Biz bəzən hər gün rastlaşdığımız, bir növ artıq adət etdiyimiz hadisələrə onların əslində layiq olduğu qiyməti verə bilmirik. Səbəb elə bu cümlənin içindədir. Ona görə ki, hər gün rastlaşırıq və elə buna görə də adət edirik.
Məncə, Avropanın dayaq dövlətlərindən biri olan İtaliyaya baş tutan səfəri də hələ uzun müddət tam təfərrüatıyla anlamaq iqtidarında olmayacağıq. Ona görə ki, biz artıq diplomatik uğurlara, Avrasiyanın ciddi diskusiya və dialoq platformasına, özü də asas platformalarından birinə öyrəşmişik. Bakı Prosesi, Qoşulmama Hərəkatının zirvə toplantısı, NATO və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin görüşü və sair və sair və sair...
Əslində isə ciddi proseslər, Azərbaycanın regionda yenidən dəyərləndirilməsi baş verir. Bir həftə əvvəl Münhendə Azərbaycan liderinin Nikol Paşinyana münaqişə xırdalaması və ya Paşinyanı xırdalamasını da Azərbaycan mətbuatının təkhüceyrəli hissəsi elə-belə yola verdi. Baxmayaraq ki, Münhendə Ermənistan diplomatiyasının əsl iflası baş vermişdi və bu, Avropanın ən ali toplantılarının birində - nüfuzlu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində olmuşdu. Bu müstəvidə aparılan panel müzakirələri bir qayda olaraq tarixdə nümunə kimi qalır.
Məsələ bunda deyil. Söhbət indi Azərbaycanın Ermənistana bütün mümkün platformalarda qalib gəlməsindən də yox, belə uğurların ənənəyə çevrilməsindən gedir. Münhen təsadüf deyildi; Roma təsadüf deyildi. Yəqin mənimlə razılaşarsınız ki, indi gətirəcəyim misaldan sonra Fransanın da təsadüf olmadığı bəlli olacaq. Bu hadisə təzə deyil. Bu il, yanvar ayının 29-da baş verib. Fransa Prezidenti Emmanuel Makron Fransa Erməni Təşkilatları Əlaqələndirmə Komitəsinin ənənəvi ziyafətində iştirak edib. Amma gəlin dərhal Makronu bu ziyafətə qatıldığına görə məhkum etməyək. Ardına qulaq asaq. Fransa Prezidenti çıxışı əsnasında qondarma erməni soyqırımı, Dağlıq Qarabağ münaqişəsi və fransız bələdiyyələrlə Dağlıq Qarabağ separatçıları arasında bağlanan anlaşmalara toxunaraq, bu anlaşmaların hüquqi cəhətdən tanına bilməyəcəyini bildirib. Çünki bu proses hüquqi cəhətdən qeyri-mümkündür.
İlk baxışda burada iki fakt diqqət çəkir. Biri odur ki, Fransa Prezidenti bu açıqlamanı artıq qondarma Dağlıq Qarabağ “respublikası” ilə Fransa bələdiyyələri arasında bağlanan dostluq müqavilələrinin yerli məhkəmələr tərəfindən ləğvi başlanandan sonra verib. Yadımıza salaq ki, işğal olunmuş Xocavənd rayonunun inzibati bölgəsi ilə Desin-Şarpyö şəhəri və Sent-Etyen şəhəri ilə Şuşa şəhəri arasında imzalanan qeyri-qanuni sazişlər Fransa Respublikasının Lion İnzibati Məhkəməsinin qərarı ilə 2019-cu ilin sentyabr ayında ləğv edilib. Fransa rəhbəri bu tip anlaşmaların ləğvinin hökumət tərəfindən qəbul edilmiş siyasi qərarlar olmadığı və Fransa prefektlərinin tələbi ilə müstəqil hakimlər tərəfindən qəbul edildiyini erməni nümayəndələrin diqqətinə ermənilərin ziyafətində çatdırıb. Emmanuel Makronun fikrincə, sazişlər, Fransanın yerli idarəetmə orqanları ilə beynəlxalq səviyyədə tanınmayan bir qurumun idarəetmə orqanlarını eyni səviyyədə tutduğu üçün hüquqi cəhətdən problem yaratmaqdadır. Bu çərçivədə ölkə rəhbəri Ermənistanın özünün belə Dağlıq Qarabağı tanımadığını xatırladaraq, məsələnin Dağlıq Qarabağ münaqişəsi prizmasından kənara çıxdığını açıq deyib.
Beləliklə, artıq sirr deyil ki, Ermənistanın işğalı legitimləşdirmək cəhdləri səmərə vermir. İşğal olunmuş ərazilərdə separatçı anlaşmaların legitimliyini beynəlxalq münasibətlər sistemi tanımır. Beynəlxalq aləmdə ərazi bütövlüyünün toxunulmazlığı münaqişələrin həllində əsas prinsip olaraq qəbul edilir.
Gəlin uğurun adiləşdiyindən irəli gələn etinasızlığımızın keyini açaq və çaş barmağımızı gicgahımıza sıxaraq anlayaq: erməni diasporunun Fransanın ictimai-siyasi və mədəni həyatına təsirlərini nəzərə alaraq anlayaq. Anlayaq, başa düşək, qanaq ki, qeyri-qanuni sazişlərin məhkəmələr tərəfindən ləğvi mühüm əhəmiyyət kəsb edir. Bu, rəsmi Bakının, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aktiv siyasət həyata keçirdiyini və heç vaxt işğalla barışmayacağını bir daha sübut edir və bir daha vurğulayır ki, Valday, Aşqabad, Münhen, Roma məqsədyönlü məntiq kombinasiyasının etibarlı komponentləridir.