Artıq Bakı-2015 Avropa
Oyunlarının açılmasına sayılı günlər qalır. Bakı Avropanın idman
mərkəzlərindən birinə çevriləcək, dünyanın diqqəti Azərbaycana
yönələcək.
Ölkəmizə bütün Avropadan idmançılar, yaxından-uzaqdan qonaqlar,
çoxsaylı turistlər gələcək. Şübhəsiz ki, biz bu fürsətdən maksimum
faydalanmalı, Avropanın, dünyanın gözündə Azərbaycanın yeni,
cəlbedici imicini yaratmalıyıq. Doğrudur, qonaqları respublikamızın
inkişafı, idmançılarımızın hazırlığı, paytaxtımızın gözəlliyi ilə
sevindirmək olar, amma təəccübləndirmək mümkün deyil. Onlar
Avropanın inkişaf etmiş ölkələrindən gələn, bütün dünyanı gəzən,
görüb-götürən adamlardır. Düşünürük ki, onları yalnız xalqımızın
tolerantlığı və respublikamızın əmin-amanlığı ilə heyrətləndirmək,
məhz bu dəyərləri Bakı-2015-in brendinə çevirmək, bütün dünyanın
diqqətini Azərbaycana cəlb etmək olar. Çünki Avropa da daxil
olmaqla, Qərb dünyası hər cəhətdən inkişaf etsə də, bizdən irəli
getsə də, tolerantlığı və əmin-amanlığı bizdən öyrənə, görüb-götürə
bilər.
Tolerantlığın nadir nümunəsi
Məlum olduğu kimi, azərbaycanlılar tarixən tolerant xalq kimi ad
çıxarmışlar, Azərbaycan dünyanın azsaylı (təəssüf ki!) ölkələrindən
biridir ki, burada heç zaman dini və milli ayrı-seçkilik, bu
zəmində qarşıdurma halları olmamışdır. Azərbaycan xalqı müxtəlif
dinlərin və millətlərin nümayəndələri ilə yüz illərlə bir ölkədə,
bir şəhərdə, bir kənddə yaşamış, hətta düşmən erməniyə də çörək
vermək səviyyəsinə ucalmışdır. Qarşıdurma halları isə yalnız
ermənilər tərəfindən törədilmiş, XX əsrin əvvəllərində və
sonlarında isə tarixə düşmüşdür.
Yeri gəlmişkən, tolerantlıq azərbaycanlıların mentalitetində
olduğu kimi, milli və dini dözümsüzlük də ermənilərin
xislətindədir. Qloballaşmanın sürətlə yayıldığı, əksər millətlərin
və dinlərin qaynayıb-qarışdığı XXI əsrdə Ermənistanı monomillətli
bir ölkəyə çevirmişdir. Bütün dünyaya yayılmış erməni diasporunun
səylərinə baxmayaraq, artıq bu həqiqəti dünya ictimaiyyətindən
gizlətmək mümkün deyildir.
Azərbaycan xalqı öz adət-ənənələrinə, tarixinə görə vahid və
monolit olsa da, milli mənşəyinə və dini təriqətinə görə fərqli
qruplardan ibarətdir. Azərbaycanda İslamın şiə və sünni
təriqətlərini təmsil edən azəri-türkləri, ləzgilər, avarlar,
talışlarla yanaşı, xristian dininin müxtəlif qollarına mənsub
insanlar da yaşayır. Məhz bu qrupların inteqrasiyası ölkə
miqyasında tolerantlıq - milli və dini dözümlülük modelidir və
vahid Azərbaycan xalqını təşkil edir. Azərbaycanda müasir
tolerantlığın kökü məhz bu inteqrasiyadan gəlir və Heydər Əliyev
kimi dahi siyasətçinin respublikaya 30 ildən çox rəhbərliyi
dövründə nadir bir fenomenə çevrilmişdir: xalqın monolitliyi
möhkəmləndikcə, tolerantlığı da yüksəlmişdir.
Hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət
Azərbaycanda bütün dünyada tanınan və təqdir olunan iqtisadi
inkişaf fenomeni yaratmaqla yanaşı, mövcud tolerantlıq və
əmin-amanlıq modelini daha da inkişaf etdirmişdir. Qədim və zəngin
mədəniyyətə malik, tolerantlığın və əmin amanlığın hökm sürdüyü
Azərbaycan, faktiki olaraq, dünyanın humanitar əməkdaşlıq mərkəzinə
çevrilmişdir. Buna görə də 2015-ci ildə ilk Avropa Oyunları Bakıda
keçirilir.
Şübhəsiz ki, bu oyunların ölkəmiz üçün əsas əhəmiyyətli
məqamlarından biri, bəlkə də birincisi dostluq, həmrəylik məşəlinin
yandırılması, Azərbaycan xalqının tolerantlığının,
qonaqpərvərliyinin bütün Avropadan gələn və bütün dünyanı təmsil
edən idmançılara nümayiş etdirilməsidir. Deməli, Avropa Oyunları
həm də Azərbaycanın sivill dünyaya inteqrasiyasını sürətlənməsinə
xidmət edəcəkdir.
Təhlükəsizlik və əmin-amanlıq şəhəri
Beynəlxalq idman oyunları, həm də o ölkələrdə, o şəhərlərdə
keçirilir ki, ora təhlükəsizdir, kriminal vəziyyət nəzarətdədir.
Tarixən bu tipli beynəlxalq idman layihələrinin keçirildiyi
ölkələrin siyahısına nəzər salsaq, inkişaf etmiş dövlətlərin
sıralanmasını görərik. Çünki yalnız qüdrətli dövlət beynəlxalq
səviyyəli tədbirin bütün infrasturukturunu yarada bildiyi kimi,
təhlükəsizlik məsələlərini də həll etməyə qadirdir. Əslində, buna
gücü və imkanı çatmayan ölkə heç namizədliyini irəli sürmür.
Oyunların keçirilməsi üçün lazım olan sabitlik şəraiti və
təhlükəsizliyin təmini beynəlxalq tədbirin baş tutması üçün ən
vacib amillərdəndir. Təcrübəli ölkələr olimpiya büdcəsinin
əhəmiyyətli bir hissəsini infrastruktur, bir hissəsini əməliyyat
xərclərinə ayırır, bir hissəsini də təhlükəsizlik üçün xərcləyir.
Bu, təhlükəsizlik məsələsinin önəminin göstəricisidir.
Məlum olduğu kimi, dünyanın bir çox iri şəhərlərində - istər
Avropada, istər Asiyada, istərsə də Şimali və ya Cənubi Amerikada -
təhlükəsizliyin əsas problemi yüksək cinayətkarlıqla bağlıdır.
Azərbaycan isə bütün dünyada cinayətkarlığın səviyyəsinin ən aşağı
olduğu ölkələrdən biridir. Bakıda hətta azyaşlı uşaqların məktəbə
tək gedib-gəldiyini görə bilərik, bu isə dünyanın bir çox inkişaf
etmiş ölkələrinin qibtə edəcəyi vəziyyətdir. Odur ki, iki il bundan
əvvəl pataxtımızın ilk Avropa Oyunlarına ev sahibliyi etmək üçün
namizədliyi qəbul ediləndə, onun çox vacib bir üstünlüyü nəzərə
alınmışdı: Bakı kütləvi tədbirlərin keçirilməsi üçün ən yaxşı
təhlükəsizlik mühitinə malikdir.
Deməli, bütün dünya Azərbaycanı təhlükəsiz ölkə kimi qəbul edir,
faktiki olaraq, etibar edir. Azərbaycanda idmanın və idmançıların
inkişafı, olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında
qazanılan uğurlar da beynəlxalq idman ictimaiyyətinin diqqətini
Azərbaycana yönəldir və respublikamız beynəlxalq idman yarışlarının
və dünya çempionatlarının keçirildiyi bir məkana çevrilir.
