Ötən həftənin sonu Batumidə Avropa Birliyi Şərq
Tərəfdaşlığı Proqramına üzv olan ölkələrin Vətəndaş Cəmiyyəti
Forumunda biz də iştirak etdik. Təəssüf ki, qeyri-hökümət
təşkilatları olaraq üzv kimi böyük ümid və gözləntilərlə
qatıldığımız toplantı bizi ölkəmiz adına heç xoş olmayan
sürprizlərlə qarşıladı...
Forum ilk dəqiqələrdən qalmaqallarla müşayiət olundu.
Mediada yazıldı. Sosial şəbəkələrdə ciddi diskussiyalar başladıldı.
Diskussiyanın böyük bir qismi də ölkəmizin əleyhinə...
Bəs Batumidə nə baş verdi?
Sözügedən toplantının yekunları ilə bağlı gəldiyim qənaət budur
ki, Azərbaycandan kənarda fəaliyyət göstərən ermənipərəstləri
cəmiyyətə tanıtdırmaqla yanaşı, içimizdəki ermənipərəstləri də ifşa
etmək çox vacibdir. Azərbaycanda xaricdən qrant alan, xaricdəki
donorların əlində məsafədən idarə olunan "oyuncağa" çevrilən
başıpozuq bir dəstə var ki, "QHT" adı altında vətəni satmağa
hazırdırlar. Bunlar demokratiya, ədalət, insan haqları və s. davası
aparmırlar. Bunların məqsədi puldur, yarınmaqdır, hətta ermənilərlə
də rahatca iş birliyinə getməyə hazırdırlar.
Təsəvvür edin, Forumda jurnalist kimi iştirak edən "Yeni
Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun müsavat.com-da
dərc olunan yazıları anındaca Bakıda ingilis dilinə tərcümə olunur,
"ingilis dilli Bakı ermənilərinin" Batumidəki dostlarına çatdırılır
və təəssüf ki, mətn də "xədicələşərək" təhrif olunurdu. Xoşagəlməz
situasiyalar yarandı. "Yeni Müsavat"ın yazdıqlarına Azərbaycan
nümayəndə heyətinin rəhbərliyindən izahat tələb etmək kimi absurd
reaksiyalar gördük.
Əlbəttə, çox yaxşı olardı ki, biz də həmin tədbirə əliboş
getməyəydik. Yəni ermənipərəst "People in Need" təşkilatının
qarşısına Azərbaycanpərəst bir əcnəbi təşkilat da Ermənistanda
insan haqlarının biabırçı durumu ilə bağlı bir sərgi ilə çıxa
bilərdi. Bununla da həmin çex təşkilatı öz Ermənistan sevgisi
naminə "sərgi"ni sakit-səssiz qapadacaqdı. Bu, olmadı. Lobbi
fəaliyyəti ilə məşğul olan qurumlar yaxın perspektivdə bu
istiqamətdə müəyyən işlər görməlidirlər...
"People in Need"in Ermənistan sevgisi isə danılmaz bir
gerçəklikdir. O, Dağlıq Qarabağ ermənilərinin sözügedən Foruma
"müstəqil respublika"nın nümayəndələri kimi qatılmasına tərəfdar
olan bir qurumdur. Forumun İdarə heyətinin yığıncaqlarında da bu
məsələ dəfələrlə onlar tərəfindən qaldırılıb. İkinci nüans isə
"People İn Need"in rəhbərinin Dağlıq Qarabağa qanunsuz
səfərləridir. O, özü də bunu dəfələrlə vurğulayıb. Rəsmi
Azərbaycanın razılığı olmadan işğal altında olan ərazilərimizə
səfər edən bu insanın qondarma rejimə simpatiyasını sübut etmək
üçün daha hansı məlumatlar lazımdır ki?..
Bu təşkilatın erməni sevgisi yeni yaranmayıb:
"People in Need" vaxtilə Ermənistanın Spitak bölgəsində baş
verən zəlzələnin qurbanlarına humanitar yardımları təşkil etmək
üçün təşəbbüs qrupu kimi yaradılıb və Ermənistana humanitar
yardımlar edib. Və sonradan bu təşkilat nəinki humanitar sahədə,
həm də Ermənistanın işğal siyasətində onların yardımçılarından
birinə çevrilib.
Təşkilatın fəaliyyəti ilə bağlı bu bilgilər onların öz saytında
qeyd olunub.
"People in Need"in ünvanına səslənən tənqidlərə, ən qəribəsi
"ermənipərəst" ifadəsinə azərbaycanlı QHT qaragüruhunun bu
səviyyədə hay-küy salması başa düşülən deyil. Niyə bu təşkilatın
ünvanına səslənən tənqidləri öz ünvanlarına söyüş-təhqir kimi qəbul
edirlər? Bunları "People in Need"lə nə bağlayır? Yəqin ki, bunu
araşdırmaq lazım gələcək. Və ən önəmlisi, insan haqlarını müdafiə
etdiyini iddia edən QHT rəhbərləri normal insanlar kimi sivil
qaydada müzakirələr aparmağı bacarmırsa, onların vətəndaş
cəmiyyətinə hansı töfhələrindən danışmaq olar? Tutaq ki, mən, ya
bir başqası, sizin mövqeyinizi bölüşmürük, buna görə sosial
şəbəkələrdə təhqir yağışı yağdırmaqmı lazımdır? Siyasi mədəniyyəti,
etikası olmayanlar hansı haqlardan danışa bilərlər?
Daha bir qalmaqallı vəziyyət: "People in Need"in sərgisinə -
daha dəqiqi, bu təşkilatın Azərbaycana qeyri-səmimi münasibətinə
etiraz edib Forumun ilk iclasına qatılmayan Azərbaycan nümayəndə
heyətinin bəzi üzvləri ilə bağlı da izahat istənildi: "etiraf
etmək" gərəkirdi ki, doğrudan da iclası boykot etmişik, yoxsa yox?
"People in Need"in posterinin cırılmasına münasibətimiz müsbətdir,
yoxsa yox?..
Nəhayət, ikili standartlar özünü Forumun iclasında Azərbaycanda
həbs olunan QHT rəhbərləri ilə bağlı qətnamənin qəbul edilməsinə
cəhd zamanı aşırı şəkildə büruzə verdi. Sözügedən qətnamə 3 dəfə -
2 dəfə açıq, 1 dəfə gizli səsverməyə çıxarıldı. Forumun
indiyəqədərki fəaliyyəti dövründə bir sənədin 3 dəfə səsverməyə
qoyulması görünməmiş bir hadisə idi.
Əlbəttə, bu cəhdlərin qarşısı alındı, qətnamə qəbul
olunmadı.