Fransız "Molla Nəsrəddin"i qələm və silahın savaşına
qurban gedib?
Fransada elan olunmuş üç günlük milli matəm növbəti dəfə sübut
etdi ki, terrorun əli çox uzundur və onu milli, dini, coğrafi
sərhədlərə ayıranda bir gün bədəlini özün ödəməli olursan.
Beynəlxalq koalisiya qüvvələrinin 13 illik ayaq səsləri
Əfqanıstandan hələ tam kəsilməyib və anti-Taliban hərbi
əməliyyatlarının qanı əfqan torpağında tam qurumayıb, lakin budur,
əli silahlı üç şəxs Avropanın tən ortasında peyda olaraq günün
günorta çağı çox sərbəstliklə qanlı terror aktını həyata keçirir,
on nəfər jurnalisti, iki polis əməkdaşını qətlə yetirir və yenidən
dünyanı 11 sentyabr hadisələrinin ictimai şokuna qərq edir.
Vaxtilə inqilab kabusunun dolaşdığı Parisin küçələrində hökm
sürən nizamı pozanlar yüksək rifah və təhlükəsizlik şəraitində
yaşayan insanları səhəri dirigözlü açmağa vadar edirlər.
Doğrudanmı, İŞİD artıq qapını döymədən və "əcəl zəngi"ni
basmadan hər yerə ayaq aça bilir və döyüş meydanını ofislərə,
yaşayış məskənlərinə dəyişməyi bacarır? Yaxud necə olur ki,
həftəlik bir nəşrin öz işini planladığı pik saat, deməli, redaksiya
heyətinin tam tərkibdə toplaşdığı bir zaman başqa biriləri üçün də
əlverişli əməliyyat vaxtına çevrilir və sovet generalı Kalaşnikovun
avtomatını Yaxın Şərqdən gətirib, indi də Fransada bir jurnalın
komandasını qanına qəltanında istifadə edirlər? Cinayət yerinə
bələd olmadan, dəqiq koordinat üzrə necə hərəkət olunduğunu, daxili
satqınların yardımından istifadə edilib-edilmədiyini bilmirik, -
bütün bunlar istintaqın işidir, - amma baş vermiş faciənin qlobal
nəticələrini onun kriminal detalları ilə pərdələmək mümkün
deyil.
"Karikaturalara görə intiqam" aldıqlarını bağıraraq sakit və
kimsəsiz küçədə kiminsə kameralarına düşməyə ümid bəsləyən maskalı
muzdlular az qala nümayişkəranə şəkildə islamı və müsəlmanları
hədəfə çevirdilər. Düzdür, qəddarlıqla qətlə yetirilən insanlarla
həmrəyliyini nümayiş etdirməyə çıxan minlərlə fransalı, Berlin
sakini, yaxud londonlu etirazçılar hələ ki, yalnız söz azadlığına
qarşı yönələn barbarlığı pisləməklə, ölənlərin xatirəsini anmaqla
məhdudlaşıblar, amma qarşıdakı günlərdə bütün Avropada "əcinnə
ovu"na çıxılacağı, reaksionist və qatı dini əqidə daşıyıcılarının
tapılıb cəzalandırılacağına şübhə yoxdur. Onsuz da son həftələr
Almaniyadan tutmuş İsveçədək, artan müsəlman sayına qarşı kəskin
milli dirəniş açıq meydanlara çıxmışdı, indi budur, hər cür
anti-miqrant qanunvericliyinə, təhlükəsizlik tədbirlərinə qərar
vermək üçün ortada ən azı 12 cəsəd var. Kütlə ilə bir sırada
addımlayan Prezident Ollandın milli qəzəbi sakitləşdirmək üçün ona
müsəlmanların qanı halal edilib. O, hazırda 21-ci əsrin Napoleonu
kimi dünya yürüşlərinə çıxmaq üçün beynəlxalq tərəfdaşları ilə
gizli sövdələşməyə başlaya bilər.