Avropa Oyunlarında Bakıya 50 ölkədən 6 mindən çox idmaçının, on
minlərlə turistin gələcəyi bildirilir. Bu möhtəşəm tədbirin
keçirilməsi üçün Azərbaycanın bütün lazımı tədbirləri cəmi iki ilə
yekunlaşdırması dövlətimizn gücünü nümayiş etdirir. Eyni zamanda,
Bakının ev sahibi kimi seçilməsi paytaxtın təhlükəsiz şəhər
statusunu bir daha təsdiq etmiş oldu. Azərbaycan paytaxtı ötən
illərdə keçirilmiş beynəlxalq əhəmiyətli tədbirlərdə bu işin
öhdəsindən layiqincə gəldiyini sübut edib, təhlükəsizlik və
əmin-amanlıq şəhəri kimi tanınıb. İndi əsas məsələ oyunların
keçirildiyi ərəfədə təhlükəsizliyin etibarlı təmin edilməsi,
ictimai asayişin qorunub saxlanılmasıdır. Hazırda bu istiqamətdə
işlər davam etdirilir, ehtimal olunan bütün təhlükələr öyrənilir,
respublikanın hüquq-mühafizə orqanlarında profilaktik tədbirlər
planları hazırlanır. Avropa Oyunlarının təhlükəsizliyini tam təmin
edilməsi şübhəsiz ki, Azərbaycanın etibarlılıq statusunu daha da
yüksəldəcək, Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biri imicini
təsdiq edəcəkdir.
İqtisadi səmərə və perspektivlər
Mütəxəssislərin fikrincə, Avropa Oyunları strateji layihə olduğu
üçün onun gəlirləri yalnız qısa zamanı deyil, həm də uzunmüddətli
dövrü əhatə edəcəkdir. Oyunların keçirildiyi müddətdə cari
gəlirlərin əldə edilməsi ilə yanaşı, həm də bu möhtəşəm idman
tədbiri başa çatandan sonra ölkə iqtisadiyyatına əlavə vəsaitin
daxil olması davam edəcəkdir. Əvvəla, bu oyunların keçirilməsindən
həm cari, həm də strateji baxımdan turizm sektoru və sözügedən
sahədə fəaliyyət göstərən sahibkarlar faydalana biləcəklər. Belə
ki, Avropa Oyunlarında ölkəyə minlərlə turistin gəlməsi nəzərdə
tutulur. Bu tədbirin iki həftə davam edəcəyini nəzərə alsaq,
deməli, oyunlar keçirilən dövrdə hər bir turist ölkədə müəyyən
qədər pul xərcləyəcək. İkincisi, turistlərin Azərbaycanda
olmasından, xüsusilə də xidmət, nəqliyyat, bank sektoru gəlir əldə
etmək imkanı qazanacaq. Digər tərəfdən, cari gəlirlərə biletlərin
satılması, yayım və reklam vasitəsilə əldə olunan gəlirlər də
daxildir. Oyunların müxtəlif xarici kanallar vasitəsilə
yayımlanması da gəlir əldə etməyə imkan verəcəkdir. Yerli və xarici
şirkətlər də Avropa Oyunları zamanı özləri reklam kampaniyalarının
aparılmasında maraqlı olacaqlar. Eyni zamanda, ölkəyə gələn
turistlərin xarici valyutanı milli valyutaya çevirmələri manata
tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb
olacaq. Bu da Mərkəzi Bankın intervensiya xərcinin azaldılması
baxımından çox əhəmiyyətlidir.
