Ramzan Kadırovun növbəti
ordenə görə verdiyi mesaj təkcə üsyankar Qafqazın yüzillər ərzində
Rusiya ilə apardığı savaşın xarakterinin necə dəyişdiyinin
göstəricisi deyil, həm də cəsədi hələ Kreml divarlarının yanında
qalmış Nemtsovun qatili kimi günahlandırılan Putinin xilası üçün
çeçen liderinin bütün qəhrəmanlıqları etməyə hazır əsil ingilis
cəngavərinə necə çevrilidiyinin bariz nümunəsidir. Deyə bilərsiz
ki, kim-kimi xilas edir?
İndi Rusiya müsəlmanları ilə liberallarının bir cinahda
birləşdiyi zaman bütün diqqətlərin yönəldiyi Kadırovun heç nə
olmamış kimi liderinə özünü necə qurban etməyə hazır olduğunu
söyləməsi bütün ictimai və siyasi mühiti dəyişir, düşüncələrdə
düyün və çaşqınlıq yaradır. Düzdür, 9 martda mükafatlandırılanlar
sırasında Qərbin günahlandırdığı başqa isimlər də var. Məsələn,
Britaniyada poloniumla zəhərlənərək öldürülmüş rus çekisti
Litvinenkonun işində günahkar kimi Qərb tərəfindən illər uzunu
ittiham edilən və bundan sonra karyerasında uğurları daha da artan
hazırkı liberal-demokrat Luqavoy. Lakin bununla yanaşı, yalnız bir
adam yüksək ada layiq görüldüyü üçün ödül fərmanını imzalamış
şəxsin yolunda həyatından keçməyə hazır olduğunu açıq mətnlə
dünyaya car çəkdi. Kadırov tərəddüd etmədən, onun rəhbərlik etdiyi
xalqın xilaskarı olan Putinə vəfa borcunu ən qiymətli sərvəti olan
canı ilə qaytarmağa hazır olduğunu bildirdi və bununla
daxili-xarici anti-rusiyaçılar cəbhəsində yer alanlara növbəti
çağırışını ismarlamış oldu.
"Zəif bənd" oyununun qaydalarına söykənərək, 200 il ərzində bir
dövlətin başağrısı kimi xarakterizə olunan "çeçen məsələsi"nin on
illərdi ki, Rusiyanın gücünü artıran mühüm bir qoruyucu zirehə necə
çevrildiyini görmək lazımdır. Yəqin, çoxları dərhal ağalar
qarşısında müti olan rəiyyət başçılarından danışmağa başlayacaqlar.
Qətiyyən bu fikirlə razı deyiləm. Ata və oğul kadırovların Kremlə
sədaqəti tamam ayrı kateqoriya ilə izah olunacaq fenomendir. Axı
Putinin hakimiyyət verdiyi adamların sayı görün nə qədərdir? Təkcə
quberniya rəhbərləri və federativ ölkənin respublika başçılarının
əli ilə prezidentin çar kimi öyülməsini təşkil edən yüzlərlə
ictimai səhnəni çoxdan qurmaq olardı.
Ancaq Kadırovun qədirbilənliyi məhəlli miqyasa sığmayan ümumölkə
hadisəsidir və hakimiyyət gəmisini tərk etməyə hər zaman hazır
olanların qarşısında əsil kişilik səddi və mərdlik nümunəsidir.
Doğrudur, Çeçenistanın idarəçiliyində əsil Şərq despotizminin
elementlərini tapmaq mümkündür və Ramzanı demokratik standartlara,
plüralist qəliblərə salmaq onu öldürmək deməkdir, lakin bunların
panatseya-bütün dərdlərin çarəsi olduğunu kim sübut edə bilər? Orta
əsrlərin kommunaçılığına dayanan və sərt qərarlaşmış traybalist
ənənələrə söykənən bir cəmiyyəti başqa nə cür yönləndirmək olardı?
Hər halda dudayevlər, məshədovlar döyüşüb öz xalqlarına xoşbəxtlik
gətirmədilər. İndi yeni dövrün Şeyx Şamili məhz Kadırov kimi
şəxsiyyət tipologiyasına aid, 12 il ərzində Moskva ilə döyüşüb
xarabazarlığa çevrilmiş bir diyarı cənnətməkana çevirməyə qadir
olan şəxsin adıdır. Məgər inanclı bir cəmiyyətə Məhəmməd
peyğəmbərin nişanəsini gətirmək, yaxud milyon insanın marşı ilə
islam düşmənlərinə və karikaturaçılara meydan oxumaq müasir çeçen
xalqının mübarizəsi üçün daha əlverişli deyilmi?
Putinin siyasi hakimiyyətə gəlişi də Çeçenistandan keçmişdi,
iqtidarda möhkəmlənməsi də Qroznı ilə birbaşa bağlı oldu. Əslində,
Qərb Qafqazları elə o vaxt itirdi. İndi İraqda tüğyan edən İŞİD
adlı kabus 90-cı illərdə Şimali Qafqaza Xilafət qurmağa gəlmiş
terrorçuların ataları idi. Guya anti-rus dövlətlərin xilaskarı kimi
çıxış edən və Qərbin böyük maliyyə, silah yardımını alan xəttablar
Putinin zərbəsinə tuş gəlməsəydi, bütün regionu vəhşət və xaos
bürüyücəkdi və bizlər hər gün qara bayrağın sancıldığı yeni
ünvanların ruslardan - guya kafirlərdən təmizləndiyi haqqında
tirajlı beynəlxalq informasiya kanallarında məlumatları izləmək
məcburiyyətində qalacaqdıq. Ancaq hadisələr ayrı cür inkişaf etməyə
başladı. Yeltsin həyatının ən ayıq qərarını verdi və taxt-taca
yiyələnən gənc sovet çekisti onun özünün və ölkəsinin taleyinin
həll olunduğu müharibədən başlamağa qərar verdi. Bax, o vaxt
Moskvada Qroznı ilə birbaşa kontaktlara gedən avantüra başçılarının
əl-ayağını yığışdırmaqla hazırkı Rusiya rəhbəri ölkəsinin ən zəif
yerini bütün düşmənləri əleyhinə güc amilinə çevirməyi bacardı.
İndi çeçenlər Rusiya üçün döyüşür. Özü də mətanətlə, rəşadətlə
və yenilmədən. Kadırovun Putinlə ittifaqı vaxtilə anti-rus
planlarının yeminə çevrilmiş bir xalqın təfəkküründə inqilab etdi
və onların beynindəki Vətənin hüdudlarını dəyişdi. Çeçenlərə hələ
də şübhə ilə yanaşıb onların hər birini potensial Dudayev hesab
edən rus hərbçiləri isə getdikcə daha çox çiyinlərini dağlı
xalqlara və kazak atamanlarına söykəməkdədirlər.
İndi çoxları üçün bir ritorik sual səsləndirək: Ukrayna
münaqişəsi nədən başladı? Yəqin, hər kəs "Maydandan" deyəcək! Xeyr.
Əslində daxildə separatizm yuvalarını dağıtdıqdan sonra Rusiya
rəqiblərinin keçmiş sovet subyektlərində münaqişələr törətməkdən
başqa çarələri qalmamışdı. İndi Krım hadisələrini xatırlayın.
Görün, səsvermə ilə azad olmaq yolunu - əsil Qərb mübarizə stilini
nümayiş etdirənləri bir kimsə çeçenlərə bənzədirdimi? Halbuki ona
qədər xalqların öz müqəddəratını təyin etmək hüququndan ən çox
avropalı çinovniklər danışırdılar. Brüsselə gedən rus
diplomatlarına NATO-da dərs verməyə çalışanların ən güclü arqumenti
məhz çeçen millətinin müstəqilliyinə zərbə vuran Kremli pisləmək
deyildimi? Onda nəyə görə krımlıların tarixən bağlı olduqları
siyasi mərkəzə geri dönüşünü sanksiyalarla qarşılamaq gərək olsun?
Məgər, Qroznıya Qərbin sanksiya rejimini nə vaxtsa tətbiq
etmişdilər? Yox. Bəs onda bu ikiüzlülük kimə lazımdır?
Kadırov Ukraynadan Rusiyaya girmək istəyən Qərb qoşunlarının
qabağına çıxmağa hazır olan ən güclü "ölüm eskadronları"nın da
başçısına çevrildi. Cəmi beş-altı nəfərin gedib əks tərəfdə
döyüşməsini təşkil etməklə təzədən ruslara qarşı savaşan intiqamçı
çeçen tarixi istintiktini və basayevçilərin ruhunu dirçəltməyə bel
bağlayanların gözləntiləri puça çıxdı. Kadırov yüz min qoşunu ilə
Rusiya yolunda Ukraynada vuruşmağa hazır olduğunu bəyan etdi.
