Ehmalca ayağa qalxdı. Otağın
qapısını açıb çölə çıxdı. Heç bir dəqiqə də keçməmiş qucağında odun
parçaları içəri daxil oldu. Təngnəfəsdi. Sinəsi körük kimi qalxıb
enirdi:
- Axşam soyuq olacaq, indidən qoyum pıçın yanına.
Bala, niyə belə beinsafsız?
Odun sobasına "pıç" deyir bizim tərəflərin yaşlı qadınları.
Yerini rahlayır. Oturmaq istəyir. Kömək edirəm. Qoluna girib
ehmalca oturduram. Boyunu yuxarı "dartır". Otura-otura üzümdən
öpür. Heç yarım saat deyil gəlməyim, neçənci dəfədir öpür. Kəpənək
kimi sifətimə qonan öpüşlərinin qopduğu dodaqları qurudur. Amma
istidir. Üzümə toxunan üzünün qanı qaçıb sanki, qırışlı dərisi
yum-yumşaqdır. Əlləri isə kotana oxşayır. Ovcumun içinə alıram.
Yox, yumşaqdır. Amma arxada qalan illərin yaşatdığı əzabdan hər iki
əlinin barmaqları donqarlanmış kimidir. Barmaqlar içəri qatlanıb,
daraqlanıb sanki...
Heç olmasa
yuxuma, gəlin
- Bala, niyə belə beinsafsız? Heç olmasa yuxuma gəlin. Hər gecə
yatanda arzu edirəm ki, yuxuma gələsiz...
Bunları çay süzə-süzə deyir. Maşanı sobanın üstünə qoyur.
Süfrəni isə bayaqdan sərib yerə. Oturacağım yerə iki nalçanı
üst-üstə qoyub, bir balışı isə divara söykəyib ki, kürəklənə bilim.
Səliqə ilə doğranmış təndir çörəyini qızartmaq üçün maşanın üstünə
yığır. Yenə də ağır-ağır ayağa qalxır. Yan otağa keçir. Bura onun
saxlanc yeridir. Nimçədə motal pendiri gətirir. Süfrənin üstünə
qoyur.
- Bardaş qura bilmirsən, dizin
üstə otur. Rahat ol. Ya da ayaqlarını uzat. İstəmirəm stulda
oturasan. Siz stulda oturmağa başlayandan hər şeydən uzaq olduz,
sonra da kənd–kəsəkdən çıxdız...
Qulağımda isə hələ də "Heç olmasa yuxuma, gəlin" sözləri
"qıvrılır". Çox illər qabaq mən həbsdə olanda da bu sözü demişdi.
Görüş otağında xeyli gözlərimin içinə baxıb, birdən
dillənmişdi:
- Bala, yuxuma niyə gəlmirsən?
Şeir yazmışdım:
"Gecələr yuxuna gəlmirəm, anam,
Mən sənin yanında üzüqarayam..."
Çox incitmişik onu, bilirəm. Böyüməyimiz, hər birimizin bir yuva
qurmağımız onu sevindirdiyi qədər də qayğılandırıb; üstümüz açıq
qalmır ki yatanda? Yeməyimiz necədir, sınıxmamışıq ki? Xəstə
deyilik ki?
Qardaşların birdən-birə yoxa çıxdılar
Mən həbs olunduğum gün birdən-birə ürəyi çırpınıb.
- Elə bildim, ürəyim quş kimi "pırr" eləyib uçacaq, tez əlimi
sinəmə atdım, yaxamı bərk-bərk sıxdım, gördüm yox, dayanmır, tez
keçdim daldaya, yaxama baxdım, yox, sinəm parçalanmamışdı, amma
nəsə olmuşdu, bilirdim. Səni güman etməzdim, qardaşlarını
fikirləşdim. Voyennidilər axı, dava-dalaşda olurlar, o birisi də
daima yollardadır. Helə səni fikirləşdim, kaş burda olaydın, sənə
deyəydim narahatlığımı. Sən axı iki dəqiqəyə hamısı ilə
danışdıracaqdın məni. Demə, qardaşların bilirmiş... İki gündən
sonra gəlinlər dedi mənə. Qardaşların birdən-birə yoxa çıxdılar
kənddən, - deyirdi o ərəfədə.
- Gecə niyə gəldin ki? Gecənin xeyrindən gündüzün şəri yaxşıdır,
bala. Gecəyə salma özünü. Bilirəm, işin çoxdur... Neyniyəsən...
Sonra da əlimi ovcunun içinə alır. Sığallayır:
- Qardaşlarundan nə xəbər? Gedib dəyirsən? Heç zəng də
eləmirlər... - sonra qızdırılmış çörək dilimini qarşıma qoyur. -
Ye, yol gəlibsən. Axşamdan yemək qalıb, qızdırım?
