Mahal İsmayıloğlu da getdi,
hələ altıncı onilliyi başa vurmamış bizi tərk etdi.
Bu məşum hadisənin xəbəri məni qəfil haqladı, onunla işlədiyimiz
illərə, günlərə qayıtdım... Onu 25 ildir ki, tanıyıram - zarafat
deyil, bir igidin ömrüdür, on ilini də bir yerdə işləmişik.
Doğrudur, onunla dost olmamışıq, elə bir yaxınlığımız da olmayıb,
şəxsi münasibətlərimiz də "siz"dən yuxarı qalxmayıb. Amma
bir-birimizə həmişə sayğımız olub, "Xalq qəzet"ində işləyəndə
qayğısını da hiss etmişəm. Həm də düşünürəm ki, o, haqqında
yazılası biridir - Azərbaycanın ən qabiliyyətli, eyni zamanda, ən
ziddiyyətli jurnalistlərindən biri!
Mahal İsmayıloğlu ilə ilk görüşümü Məmməd Nazimoğlu haqqında
yazdığım yazıda təsvir etmişəm, amma dərinə getməmişəm. Düşünürəm
ki, həmin görüşü burda xatırlamağın yeri var, həm də mərhum
Məmmədin ruhu şad olar:
1992-si ilin sentyabrında (söz vaxtına çəkər) bir neçə həftə
gecə-gündüz işləyib siyasi partiyaların mahiyyəti və fəaliyyəti
haqqında silsilə məqalələr hazırlamışdım, çap etdirməyə yer
axtarırdım. Həmin dövrdə respublikada ən populyar qəzetlər
"Azadlıq" və "Aydınlıq" idi. Amma mən özümə "Aydınlıq" qəzetini
ruhən daha yaxın sayırdım. Bu qəzeti hər həftə alır, bütün
yazılarını oxuyurdum. Məni ən çox maraqlandıran Məmməd Nazimoğlunun
siyasi satirası və Mahal İsmayıloğlunun siyasi publisistikası idi.
Bu müəlliflərin heç birini şəxsən tanımırdım. İkinci söz cəsarəti,
fikir rəngarəngliyi ilə seçildiyi kimi, birinci də geniş
fantaziyası, orijinal yumoru ilə seçilirdi.
Sentyabrın ilıq günlərinin birində cəsarətimi topladım,
məqalələrdən birincisini, deyəsən, "Siyasi partiyalar parlamentdə
və hakimiyyətdə" idi, götürdüm və "Aydınlıq" qəzetinin Nizami
kino-teatrının binasında yerləşən redaksiyasına gəldim. Beşinci
mərtəbədə soruşa-soruşa dəhliz boyu otaqları gəzdim. İmkansızlıq
həmən hiss olunurdu: otaqlar təmirsiz, mebellər köhnə idi. Baş
redaktorun (Babək Hüseynoğlunun) kabineti başda olsa da, bağlı idi.
Mənə dedilər ki, məqalələri baş redaktorun müavini Məmməd Nazimoğlu
qəbul edir. Onun dəhlizin ayağında olan otağına gəldim. Qapı
açıqdı, otaqda iki nəfər vardı, biri oxuyur, o biri yazırdı. İkinci
uzun saçlı, eynəkli idi, birinci saçını qısa vurdurmuşdu, alnı
açıqdı. İçəri girib salam verdim, yazan başını qaldırmadı, oxuyan
isə ayağa qalxdı, məni gülərüzlə qarşıladı. Bir az ürəkləndim,
Məmməd Nazimoğlunu xəbər aldım. Müsahibim gözlərindən gülümsədi,
"Əfəndim, ünvana gəlmisiz" dedi.
Qəribə müraciətdən çaşdım və tələsik gəlişimin səbəbini
açıqladım. Yenə məni heyrətləndirdi, sabaha, biri günə ötürmədi,
"otur" dedi. Təxminən on dəqiqə on səhifəlik yazıya baxdı və
"aktual mövzudur, amma bu həftənin maketi tutulub, gələn həftə
gedəcək" dedi. Artıq vaxt almaq istəmədim, xudahafizləşib çıxdım.