Biz qanlı cinayəti hakimiyyətə bağlamaq istəyən, onu konspirativ
nəzəriyyələrlə əlaqələndirib BMT-də Fələstinə səs verən Fransa
hökumətinin Reyxstaqı yandıran alman faşistləri ilə eyni cür
hərəkət etdikləri barəsindəki versiyalara qatılmaq istəmirik. Onsuz
da qəsd nəziriyyələri həmişə qüvvədə olub, amma başıpozuq iki
müsəlman gəncinin əlinə silah verənlərin deyil, qurban gedən dinin
və xalqların taleyi bizim üçün daha önəmlidir.
Cinayətdə şübhəli bilinən Səid və Şərif qardaşlarının maskalı
sifətləri arxasında hansı mərkəzlərin dayandığını təyin etmək Roma
Papasına güllə atan Əli Ağcaya fitva verənlərı tapmaq qədər
çətindir. Hər halda terror qruplarının rəhbərləri müxtəlif
kəşfiyyat mərkəzlərinə bağlıdır və onlar artıq neçənci dəfədir ki,
nəzarətdən çıxıb silahı öz ağalarına qarşı çevirirlər.
Əslində, "Şarli Hebdo"nun satirası bütün dövrlərdə dözülməz
olub. Kraliça Mariya Antuanetta zamanında az qala müqəddəslik
qazanmış vərəqələrdə saray əyanlarının həyatı gülüş hədəfinə
çevrilir və kəskin qınanırdı, amma xalqın qəbul etdiyi ədəbi
janrlar öldürücü tənqidi daha təsirli və qəbuledən formaya salmaqda
ən yaxşı vasitə idi. İnqilab zamanı da şəkilli illüstrasiyaların
geniş oxucu kütləsi vardı. Hakimiyyətdə bir-birini əvəz edən
müxtəlif siyasi qüvvələr və şəxsiyyətlərin surəti isə heç bir zaman
naşirlərin qələmindən kənarda qalmayıb.
Həmin ənənələrə sadiq olan müasir Avropa nəşrləri söz azadlığını
müqəddəs dəyərə çevirərək heç kəsin onlar üzərində tabu yarada
bilməyəcəyinə arxayın bir şəkildə yollarını davam etdiriblər.
Onların hədəflərində nəinki müqəddəs dini liderlər, eləcə də
hazırkı dövlət başçıları, bankirlər, yaxud siyasət adamları olub.
Ona görə də təkcə müsəlman cəmiyyətləri ilə deyil, başqa milli
qruplarla, yaxud fərdi adamlarla ixtilaflar keçmiş redaktorların
işdən getməsilə, yaxud bütün kollektiv üzvlərinin imzalarını
gizlətmələri ilə nəticələnib. Anti-semit fəaliyyətinə görə
cəzalandırılan sabiq rəhbərlərin mövcudluğu ümumən mətbuat
azadlığının sərhədləri haqda orada hər zaman antoqonist baxışların
olduğunu təsdiqləyir.
Əcəba, fransız "Molla Nəsrəddi"ni həqiqətənmi öz qətliamına
doğru az qala şüurlu gəlib və Monteskyönün ardıcılları qələmlərinin
haqqını indi ağır ödəməli olublar?
Dünən aparıcı televiziyalarda yayımlanan kadrlarda diqqətimi
daha çox cəlb edən səhnə silahın qələmə qarşı olması idi. Bu yerdə
bütün dünyada ayağa qalxan insanlara islamın sülhpərvərliyindən,
onun dincliyə və hüzura xidmət etdiyindən danışmaq əbəs görünər. Ən
dəhşətlisi isə indi artıq heç kəsin inkar edə bilməyəcəyi islamın
demokratiyaya, avropalıların mədəniyyətinə və mövcudluğuna təhlükə
kimi təqdim olunmasıdır. Xatırladaq ki, 63 milyoluq əhalisi olan
Dümanın vətənində 5.4 milyonluq - yəni, 8.5 fazilik müsəlman
yaşayır.