Qalxmaq istəyir, imkan vermirəm:
- Toxam, elə bir az isti çörəklə pendir yeyərəm, -
deyirəm.
Kənddən danışır. Yaxın qohumlardan başlayır, ta kəndin o başında
yaşayan, qohum olmayan, bizə simsar olanlara qədər. Deyə bilmirəm
ki, bütün bunları bilirəm. Mobil telefonla, sosial şəbəkə ilə çox
adamla əlaqəm olur.
İndiki qızlar televizordakılar kimi yaşamaq
istəyirlər
O isə danışır: kim ölüb, kim qalıb, kimin qızı dədəsinin üzünə
ağ olub, elçilərə "yox" deyib, guya ki öz istədikləri var...
- Məni gəlib dədənə alanda həyətdə uşaqlarla oynayırdım. Dədən
ipək kimi kişi idi, bala. İndiki qızlar televizordakılar kimi
yaşamaq istəyirlər. Ərə gedirlər, siçan balası kimi bu boyda uşaq
doğub qoyurlar ovuclarına... 9 uşaq doğmuşam e...
Oturduğumuz otaqdan qapısı açıq olan yataq otağına nəzər
salıram. Üç çarpayı var. Stolun üstündə televizor, ətrafında dörd
stul, gəlin gələndə gətirdiyi şifoner və sonradan alınan mebellər,
qab-qacaq yığılan dolab və divarda asılan portretlər. 24 yaşında
Böyük Vətən müharibəsində həlak olmuş qayınının - əmim Qurbanın,
qardaşlarımın və özünün toyları olanda atamla birgə çəkdirdikləri
şəklin böyüdülmüş surəti divara asılmış xalçanın üstündədir. Və
ayrı şəkillər...
Məni elə burdan götürərsiz, mərəkəmi də burda
qurarsız
Otağa nəzər saldığımı görür:
- Yuxarı çıxa bilmirəm, ayaqlarım ağrıyır. Bura rahatdır mənə,
gecə də həyətə zada düşürəm, qapı-bacaya baxıram... Bala, məni elə
burdan götürərsiz, mərəkəmi də burda qurarsız. Uşağın tikdiyi təzə
evdə göz yaşı axıdılmasın. Burda özümü yaxşı hiss edirəm.
Sifətinə baxıram, dinmirəm, vəsiyyət edir, ürəyim dolub, içimdə
qaynayan yaşın qarşısına bənd vurmuşam, imkan vermirəm göz yaşına
dönsün.
- İstəyirsən, sənə yuxarıda yer salsınlar, orda yat.
Bilirəm ki, özü də bunu istəmir.
-Yox, - deyirəm, - burda rahat yatıram.
- Bala, niyə yatmırsan gecələr? Hər dəfə gələndə yerində
qıvrılırsan, zarıyırsan, bir yerin ağrımır ki?..
Ayağa durur, yenə də yan otağa keçir. Selofon paketlər əlində
geri qayıdır.
- Bunları sənin üçün qurutmuşam, de, dəmləsinlər, iç. Özüm də
bundan içirəm. Acı olmağına baxma...
Uşaqlarla bir-bir maraqlanır. Qardaşım balalarını soruşur.
- Danışıram, yaxşıdırlar, sənə zəng vururlar
ki...
- Get, xəbər tut. Zəng eləmə, get, özün gör.
- Yaxşı, - deyirəm.
Deyirdim ki, səni vətən xaini çıxaracaqlar
- Sən həmişə fağır olubsan. Səndən böyük qardaşın nə edirdisə,
atırdı sənin boynuna. Sən də dinmirdin. Hirssdəşirdim, vururdum
səni, deyirdim, denən ki, mən eləməmişəm. Sən elə gözünü döyüb
baxırdın.
Yadına xatirələrini salır. Gülür:
- Həmişə deyirdim ki, səni vətən xaini çıxaracaqlar....
Gənclik illərinin yaddaşında qalan xof idi. Vətən xaini adı ilə
gedənlər geri qayıtmazdı axı. Ağır ittiham idi. Elə bu gün də ağır
ittihamdır. Amma onun siyasi baxışları da var.
- Ehtiyatlı ol, bala. Tülkü tülkülüyünü sübut edincə dərisini
boynundan çıxarırlar. Dovşana qaç, tazıya tut deyənlər o qədər
çoxalıb ki...
Stəkanıma çay süzür. Əli ilə süfrənin qırağını qatlayıb
sığallayır:
- Amma ovçunun tazısı varsa, dovşanın da Allahı var, bala.
