2015-ci ildə Türkiyəni daha
geniş arealda qınaq məhkəməsinə çəkəcəyinə böyük ümid bəsləyən
dünya erməniçiliyinin potensialı, milli hiddət və qəzəb seli indi
tamam ayrı səmtə yönəlib.
Görünür, soyqırım ruhuna yüz illər ərzində aludə olmaq, bir
toplum kimi genosidə pərəstişi varlığının və siyasi mövcudluğunun
əsasına çevirmək mistik bir mahiyyət alaraq erməniləri qara
zolaqdan - kütləvi ölüm zolağından uzaqlaşmağa qoymur.
Əslində, Valeri Permyakovun bir ailənin qətlinə bais olması 6
nəfər avetisyanların faicəsindən daha böyük rezonans doğurdu. Elə
bil, min illik sirlərin qorunduğu qalaya dəyən zərbə hər şeyi gün
üzünə çıxardı və rəsmi dövlət orqanları təkcə lokal etiraz selinin
qabağında durmaqla deyil, həm də ökənin özülünü təşkil edən
ideoloji və siyasi platformanın çökməməsi üçün tədbirlər görməyə
məhkum oldu.
Razılaşın ki, söhbət təkcə taxt-tacını qorumaq vəzifəsindən
getmir, üstəlik, bir rus əsgəri qədim ingilis imperiyasının çökməsi
hadisəsində olduğu kimi, şaha vaxtında xəbəri çatdıra bilməyən və
bununla da qoşunların basılmasına şərait yaradan günahkara
çevrilib.
Ona görə küçələrə axışan insanların əvvəlcə yerli hakimiyyət
orqanlarına, sonra Rusiyaya yönələn ittihamlarının səbəbi 2 əsrin
suallarını çözmək qədər mürəkkəb məsələdir. Lakin belə geniş
əks-səda doğuran cinayətin üzərinə yeriyən kütlə qollarındakı
zəncirdən xilas ola bilməyəcəyinə də əmindir. Axı ermənilərin
ata-babalarının qoyub getdiyi təbəəlik ənənələrinin və ağa-vassal
münasibətlərinin alternativi türk-azərbaycanlı əhatəsi ilə
yaşamağın şərtlərini tapmaq, dörd bir tərəfini almış müsəlman
ölkələri ilə razılaşmağı bacarmaqdır.
İndi İrəvanda baş qaldıran üsyan sanki öz tarixi məntiqinə doğru
geriyə dönərək hər şeyi ötən yüzilin əvvəlinə qaytarır. Osmanlının
çöküşü səbəbilə Rusiyaya sığınan və kollaborasionistlik edən bir
millət təzədən Atatürkün xilas etdiyi Cümhuriyyətdən yaşayış
vəsiqəsi almağa məcburdur. Axı başqa bir səbəblə 102-ci hərbi
bazanı öz ərazisində saxlamağın zərurətini necə əsaslandırmaq olar
ki!
Bir yandan da Permyakovu rus-erməni birliyini çökdürmək istəyən
Qərbin casusu adlandırmağa əldə heç bir əsas yoxdur.
Avrokomissarlar onsuz da 6 il ərzində "Yaxın qonşuluq" siyasətinə
xərclədikləri milyonların havaya sovrulacağını, Sərkisyanın bir gün
Brüsseldəki məmurlara arxa çevirəcəyini və ermənilərin əbədi
izdivacda olduqları Avrasiya İqtisadi Birliyinə qoşulacaqlarını
kəşfiyyatsız belə bilirdilər. Ancaq Cənubi Qafqazda ikinci dövlət
başçısına Yanukoviçin taleyini yaşatmaq nəinki iki cəbhədə vuruşmaq
kimi riskli qərar idi, o cümlədən, Saakaşvilinin 2008-ci il
avantürasından sonra onsuz da nüfuz dairəsi və dayaqları xeyli
sarsılmış Qərbin rüsvayçı şəkildə Qafqazları tərk etməsinə səbəb
ola bilərdi.
İndi deyirsiz, xalqın içərisində qalan avrodəyərlərin közərmiş
yarası görünməmiş bir şəkildə Avetisyan ailəsinin soyqırımı
ağrısına transformasiya edərək əsil geosiyasi inqilaba çevrilib?
