Müşahidə etmişəm, o kəs ki sürətlə danışır, söz dalınca söz atır, ağlındakı fikirdən, demək istədiyi sözdən adlayır. Sürətlə yeriyib özünü ötən də var. Görürsən, fikir ayaqlanıb, başı qovur, bədən qalıb yiyəsiz. Birdən tərsinə olur, bədən gəlir, baş qalır. İş-işdən keçir sonra, ha axtarır, başın tapmır. Eləcə yaşlanır bədən.
Levine var, - saniyəölçən adam deyirlər, - fransız yazıçıdı. O qədər bekardı, zamanın arxasınca küçələnir dünyada. Otuzdan çox ölkədə eyni zaman kəsiyində fərqli insanların, eyni insanın fərqli məkanlarda zaman məsrəfini ölçüb.
Deyir, üçüncü növ ölkələrdə eyni prosesə xərclənən zaman, inkişafda olan ölkələrdə fərqli, inkişaf etmiş ölkələrdəsə bir başqadı. Dalınca da yazır ki, bəs hindli uşağın Hindistandakı oyuncaq dükanında kukla almağa xərclədiyi vaxt amerikan uşağın eyni prosesə xərclədiyi vaxtdan çoxdu.
Maraqlı yazıb, vaxt azdı deyə, çox oxumadım.
Əzizim Levine, həvəsiyib gələrsən biz sarı birdən, amandı etmə. Yox, dost kimi gəlirsən, gəl. Yoxsa dəmir-dümür sürümə ordan. Bizdə vaxtmı var, a qurban? Nəyi ölçəssən? Burda hərənin birnəfərlik vaxtı var, onu da kəs başın, havayı verməz.
Zamanı hallandırsaq, burda vaxtın basabas halıdı. Dünyada “İş çıxışı” psixozu var, təxminən saatın altısı. Bakıda gün boyu qaçır adam.
Hamı tələsir, hamı qaçır. Tələsik uşaq düzəldirik. O da tələsik yaşayır, tələsik yaşlanır, tələsik də ölür.
Ölümə tələsən insan həqiqətdən adlayır. Yaşamır, eləcə yaşlanır.
Fikir vermişəm, adam var, qatarda qaçır. Yerinin içində qaçan adam görmüşəm, tələsik oyanır. Kresloda qaçır e, götün-götün qaçır, başına dönüm, ay Levine.
Adam var nisyə yazdırıb ömrün zamana. Borca vaxt alan tanıyıram. Yaşamağa vaxt tapmır adam. A qibləsiz, onun-bunun yerinə yaşayan adam var, sən nə deyirsən...
Burda adam var, sallağı oturar ömrünə, öz vaxtını özünə qaşıq-qaşıq verər, acıb ölərsən.
Sədi dayı vardı e, şəklin atmışdım sənə, vaxt tapmır ki, ölsün yazıq. Ölməyə vaxtı yoxdu.
Keçən dəfə dedim, eşitmədin, əzizim, gözəl Levine, xoşun gələn qız vardı e, sarışın, bir çimdik vaxt tapmır düşünə. Düşünməyə vaxtı yoxdu. Elə pis oldum, gözəl-göyçək də qızdı, mənə baxma, pisimə gəlir, Allah haqqı əlimdə yoxdu, yoxsa qurbandı bir nəfəslik vaxt ona.
Əzizim Levine, vaxtına qurban olum, dayım vaxtın xərcləyib pul qazanıb, indi pulun xərcləməyə vaxtı yoxdu.
Əsrin adına uyğun gedirik: Sürət əsri!
Burda adam tələsik oyanır, tələsik yuyunur, tələsik yeyir, qaç ki qaç. Metroya düşən sürtünə-yıxıla birtəhər minir qatara - qatarda qaçır. Çatır işə. Stolda – oturduğu yerdə qaçır. Gərginlik... Yeməyə tələsir. Tələsik yeyir. Yeməkdən sonra altıya qədər qaçır işdə. Təri qurumamış təzədən başlayır: yenə qatar – evə tələsir. Yeməkdən sonra da qaçır yatmağa. Evlidisə, tələsik sevişib, bir gözündə kredit, birində qaz pulu uzanır.
O başdan zəngli saat zınq-zınq... Və budur, gün başladı. Yenə, yenə...
Beləcə yaşlanır adam.
Biz zamanı ömrə satıb qocalırıq.
Kimi zamanın ucuz satır, kimi baha. Adam da var, özün ömrə nisyə yazdırır.
Ömür dediyin - mətbəxdən tualetəcən: basabasda sürtünür, tələm-tələsdə yırtılır – bir çimdik qalır. Bir azı toy, bir azı yas, gəl yaşa indi ölənəcən...
Eh, Levine... Sən orda vaxt ölçürsən, burda mənə vaxt ölçürlər.
Bizə vaxt verin, vaxt verin yaşayaq.
Bizə vaxt verin, vaxt verin ölək...