Amma əvəzində elə bir müsəlman dini lideri yoxdur ki, katolik
mərkəzinin funksiyanı yerinə yetirib bütün islam ümmətini öz
arxasınca aparsın. Sayları 1.7 milyardı keçən, rəsulu Məhəmməd olan
Allahın bəndələri müxtəlif siyasi rejimlərin, cərəyanların,
məzhəblərin, alimlərin, seyidlərin, ayətullahların, müştehidlərin
fitvasında və sərəncamında yetim qalıb. Hamısının getdiyi məscid
bir, qulluq etdikləri məqsəd ayrıdır. Qazandıqları hacılıq statusu
yüksək mənəvi mərtəbədən daha çox sosial imtiyaz və cəmiyyət
ierarxiyasında mühüm pilləkədən başqa bir şey deyil. Məgər Allah
vahiddirsə, onun yaratdığı din insanları niyə bu kökə qoyub?
Ona görə də Parisdə axan 12 karikaturaçının qanı milyonlarla
ərəbin qətlindən hasil olan mayedən daha müqəddəs tutulur.
Xristianların dini lideri İsa məsihliyə gedən yolda bir dəfə
çarmıxa çəkilibsə, islam etiqadı yolunda 15 əsrdir ki, edamlar,
kütləvi qırğınlar bitib tükənmək bilmir. Dar ağacına mismarlanan
müsəlmanın ağrısı və əzabı isə onları peyğəmbərə çevirmir. Əksinə,
yeni-yeni savaşların baş səbəbinə çevrlilir.
İndi mübarizə aparsalar da, Qərbin azadlığı bundan ibarətdir.
Onlar sözün qarşısında yasaq tanımaq istəmirlər. Din milyardlarla
insanın inanc yeri, mənəvi istinadgahı ola bilər, amma fransız
şüurunda bu totalitar ideologiyalardan başqa bir şey deyil, vaxtilə
marksistlərin dediyi kimi, ən yaxşı halda tiryəkdir. Belə olan
halda hər şeyin yol verilənliyi bir çoxlarına riyakarlıq kimi
görünə bilər və kimsə iddia edər ki, məgər Hitleri iblis elan edib
onun törətdiyi Xolokostu tanımayanlara qarşı nə üçün cəza kəsirlər?
Bəlkə İran iddiasında haqlıdır ki, Adolf düz edib və söhbət az
sayda yəhudinin qətli ilə İsrail dövlətinin yaradılmasına zəmin
hazırlamaqdan gedib.
Lakin cavabın heç bir əhəmiyyəti yoxdur. Bütün hallarda
qəzetlərin təhqir hüququ, başqasının sitayiş etdiyi simvollara əl
uzatmaq haqqını Avropa qanunvericiliyi tanıyıb. Bu hökmdür və
onunla hesablaşmağa hər kəs məhkumdur.
Razılaşmırsan, istəmirsən o şəkilləri görəsən, oxuma, baxma, yan
keç, fərqli olduğunu sübuta yetir.
Maraqlıdır ki, xüsusilə də keçmiş sovet cəmiyyətləri, ateist
keçmişinə dayanaraq xatırladır ki, bolşeviklər bütün kilsələri və
məscidləri yandırmalarına, din xadimlərini qətlə yetirmələrinə
baxmayaraq, müqəddəs dəyərləri çirkləndirməyə, onu iyrənc simada
təqdim etməyə heç vaxt çalışmayıb. Amma elə bu kifayət edib ki,
allahsız bir cəmiyyət qurmaq istəyən kommunistlər dindən uzaq
dursunlar. Hətta o mənəvi kompleks indi də adamların canından
çıxmayıb. "Molla Nəsrəddin"in ironiyası və acı satirasını unuda
bilməyən müasir insanımızın Quranın sətirləri arasında cin
axtarmasını görmək o qədər də çətin deyil. Halbuki Mirzə Cəlilin
davamçısı olmaq istəyən "Şarli"nin redaktoru, indi hüznlə dəfn
edilən Stefan Şarbonye üçün milyonlarla müsəlmanın qəzəbinə səbəb
olacaq addımlardan özünü heç vaxt kənarda saxlamayıb.
