Noyabrın 10-u doğum günümdü. Lap az qalıb. 30 yaşım olacaq. Deyərsən, bir ömrün yarısıdı, amma bilmək olmaz, bir də gördün, son oldu. Az deyil 30 il!
Nə olsun? Gəldim nə dəyişdi, gedişimdən kimə nə?
Yaşamaqdımı bu? Yoxsa eləcə fəsil-fəsil yaşlanmaq?
Sonucda ölüm, beş-üç göz yaşı, bir-iki xatirə...
***
Arsızlığa bax, bunca mənasız varoluşun sonucundakı heçlikdən agah ol, ancaq dayanma, yaşa!
Təsadüfən doğul, təsadüfən öl...
***
Bir tanışım var, hələ avqust ayında Türkiyədəki otellərin birində nömrə bronlayıb. Ailəcə yeni il şənliyinə gedəcək. Beş ay sonra üçün tədbir tutur adam, təsəvvür edirsiz? Mən hər gecə yatmazdan sosial şəbəkələrdəki hesabımdan “çıxış” edirəm, mesajları, şəkilləri silirəm.
***
Yalandı ki deyirlər, sən olduqca, ölüm yoxdu, ölüm gələndə sən. Ölüm əbədi. Doğuluş ölümün başlanğıcıdı. Ölüm doğuşdan sona qədər bizimlədi. O gəlmir, biz ona gedirik.
***
Düzü, bu barədə düşünəndə ürpənirəm, diksinirəm.
Kameraya düşən intihar hallarını analiz ediblər: Ortayaşlı qadın yarıtikili binanın son mərtəbəsindədi. Ustaların suvaq üçün müvəqqəti tikdiyi yardımçı pilləkənın üstündə. Qəfil ayağının altından taxta qaçır. Qadın tezcə balkondakı sütuna sarılır. Məqsəd ölüm idi, amma sistem yaşamaq üçün proqramlaşdırılıb. Bir qırıq ümid. Cem demiş, qocalar meyvə ağaclarını nəvələriyçün yox, gələcəkdə yemək ümidiylə əkirlər.
***
Sözüm bu deyil, sabaha ümid var, yaşamağa proqramlaşdırılmış sistem – aydındı. Deyirəm, bəs sonra? Yenə ölüm. Qaçılmaz həqiqət.
Başa düşürsən?
Nə hisslər-duyğular, nə ağrı-acı, nə gülüş-qəhqəhə, itirdiklərin, qazandıqların hamı bir heçdi, hamı boş.
Adam-adam azalırsan, ağrı-ağrı dolursan, sonucda ölüm.
Adamlar xatirə olur, xatirə torpaq.
Bir ovuc torpaq adam. Sonra xatirə. Sonra foto. Sonra heç nə.
***
Vərdiş halında yaşayırıq. Yaşamaq - böyük mənada bir vərdişdi.
***
Şəkil kimi yaşayan adamlar var: ciddi. Deyərsən, Ozon qatının yırtığını əlləriynən tutub. Deyərsən, göyə sütundu, göy tökülər büdrəsə.
Elə adamlar var, sanasan, bir ömür sənəd üçün şəkil pozasında yaşayır. Ciddi-ciddi...
***
Ölümdən ciddi heç nə yoxdu – Mücirəddin Beyləqani.
***
Elə indicə, bu səyləməni oxuduğun an zəlzələ olar, tavan düşər təpənə, ölərsən.
Ya da yolda axmağın biri maşınla keçər üstündən, ölərsən.
Kafka demiş, ölüm ani, həyat fani.
Heç nə qalmayacaq sənə. Nə sevinc, nə ağrı. Heç nə olacaqsan.
Bu nə ciddiyyət? Bu nə eqo?
***
Sabah bu günün gələcəyidi, gəlməyə də bilər. Dünən hanı? Elə bilirsən, dünənləri yığıb verəcəklər sənə?
Əlimizdə bircə indi var.
İndiki halda yaşamaq, indiki halda sevmək gərək.
İndiki halda sevmək – analar kimi...
***
Ustad belə dedi: ölüb azalmır adam, azalıb ölür...