Şahbaz və Dilqəm. İndi hamı onları Kəlbəcərdə girov olan
kəlbəcərlilər kimi tanıyır. Necə də ikrah hissi doğurur, sarkazm
yaradır. Öz vətənində düşmənə əsir olmaq... İraqda İŞİD-ə, Qəzzada
İsrail əsgərinə girov düşməkdir.
Bu, Sovetskidə böyüyən bakılının Yasamalda girov saxlanmasına
bərabərdir və ya Təbrizdə azərbaycanlının dar ağacına çəkilməsidir.
Hər nədirsə, Ceyhun Mirzəyev sağ olsaydı çoxdan "Fəryad"
qoparmışdı.
O "Fəryad" ki Şahbazla Dilqəmin bir həftədir əsirlikdə nələr
yaşadıqlarını düşünməyə istinad verir. Kim bilir, bəlkə də bir
erməni körpəsi əlində su bardağı və çörək parçası Dilqəmə uzadır,
yaxud Xankəndində orta məktəb şagirdləri Şahbazı görməyə gətirilir;
"Tanış olun uşaqlar, bu adamlar türkdürlər, kəlbəcərlidirlər,
erməni xalqının düşmənidirlər".
Bəli, bəli, düzdür. Dilqəm və Şahbaz erməniyə düşməndir. Çünki
Dilqəmin anasının uyuduğu torpaq, məzarı düşmən əsirliyindədir. Siz
heç doğulduğunuz rayonunuz, ata eviniz, uşaqlığınız keçən daxmanız,
yatdığınız yer üçün darıxmırsınızmı?
Dilqəmi də Kəlbəcərə aparan bu olub. Məşhur bir lətifədə olduğu
kimi, yəhudidən soruşurlar ki, niyə bu ölkədən mühacirətə
getmirsən? Cavab verir ki, mənə burda da pisdir. Dilqəmə də
Kəlbəcərsiz yaşamaqdansa, Kəlbəcərdə əsir yaşamaq eynidir.
İnsanın doğulduğu, uşaqlığını keçirdiyi yeri görə bilməməyi, onu
keçmişinə bağlayan xatirələrə əliüzülmüş kimi baxması ağır
travmadır. Kəlbəcərli balaları o xatirələri öz canları bahasına
yenidən canlandırıblar.
İndi "Qızıl Xaç" komitəsinin borcudur ki, əsirləri geri
qaytarsın. Çünki onlar nə cinayətkar, nə də diversantdırlar.
Olsa-olsa Kəlbəcər həsrətinin əsirinə çevrilmiş kəlbəcərli
balalarıdırlar.