Qərbin vaxtilə istinad etdiyi divarlar indi onun qarşısında
keçilməz səddə çevrildi. Buna uyğun olaraq qoy polyakların,
latışların, yaxud çexlərin rəhbərləri də Kiyev uğrunda belə ölümə
hazır olsunlar. Varmı on minlərlə legioner Ukrayna sevdalısı?
Rusiya prezidentinin mətbu sözçüsü Peskov Kadırovun
mükafatlandırılması ilə hazırda həbsə alınmış çeçen terrorçularının
işi arasında bağlılıq axtaranlara cavab verərək bunların təsadüfən
eyni vaxta düşdüyünü söyləyib. Gerçəkdən də mükafatlandırma
proseduru xeyli zaman aparan işdir. Ancaq kameraların və hərəkətdə
olan nəqliyyat vasitələrinin gözü qarşısında qətlə yetirilən
müxalifət liderinin cəsədini gətirib düz Kremlin divarının yanına
atmaq sizcə müharibəni Ukraynadan rus paytaxtına keçirmək
istəyənlərin planlarına daha çox bənzəmirmi? Yox, qar təmizləyən
maşın iz itirmək üçün uydurulmayıb və Nemtsova evində qəsd etmək
variantı daha asan ikən, onu hamıya qatilin məhz rus prezidenti
olduğunu bağıran əşyayi-dəlillərlə zənginləşdirilməsi əsas
sifarişçi dairələri belə aşkarlığın arxasında daha çox gizlətməyə
hesablanmayıbmı? Elə bil dünyaya belə bir səhnə göstərmək
istəyiblər ki, baxın, çox qorunmalı olan məkanın düz bir
addımlığında hakimiyyətin əsas rəqibini - Ukrayna müharibəsində
rəsmi kursu qəbul etməyən və yeni ifşaedici sənədləri hazırlayan
bir şəxsi amansızlıqla linç edirlər. Guya bütün bunlar baş
versəydi, Nemtsov planlaşdırdığı mitinqi keçirib səsini dünyaya
yaysaydı, Ukrayna münaqişəsində dönüş yaranacaqdı və Napoleonun,
Hitlerin bacarmadığını onun "natoçu" sələfləri gerçəkləşdirə
biləcəkdilər. İnandınızmı buna? Dünyanın ən uzunmüddətli diplomatik
danışıqlar raundu olan 16 saatlıq Minsk görüşü ilə fəal döyüş
əməliyyatları dayandırlmış bir müharibənin taleyi niyə Nemtsovdan
asılı olsun ki! Halbuki savaşın qızğın çağında daxildə hamının
dediyi kimi "sakral ölüm" çoxlarına gərək ola bilərdi. Onda
ümumxalq məhəbbətini başqa səmtə yönəldib antimüharibə
tərəfdarlarından bəlkə də nəsə düzəltmək olardı.
İndi isə Ukrayna hərbi məğlubiyyətə uğrayaraq rəsmi təslim olub
və üsyançılarla saziş imzlayıb. Onda səs-küylü cinayətlər kimə
gərək olub görəsən? İndi sizcə, bu suçun və belə yekə ölümün
altından kim çıxa bilər? Hə, deyək ki, təbliğat nemtsovları hər gün
öldürürmüş, bəs liberal intellegensiya süddən çıxmış ağ qaşıqdır?
Onların Putinə nifrəti Stalinin repressiya qurbanlarının anti-sovet
və anti-bolşevik isterikasından qat-qat böyükdür. Rusiya müxalifəti
əsil Taliban təfəkkürü ilə hakimiyyətdə olanlara qarşı düşmənçiliyi
stimullaşdırmaqda davam edir və sabah yeni qətllərin siyasi
mənsubiyyəti dəyişsə, onu hansı cinahda axtarmaq gərək olduğunu
hamı bilir.
Beləliklə, Rusiya iqtidarının üzərinə düşən məsuliyyət kölgəsi
və Nemtsovun ümumxalq müqavimətinin simvoluna çevrilməsi üçün nə
lazımdırsa, hamısı ortada var. Özü də FTX tutub həbsə aldığı
dadayevlər, əsgərxanovlar liberalların əlinə daha böyük girəvə
verir. Yəni, müxalifət bağırır ki, xidmət edən kadırovlar Rusiya
siyasi sistemini daha da qəddarlaşdıran səviyyəyə çatıblar və
onlara tanınan hüdudsuz hakimiyyət yerli canişinləri rəqiblərə
qarşı gerçək təhlükəyə çevirib. Necədir belə təqdimat?