Yox, qətiyyən buna inanmaq mümkün deyil. Çünki İrəvanda anti-Maydan
reseptlərini çoxdan tapıblar və hamı istənilən itaətsizlik
hərəkatının sonunun nə ilə qurtaracağını yaxşı bilir. 1999-cu ildə
parlamentdə linç edilən keçmiş hökumət rəhbərlərinin aqibəti heç
kimin yadından çıxmayıb.
Ona görə də küçədə polislə toqquşan insanların seçkidə səsini
qazanmağa çalışan milli liderlər anti-Rusiya hərəkatını yalnız
ekranın və planşetlərin obyektivindən izləməklə məşğuldur.
Doğrudur, Ermənistan Donbas deyil, plakatı ilə meydana gələnlər də
var, amma 24 illik müstəqillik tarixində bütün seçkilərin yalnız
bir şüarı olub: "Ermənistanda Rusiyanın ən yaxşı xidmətçisi kim
olacaq?" Özü də bütün tarixi keçid anlarında seçdiyimiz sloqan öz
əhəmiyyətini itirməyib və bunu hətta keçmiş "Qarabağ hərəkatı"nın
ən güzəştsiz təmsilçilərindən olan Aşot Manuçaryan da etiraf
etməkdən çəkinmir.
Qəzəblənmiş camaatın qarşısına çıxan və daşa basılan baş
prokuror Gevorq Kostanyan əsil cəsarət sahibi olsaydı, poqonlarını
söküb adi vətəndaş kimi mitinqçilərə qarışar və onu
lənətləyənlərdən öz mənəvi qisasını alardı. Bilirsizmi, nəyi?
Axı həqiqət ortada olanda mübarizə aparmaq daha asan olur,
deyirlər. Guya "qanun imperiyadan üstündür" yazan adamlar
gerçəkləri görmürlər? Məgər onlar bilmir ki, söhbət keçmiş sovet
prokurorların Kremldən əbədi asılılığından getmir, eləcə də bir
ölkənin başçısı və xalqı uzun illər boyu suverenlyini
təhlükəsizliyə dəyişməyə razılığını verib?
102-ci hərbi bazanın 4 minlik kollektivi üçün Ermənistanın vətən
olmadığı hamıya məlumdur. Sərhədlərindən xeyli kənarda, yad bir
bölgədə və sərt iqlim şəraitində qulluq keçən orta statistik
valerilər, sergeylər üçün Rusiyanın "cənub cinahı" anlayışı,
geopolitik maraqlarının daha geniş məkanlarda qorunmasına dair
doktrinalar, Türkiyənin, İranın və Gürcüstanın hava məkanına
nəzarət barəsində səfsəfələr Gümrüdə illərini keçirən adamlar üçün
heç bir müqəddəslik daşımır. Onlara görə rəsmilərin titullu
salonlardakı bəlağətli nitqləri və rus-erməni qardaşlığına dair
imzalanan sənədlər tonlarla kağız itkisindən başqa bir şey
deyil.
Ona görə də hədəfsiz qalan əsgər Gümrü dağının ətəyində
qarşısına çıxan hər cür obyektdən yad sərhədləri qorumağının
intiqamını yerli əhalidən almağa hazırdır. Mənəvi-ruhi düşkünlüyə,
yaxud içki aludəçiliyinə tutulmayanların da daxili yaşantısı bundan
ibarətdir.
İndi qeyri-adi dərəcədə coşan əhali xatırlamağa başlayıb ki,
1999-cu ildə də kazarmanı tərk edən əsgərlər iki uşağı qətlə
yetirmiş, 9 nəfəri isə yaralamışdılar. 2012-ci ildə isə hərbi
bazanın minaları növbəti qurbanlara səbəb olmuşdu. Deməli, rus
əsgəri Ermənistanı qorumaq istəmir və Permyakovun güllələri də
ermənilərə ilk olaraq bunu xatırladır! Bura Vətən deyil və onu hər
iki ağız deyir - erməni də, rus da!
Yoxsa, kiminsə intizamsızlıq göstərərək xidmət yerini niyə tərk
etməsini, növbətçinin hərbi hissədə olmadığını görüb həyəcan
siqnalı verməyən rəhbərliyin günahını bir kənara qoyub bu suala
cavab tapmaq lazımdır: ermənilər indi nifrətlə yad etdikləri hərbi
bazanı ərazilərindən çıxarmağı həqiqətənmi istəyirlər?
