Yuxarı

Onu daha heç vaxt görməyəcəm...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yadıma gəlir, mərhum dostum Mövlud Mövlud tez-tez özündən çıxırdı və o, hər dəfə hirslənəndə mən onun üzündə, alnında vicdanını görürdüm, yumruğunu düyünləyib divara çırpanda, əlləri ilə başını sıxanda hiss edirdim ki, Mövlud nə qədər əxlaqlı bir insandır. Vicdansız, əxlaqsız olsaydı, hirslənməzdi, coşmazdı. Təəssüf ki, belə şeyləri onun sağlığında anlamadıq və bəlkə anlamaq mümkün də deyil. Görünür, həyat belə qurulub, yaradan belə yaradıb, nə qədər çalışsan da, nə qədər vuruşsan da, əvvəl anlamamağa, sonra isə peşman olmağa məhkumsan.

Mövludun qəribə xüsusiyyətləri vardı, istedadlı adamlar haqqında elə həyəcanla, elə narahatlıqla danışırdı ki, ona dəli kimi baxırdım. Elə bilirdim adam yalnız özü haqqında bu qədər narahat ola bilər. Düzdür, içinin, ürəyinin, ruhunun ədəbiyyatla nəfəs aldığını bilirdim, amma bunu indiki qədər aydın başa düşmürdüm. Məhz bu şeylərə görə deyirəm ki, nə qədər çalışsan da, nə qədər vuruşsan da, əvvəl anlamamağa, sonra isə peşman olmağa məhkumsan.

Ömrünün son vaxtlarında onun əlində Mövlud Süleymanlının kitabını görürdüm, kitabı stolun üstünə qoyur, sonra da qarşısında başını yelləyirdi. Bilirdim ki, əsər onu tutub, havalandırıb, dəli eləyib. Mövludun vaxtilə mənə məsləhət gördüyü müəllifləri indi-indi oxumağa başlamışam, özümdən asılı olmayaraq mən də eynilə onun kimi başımı yelləyir və sonra düşünürəm ki, ilahi, bunu o da hiss edirmiş, duyurmuş. Və bu həssaslığı, bu duyğunu içində gəzdirən can indi bizdən 500 kilometr uzaqda çürüyüb bir ovuc torpağa çevrilib. Adamı ən çox yandıran da odur ki, Mövludun həssaslığı məişət, çayxana, kafe həssaslığı deyildi, onun həssaslığı birbaşa ədəbiyyata hesablanmışdı, bəs niyə belə oldu? Mən dəqiq bilmirəm ki, Mövlud yaşasaydı, nə yazacaqdı, necə yazacaqdı, ancaq mənə elə gəlir, o, yaşıdlarımız içində yaxşı şeylər yazmağa ən real namizəd idi və yenə də təəssüf ki, biz bunu onun ölümündən sonra dilə gətirməyi bacarırıq.

Mövlud yaşının az olmasına baxmayaraq, yaxşı bir cümlənin, istedadlı bir sözün yanından heç vaxt başıaşağı keçməzdi, heç bir mətnə və heç bir qələm adamına təsadüfi məhəbbət də bəsləməzdi. Moskvada Ədəbiyyat İnstitutunda oxumuş qələm adamlarına, öz ana dilindən başqa dil bilən yazıçılara, şairlərə sevgisi də elə-belə deyildi. O, bu şeyləri özündə də görmək istəyirdi və son vaxtlar buna ürəklə çalışırdı. Mənimlə birlikdə dil kursuna getdi, adını yazdırdı. Çoxlu kitablar alırdı ki, oxusun, öyrənsin. Ən böyük arzusu oxumaq, xaricdə ədəbiyyat təhsili almaq, sonra isə ciddi ədəbiyyatla məşğul olmaq idi. İçində böyük potensial vardı, bunu hamı kimi özü də hiss edirdi, bilirdi. Ona görə də ciddi məşq edirdi. Yazmaq üçün lazım olan avadanlığın siyahısını tutub ürəyində saxlamışdı. Amma yaxşı mətni nə olduğunu bilirdi deyə, yazmaqdan da qorxurdu. Ehtiyat edirdi ki, yazar, birdən alınmaz, bununla da ümidləri puç olar.

Ölüm əslində, Mövludun çox istədiyi bir şey idi. Amma mənə elə gəlir, o, öz ölümünü də məhz ədəbiyyatın hansısa bir yerində axtarırdı. Ona görə dil öyrənirdi, ona görə mütaliə edirdi, ona görə yazırdı... Tələsə-tələsə həyata keçirmək istədiyi bu şeylərin hamısını isə necə duyğulu, necə ruhlu, necə ürəklə, necə həvəslə və necə istedadla edirdi.

Mövludun yaradıcılığı, istedadı, xarakteri haqqında keçmiş zamanda danışmaq mənim üçün nə qədər ağır olsa da, doğrudan da, onun yavaş-yavaş canımdan, içimdən çıxıb getdiyini hiss edirəm. Və narahat oluram ki, mən niyə onun haqqında bu qədər ağrısız, bu qədər rahat və emosiyasız danışıram? Həmişə zarafatla deyirdi ki, qədrimi bilmirsiniz. İndi fikirləşirəm ki, mən doğrudan da, Mövludun qədrini bilmədim. Qədrini bilsəydim, görüşəndə ondan ayrılmazdım, qədrini bilsəydim, ayrılanda boynunu bərk-bərk qucaqlayardım, qucaqlayanda isə əl çəkməzdim, eləcə səhərə kimi Mövludun boynundan asılı qalardım, təkcə dost kimi yox, ciddi bir ədəbiyyat adamı kimi, işıqlı bir gənc kimi, ziyalı kimi və bir də əlbəttə, daha heç vaxt üzünü görməyəcəyim bir insan kimi...

Tarix
2017.12.21 / 16:48
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Mövlud bu sözü deyən kimi hönkürdü...

Ağsaqqalın kitabındakı 3 primitiv səhv

"Alimlərimiz lupanı əlinə alıb, toyuğun dalına düşür ki..."

Türklər Azərbaycanda dövlət qurdular, mərkəzi isə...

Ana, bu, evin gəlinidir, eşşək deyil

Kəbə ətrafında çılpaq dönən qadın Peyğəmbərlə... - Tarixçi

Peyğəmbərin vaxtında hamı lüt gəzirdi, çünki... - Tarixçi

Müəllimə siqaret aldım, bütün qiymətlərimi yazdı

Gördünüzmü sizi söyməkdə nə qədər haqlıyam?!

Əli Kərim dedi ki, Osman Kremlə qusub, mən heç Baksovetə də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla