Ölkəmizdə ictimai şüurun səviyyəsini testdən keçirmək
üçün xüsusi ixtisaslaşmağa gərək yox. Min il, yüz il, on il öncə də
belə olmuş. Dəyişən sanki informasiyalardır, mühakiməmiz, faydamıza
olanların zamanında seçimi yenə də bərbad gündədir. Hansı mütərəqqi
fikir, ideya varsa, din, milli adət, ar-namus adı ilə beləcə
qarşısı alınıb. Görün, qaragüruh nədən başlayıb!
Hamısı da guya ayrı-ayrı cinahlarda, statuslardadır, ancaq
təyinatları birdir: insanların faydasına nə varsa, onun qarşısını
almaq.
Biz deyirik ki, insanların acılı günlərində maddi qayğılarını
yüngülləşdirək, kiminsə meyitinin üzərindən xoşallanaraq qarın
doyuzdurmaq kimi görünüşdə milli, həqiqətdə isə anti-milli
adətimizə son qoyaq, müqavimət göstərirlər ki, repressiyaya,
məcburiyyətə yol vermək olmaz. Adamlar sanki xoş bir gündə
sevinməkdən çox, bu sevinci başqalarına göstərmək, nümayiş
etdirmək, başqalarının gözünə soxmaqdan həzz alırlar. Adamlar sanki
kədərlənməkdən çox, başqalarında kədər aurası yaratmağı
düşünürlər.
Dini Komitənin yeni rəhbəri Mübariz Qurbanlının bəlkə də bir çox
siyasi görüşlərini paylaşmıram. Ancaq insanların vəziyyətini
yüngülləşdirmək üçün hüzr mərasimləri ilə bağlı təkliflərini
mütərəqqi, doğru olduğuna görə dəstəkləyirəm. İndi də (Hacı) Əbdül
deyilən bir məxluq, xalqın adətlərinin təəssübünü çəkərək, bildiyim
qədər heç dindar olmayan ziyalı bir komitə sədrini də vəhhabi
adlandırıb. Demək ki, bu tendensiyanın sifariş məkanı eynidir.
Həyasızlığın bundan o tərəfi varmı?
Heç başqa ölkələrə baxmaq lazım deyil. İran kimi İslam dininin
mərasim tərəfinə ağırlıq verən bir ölkədə belə bu cür abırsız yas
məclislərinə rast gəlməzsiniz. Adamlar yığışıb məsciddə cənazə
namazını qılıb, ev yiyəsinə başsağlığı verib dağılışırlar. "Dana
kəsməsən, aş verməsən, çıxıb getməyəcəyəm!" deyən bir kimsə
tapılmaz. Adama deyərlər ki, heç olmazsa, xidmətində olduğunuz
qonşu ölkədəki qaydaların Azərbaycanda tətbiq olunmasına mane
olmayın! Bəlkə İranda da israfçılığa mane olan ayətullaları vəhhabi
adlandırasınız?
Bizdəki cahillərin çoxusu ehsan məsələsinə, elə hacı məsələsi
kimi baxırlar. Ehsan səmimiyyətdir, gülər üzdür, xoş sözdür, dərdə
şərik olmaqdır, dərd çəkənə yardım etməkdir. Bunlar ehsanı ancaq aş
şəklində, kabab formasında görürlər. Eyni qaydada hacı adını da
Allahın razı qaldığı ibadətin nəticəsi kimi deyil, bəndə qarşısında
mötəbərliliyi təsdiqləyən titul kimi baxırlar. Mahiyyətinə baxsan,
Azərbaycan qədər hacı adının saxtakarcasına titula çevrildiyi
ikinci ölkə tapmaq çətindir. Hətta vəziyyət o həddə çatmışdı ki, bu
gün özünü mütərəqqi azadlıq mücahidi bir ziyalı elan etmiş birisi
oradan-buradan köçürdüyü məqalələrin altında Kərbəlayi Kamil Vəli
Nərmanoğlu yazırdı. Bu adamların böyük əksəriyyəti yanlış-doğru
ibadətlərini yerinə yetirən kimi öz şəxsiyyətlərinə, əməllərinə
güvənməyəndə, titullarla mötəbərlik qazandıqlarını düşünürlər.