Belə hərc-mərclik şəraitində susan və efir məkanına erməni
ailəsinin faciəsini buraxmayan Rusiya elitasının isə sükutu daha
səmimi və əsaslıdır. Məgər yüz illər boyu ermənilərin ayaqda
qalması üçün canını qurban verən və onların düşmənlərindən torpaq
alıb onlara dövlət quran rusun məntiqini başa düşmək o qədərmi
çətindir?
Bəli, hazırda Ermənistanın titulu və şərəfi deyil, siyasi
varlığı növbəti sınaq qarşısındadır. Lap tutalım kütlənin qəzəbini
yatırtmaq üçün Permyakovu onlara təslim edirlər, xalq məhkəməsi isə
1982-ci ildə bir alman vətəndaşını güllələmiş sovet əsgərinin
cəzasına bərabər bir hökmlə çıxış etməli olur. Xatırlayaq - o vaxt
SSRİ hərbi rəhbərliyinin cinayət işinin istintaqını qarşı tərəfə
vermək istəmədiyini görən ADR sakinləri qatildən qisaslarını gizlin
olaraq hissəyə hücum etməklə, onu öldürməklə almışdılar. Qəzəbin və
nifrətin dalınca gedib rus əsgərini edam edəndən sonra doğrudanmı,
ermənilər həqiqi güclərinə inanacaqlar və bu Qafqazda yeni bir
müstəqil dövlətin doğuluşu, yaxud boyunduruqdan xilası olacaq!
Birdən Kremlin əsəbi o qədər böyüyər ki, Ermənistanın da daxil
olduğu vahid ittifaqın Ali Baş Komandanı Putin Krım hadisələrində
olduğu kimi əsrlər boyu bu torpaqlar uğrunda qan tökməyinə,
həyatını itirən əcdadlarının ruhuna xatir, qoşunlarını çəkib gələr
Ağrı dağının ətəyinə və erməniləri də "Modest Kolerovun dediyi
kimi" göndərər Tiqranın sələflərinin hazırda vuruşduğu Bəşər Əsədin
yurduna. Hər halda "Ana Vətən"in ruhu çağırmalıdır, axı!
Onda rus konsulluğuna hücum çəkənlərin Putindən əfv diləməyə heç
Eçmiədzin kilsəsi və dünyaca məşhur 2-ci Qareginin də gücü çatmaz.
Axı vaxtilə həmin patriarxların rus çarlarına müraciətinin surquclu
mətni hələ də durur və Lavrovun idarəsində, yaxud keçmiş DTK-nın
gizli zirzəmilərində bu gün hər bir ermənini çarmıxa çəkməyə
yetəcək qədər tarixi sənədlər yatır orda. Həmin minalar istənilən
döyüş bölgəsindəki silahlardan daha təhlükəlidir və onlar üzə
çıxarılsa, nəinki soyqırımların, eləcə də uydurlmuş bir dövlətin
puç olan əfsanəsini, "uğur hekayəsi"ni qaytarıb yerinə tikmək
mümkün olmayacaq.
Türk və azərbaycanlı tarixçiləri ilə vuruşmağa nə var! İlana
anası qənim kəsiləndə onun zərbindən qurtula bilməzsən!
İndi Zori Balayan qabağa çıxıb xalqına müdrik məsləhətlərindən
niyə vermir, görəsən? Cəmi bir əsgərin saçdığı dəhşətə dözə
bilmirlər. Məgər ictimai şüuru belə şok doğuran cinayətlərə
öyrədib, azərbaycanlılar üzərində ölüm plantasiyaları salıb indi öz
siyasi-hərbi-iqtisadi, bir sözlə Yaradanları qədər borclu olduqları
qüvvəyə necə qarşı çevrilə bilərlər?
Hər halda ruhunun qidası, mental dəyərləri və mədəniyyəti
soyqırım fəlsəfəsindən kənarda olmayan bir milləti hərəkətə gətirən
başqa hadisəni görən olmayıb. Yüz ildir bütün ölümlərini yazdıqları
ayağa-türkün kürəyinə Permyakovun cinayətini yükləməyə isə heç bir
dəlil-sübut yoxdur.
Bəs Azərbaycan keçmiş rus ordularının işğallarına necə dözüb və
özündə güc taparaq yenidən bir dövlətin elitasına, xalqına əl
uzadaraq birgə yaşamanın yollarını axtarıb? Ermənilər düşmən
dedikləri azərbaycanlıların əvəzindən nəinki bir əsgərin, bütöv bir
motoatıcı diviziyanın saldırısına məruz qalsaydılar, qəddar
yaddaşlarından bunu silib atardılarmı?