Məmməd məni qapıya kimi ötürdü, Mahal isə tərpənmədi, sanki bizi
görmürdü və eşitmirdi, yazmaqda davam edirdi…
Düzü, onun bu soyuq münasibətindən əməlli-başlı incimişdim,
özümə qarşı sayğısızlıq (tanış olmasaq da) hesab etmişdim. Amma
sonralar "Xalq qəzeti"ndə baş verən bir olaydan sonra onu başa
düşdüm, incikliyim sayğı ilə əvəzləndi. Deməli, baş redaktor Mahal
İsmayıloğlu gənc yazarlardan birinə axşam evə yazı sifariş verir,
"səhər nömrəyə çatdırarsan" deyir. İş elə gətirir ki, həmin müxbir
yazını hazırlaya bilmir, səhər də min cür bəhanə gətirir. Deyir,
kirədə qalıram, bir otaqdır, uşaq səhərə kimi ağlayır, hər gecə
işıqlar sönür. Mahal onu diqqətlə dinləyir, sonda görün nə
deyir:
"Mən "Aydınlıq"da işləyəndə Ramanıda darısqal bir tövlədə kirədə
qalırdım. İşıq ümumiyyətlə yox idi, hətta gündüz lampa yandırmalı
olurduq. Gecələr də üç uşağın səsi, bir yandan da ev yiyəsinin
inəyinin mələrtisi. Odur ki, yazılarımı "Aydınlıq"ın redaksiyasında
yazırdım. Doğrudur, redaksiyaya gəlib-gedən çox olurdu, amma mən
onları görməməyə və eşitməməyə alışmışdım. Dünya dağılsa da,
yazılarımı yazır, fikirlərimi tamamlayır, materialı nömrəyə
çatdırırdım…"
***
Dediyim kimi, Mahal İsmayıloğlu Azərbaycanın qabiliyyətli,
oxunan jurnalistlərindən biri idi. Fikirləri aydınlığı, mövzuları
aktuallığı ilə seçilirdi, hamının başa düşəcəyi sadə və şirin dillə
yazırdı. Onun "gözlərim qəlbimdən nəm çəkirdi", "yaddaşımı yaşında
yaşadan oğlum" kimi ifadələri indi də yaddaşımın qızıl
fondundadır.
Mahal qabiliyyətli olmaqla bərabər, həm də cəsarətli jurnalist
idi. Başına bir fikir gəlsəydi, mıxla da vurub çıxarmaq olmazdı,
mütləq yazmalı, oxuculara çatdırmalı idi. Əsil jurnalist kimi
dövrünə, vətəninin, şəhərinin problemlərinə güzgü tutmağı sevirdi
və qələminə güc verirdi.
91-ci illərin hadisələri yəqin çoxlarının xatirindədir.
Ümummilli lider Heydər Əliyev Ali Sovetdəki məhşur çıxışından sonra
Mütəllibovçu deputatların təzyiqləri ilə üzləşmiş, indiki Milli
Məclisin binasında, faktiki olaraq, təklənmişdi. Belə bir həssas
məqamda "Aydınlıq" qəzetinin parlament müxbiri Mahal İsmayıloğlu
ona yaxınlaşır və özünü təqdim edir. Çıxışının bir nüsxəsini
verməyi xahiş edir, "Aydınlıq"da çap edəcəyik deyir. Böyük insan bu
təklifdən məmnun olsa da, öz böyüklüyünü göstərir, "bu sizin qəzetə
ziyan gətirər" deyir. Mahal təkid edir və çıxışı əldə edir.
"Aydınlıq"ın rəhbərliyi, baş redaktor Babək Hüseynoğlunun Heydər
Əliyevə sıcaq münasibəti olsa da, çıxışı verməyə tərəddüd edir,
qəzetin təsisçisi, "Qayğı" Cəmiyyətinin sədri İmam Mustafayevə
müraciət edir. Beləliklə, Mahal İsmayıloğlunun təkidi və cəsarəti
sayəsində Heydər Əliyevin Ali Sovetdəki məşhur çıxışı "Aydınlıq"
qəzetində işıq üzü görür.
...Mahal İsmayıloğlu "Aydınlıq"ın parlament müxbiri kimi çox
aktiv idi, onun sayəsində indiki istiqlalçı deputatların çoxu
redaksiyaya gəlib gedirdi. Radikal mövqeli deputatlarla, Etibar
Məmmədovla, İsgəndər Həmidovla, Tahir Əliyevlə xüsusi dostluğu
vardı. Təbii ki, onları Mahalın qələmi, qəzetin nüfuzu cəlb edirdi.