Baxmayaraq ki, bu mövzuda illərdir fikirlərimi açıq
səsləndirirəm, həm yas, həm də toy mərasimlərində
mədəniyyətsizliyin, israfçılığın, bütpərəstliyin, harınlığın
ortadan qalxacağına bəlkə də ən az inananlardan biriyəm. Çünki hər
ikisi ayrı-ayrılıqda böyük bir biznes şəbəkəsidir və insanları
üzlərinə gülə-gülə soyub-talayanlar imtiyaz sahibləridir. Bir ucu
da gedib çıxır inhisarçılığa.
Müəyyən sahələrdə inhisarçılıq aradan qaldırılan kimi, Şadlıq
Evləri deyilən soyğunçuluq məkanları öz möhtəşəmliyini itirib,
sıradan bir mədəni xidmət yerinə çevriləcəklər. Bununla belə,
yuxarıdan bu sahəni tənzimləmək üçün hansı qərar verilirsə
verilsin, cəhalətin yayğın olduğu cəmiyyətlərdə yenə də (Hacı)
Əbdüllərin düşüncəsi qalib gələcəkdir. İnsanlar öz xeyrinə olan
addımları aktiv dəstəkləməyincə, cəhaləti, israfçılığı təşviq
edənləri öz məclisindən qovmayınca, bu cür məkanlarda tədbirllər
keçirməkdən imtina etməyincə, bir şeylər dəyişməyəcək. Unutmayın,
dövlət idarəetməsində bir xarakterik xüsusiyyət var: çoxluq
demokratiyaya hazırdırsa, qərarlar bu yöndə olacaq, çoxluq dürüst
yaşamağa meyllidirsə, korrupsiya azalacaq, çoxluq cəhalətə
meyillidirsə, başı ağrımasın deyə, dövlət özü də cəhaləti özünə
zərər verməyəcək səviyyədə qoruyub saxlayacaq. Hələ də bizim
mentalitetimiz Xudu Məmmədovların ağlının təməlinə deyil, (Hacı)
Əbdülün şallağının komikliyinə söykənir. Böyük düşüncə adamımız
olan Xudu Məmmədov (vəhhabi və ya nurçu adlandırsanız, nəzərə alın
ki, 26 il öncə dünyasını dəyişib) elə-belə demirdi ki: "Cəmiyyət,
təşkilat insanlar arasında əlaqələrin yaratdığı şəkildir. İnsanlığa
ən böyük xidmət bu şəkli mükəmməlləşdirməkdir. Mükəmməl individ
köhnə əlaqələri yeniləri ilə əvəz etmir, yenilərini yaradır,
köhnələrin isə təbiətini dəyişdirir".
İndi hər şey tərsinə baş verir. (Hacı və ya Məşədi və ya
Kərbəlayi) Əbdülün obrazında köhnələr yeniləri yaratmaq
istəyənlərin təbiətini dəyişmək üçün birləşirlər.
Molla İbrahimxəlil kimyagər, ölü dirildən Şeyx Nəsrullah,
meyxanaçı Molla Sadıq, Hacı şallağı vuran Əbdül... Dinimizin
öncülləri bunlar olanda, cəmiyyətin tələbatı dəyişməyəcək. Min il,
yüz, il, on il öncəki kimi...
Düşünürəm ki, bəlkə də Əbdül cəmiyyətimizin nə istədiyini bizdən
daha doğru görür? Axı onun kimilər danışa bilirsə, ittiham edə
bilirsə, ad qoya bilirsə, ona bu meydanı verən bir sürü insan
yığını mövcuddur demək. Öz faydasına olan addımları susqunluqla
qarşılayan, zərərinə olanları inadla qucaqlayıb qoruyan bir
cəmiyyət, bəlkə həqiqətən də Əbdülün şallağına tamarzıdır?
Pis orasındadır ki, Əbdülün şallağını gerçəkləşdirdiyi qamçı da
ya iranskidir, ya da kitayski. Milli qamçımız da deyəsən, hələ ki,
istehsal olunmur. Anlaşılan budur ki, milli qamçımız olmasa da,
Əbdülümüz və onun şallağı həmişə olacaq. Həm də uzun illər çox-çox
olacaq...