Bu şəkil Bakı Apellyasiya
Məhkəməsinin hakimi İkram Şirinova məxsusdur. İyulun 31-dən verdiyi
ədalətli qərarla medianın əsas səhifələrində yer alan hakimin buna
kifayət qədər haqqı var.
Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə
Tofiqqızının (Niftəliyeva) ölüm işi ilə bağlı istintaq və məhkəmə
prosesləri 2 ilə yaxındır davam edir.
Əvvəldən cinayət işinin və ölüm faktının araşdırılmasının, demək
olar ki, içində olan jurnalist kimi, proseslərin hardan hara
gəldiyinin şahidi olmuşam. Ona görə də tam məsuliyyəti ilə deyə
bilərəm ki, uğursuz əməliyyatda həyat yoldaşını itirən həmkarımız
Anar Niftəliyevin problemə bir ailənin faciəsi kimi deyil, yüzlərlə
körpənin gözüyaşlı qalmasına mane olmaq prinsipi ilə yanaşması
ədalətli qərarla nəticələndi. Burada proseslərin gedişini daim
diqqətdə saxlayan medianın əhəmiyyətli rolu da danılmazdır.
Həkimlər həqiqətənmi təqsirsizdi?
Bəllidir ki, son illərdə xəstəxanalarda, doğum evlərində ölüm
faktlarının artması media ilə yanaşı, sadə vətəndaşları da dilə
gətirdi. Ölənlərin yaxınları həkim səhlənkarlığından hüquq-mühafizə
orqanlarına dəfələrlə müraciət etsələr də, həkimlərə cinayət işinin
açılmasına, hər hansı cəzanın verilməsinə nail ola bilməyiblər.
Demək olar ki, bütün şikayətlərdə "həkimlərin təqsiri olmadığı üzə
çıxıb" və yaxınını itirən adamlar taleləri ilə barışıb proseslərdən
geri çəkiliblər. Bu, heç də həmin vətəndaşların səriştəsiz, bəzi
hallarda savadsız olması ilə bağlı deyil. Həkimlərin cəzasız
qalmasında bir sıra subyektiv amillərin, rüşvət məqamlarının olması
danılmazdır.
Həkim səhlənkarlığından dünyasını dəyişən şəxslərin sayının
durmadan artması bu tendensiyanın qarşısının alınmasını zəruri
edirdi. Səhlənkarlıq edən həkimlərə qarşı bəzi hallarda cinayət
işinin başlanmaması, bəzi hallarda isə onların əsassız olaraq xitam
olunması bu cinayətlərin qurbanlarının sayının artmasına səbəb
olmuşdu.
Elnarə Tofiqqızının ölümü ilə bağlı aparılan cinayət işi və
məhkəmə proseslərini daim diqqətdə saxlamağımızın əsas səbəbi də
həkim səhlənkarlıqlarının ictimai təhlükəlilik dərəcəsini cəmiyyət
və səlahiyyət sahiblərinə çatdırmaqla bunun qarşısını almağa nail
olmaqdır. Başqa sözlə, bir ananın adi həkim səhvindən dünyasını
dəyişməsi tək bir ailənin deyil, bütövlükdə cəmiyyətin, səhiyyə
sisteminin və onun fəaliyyətinə nəzarət etməli olan hüquq-mühafizə
orqanlarının problemi olmalıdır. Bu, həm də bir vicdan məsələsi
olmalıdır. Çünki heç kəs həyatda heç nədən sığortalanmayıb. Ancaq
təəssüf ki, indiyədək həkimlərin bacarıqsızlığı, səhlənkarlığı,
bəzən isə texniki avadanlıqların imkanlarının zəif olması üzündən
xəstələr həyatlarını, körpələr analarını, valideynlər övladlarını
itirməyə məhkum olublar. Və bu cinayətlər cavabsız qaldıqca,
günbəgün artır.
Həkimləri nüfuzdan salan gərəksiz
əməliyyatlar
Hüquq ictimaiyyəti bunu qanunlarda həkim məsuliyyətinin nəzərədə
tutulmaması ilə izah edirlər. Səhiyyə işçiləri, ekspert
komissiyaları isə birmənalı olaraq həkimlərin doğru qərar
verdiklərinə, xəstədə olan ciddi patalogiyaların ölümlə
nəticələndiyinə rəy verirlər.