Ona görə Permyakovu Krıma, yaxud Novorossiyaya yeriyən ordu ilə
bir tutub mühakimə edə bilməzsən, erməni məhkəməsi! Permyakov heç
Şahbaz, Dilqəm də deyil! Kəlbəcərdə və Gümrüdə dirçələn türk
ruhunun hansı rus əsgərində təcəlla etdiyini isə qarışmış
soyköklərini araşdıran institutlar belə təyin edə bilməzlər!
Rusiya Qarabağı Azərbaycana qaytarmaq üçün nəinki bir rayonu,
cəmi bir kəndi boşaltmaq əmrini versə, bütün erməni əsatirləri
dağılar, Bako Saakyanın yaratdığı rəşadətli ordunun dayandığı
səngərlər bir günün içində boşalar. Lakin Kremlin strateqləri iki
yüz illik xidmətçilərindən əllərini götürmək istəmədikləri üçün
belə etməzlər. Bəli, təəssüf ki, pis ənənə çox vaxt dəyişmir.
Ona görə indi rusun əsgərini işğalçı statusda görüb ona
sansksiya müharibəsinə çıxan Qərblə eyni sırada durmağa çalışan
erməni xalqı soyuq ağılla qərar verməyə məcburdu. Gümrü Brüssel,
Berlin, Vaşinqton deyil. Putinə qurulan məhkəmənin, rus
prezidentinin ünvanına azərbaycanca yazılan söyüşün əks-zərbəsi
yalnız bir səbəbə görə reallaşmır: Kremlin sahibi Potyomkin kimi
Ermənistanı şumlayıb problemi bircə həftəyə həll edər və göstərər
ki, onun əsgəri ABŞ ordusu kimi Əfqanıstanda etdiyi heç bir əmələ
görə Kabil məhkəməsi qarşısında durmur! Qulların cənnətə gedən
yolları bağlıdır! Onlar ağalarına qarşı üsyan qaldıra bilərlər,
amma son hökmü hər zaman padşahlar verməlidir!
Kreml ermənilərə bütün tarixlərinin məhkəməsini qurar. Özü də
Rusiya prezidentini ağır söyüşlə təhqir edərkən, azərbaycanlı
lüğətinin səngərinə niyə sığınırlar? Qədim erməni dilinin hər yerə
uzanan incə sənət materialı olduğunu ki hamı yaxşı bilir!
Ona görə 102-ci hərbi baza Ermənistanın təhlükəsizlik
qarantıdır, Cənubi Qafqazda hərbi-siyasi balansı təmin edən
qüvvədir, arsenalında olan zenit-raket kompleksləri və qırıcı
təyyarələri ilə məhz erməniləri qoruyur və bunun əksini düşünənlər
Putinin vaxtilə dediyi ultimativ mesajı gərək unutmasınlar.
"Rus əsgəri Qafqazdan getsə, buradakı xalqlar bir-birini qırar
və Qafqaz qan gölünə dönər" demişdi bizim yeni rus çarımız və
imperatorumuz. Ona görə Putinin üzr istəməsi haqda ukraynalıların
tələbinə aludə olub, bayraq yandıranların rus ordusu olmadan
Ermənistanın nəinki siyasi, eləcə də coğrafi mövcudluğuna, gələcək
təhlükəsizliyinə zəmanəti yoxdur. Beləliklə, xilaskarlıq
missiyasını yerinə yetirən bir ordunun üzvü kimi Permyakovun yeganə
günahı tətiyini səhv ünvana çəkməsidir. Axı özünü qorumayan
millətin yad ölkənin əsgərinə xidmət etməyə borclu olduğunu bizə
qədim çin strateqləri çoxdan öyrədib.
Kalaşnikovun heykəli Gümrüdə qoyulmuşdu, əgər yadınızdan
çıxmayıbsa! Onda biz demişdik ki, Puşkinə deyil, silaha əyilən
başlar, təzim edən cüssələr bir gün həmin avtomatın qabağında
tamam-kamal dizlərini yerə qoymalı olacaqlar! Məgər, bir xalqın
mənəvi idealına tank-top yeridilirsə, bir ailənin soykökünün həmin
silahın qundağı ilə vurulmuş sonuncu körpədən asılı qalması niyə
vahimə, göz yaşları, kədər doğurmalıdır ki!
Avetisyanları qətlə yetirən silahın markası nə idi, ulu Tiqranın
yetirmələri?