Gördün səni tutanları Allah neynədi? Tarı kişinin ətəyi də
böyükdür, qəzəbi də...
Allah onun səsini eşitmişdi
Yadımdan çıxmır, məhkəməmdə "etdiyim cinayət əməli" sübut
olunmasa da, prokuror mənim 5 il azadlıqdan məhrum olunmamı istədi.
Onda qohum-əqrəbanın uğultulu səsindən onun naləsini, üzünü göyə
tutub ah çəkməsini eşitdim təkcə:
- Allah balamı əlimdən alanın, balasını əlindən alsın...
Allah onun səsini eşitmişdi.
Pendiri çörəyin arasına qoyub iştahayla yeyirəm. Elə həvəslə
baxır ki...
Dizlərim ağrıyır, ayaqlarımı uzadıram. Əlini aparıb ayaq
barmaqlarımı ovur. O qədər xoşbəxt görünür ki...
Xoşuna gələn yeməklərin heç birini
bişirmədik
- Bir dəfə Bakıya gedirdim. O xarabaya gələcəkdim, sənə dəyməyə.
Bizi aparan maşın Salyanın körpüsündən keçəndən sonra türklərin
ayran satdığı yer var ha... orda saxladı. Dedi, ayran içmək
istəyənlər düşsün... O qədər ağladım ki... Axı sən hər
gedib-gələndə maşını orada kölgədə saxlayıb, bizə ayran alırdın.
Çox istəyirdin orda dayanmağı. Maşından düşmədim. Mənə də ayran
gətirdilər: "Nənə, götür, iç, niyə ağlayırsan, - soruşdular.
Demədim niyə ağladığımı. "Heç bala, ağlamıram", - dedim, yaylığımın
ucu ilə gözümün yaşını sildim. Ayranı aldım. Amma içmədim. Sən axı
o xaraba yerdə idin, mən necə içə bilərdim sənin xoşladığını? Sən
çıxana qədər xoşuna gələn yeməklərin heç birini bişirmədik.
Hər şeydən danışdı. Bilir axı sabah gedəcəm, nə qədər imkan
varsa söhbət edir.
- Gedək mənimlə, bir neçə gün qalarsan...
- Qala bilmirəm axı, bala, bura yaxşıdı. Torpağın iyi gəlir,
həyət-bacada başımı girləyirəm.
Birdən səhv etdiyini başa düşür:
- Yox, heç bir iş görmürəm. Gəlinlər, uşaqlar imkan verir ki,
işləyəm? Təzyiqim də qoymur. Sinəmdə od qalayıblar elə bil. Beş
addım qoyuram, yoruluram... elə oturanda da yoruluram. Yorulmuşam,
bala.
Övladlar niyə ana qədrini bilmir?
Durub süfrəni yığışdırır. Yenidən çay süzür.
- Xoşqədəmin verilişinə baxıram. Deyirəm, bu övladlar niyə ana
qədrini bilmir. Çay-çörək istəmir ki, sizdən; arada zəng edin,
səsinizi eşitsin də yazıq analar..
Bilirəm ki, bu sözün bir ucu bizə, şəhərdə yaşayan balalarına
aiddir.
- Mən balalarımdan xeyləm razıyam. Zəng edirlər, gəlirlər, xəbər
tuturlar, pay-püş yollayırlar...
Səsində inciklik var:
- Mənə heç nə lazım deyil. Pensiyam bəsdi. Kənddəki
qardaşlarının da əli üstümdədir. Dolanırıq. Nə olar,
gəlib-gedəndə... Gərək elə kənddə hüzur düşə, gələsən? Bir dəfə də
dur ayağa, de ki, gedirəm kəndə...
Xoruzun banı gəldi. Divardakı saata baxdı:
- Durum dəstəmaz alım. Namazın vaxtıdı. Heyim də qalmayıb.
Ayağa qalxır, sakit səslə:
- Çaydan vedrə ilə su daşıyırdım. Kürəyimdə də körpə uşaq.
Palçıq tuturdum. O boyda evin kərpicini tək kəsirdim. İndi canımda
hey qalmayıb, bala. Sən şəkərnən neynirsən? Gözümə sınıxmış dəydin,
- deyib çölə çıxır. Bir vaxtlar yazdığım şeiri deyirəm,
eşitmir:
Böyütdüyün oğuldan əsər qalmayıb, ana,
Bir quruca nəfəsdir, bir də ki quru əksim.
Nə mən yola gələnəm, nə də yol gəlir mənə,
Nə mən səs eşidənəm, nə sənə çatır səsim...