Araşdırmalar göstərdi ki, həkimlərin, onların çalışdığı tibb
müəssisələrinin cəzalandırılması sistemində ciddi boşluqlar
mövcuddur. Bunun mühüm səbəblərindən biri də icbari tibbi
sığortanın hələ də tətbiq olunmamasıdır.
Hələ xeyli əvvəl mərhum Elnarə Tofiqqızının ölüm faktını
araşdırarkən, maraqlı bir məqam da üzə çıxdı. Belə ki, əməliyyatdan
əvvəl həkimlər ona süd vəzinin popilloması diaqnozu qoyublar. Bir
necə xəstəxanada müayinədən keçən xanıma hər dəfə müxtəlif qərarlar
veriblər; həkimlərin bəzisi xəstəliyin ciddi həkim müdaxiləsi tələb
etmədiyini desə də, ailəyə yaxın olan həkim Fərəcullah İdrisov
E.Tofiqızını və yaxınlarını yalnız əməliyyatla sağalacağına
inandıraraq, onları razılaşdırıb. Halbuki, tibbi ədəbiyyatlar,
eləcə də bu sahədə təcrübəsi olan həkimlər deyirlər ki, popilloma
əməliyyatsız sağalan xəstəlikdir və o qədər də ciddi problem hesab
olunmur. Ailəni narazı salan ən mühüm amil də məhz həkimin onları
bilərəkdən, pul qazanmaq xatirinə aldatmasıdır. Bu cür hallar isə,
ilk növbədə, əhalinin həkimlərə, səhiyyə sisteminə onsuz da az olan
inamını, etibarını sıfıra endirdi.
Hakim vicdanının səsi - ilk presedentlər
Lakin ötən gün Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram
Şirinovun qatil həkimlərin cərimələnməsi və "Medi Sina" Tibb
Mərkəzinə qarşı cinayət işinin başlanmasına dair qərarı ədalətin
hələ tam ölmədiyini, onu qazanmaq üçün isə illərlə keçilməz yolları
aşmaq tələb olunduğunu göstərdi. Məhz Anar Niftəliyevin qətiyyəti,
ona bu işdə yardım edən vəkillərin ağır zəhməti sayəsində, nəhayət,
Azərbaycanın məhkəmə təcrübəsində ilk presedentlər yarandı. Bəli,
məhz presedentlər.
İkram Şirinov, həkimlərin insan ölümünə səbəb olduqlarını əsas
tutaraq onları cərimələməklə yanaşı, əməliyyatın həyata keçirildiyi
klinikaya qarşı cinayət işinin başlanmasına qərar verməklə ikinci
presedentə imza atdı. İndiyədək dövlət və özəl klinikalarda baş
verən yüzlərlə ölüm faktlarının araşdırılması uzağı rayon
məhkəməsindən o yana getməyib və bütün hallarda hüquq-mühafizə
orqanları "ölən günahkardır" prizmasından çıxış edərək qatil
həkimlərə fəaliyyət azadlığı veriblər. Ona görə də xəstələr
həkimlərə, şikayətçilər hakimlərə güvənmirlər. Lakin İkram
Şirinovun vicdanının səsi ilə qəbul etdiyi son qərar içimizdə ölən
ümudlərimizə yeni nəfəs verdi.
"Medi Sina" klinikasının ancaq adı qalıb
Məlum əməliyyat zamanı klinikanın baş həkimi olan Abbas Bağırov
hadisələrin ağırlığına dayana bilməyərək dərhal vəzifəsindən istefa
verdi. Hazırda Yasamal rayonunda başqa bir klinikaya rəhbərlik edən
A.Bağırovun istefası məsuliyyətdən canını qurtarmasına heç bir əsas
vermir.
Onu da deyək ki, ölüm faktı ilə bağlı Nəsimi Rayon
Prokurorluğunda "Medi Sina" Tibb Mərkəzi ilə bağlı cinayət işinin
başlanmasından sonra klinika təmir adı ilə fəaliyyətini dayandırıb.
