Bir adam tanıyıram, universitetlərin birində dekan işləyir. Adını çəkmirəm, eldən ayıbdır. Həm də ad çəkməyin nə mənası var, onsuz da məsələ hamıya gün kimi aydındır. Dekan olmur, deputat olsun, deputat olmur, məktəb direktoru olsun, əxlaq eyni əxlaqdır.
Həmin dekanın bütün qohum-əqrəbası fakültədə işləyir. Arvadı müəllimdir, dərs deyir, qızı kitabxana işlərinə baxır, oğlu o biri fakültədə dərs deyir (guya ayrı yerdə işləyir), kürəkəni laborantdır, yəqin bir-iki ilə dərs saatı veriləcək, qardaşı kafedra müdiridir. Deməli, səhər tezdən, yaxud günorta vaxtı bir ailənin bütün üzvləri eyni yerə işə gəlir. Başqa bir ailənin bütün üzvləri isə işsizdir. Yaxud, savadlı bir gənc illərlə gözləyir ki, bir kafedrada yer boşalsın, o da arzusuna çatsın.
Təbii, bu cür imkanları və əlaqələri geniş olan kişinin əlavə üstünlükləri də var. Məsələn, dekanın qızı alim olmaq istəyir, amma dissertasiya yaza bilmir. Tez ataya müraciət edir. Atanın da əlində belə işlər heç nədir. Hər şeyin yolunu-zadı yaxşı bilir. Ata bu işlərlə məşğul olan başqa bir həmkarı ilə danışır. Deyir, uşaq savadlıdır, biliyi də var – guya qız hamilədir, guya yazı yazmağa halı yoxdur, guya istəsə, qız özü yaza bilər – onun işini yaz, pulu nədirsə, problem deyil.
O adam da deyir, sən özgəsi deyilsən, vallah, çox sağ ol, o günü qızımın imtahanlarını yola verdin. Onsuz də mən sənə borcluyam. Uzağı iki-üç aya qızın işı hazırdır.
Sonra soruşur:
– Ayrı məsələləri danışıbsan?
Dekan ata:
– Narahat olma, müdafiədən özüm keçirəcəyəm. Hamısı dostumdur.
Beləliklə, dekanın qızı olur alim. Əvvəlcə seminarlar aparır, tez bir müddətdə mühazirəyə keçir. Bu yolla əvvəl doktorant, sonra dosent, fəlsəfə elmləri doktoru, professor və daha nələr. Bir də görürsən, kişinin qızı kafedra müdiri keçdi, sonra da dekan oldu. Qız o qədər “böyüyür” ki, əvvəl tələbədən aldığı xırda-xuruş rüşvəti daha bəyənmir. Daha geniş biznesə girişir. Məsələn, o fakültədən bu fakültəyə, bu fakültədən o fakültəyə tələbə köçürür, əvəzində yüksək məbləğ əldə edir. Və bir də görürsən, həqiqi alim və həqiqi istedad dəhlizdə həmin dekan qızın yanına düşüb yalvarır ki, bəs mənim dərs yüküm niyə azdır?
Adam belə yerdə ulamaq istəyir.
Qız dekan oldusa, təbii, ata ən azı prorektordur. Belə-belə ailənin əlaqələri getdikcə genişlənir, nüfuzları artır. Bir də görürsən, istedadına, bacarığına, şərəf və ləyaqətinə inandığımız böyük bir insan tədbirdə həmin qız haqqında danışır, deyir ki, sən görkəmli alimsən.
Vəssalam.
Əslində, söhbəti çox uzatmadan ümumi şəkildə danışdım. Əslində, qız “oğul” və ya “kürəkən” də ola bilər. “Dədə Qorqud” dastanını Anarın yazdığına sidq-ürəkdən inanan bu adamlar elmdə az deyil.
Belə övladların əlindən başını götürüb hara gedəsən, bilmirsən. Mən elə vəzifəli kişilər tanıyıram ki, iyirmi ildir universitetdə professordur, kafedra müdiridir, hələ bir dəfə tələbə qarşısına çıxmayıb. Əvəzində onun dərslərini laborantlar deyir. Bu kişi niyə başa düşmür ki, sənin o qədər pulun, var-dövlətin, evin, maşının, villan, bağ evin ola-ola nəyinə lazımdır universitetin kafedra müdiri kimi yer məşğul eləyirsən? Azarın nədir? Gözün niyə doymur? Allah sizin evinizi Bayılın sürüşmə zonasına salsın, dövlət də heç bir təzminat verməsin...