Məgər Salman Rüşdinin "Şeytanın ayələri" müsəlmanların gözündə
daha yüngül cinayət idi? İranın dini lideri ingilis yazıçının
ölümünə fərman vermişdi. Bununla belə, Britaniya kraliçası öz
növbəsində azadlıq ideallarını tərənnüm edən pakistanlı qələm
adamını ən yüksək ordenlə təltif edərək, onu güclü şəraitdə qoruyub
sağlığını təmin etdi. Nə yaxşı ki, onu öldürməyiblər. Çünki
üstündən görün nə qədər keçib, amma Salmanın kitabı Quranın heç bir
səhifəsini belə yerindən tərpətməyib.
İndi təkcə söz azadlığı yox, həm də müsəlmanlar dünənki
Kalaşnikov avtomatı ilə susdurulub. Dözümsüzlük, cihad ruhu,
küçələrdə qurban adına kəsilən heyvan başlarının az qala milli-dini
yaşantıya çevrilməsi, mədəniyyətlərarası uyuşmazlıq, xristianlıq
ruhu ilə islamın kəskin ziddiyətləri dünyanın baş ağrısına
dönüb.
11 Sentyabr yeni dünya nizamının əsas planına çevrildiyi kimi,
indi də Şərq – Qərb qarşıdırmasının dərinləşəcəyi qaçılmazdır.
İslam ölkələrinin yenidən fəthi planını çox gözləmək lazım
gəlməyəcək. Fransa prezidenti bu yaxınlarda Liviyaya təzədən daxil
olmağın zəririliyini göstərmişdi. Bəşər Əsədin hakimiyyətdən
getməsinə dair fərman bu yaxınlarda elan olunacaq.
Ukrayna münaqişəsinin arxa plana keçəcəyini düşünməyin. Düzdür,
Olland Rusiya əleyhinə sanksiyaları bundan artıq genişləndirməyin
Avropaya baha başa gələcyini bəyan etmişdi. Ancaq əsas hədəf İraq
olacaq.
Müttəfiqlərin Yaxın Şərqə hücumu 21-ci əsrin böyük
müharibələrinin anonsunu verməyə bizə imkan yaradır. Əl-Bağdaninin
başını Üsəma bin Laden kimi yerə qoyandan sonra Suriyanı yenidən
təşkil edəcəklər.
Növbə digər ərəb rejimlərinindir.
Peyğəmbər isə onun kitabı üstündə oturan səud milyarderlərini
də, körfəz şeyxlərini də əslində əli silahlı cəlladlar kimi
dərindən seyr etməklə məşğuldur. 7-ci əsrdə dünyaya zühur edərkən
hər cür təhqirə, pisliyə, ədalətsizliyə məruz qalan Allah elçisi
üstündən əsrlər keçəndən sonra onun adını qorumaq üçün insan qanı
tökənlərlə mübarizə qarşısındadır. Hətta keçmiş məhbus, indi
ölkəsinin bütün müsəlmanlarının heysiyyatı üzərindən taxt-taca
doğru addımlayan Xodorkovskinin çağırışı ilə bütün dünya mediası
karikaturalar sərgisinə dönsə də, bundan Məhəmməd peyğəmbərin ilahi
missiyası heç bir ziyan çəkməyəcək. Əsas Quranı terrorçuların
əlindən almaqdır. Belə qüvvəni daxildə yetişdirə bilməyən xalqlar
isə xaricdən xilaskar gözləməyə məhkumdular.
Əgər qələm müqəddəsdirsə, qoy o silaha qalib gəlsin!