Əlbəttə, bir güllə ilə iki düşməndən xilas olmaq üçün bütün
Rusiya düşmənlərinə əlverişli fürsət tanınıb. Ona görə Kadırov öz
həmyerlilərini müdafiə etməyə başlayanda, əsas killer sayılan Zaur
Dadayevi ölkəsinin "patriotu" adlandıranda çoxları labirintə düşdü.
Yaxşı, indi nə etsinlər? Əgər Putinin daxili düşmənlərindən yaxa
qurtarmaq üçün kimsə onun yaxın ərtafından əmr veribsə, ortaya da
çeçen izlərini qoyublarsa, deməli, Rusiya prezdentini ən güclü
silahından məhrum etmək istəyiblər. Axı dedik ki, çeçenlər indi
mühüm bir qüvvədilər və Ukrayna savaşının gedişində açıq-gizli
vasitəyə çevriliblər. Onlar Donbasda rusdilli həmvətənlərinin
xilasında tərəddüd etmədən hərəkət ediblər. Kimsə onların
silahlarını sonradan vətənlərinə qarşı çevirəcəklərini düşünməyib
və reallıqda son qətli çıxmaq şərtilə, xəyanət aktı da baş
verməyib. Əgər belədirsə, onda vahid cəbhədə yer alan Putini və
çeçen mücahidlərini, onların ipə-sapa yatmayan liderlərini
Nemtsovun qətlinə bulaşdırıb siyasi səhnədən uzaqlaşdırmaq daha
yaxşı olmazdımı?
Yox, bütün oyunları pozmağı bacaran rus rəhbəri buna getmədi. O,
Kadırovu mükafatlandırmaqla Ramzanı - əsil müsəlmanın necə olmalı
olduğunu bütün təbəələrinə nümayiş etdirdi. Varmı belə xristian
kamikadze?
Putinin önə çıxardığı insanlar içərisində, canını hər şeydən
üstün tutanlar ordusunun arasında çeçen rəhbərinin obrazı bir kabus
kimi çoxlarının başı üzərindən asılmaqda davam edir. Ona görə
Putinin qəbul etdiyi islam haqqında informasiyaları tirajlayarkən
əhalisinin beşdə birini Məhəmməd əleyhissəlama təzim edən bir
ölkənin müəlmanları ilə müttəfiqlik qurmağı bacaran pravoslav rus
prezidentinin kadırovlardan ibarət mücahidlər ordusu yaratmağı
bacardığına diqqət etməyiniz daha doğru olardı.
Nemtsovun siyasi keçmişini lupa ilə təftiş edib onun islam
əleyhinə hansı mövqe tutduğunu aşkarlamağa çalışan, killer qrupunun
cinayətkar məntiqini anlamağa cəhd edənlərin sonda gəldiyi qənaət
bilirsizmi nə olacaq? Onlar dərk edəcəklər ki, Putin islamdan
qorxan Avropanın qarşısına yeni bir güc çıxarmaqdadır. İndi
müsəlman dünyasının çəkili bir hissəsində savaşlar gedirkən, Qərbin
islamdan dünya üçün "ölüm kabusu" düzəltdiyi bir dönəmdə rusların
müsəlman dünyasına açdığı pəncərə yeni bir ittifaqın arxitekturası
deyil, bəs nədir? Onsuz da müxtəlif məzhəblərlə parçalanmış və heç
bir vahid hərbi koalisiyaya daxil ola bilməyən islam ölkələri
Putinin nüfuzunun onların rəhbərlik etdikləri xalqlar üzərində necə
artdğının fərqində deyillərmi?
Baxın, islamla savaşanlara, sonra prezidenti yolunda canını fəda
etməyə hazır olan Kadırova da diqqət yetirin. Görürsüzmü, indi
tarix necə muzey əşyasına dönüb. Çarlarla vuruşan Qafqazın yerində
indi başını edam kötüyünə qoymağa hazır olan və böyük rus
imperiyasına qanını halal edən müsəlman rəhbərlər var. Putinin
qəbul etdiyi islam bax budur! İraqda, Suriyada, Əfqanıstanda və
Yaxın Şərqdə həyatını itirən milyonlarla müsəlmanı özünə müttəfiq
etməyə hansı Avropa ölkəsinin gücü çatar?
Şübhəsiz, onlar bunu istəyərlər. Amma əfsuslar olsun ki, ölülər
kimin tərəfində olduqlarını bəyan etmək imkanından məhrumdular!
Putin dirilərə, Qərbsə ölmüş müsəlmanlara sahib durmaq istəyir!