Dərs ili
başlar-başlamaz şagirdlərə "şad xəbər" verildi ki, dərs ilinin
müddəti uzadılıb. Bu ildən onlar son zəngin səsini iyunun 15-də
alacaqlar.
Bu sahəyə məsul olan vəzifə sahibləri dəsr ilinin uzadılmasının
tədrisin keyfiyyətini artırmaq, proqramı daha yaxşı çatdırmaq
məqsədi daşıdığını elan etdilər.
Artıq məktəblər yeni, uzadılmış proqramla işləyirlər.
Cədvəllərdə də xeyli dəyişiklik edilib. Bəzi fənnlərin dərs
saatları azaldılıb və s.
Bu günlərdə isə mediada xəbər yayıldı ki, hökumət dərs ilinin
uzadılması barədə hələ konkret qərar verməyib. Belə olanda təbii
olaraq müəyyən suallar ortaya çıxır. Qərar qəbul etmədən proqramı
necə dəyişmək olar? Əgər dərslər köhnə qaydada mayın sonunda
bitəcəksə, uzadılmış proqramın aqibəti necə olacaq?
Bu suallar cavabını gözlədiyi bir vaxtda daha bir xəbər aldıq.
Uzadılmış proqramda məktəblilərin qış və yaz tətillərinin yeri də
dəyişib. Belə ki, şagirdlər bu il qış tətilinə fevral ayında
çıxacaqlar. Yaz tətili isə apreldə olacaq. Hər dəfə bir həftə
istirahət veriləcək. Yanvar və mart aylarındakı bayram günləri də
öz yerində.
Bundan belə aydın olur ki, dərs ilinin uzadılması tətil
günlərinin ayrılması və artırılmasına xidmət edir. Şagirdlər iki
həftəlik "tətil"in əvəzində iyunun istisində dərsə getmək
məcburiyyətində qalacaqlar. İsti havada dəsr oxumağın və yeni dərs
izah etməyin çətinliyini artıq uzun illərin təcrübəsi sübut
etdiyindən, bu haqda danışmağa lüzum yoxdu. Hələ köhnə rejimlə
mayın 15-dən sonra uşaqları sinifə yığmaq üçün müəllimlərin min bir
bəhanə uydurmaları da sirr deyil.
Belə bir şəraitdə dərslərin uzadılmasının tədrisin keyfiyyətinə
müsbət təsir etməsi heç ağlabatan deyil. Məncə, təhsil sistemini
təcrübə poliqonuna çevirməkdənsə, uşaqlarımıza, gələcəyimizə daha
faydalı ola biləcək qərarlar qəbul etmək lazımdır. Məsələn, orta
təhsilə 7 yaşdan başlamaq, tapmaca tipli metodikanı elmə və məntiqə
dəyişmək kimi.