu günün işini sabaha qoymaq olmaz.
Qoyunlar itib, qalmışam ata sözləri arasında: biri deyir get, biri deyir, getmə.
***
Qız dedi:
- Səni sevirəm.
Ayağımı ayağımın üstünə aşırdım:
- Mən daha çox sevirəm.
Qız çiyinlərini dartdı:
- Eeey, yooox, mən lap çox sevirəm.
Siqaret yandırdım:
- Mən lap, laaap yekə, up-uzun çooox sevirəm.
Qız üzü göyə qollarını açdı:
- Mən dünyaaalar qədər sevirəm, ən böyük qədər.
Üç siqaretlik dialoqdan sonra dava-dalaş, qız ağladı, bir siqaret də yandırıb sağ tərəfə sağollaşdım, qız da sola getdi.
Ayrıldıq.
Sonra dostumla nişanlandı. Öz-özümə dedim, ağıllı fikirləşincə, dəli keçdi çayı. Qardaşıma dedim, gedib oğlanın əngini dağıdacam. Qayıtdı ki, yüz ölç, bir biç. O sənin tayın deyil.
***
Olar 17 yaşım. Mis-alüminium, butulka yığıb satıram. Əmim dedi, özünə iş tap. Əsəbiləşdim. Dedim, qəpik-qəpik böyüyəcəm, atalar demiş, dama-dama göl olar. Qayıtdı ki, özünü yorma, quyuya su tökməklə quyu dolmaz.
***
Sədrəddin kişi danışır, deyir, yaxşı günlər idi. Oturmuşuq Şuşada. Gecəydi. Atları bağlayıb yeyib içirik. Məşhur bir erməni at oğrusu var. Birdəncə dostum Arif dedi, içirik, lap yaxşı, amma gərək gözdə-qulaqda olaq, Misosyan atları qaçırmasın. Sözü ağzında qaldı. Misosyanın dəstəsi tökülüşdü. Dedim, iti an, çomağı hazırla.
Atları apardılar.
Elə bu vaxt Sədrəddinin xatirəsindəki Arif dayı girdi içəri. Sədrəddin Arifi qucaqladı, dedi, yaxşı insan sözünün üstünə gələr.
***
Bir dəfə anama dedim, gedirəm Amerikaya rejissorluq oxumağa. Dedi, bala, gecdir. Yaşın keçib e, atalar demiş, qırxında öyrənən, gorunda çalar. Sonra dostumla görüşdüm. Dedim, daha gedəsi olmadım e, anam deyir, gecdir. Dedi, dəlisən? - Öyrənməyin yaşı yoxdur.
***
Bu, mənim xırda ömrümdə şahidləndiyim, praktik ziddiyyətli ata sözləridir. Adam qalır ortada. Bilmirsən hansını eləyəsən, hansına yox deyəsən. Hə, çoxdur belə ata sözləri. Bir-ikisini yazım, bildikləriniz varsa, əlavələyin:
Artıq tamah baş yarar/ Çox pul cib deşməz.
Aza qane olmayan toxa çatmaz/ Aza qane olan toxa çatmaz.
Pis günün ömrü az olar/ Dərd gələndə batmanla gələr.
Pul vermə, can ver/ Cana gəlincə, mala gəlsin.
Palaza bürün, elnən sürün/ El üçün ağlayan göz kor olar.
Taylı tayın tapar/ Armudun yaxşısın ayılar yeyər.
Qız yükü, duz yükü/ Qız qalar, qızıla dönər.
Ağıllı fikirləşincə dəli vurdu keçdi/ Yüz ölç, bir biç.
Ad adamı bəzəməz, adam adı bəzəyər/ Adı gözəl olanın özü də gözəl olar.
***
Məsələ aydın. İndi, yaxşı, əziz oxucular, sizcə, ən böyük biclik düzlükdür, yoxsa soğan yeməmisən çörək hanı?