Lakin məhkəmənin lisenziyasız fəaliyyətlə məşğul olmasını
təsdiqləyən qərarından sonra orada ciddi araşdırmaların aparılacağı
da qaçılmaz olacaq. Bu, həm də hazırda aşkar-gizli belə qanunsuz
fəaliyətlə məşğul olan klinikaların işinə də təsirsiz
qalmayacaq.
Özəl klinikalara nəzarət çox zəifdir
Yeri gəlmişkən, məhkəmə klinikanın E.Tofiqqızının ölümündə
cinayətkarcasına davrandığı, Səhiyyə Nazirliyindən lisenziya
almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla
qətlə şərait yaratdığı qənaətinə gəlib. Bunu əsas gətirərək, hakim
"Medi Sina" klinikasına qarşı cinayət işi qaldırılması və Baş
Prokurorluğa göndərilməsinə qərar verib. Eyni zamanda klinikanın
əmlakına həbs qoyulub.
Təcrübəmizdə dövlət müəssisəsində çalışan həkimlərin artıq pul
qazanmaq həvəsilə özəl klinikalarda əməliyyat etdiklərinə tez-tez
rast gəlirik. Onlar orada heç bir müqavilə bağlamadan, əlbəttə ki,
müəyyən məbləğ qarşılığında baş həkimlə şifahi razılıq əsasında,
xəstələri məcburi qaydada oraya yönəldirlər. Özəl klinikalar isə
lisenziya tələblərinə uyğun olub-olmamasını nəzərə almadan, bütün
hallarda həmin həkimlərə "yaşıl işıq" yandırırlar. Əməliyyatlar
uğursuzluqla nəticələndikdə isə ölənlərin yaxınları hüquq-mühafizə
orqanlarında dəlil-sübutsuz qaldıqları üçün haqsız çıxarılırlar.
Çünki həmin oğurluq əməliyyatlar heç yerdə qeydiyyata alınmır,
ödənişlər qeyri-rəsmi aparılır, müqavilələri şifahi razılaşmalar
əvəz edir. Bunu bu yaxınlarda bir sənədin axtarışı ilə bağlı
müraciət etdiyimiz özəl klinikalardan birinin baş həkimi özü də
etiraf etdi.
Hakimin ən dəyərli əmlakı onun vicdanıdır
Belə bir şəraitdə hakim İkram Şirinovun E.Tofiqqızının ölümünə
səbəb olan həkimlər - Firuz İbrahimov, Mahir Abdullayev və
Fərəcullah İdrisovun, eləcə də onların gizli əməliyyat apardıqları
klinikanın cərimələnməsi barədə qərarı məhkəmə sistemində həkim
səhlənkarlıqlarına qiymət verilməsi ilə bağlı ciddi dönüş
yaradacaq. Doğrudur, vəkillərin də qeyd etdiyi kimi, bu, prosesin
sonu deyil. Təbii ki, qərardan narazı qalan qarşı tərəf, eləcə də
təzminat məbləğlərinin az olmasına etiraz edən zərərçəkən Anar
Niftəliyevin qərardan şikayət edəcəkləri istisna edilmir. Buna görə
həmin sənədin qüvvəyə minməsi hələ xeyli vaxt aparacaq. Ancaq hər
bir halda hakimin bu qərarla Azərbaycanın məhkəmə tarixində xüsusi
ehtiramla yad ediləcəyini danmaq olmaz. Bu qərar vətəndaşların
ədalət mühakiməsinə, qərarların yuxarıdan tapşırıqla deyil,
vicdanın səsi ilə veriləcəyinə inamını artıracaq. Beləliklə, bir
vicdanlı qərarla bir ailənin deyil, bütün cəmiyyətin rəğbətini
qazanan məhkəmənin və hakimin bundan dəyərli əmlakı ola bilməz.
P.S. Bu gün mən də bir ilkə imza atmaq istəyirəm. Təcrübəmdə ilk
dəfə olaraq Azərbaycanın məhkəmə sistemində müsbət nümunəni şərh
etdim. Hüquq-mühafizə sisteminin bütün sahələrinə dair belə şərhlər
yazmaq və oxumaq arzusu ilə...
Strateq.az