Maliyyə QKÇP-si: qazanmadıqlarımız
itkilərimizdir!
Hər bir sistemin dayanıqlığını təmin edən təkcə iqtisadi və
siyasi kursun düzgünlüyü deyil, həm də cəmiyyətdə aparıcı mövqe
sahibi olan qüvvələrlə yazılı və şifahi razılaşmalara getməyi
bacarmasıdır.
Son "maliyyə çevrilişi" Azərbaycan ictimai fikri ilə işləyən
istitutların hazırlıqsızlığını, yeni şəraitə adekvat təhlillər və
fəaliyyət planları hazırlaya bilmədiklərini kəskin şəkildə ortaya
çıxardı. Bunlar içərisində xüsusi yeri təbliğat və siyasi
qurumların işi deyil, daha çox böyük akademik mərkəzlər, xüsusilə,
iqtisadçılar ordusunun durumu bizi dərindən narahat etməlidir. Son
hadisədə biz ən çox onları itirdik.
Azərbaycanın fəal iqtisadçılar düşərgəsi son QKÇP-dən keçə
bilmədi və ən çox devalvasiyaya uğrayan da məhz onlar oldu!
* Verilən bədbin proqnozlara və fəlakətin, inqilabın, xalq
üsyanlarının, aclığın və sosial toqquşmaların baş verəcəyi haqda
xəbərdarlıqlara baxmayaraq, ölkədə iqtisadi-ticari mühit tədricən
bərpa olunmaqdadır. Yaxın bir ayda ictimai şokun 30 faizini arxada
qoymaq mümkün olacaq. Bundan ötrü insanların qarşısına çıxmaq,
əvvəlki təşəbbüskar və işlək xalq modelini bərpa etmək
lazımdır!
* Devalvasiyanın həyata keçirildiyi 21 fevral günü virtual
şəbəkələrdə "mühüm iqtisadı analizlər"lə çıxış edənlərin səthi və
arifmetik hesablamaları darmadağın oldu. Məsələn, banklarda
əmanətləri manatla olan insanların pulundan riyazi olaraq
çıxdıqları 1.3 milyard manatlıq itkini indi sübuta yetirə
bilmədiklərindən yeni bir pozisiyada qərarlaşıblar. Artıq son
qərarın zəruriliyini əsaslandırmağa çalışaraq indi leksionlarını
təkliflər və islahatlar paketi üzərinə yükləyiblər. Halbuki onlar
cavab verməlidirlər - nədən devalvasiya faizini avtomatik olaraq
manatdan çıxmışdılar? İqtisadi təhlillərin ziddinə olaraq hələ
qiymət dəyişikliklərini görməmiş, məsələn, 100 manatlıq əsginasın
dövlətin bir qərarı ilə 67 manata çevrildiyini demək hansı
təfəkkürün ayağına yazılmalıdır?
* Son günlərin ictimai yaşantıları və medianın iqtisadi
bloklarının müşahidəsi göstərir ki, nəhayət, "devalvasiya faizi
manatın alıcılıq qabiliyyətinin o qədər nisbətdə aşağı düşməsi
demək deyil" fikrimiz qəbul olunur. Səhrada tufan qopanda ətrafı
görmək olmur. Lakin bir azdan vətəndaşların və alimlərin gözlərini
örtən qum dənələri torpağa enəndən sonra hər kəs gerçək mənzərəni
görə biləcək. Amma bəzən zəlzələ xəbəri insan psixologiyasını daha
ağır yaşantılara məruz qoyur, nəinki həqiqətən baş verən yer
silkələnməsi. Millətimiz son hadisəni miqyasına uyğun olmayan böyük
ağrı kimi yaşadı. Dəyməzdi və bu ictimai ruh bir azdan
dəyişəcək!
* Əmanət banklarında əhalinin 6.2 milyon nəfərinin 7 milyard
manat ekvivalentində vəsaiti yerləşdirilib. Manatda itirdiklərini
xalqa başa salmağa çalışan iqtisadi bilik sahibləri həmin
əmanətlərin yarısının - yəni 3.5 milyard hissəsinin əsasən məhz
dollar və avroda olduğunu nəzərə alıb xarici valyuta ilə qoyulan
pulların üzərinə gələn 33.5 faizi kimin ayağına yazmaq
istəyirlər?
* Mərkəzi Bankın valyuta rezervləriinin 62 faizi manatdadır.
Guya Neft Fondundan götürülmüş dollarları daha çox manata çevirmək
üçün belə şok məzənnə endiriminə gedildiyini deyənlərin fikirləri
ən adi tənqidə tab gətirmir. Deməli, hökumət əvvəlcə öz manatını
üçdə bir nisbətdə öldürür, sonra isə yeni kursla dolları manata
dəyişib büdcə kəsirini doldurur: Bunu deyənlərin beyinlərini müasir
iqtisadi proseslərə vermədiklərini, hələ də köhnə biliklərinin və
planlı təsərrüfat sistemindən qaynaqlanan yanaşmalarını son hadisə
ilə tarixin arxivinə ata bilərsiz. Azərbaycana yeni iqtisadi elita
lazımdır.Elə hər düşərgədə!
