Yazıçılarımızın heç bir başqa sahəyə möhtac olmadan sırf
öz yaradıcılığı hesabına dolanmalarının yolu nədir? Ümumiyyətlə,
dünya praktikasında bunun yolları yaranana kimi, yəni onlar
məşhurlaşana kimi hansı yoldan keçirlər və ya
keçməlidirlər?
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk deyirdi:
"Əfəndilər, şeir pul üçün deyil, yeni qurulan gənc cümhuriyyətimiz
üçün yazılmalıdır. Şeir imperatorluq dövrümüzdən qalma bir sənət
sahəsidir. Kim şairdirsə, ona kisələrlə qızıl verin".
İsraildə yaşayan dəyərli yazıçımız Çingiz Hüseynov isə bu
problemi belə şərh edir: "Puşkin deyirdi: "İlham satılmazdır, amma
əlyazmanı satmaq olar". Alıcı tapılsa. Sovetlər dövründə alıcı
dövlət idi, vahid ideyanın xeyrinə-tərənnümünə xidmət edən yazılara
– bu, geniş axın idi – yaxşı qonorarlar, pullu mükafatlar-adlar
verilirdi. Amma onu da deyim ki, hərdən, bəzən xırda, kiçik çaya
bənzər tənqidi, müxalif ruhlu əsərlər də çap üzü görə bilirdi, bu
da əksər hallarda üslub biclikləri vasitəsilə mümkün olurdu.
İndiki dövrdə – sistem deyil, bir şəxsə və ya iqtidarlara bağlı
quruluşdur alıcı.
Yazıçılıq istedaddan savayı bəxtə-taleyə də bağlıdır. Təbii ki,
öz yaradıcılığı hesabına dolananlar həm bizim diyarda, həm də
dışarıda, tək-tük olsa da, var. Titulları şəxsən mənimçün qəribə
səslənir: "milyonçu yazar!"
Əsil yazıçılıq qazanc gətirə biləcək ixtisas, peşə deyil, ədalət
hissindən doğan vicdanın tələbidir, əmridir. Yazmaya bilirsənsə,
ürək-qəlb ağrısına dözməyi bacarırsansa, aclıqdan, təqiblərdən
qorxursansa, tulla qələmini, yorma özünü, yazma, əzizim – budur
mənim faydasız təkliflərim".
Bizdə şair, yazıçıların yazdıqları bədii nümunələrlə "dolanması"
ilə bağlı müxtəlif fikirlər olub həmişə: bəziləri elə düşünüblər
ki, yazar yazılarından aldığı qonorar hesabına dolana bilər;
digərləri isə "yazmaqla ailə saxlamaq olmaz" fikrindədirlər. Baxır
hansı yazı ilə… İdealist kimi səslənsə də, fikrimcə, şair, yazıçı
heç vaxt bədii mətnindən təmənna güdməməlidir, hələ şeirdən heç.
Nəsrdə və dramaturgiyada istedad qədər nəzəri biliyin – savadın,
məntiqin də rolu var. Şeir isə sırf olmasa da, daha çox hisslərin
məhsuludur. Necə deyə bilirik ki, "mən filan hissi bu sətirlərlə
paylaşmışam, buna görə mənə filan qədər qonorar verin, onu sizə
verim?" Həqiqət bu olsa da, təəssüf ki, qonorarı istəmək
məcburiyyətində qalırıq. Çünki ruha gedən yol bədənimizdən keçir,
mənən aydınlanmaq üçün fiziki cəhətdən sağlam olmaq lazımdır. Bunun
üçün isə çoxunuzun "əl çirki" hesab etdiyiniz pul gərək olur.
İnsanın sosial tərəfi tam təmin olunsa, onun mənəvi tərəfi də daha
az axsayar.
Yazıçı, publisist Müşfiq Xan isə yazıları hesabına dolanmağı
yazarlarımızın yuxuda görəcəyini deyərək, necə deyərlər, hamımızı
çıxılmaz vəziyyətdə qoyur:
"Azərbaycanda kitab çap etdirmək sözün həqiqi
mənasında zillətli işdir. Ümumiyyətlə, bizim məmləkətin qələm əhli
yalnız yazdığı kitabdan, əsərdən, şeirdən qonorar alıb yaşamağın nə
olduğunu yuxuda görə bilər. Əlçatmaz, absurd və bir o qədər də
gülməli səslənir – "qonorarla dolanan yazıçı". Altı ildir
nəşriyyata gəlib-gedən o qədər gənc, həvəskar, istedadlı müəllif
gördüm ki. Amma nə olsun? İstedadlıları çap etmək lazımdır. Oxunar,
oxunmaz, satılar, satılmaz – bu, ayrı məsələdir. Amma aylıq 300
manat maaşını bir neçə ay toplayıb kitab çap etdirməyə gələn, sonra
da həmin kitabları anbarlarda saxlamaqdan bezib, gəlib-gedənə,
qohum-əqrəbaya şokolad qutusu kimi hədiyyə edən müəlliflərin
çəkdiklərini Allah-taala heç bir bəndəsinə göstərməsin. Xaricdə
bestseller siyahısına düşmüş kitabların tirajları ortalama 500 min
nüsxədən çoxdur. Bu tirajlamanı bizim ən çox satan müəllif bir ilə
5 min kitab satmaqla 100 ilə ancaq bacara bilər. Ay nə bilim, "əsl
ədəbiyyat tirajlanan ədəbiyyat deyil" kimi fikirlərsə,
"dalay-dalay"dan başqa bir şey deyil.
