Təqvimlə idarə olunmağın əleyhinə olsam da, ilin cəmi
bir gününü qadınların üzərində qurmağı səxavətlə qəbul edirəm.
Məgər, həyat, canlı varlıq zərif məxluqların yaradıcı gücünün
üstündə bərqərar olmayıb ki!
8 marta ideoloji münasibət bəsləyənləri anlamaq olar. Klara
Setkini sovetizmin simvolu kimi götürərkən bolşeviklərin xeyli
üstünlüklər qazanacağı bəlliydi. Qadına kəniz və kölə kimi yanaşan,
hər zaman fiziki və cismani istismarın aləti kimi onlardan
faydalanan quruluşlardan fərqli olaraq, leninçi-marksist təlimin
məqsədləri tamam başqaydı. Kimin necə qiymətləndirməyindən asılı
olmayaraq, kommunaçı hərəkat qadınları cəmiyyətin tam hüquqlu
üzvünə çevirdi və "bərabərlik" şüarı gerçək məzmun aldı.
İndi qadınlar ictimai həyatın bütün sahələrində kişilərlə
çiyin-çiyinə addımlayır. Hətta bəzən əks prosesin getdiyini,
matriarxal sistemə qayıdışa doğru addımların atıldığını iddia və
bunu faktlarla sübut edənlər də var. Qoy olsun. Qadınların ədaləti
kişilərin üsul-idarəsindən daha qüvvətlidir və kainat başlanğıcda
məhz belə yaranmışdı. Sonra bütün müharibələri törədən kişilər
qadınları ön cərgədən arxaya itələyib, guya bunu müqəddəs məqsəd
naminə etdiklərini söyləyib mizan-tərəzini dəyişdilər. Xanımları
qorumaq adıyla silahlanan kişilər min illərdi ki, savaşdan geri
durmağı bacarmırlar.
Azərbaycan qadını tarixən şərəfli bir yol keçərək ictimai və
sosial həyatın aparıcı üzvünə çevrilməyi haqq ediblər. Xanımlarımız
müstəqillik illərinin bütün ağrılarını və məhrumiyyətlərini
kişilərlə birgə çəkiblər və tam məsuliyyətlə demək olar ki,
torpaqlarımızı müdafiəyə oğul və əsgər göndərməzdən qabaq
qadınlarımız Vətənin keşiyini bilavasitə özləri də çəkməkdə
tərəddüd göstəməyiblər. Ona görə də Azərbaycan kişisi qadınlara
ədalətli sülhü və torpaq bütövlüyünə malik bir dövləti hələ də
borclu qaldığını heç vaxt unutmamalıdılar.
Biz qadınlarımıza Qarabağ adlı böyük bir əmanəti geri qaytarmağı
bacarmalıyıq.
30-dan artıq ölkədə olmuş bir insan kimi tam məsuliyyətlə
deyirəm ki, dünyada Azərbaycan qadınları kimi gözəl ikinci "zərif
millət" yoxdur. Qafqazın bütün təbii iqlim üstünlükləri, genetik
təmizlik və möhkəm ailə ənənələri belə bir quruluşu və əsrarəngiz
cizgiləri xanımlarımıza bəxş edib. Qalır həmin fiziki-bioloji
mükəmməlliyin içərisini intellekt, qabaqcıl dünyagörüş, savad və
bacarıqla doldurmaq, həqiqi bilgilərlə cismini zənginləşdirmək. Axı
hər bir millətin səviyyəsi qadınların durumu ilə müəyyənləşir.
Qızlarımıza mətbəx oyuncaqlarından düzəltmək istədiyimiz gələcəyi
bir kənara atsaq, erkən nikahlar ənənəsini durdursaq, qadınlar
üzərində yarımdiktatorluq ərkanımıza "əlvida" deməyi bacarsaq,
həqiqətən hamının xeyrinə olar.
Sevil öz çadrasından imtina edəndə nəhayət, azadlığa qovuşduğunu
zənn edirdi. Lakin bizlər sevgimizin və ədəbi duyğularımızın
əvəzolunmaz ünvanları kimi gördüyümüz xanımları buxovlamaq üçün
çadradan və hicabdan daha qara vasitələr tapmaqda davam elədik.
İndi də analarımızı, bacılarımızı, qız övladlarımızı nə qədər böyük
duyğularla vəsf eləsək də, onların üzərində hökmranlığımızı
göstərmək üçün bütün zorakalıqları etməyə hazırıq. Böyük Üzeyirin
təbiri ilə desək,"tabe olmasa, kötəklərik"!
Ona görə də qadını savadlı və azad olan cəmiyyət modelinə doğru
getməyi bacarmalıyıq. Əks halda Axundovun dərvişinə belə bağlayan
və nişanlısı Şahbaz bəyi Avropadan - təhsildən və firəng
qızlarından uzaq tutmaq üçün "Pariji partlatmaq"dan özgə çarəsi
qalmayan mövhumatçı bəndələri qarşımızda görəcəyik.
Qadınları təbrik edərkən, onlara sevgi mesajları və çiçəklər
yollayarkən bunları unutmayın. Xanımlar güzgü kimidilər, onlara
necə yanaşsan, həminki baxışları onqatı ilə geri qaytaracaqlar.
Kirli və sınıq güzgülər deyil, təmiz aynalar hər kəsi özünə daha
yaxşı göstərir, deyilmi?