Mahal onları qəzetə çıxarır, ictimaiyyətə təqdim edirdi. Zarafat
deyildi, "Aydınlıq" qəzeti yüz min tirajla çıxırdı. Şişirtmədən
demək olar ki, Xalq Cəbhəsinin hakimiyyətə gəlməsinə qələmilə
səmimi qəlbdən dəstək verən beş-altı jurnalisdən biri də Mahal
İsmayıloğlu idi. Amma buna baxmayaraq, Cəbhə hakimiyyətini də
cəsarətlə tənqid edirdi, hətta Prezident Elçibəyi tənqid etməkdən
belə çəkinmirdi. Bu tənqidlərə görə də Mahal İsmayıloğlu əski
dostu, Cəbhə hakimiyyətinin Daxili İşlər naziri İsgəndər Həmidov
tərəfindən təzyiqlərə məruz qalmışdı.
Mahalın qəribə bir münasibət qurmaq qabiliyyəti vardı,
Azərbaycanın bütün sayılıb-seçilən adamları ilə münasibət
yaratmışdı. O zaman "Aydınlıq"ı ayaqda saxlayan da bu əlaqələr idi.
Qəzetin maliyyə problemləri vardı, Mahalın əlaqələri bu problemləri
qismən aradan qaldırırdı, hətta qəzetin yaradıcı kollektivi ara-bir
maaş alırdı. Həmin dövrdə mən artıq "Aydınlıq" qəzetinin
ştatdankənar siyasi müxbiri idim və bütün bunları yaxından müşahidə
edirdim.
Problemləri tam aradan qaldırmaq isə ümummilli lider Heydər
Əliyevin qayğısı sayəsində mümkün oldu. Ümummilli lider 1993-cü
ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan və ölkədə
ictimai-siyasi sabitlik yaratdıqdan sonra "Xalq qəzeti"ni öz
himayəsinə götürdü və Mahal İsmayıloğlunu qəzetin baş redaktoru
təyin etdi. Baş redaktor da öz növbəsində "Aydınlıq"ın yaradıcı
kollektivini "Xalq qəzeti"nə gətirdi. Bu sətirlərin müəllifi də işə
dəvət edildi.
"Xalq qəzeti"ndə Mahal İsmayıloğlu ilə işlədiyimiz illər əsasən
xoş xatirələrlə yadda qalıb. Mahal xaraktercə ziddiyyətli bir insan
olsa da, istedadlı jurnalist, ən əsası isə çörəkverən redaktor idi.
Onun dövründə "Xalq qəzeti"nin kollektivi Yeni ili, Novruz
bayramını Bakının adlı-sanlı restoranlarında qeyd edir, iyulun
22-si, Mətbuat günü isə təbiətin qoynuna - Qubaya, ya Xızıya
səyahət edirdi…
Düşünürəm ki, Mahal
İsmayıloğlunun faciəsinə yol açan, xarakterindəki ziddiyyətləri
yaradan əsas səbəblərdən biri imkanları ilə iddialarının üst-üstə
düşməməsi idi. Allah onu əlində qələm, jurnalist olmaq üçün
yaratmışdı, istedadı da bəs deyincə vermişdi, o isə məmur olmaq
istəyirdi. Məsələn, 1993-cü ildə Heydər Əliyevin Gəncəyə məşhur
səfəri zamanı onu 30 jurnalist müşayət edirdi və bütün media əhli
bir avtobusda gedirdi. Mahal İsmayıloğlu isə bu avtobusa yaxın da
gəlmədi, məmurların, Tahir Əliyev və başqalarının mindiyi
"Mersedes"də səfər etdi. Bəli, ömür boyu siyasi yazılar yazsa da,
siyasətçi ola, həyatda öz yerini tapa bilməmişdi.
Türkün bir kəlamı var, fikrə
gəlsə də, sözə, yazıya gəlmir. Deyir, kişi burasını (yəni dilini),
bir də burasını (…) dinc saxlasa, başına bəla gəlməz. O isə saxlaya
bilmirdi, nəinki gördüklərini, hətta eşitdiklərini, xəyal
etdiklərini harda, kimin yanında olsa, danışırdı.
Yaradıcı təxəyyülün sərhədləri
olmur, amma yerin də, göyün də qulağı olur. Mahalın narahat ruhu da
artıq Yerdən ayrılıb, rahat yerdə - göylərdədir…