* Ölkədə panik qiymətlər müvvəqqəti dəlildir. Hər məhsulun maya
dəyərinə daxil olan dollarların miqdarını nə qədər artırsalar da,
bir müddət sonra tələbatın aşağı düşməsi və xərclərin sıxılması
qiymət qeyri-sabitliyini qərarlaşdıracaq. Siyasi idarəçilik
formasından, iqtisadiyyatında hakimlik edən qüvvələrin kartel,
proteksiyaçı və monopolist mövqe sahibləri olmağından asılı
olmayaraq, bu düstur doğrudur!
* İlk dövrlər kurs dəyişikliyindən özünü sığortalamaq üçün hətta
yerli məhsulların üzərinə gəlmiş faizlər çox yaxın aylarda əhalinin
tələbatına uyğunlaşacaq. Ona görə tam əminliklə deyirəm - qiymətlər
nəinki düşəcək, o cümlədən, 21 fevraldan əvvəlki dövrün
səviyyəsindən də aşağı olacaq. Bu, əsassız inam yaratmaq, insanlara
ruh və xoş əhval aşılamaq niyyətindən irəli gələn proqnoz deyil, ən
azı 4 ölkənin təcrübəsindən doğan nəticələrdir. Narahat olmayın,
biz maliyyə vahidi - rublu dollar qarşısında dəyərini itirmiş
Rusiyada qiymətlərin qat-qat ucuzlaşmasından danışmırıq. Başqa
sabit iqtisadiyyatlardan nümunələr gətirə bilərik!
* İnsanların "evimdəki manat dollar olsaydı, qazanardım" fikri
tamam təbiidir. Hətta Çar Nikolay dövründə aparılmış denonsasiyanı
toplum uzun on illər yaddaşlarında saxlayıb və nəsildən nəsilə
ötürərək onun ağrısını paylaşmağa çalışıb. Yeniliyin yaşantısı
budur - xüsusilə sinir sistemi olan maddi məsələlərdə. Ona görə
"qazanmadıqlarımız itkilərimizdir" deyərkən insanlarda kütləvi
olaraq məhz o yaşantının izlərini axtarmalıyıq!
* Kopernik və Bruno tonqaldan qorxmadılar. Çox yaxın zamanlarda
donuq beyinlərin, arxaik təfəkkürlərin aqibətini görəcəksiz.
Saxlayın onların şərhlərini və açıqlamalarını özünüzdə. Onda sağ
cibində dollarda və avroda udmuş on minlərlə vətəndaşın müqabilində
ölkədə milyonlarla pensiyaçının guya itirdiyini sübuta yetirmək
üçün gətirilən arqumentlərin də taleyi sizə bəlli olacaq. Hazırki
qiymət sunamisi və gözləmə mövqeyini aradan qaldıracaq iqtisadi
maraqlar aktivləşən kimi 21 fevral qərarına qarşı olanların onun
müdafiəsi üçün hansı vasitələrə əl atdıqlarını görəcəksiniz.
Hazırkı panik situasiya iqtisadçı vəsiqəsi arxasında gizlənənlərin
sığındığı son sığınacaqdır və onların qarşısından həmin səngər
çəkilən kimi siz hökumətin yox, məhz kimyagər iqtisadçılar
ordusunun xalqı aldatdığının şahidi olacaqsınız!
* Manatın siyasi sabitlik aləti olduğundan bəhs edənlərin
arqumentlərində həqiqət payı var və indi hakimiyyət hər vəchlə onu
qeyri-neft sektoruna yönəltməyə şans qazanıb. Real sektor və həqiqi
məzənnə bax onda formalaşacaq. Lakin indinin özündə belə dünyanın
ən güclü valyutası olan, arxasında trilyon dollarlıq ÜDM dayanan və
bütün millətlərin puluna çevrilmiş dolların manata nisbəti demək
olar bərabərdir! İndi neftə alternativ iqtisadiyyatı dirçəltməklə
xaricdən Azərbaycana başqa məhsulların ixracından dollarların
gəlməsinə çalışmaq lazımdır və həmin maliyyə kütləsi ayrıca
iqtisadi dəyər yaradacaqdır!
* Bütün dövrlərdə həqiqətlər süngü ilə qəbul olunub və
gül-çiçəklə yola salınıb. Bunu unutmayın: indi "xalqın xeyrinə
danışanlar"ın mənəvi libası cəmi bir aydan sonra dəyişəcəkdir!
* Prezidentin millətini hamıdan çox sevdiyini, indi üzərində
böyük təhlillər aparılan manatın dollardan yüksək olduğu şəraiti
məhz ölkə liderinin təmin etdiyini nəzərə alaraq tam inamla
söyləmək olar: ömrü boyu yalnız nəzəriyyələrlə və astrologiya ilə
məşğul olmuşların meydanı qeyri-sabitlik və transformasiya dövründə
genişlənsə də bütün iqtisadi və siyasi şəraitə nəzarət edən dövlət
başçısının qərarları həmişəki kimi aparıcı mövqeyə və dominantlığa
malik olacaqdır!
Tezislərin davamı var!