Bu gün görkəmli içtimai-siyasi xadim, filologiya
elmimizdə, tarixşünaslığımızda təkbaşına bütöv bir institut qədər
iş görmüş filologiya elmləri doktoru, professor Firudin
Ağasıoğlunun doğum günüdür.
Firudin bəylə təqribən 45 il öncə tanış olmuşuq. "Appastrof
lazımdırmı?" adlı bir məqaləsini oxumuş və işlədiyim "Ədəbiyyat və
incəsənət " qəzetində dərc etmişdim. Nəticəsi göz önündədir, indi
artıq dilimizdə lazımsız appastrof işarəsi yoxdur.
Elə ilk tanışlıqdan uzun illərin yaxınına, dostuna çevrilmişdik.
Yəqin burda milli-filoloji dəyərlərə münasibətlərimizdəki
yaxınlıqla yanaşı, vətəndaşlıq mövqeyi, xalqımızın taleyi ilə bağlı
düşüncə və arzularımızdakı oxşar cəhətlər də rol oynamışdır.
Firudin Ağasıoğlu ixtisasca dilçidir; bu sahədə dəyərli
araşdırmaları var . Lakin xalqımızın taleyi və ötən yüz ilin 60-ci
illərindən filologiyamızda, ədəbi, içtimai, elmi fikrimizdə
güclənən milli özünüdərk prosesi, tarixi yaddaşın bərpası və
güclənməsinə olan içtimai tələbat onu həm də bir tarixçiyə, içtimai
xadimə, elm, təhsil və vətəndaş qurumlarının təşkilatçılarından
birinə çevirdi.
Dilçilərin tarixə marağı təsadüfü sayıla bilməz. Xüsusən
Azərbaycan türkləri kimi tarixi "siyasət canavarına" bağlanan,
qurban verilən , saxtalaşdırılan, ilk mənbələri yox edilən bir
xalqın dili həm də ən etibarlı tarix mənbəyi, tarix güzgüsü rolu
oynayır.
Səksəninci illərin ortalarından başlayaraq biz bütün siyasi
proseslərdə xalq içində, müstəqillik uğrundakı mübarizələrdə yanaşı
olmuşuq. "Varlıq" Birliyinin əsas qurucularından idi, Meydana bir
yerdə çıxmışıq. O, nümayış komitəsinin ilk başçısı idi. Mən Meydanı
idarə edənlərdən biri idim. Meydan hərakatından sonra mən ölkədə
ilk müstəqil qəzet olan "Azərbaycan"ı çap edəndə Firudin bəy onun
Redaksiya Heyəti üzvlərindən biri oldu. Qəzetdə latın qrafikasına
keçid kampaniyasını başladıq və sonralar bunu bir yerdə həyata
keçirdik.
Meydanda və sonralar bir çox məsələlərdə münasibətlərimiz eyni
idi. Buna görə qaragüruhun hücumlarını da gördük və birgə müqavimət
göstərdik, birgə mübarizə apardıq. Millət vəkili olaraq müstəqillik
uğrunda mübarizənin çətin yollarından keçdik. Azərbaycanın Dövlət
Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktına qol çəkdik,
müstəqil dövlətimizin nazirləri olduq…
Yanaşı gördüyümüz işlər, keçdiyimiz yollar haqqında ətraflı
yazmaq imkanı yoxdur, bu geniş vaxt aparar. Qarabağ cəbhəsində
Ermənistanla sərhəd bölgələrində Quzeydən Güneyə çoxlu görüşlərimiz
oldu, təhlükələrdən adladıq. Bütün bunlarla yanaşı əsas işimizdən
uzaqlaşmadıq.
Firudin Ağasıoğlu əsl elm adamıdır. Son illərdə yaşadığı bütün
sıxıntılara baxmayaraq, öz elmi araşdırmalarını yarımçıq qoymadı.
Neçə-neçə bir-birindən dəyərli əsər yazdı. Onun İbrahim peyğəmbər
haqqında araşdırmaları, "Azər xalqı", "Daş baba", "Etrusklar" adlı
kitabları ümumtürk tarixinə çox dəyərli tövhələrdir.
Firudin bəylə üst-üstə düşən bir fikrimiz də türklərin ata
yurdlarının ilk coğrafi məkanlarının Altay deyil, Urmiya hövzəsi,
Ön Asiya olmasıdır. Bu konsepsiya türkçülük elmində inqilabi bir
hadisə və dönüş nöqtəsi sayılmalıdır. F.Ağasıoğlunun bu mövqeyi
təsdiqləyən 9 cildlik "Azərbaycan türklərinin islama qədərki
tarixi" kitabı müəllifinin böyük elmi kəşfi və Azərbaycan
tarixşünaslığının uğuru sayılmalıdır. Hələlik, 3 cildi çap olunmuş
bu əsər siyasi, dini maraqlarla saxtalaşdırılan tarixşünaslığımızda
mənəvi işğala son qoyur, oxucunun üzünü tarixi həqiqətləri açır.
Təəssüf ki, həmin əsər hələ ki, geniş müzakirəyə cəlb edilməmiş və
əsl elmi qiymətini almamışıdır. Amma gec-tez Firudin bəyin bu
mövqeyi təsdiqini tapacaq və böyük elmi axtarışların, zəhmətin
nəticəsi olan bu çox ciddi əsər əsl qiymətini alacaqdır.
Türklərin islama qədərki tarixi qəsdən gizlədilən, unutdurulan,
əyri güzgüdə göstərilən bir tarixdir. Bu tarixi öyrənməkdə
F.Ağasıoğlunun türk dünyasında alternativi yoxdur.
Mən əziz qələm dostumun elmi və ictimai fəaliyyəti haqqında
geniş yazmaq istəmirəm. İmkan düşəndə onu da yazarıq. İndi sadəcə
olaraq onu doğum günü münasibəti ilə təbrik etmək istədim. Ona uzun
ömür, can sağlığı arzulayıram. Fəxr edə bilər ki, bütün ömrünü
elmimizin inkişafına, millətimizin yüksəlişinə və müstəqillik
mübarizəsinə sərf edib.
06 may 2015