Uzünmüddətli gəlirlərə gəlincə, inşa edilən infrastrukturlar
sonrakı dövrdə qlobal və beynəlxalq yarışların keçirilməsi üçün
istifadə ediləcəkdir. Belə ki, 2017-ci ildə 4-cü İslam Həmrəyliyi
Oyunlarının, 2020-ci ildə futbol üzrə Avropa Çempionatının final
mərhələsinin və digər beynəlxalq oyunların respublikamızda
keçirilməsi ilə bağlı razılıq artıq əldə edilmişdir. Bakıda
tikilmiş müasir idman obyektləri heç şübhəsiz ki, Azərbaycan
vətəndaşları üçün də çox vacibdir. Xüsusilə, vətəndaşlarımızın
sağlamlığının möhkəmləndirilməsi üçün onların istifadəsi çox
əhəmiyyətlidir. Bu halda Bakı elə bir sosial səviyyəyə qalxmış
olacaq ki, həmin şəraitə praktiki olaraq heç bir keçmiş "olimpiada
paytaxtı" nail olmamışdır. Bir sözlə, Avropa Oyunları kimi
beynəlxalq layihələr Azərbaycan üçün qısa və uzunmüddətli dövrdə
sərmayələrin cəlb edilməsi baxımından əhəmiyyətlidir. Mövcud
infrastrukturun yaxşılaşması Azərbaycanın rəqabət
qabiliyyətliliyinin daha da güclənməsinə və bu baxımdan xarici
investisiyaların cəlbinə də şərait yaradacaqdır.
Avropa Oyunlarının əhəmiyyəti
Avropa Oyunları Azərbaycanın dünyada tanıdılması, tolerantlığı
və əmin-amanlıq ölkəsi imicinin yaradılması ilk növbədə, xarici
turistlərin və sərmayələrin cəlb edilməsinə müsbət təsir
göstərəcəkdir. Məlum olduğu kimi, respublikamızda qeyri-neft
sektorunun inkişafı vacib hədəflərdən biridir. İqtisadiyyatın
şaxələnməsi, eyni zamanda, qeyri-neft sektoruna xarici sərmayələrin
cəlb edilməsini nəzərdə tutur. Belə beynəlxalq yarışlar
Azərbaycanın infrastrukturunu, iqtisadi potensialını tanıtmaq,
turizm imkanlarını açmaq üçün olduqca vacibdir. Turizm sektorunun
inkişafının prioritet olduğunu nəzərə alsaq, bu sahə belə mötəbər
yarışların keçirilməsindən ciddi şəkildə taktiki və strateji
gəlirlər əldə edəcəkdir.
Avropa Oyunları iki həftə çəkəcək və müasir tariximizin şanlı
bir səhifəsinə çevriləcəkdir. Amma dünya mətbuatı xeyli müddət bu
möhtəşəm tədbiri, onun nəticələrini işıqlandıracaq, idman
ictimaiyyəti, milyonlarla idman azarkeşi Azərbaycandan, onun
paytaxtı Bakıdan danışacaq, tanımayanlar da bizi tanıyacaq.
Xalqımızın zəngin mədəniyyəti, tolerantlığı, paytaxtımızın
gözəlliyi, əmin-amanlığı müzakirə ediləcək, bunlar bir növ
Bakı-2015 brendinə çevriləcək. Obrazlı desək, paytaxtımızın müasir
tarixi iki yerə bölünəcək: Avropa Oyunlarına qədərki və Oyunlardan
sonrakı Bakı. Birinci dünyada neft Bakısı kimi tanınsa da, ikinci
yeni Bakı kimi tanınacaqdır. Yeri gəlmişkən, yeni Bakı respublika
rəhbərliyinin prioritetlərindən biridir, Qış bulvarının
yaradılması, Ağ şəhər layihəsinin reallaşması, Bakı bulvarının
yenidən qurulması da bu istiqamətdə həyata keçirilən
meqalayihələrdir. Nəticələr də göz önündədir. Bakı dünyanın ən
gözəl şəhərlərindən birinə çevrilməkdədir. Avropa Oyunları isə bu
nəticələri göstərəcək, dünya ictimaiyyətini yeni Bakı ilə tanış
edəcəkdir. Ən əsası isə Avropa Oyunları Azərbaycanı Qərbi-Asiya
yox, məhz Avropa ölkəsi kimi tanıtmağa imkan verəcəkdir.