Və bütün bu üzücü mənzərənin fonunda, qısa desək, bir çox xarici
ölkələrdə qonorarla yaşamaq mümkündür, bizdə isə yəqin ki, heç vaxt
mümkün olmayacaq. Azərbaycanda ilk kitabını çap etdirmək istəyən,
təzə-təzə yazmağa həvəslənən gənclərə tövsiyəm budur ki, özlərini,
ailələrini bədbəxt eləməsinlər. Gedib faydalı işlə məşğul
olsunlar".
AYB-nin gənclərlə iş üzrə katibi Rəşad Məcid isə qonşu – qardaş
ölkə dediyimiz Türkiyəni nümunə çəkir, orada yazıçıların
qonorarları hesabına dolandıqlarını deyir və nə vaxtsa bizdə də elə
olacağına yalnız ümid edir: "Qonşu Türkiyəni götürsək, orda 20 il
əvvələ kimi tirajlar az idi və öz əsərlərinin qonorarıyla yaşayan
yazıçılara nadir hallarda rast gəlinirdi. Kitab bazarı inkişaf
etdi, kitabın təbliği artırıldı və indi Türkiyədə onlarla yazıçı
var ki, əsərlərinin qonorarıyla yaşamaq iqtidarındadır. Bizdə də bu
proses getməli, nəşriyyatlar inkişaf etməli, kitabların tirajı
artmalıdır ki, yazıçılar qonorar ala bilsinlər. Bizdə indi tək-tük
yazıçı tapmaq olar ki, əsərlərinin çapından qazana bilsin – Çingiz
Abdullayev, Elxan Elatlı, Qaraqan kimi. Ona görə də yazıçılar çox
vaxt çörək pulunu başqa yerlərdə işləməklə çıxarırlar – bəziləri
jurnalistikadan, bəziləri müəllimlikdən və başqa sahələrdən. Arzu
edirik ki, bizdə də kitaba maraq artsın, kitabların tirajı qalxsın
və müəlliflər kitablarına görə qonorar ala bilsin".
Əslində, bu problem bir çox ölkədə var. Tarixən mədəniyyətləri
müqayisə edəndə Qərb mədəniyyəti ilə Şərq mədəniyyəti arasındakı
fərqlərdən biri olan "Şərqdə şeirə, ədəbiyyata daha çox üstünlüyün
verilməsi" bəndini xatırlayıram. Amma qəribə və acınacaqlıdır ki,
hazırda Şərqdə əksər vaxt hobbi kimi qəbul edilən şeirdən Qərbdə –
kapitalist ölkələrdə daha çox pul qazanılır. Ən çox qazananlar isə
senarilərini rejissorlara satanlardır.
Professor Niyazi Mehdi də çıxış yolunu elə bunda görür. Filosof,
tənqidçi başqa çıxış yolu bilmədiyini də etiraf edir. Jurnalist,
teletənqidçi Qulu Məhərrəmli isə əslində, problemin nəzəri cəhətdən
mümkün həll yollarını təklif edir:
"Yazıçılarımızın hər hansı başqa fəaliyyətlə
məşğul olmadan sırf ədəbiyyatla – bədii yaradıcılıqları hesabına
dolanmalarının nəzəri cəhətdən mümkün yolları var. Birincisi,
ölkədə kitaba, bədii ədəbiyyata münasibət dəyişməli, ikincisi,
ədəbiyyat, yazıçı, alim əməyi geniş təbliğ olunmalı, gənc nəsildə
fikir və düşüncə adamlarına hörmət təbliğ olunmalı, üçüncüsü, daha
çox TV-lərdə bədii ədəbiyyata və ya hər hansı yeni çap olunmuş
əsərə həsr olunmuş diskussiyalar keçirilməli, bu fonda bədii
ədəbiyyatın missiyası izah olunmalı, dördüncüsü, kitablar ucuz
satılmalı və yazıçıya normal qonorar verilməli və ən nəhayət,
yazıçı o dərəcədə istedadlı və populyar olmalıdır ki, onun
kitablarını axtarıb alsınlar. Dediyim kimi, bunlar nəzəri cəhətdən
mümkündür, amma acı praktika başqa və sərt şərtlər diqtə edir. Bu
şərtlərlə yaşadığımız cəmiyyətin sosial havası da dəyəndə çörəyi
qələmdən çıxan yazıçının (təkcə onunmu?) vəziyyəti xeyli ağırlaşır.
Ona görə də bu amansız reallıqda hansısa xoşbəxtlik reseptləri
təklif etmək mənim üçün çox çətindir, sadəcə, yazıçı başqa iş yeri
də axtarmalıdır".
Deyilənlərdən də məlum olduğu kimi, yazıçıların başqa sahə ilə
məşğul olmadan – qonorarları hesabına dolanmaları mümkün deyil.
Onların əksəriyyəti öz sahəsindən tamamilə uzaq işlərdə işləyir,
çox az qismi isə yazıları hesabına dolanır.
Publisist janrla pul qazanmaq olar. Bu, daha çox rəsmi, "soyuq
janr"dır. Amma bədii mətndə iş bir az qəlizə düşür. Bədii mətn
yazan adam "iç adamı"dır axı… Amma Atatürkün dediyi kimi, hər şair
olana da kisələrlə qızıl verilsəydi, indi Azərbaycan qızıl
istehsalında CAR-ı geridə qoymuşdu...
Arada qızıl kimi sözləri yaradacaq yazarlar məhv olub gedir,
ədəbiyyat beşiyindəcə boğulur, çıxış yolu isə tunelin sonunda gözə
dəyən iynə ucu boyda işıq qədər də görünmür...