Keçmişlə yaşamaq gələcəklə vidalaşmaqdır. Əgər Sabirin
"Oxutmuram əl çəkin" üsyanı, "Evləri köndələn yar"da rəhmətlik
Səyavuşun (Bazarkom) "Kitab oxu, Hellas" ironiyası qüvvədədirsə,
deməli, "Bir addım irəli, iki addım geri" kəlamı tərs sillə kimi
həqiqətdir.
Məsələn, bu mənzərəyə baxın - necə üzücü mənzərədir: şəhərin
mərkəzində kitab satan gəncləri qovurlar - "ə, dağılışın burdan,
bizim millətə kitab lazım deyil". Bu, təkcə polisin kitaba
münasibəti olsaydı, dərd yarı...
Yadıma gəlir, bir dəfə 9 mərtəbəli binanın altından keçəndə
Səməd Vurğunun kitabını başıma atdılar. O, başıma düşən ilk
kitabıydı. Kim bilir neçə belə kitablar başlara düşüb, sonra zibil
qutusuna atılıb. Əmin olun ki, binadan kitabı atan uşaq olmayıb.
Onu tərbiyə edən valideynin kitaba verdiyi qiymətdir. Böyüklərinin
kitabı zibil kimi pəncərədən bayıra atmasını görən uşaq, heç vaxt o
"zibili" oxumaz. Buna nə həvəsi olar, nə cəhd edər.
Elə keçən il gözümüzün qabağında yazıçının bütün külliyyatını
yandırdılar, tonqal qurdular, inkvizisiyanı bərpa etdilər. Üstəlik
bu işi görənlər arasında ali təhsilli müəllimlər vardı idi. Belə
müəllimlərin dərs dediyi auditoriyalardan çıxmış şagirdləri bir
təsəvvür edin. Onlara kitabı necə sevdirəsən?
Müəllifi nə qınayıram, nə haqq qazandırıram. Ancaq oxumağı
öyrədən bir müəllimin kitab yandırması…
***
Bu gün Bakının heç bir mebel mağazasında kitab rəfi tapmaq
olmur. Ayaqqabı qoyan, palto asan, kosmetika elementləri yığan stol
sıraya düzlənib, rəf isə qəhətə çıxıb. İndi bütün evlərdə
qalaq-qalaq yığılmış kitabların yeri ən yaxşı halda divanın
altıdır.
Evdə ailədən, məktəbdə müəllimindən tərbiyə alan uşaq hər şeyi
öyrənsə də, kitabı sevməyi, onun əhəmiyyətini dərk etməyi öyrənmir.
Əlac qalır insanın özü-özünü tərbiyə etməsinə. Bunu da çox az adam
bacardığı üçün kitab oxuyanların sıraları seyrəlir.
Hər evdə necə ki, Quranı ən yuxarı yerdə qoyurlar, eləcə də
dünyəvi ədəbiyyat əl çatan nöqtədə yerləşməlidir. Axı əhəmiyyətsiz
kitab olmur! Hətta ən çox tənqid edilən kitab da müqəddəsdir. Elə
bilirdik ki, yalnız Nitsşenin yaşadığı dövrdə kitablarını
"peraşki"yə bükmək üçün istifadə edirlər. İndi kitablar tum qabına
çevrilir. Demə, sivilizasiya buymuş...