Bunu sizə Küçük Əmraha görə
igid oğlanlarımızın üz cırıb, diş qırdığı vaxtdan yazıram. O vaxt
ki, hələ binaların pəncərəsində "krosnu" – qazan qapağı, köhnə
kişilərin başında vasmi papağı var idi. O vaxt ki, Bakının
mərkəzində cici qızlar "yaa, kızım, şto sluçilos?" - deyib özlərini
poliqlot-zad hesab edirdilər. İndi məsələ bir az ciddiləşib. Artıq
təkcə danışığımız deyil, özümüzü də tərcümə olunmuşuq. Siyasi
proqnozlar verib Hillari Klintonlaşanlarla şirinkalıq edib Hilari
Daf olan cici qızlara, özünü Makedoniyalı İsgəndər sanıb, əslində,
Makedon olan qaqaşlara tərcümə edilmişik. Biz bu cür tərcümələrlə
başlamışıq məktəbə. İndi gələk çıxaq əsas mətləbə.
Ötən gün telekanalların birində müğənni Nadir Qafarzadəni, adı
Oğuz elinin, dadı İranın olan Sami Yusifi tanımadığına görə quru
yuyub yaş sərdilər. Cəmi bir neçə ay əvvəl Nadirin "Maral-maral"
mahnısına tullanıb düşənlər birdən Sami Yusifə görə pələngə
döndülər. Hələ deyəsən, Nadirin kanala girişinə də qadağa qoyulub.
Nədi-nədi Nadir Qafarzadə güneyli qardaşımızı tanımayıb. Bax, burda
bir paralel yanaşmaya toxunmaq lazım.
Nəyə görə Hüseyin Cavidi tanımayan müğənni təkcə gülüş obyektinə
çevrildiyi halda, Sami Yusifi tanımayana qarşı radikal tədbirlər
görülür? Biz nə vaxt yüzillik sərçəni 3 aylıq qaranquşa dəyişməkdən
əl çəkəcəyik? Yəni Hüseyin Cavidin "Ana" şeiri Sami Yusufun "Ana"
mahnısından zəifdir? Və ya dəyərsizdir? Yox, əlbəttə ki yox. Məsələ
başqadır, qardaş.
– Birincisi, bu qibtəkeşlik tarix boyu müstəmləkə olmağın bizə
ötürdüyü genetik kodlardır. Bizdə sövq-təbii sığınmaq istəyi var.
Daim sığınmaq üçün nəhəng bir qüvvə axtarırıq. Mütləq bizi himayə
edən kimsə olmalıdır. İndiki dövrdə cəmiyyət olaraq bunu Türkiyənin
boynuna qoymuşuq. Amma unutmayaq ki, hədsiz itaət də köləlik
yaradır.
– İkincisi, biz keçmiş zamanlarda millət olaraq o qədər
diqqətdən kənarda qalmışıq ki, Avropanın adi futbol matçında bir
Azərbaycan bayrağı görəndə oranı qiblə elan edirik. İndi Sami Yusif
və ya Sami Xedira Azərbaycana aid bir söz desə, qolumuzun altında 5
tağ Sabirabad qarpızı cücərir.
– Qiblə demişkən, üçüncüsü: Nə qədər tolerant olsaq da,
dinpərəstlik bizim genimizdə var. Namaz qılan uşaq şəkli görəndə
əldən-ayaqdan gedib göz yaşı tökən, ancaq aclıqdan ölən qohuma əl
tutmayan millətik. Din bizdə daha çox şou xarakterlidir. Göstəriyə
meyilliyik. Məsələn, canamazın, təsbehin belə təmtəraqlısını
istəyirik. Bu, "mənə zondan babat bir dənə təsbeh gəlib" anlayışı
ilə eyni şeydir. İndi Sami Yusif mənim də bəyəndiyim bir "Allahu
Allah" mahnısı oxuyub deyə, ondan peyğəmbər düzəltmişik. Mən
müşahidə etmişəm. Bizim millət güneyli qardaşımızı əbalı, nurani
bir peyğəmbər kimi görür.
İndi məsələ Sami Yusifin yaradıcılıq gecəsi deyil. Məsələ
Azərbaycan mədəniyyətinin "cümə axşamı"dır. Bu gün Nadir
Qafarzadəni Sami Yusifə görən baltalayanlar sabah elə Nadiri toya
çağırıb yenə "maral-maral" oynayacaqlar. Bu millətə Sarı gəlin
lazım deyil, qardaş. Vallah, mən heç bir toyda "Sarı gəlin"
dinləməmişəm. Əvəzində, o qədər "maral-maral" oxuyurlar ki, ağzında
çeynədiyin toyuq da maral ətinin tamını verir.
Nadir şah Azərbaycan üçün nə etmişdisə, ötən gün Nadir Qafarzadə
də Azərbaycan musiqisi üçün onu etdi.
Şəxsən mən yerli müğənnilərimizi dinləmirəm. Amma bilirəm ki,
bizim millətə məhz yerli müğənnilər lazımdır. Çünki "xalqımın toy
kimi bir adəti var". Sami Yusif, Özcan Dəniz, 50 sent kimilər gəlib
iki mahnı oxuyub 1 milyon alıb gedəcəklər, siz yenə qapı-qapı düşüb
Nadir Qafarzadəni, İzzət Bağırovu axtaracaqsınız, əzizlərim.
Nadirin təhqiri də unudulacaq. Sami Yusifin "Sarı gəlin" oxuması
da.
Sonda demək istəyirəm ki:
Ovçu, güllə atma bu marala, amandır.