Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq
25 ildən çoxdur ki, davam edir. Əsas səbəblər və nəticələr
düşünürəm ki, hamıya məlumdur və aydındır. Erməni silahlı
birləşmələri 90-cı illərin əvvəllərində Rusiya siahlı qüvvələrinin
dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ vilayətini və ətraf 7
rayonu işğal edib və 25 ildir ki, bu işğalı rəsmiləşdirməklə
məşğuldur.
Doğrudur, işğal faktından dərhal sonra BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi qəbul edilib və erməni silahlı
birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən
qeydsiz-şərtsiz çıxarılması beynəlxalq səviyyədə tələb olunur. Amma
erməni tərəfi özünə xas həyasızlıqla nəinki bu tələbə əməl etməyib,
hətta həmin ərəfədə məlum diaspor təşkilatlarının dəstəyi ilə
ABŞ-da Azərbaycana hərbi-iqtisadi dəstəyin dayandırılması haqqında
907-ci düzəlişin qəbuluna nail olub.
Keçən 25 ildə Azərbaycanın bütün səylərinə baxmayaraq,
münaqişənin danışıqlar yolu ilə həlli erməni tərəfin
qeyri-konstruktiv mövqeyi səbəbindən mümkün olmayıb. Münaqişənin
sülh yolu ilə həlli üçün beynəlxalq səviyyədə cavabdeh olan
(1993-cü ildən) ATƏT-in Minsk Qrupu və həmsədrləri problemin həlli
istiqamətində, faktiki olaraq, real bir iş görməyib. Yalnız 90-cı
illərin sonlarında münaqişənin mərhələli həlli variantı irəli
sürülüb və tərəflər bunu qəbul edib. Amma həmin dövrdə, 1998-ci
ildə bu variantı dəstəkləyən Ermənistan Prezidenti Levon
Ter-Petrosyan (sülh partiyası) istefaya göndərilib və başda Robert
Koçaryan (müharibə partiyası) olmaqla, Qarabağ klanı hakimiyyətə
gəlib. Ermənistanın eks-prezidenti Ter-Petrosyan da erməni xalqına
məlum məqalə ilə müraciət edib ki, bu gün sizə təklif ediləni sabah
istəsəz də verməyəcəklər.
Az sonra, 1999-cu ilin ortalarında ABŞ Minsk Qrupunun həmsədri
kimi münaqişənin sülh yolu ilə həlli istiqamətində müəyyən addımlar
atmağa çalışıb. Həmin dövrdə yenicə parlament sədri seçilmiş Karen
Dəmirçiyan da bu təşəbbüsü dəstəkləyib və danışıqlarda iştirak
edib. Lakin sülh danışıqlarının getdiyi bir vaxtda, oktyabr ayında
Ermənistan parlamentinə adi bir jurnalistin rəhbərliyi ilə silahlı
hücum olub, parlament sədri Karen Dəmirçiyan, onunla həmfikir olan
baş nazir Vazgen Sərkisyan və daha 6 deputat güllələnərək
öldürülüb. İcraçılar saxlanılsa da, terrorun hansı səbəbdən baş
verdiyi, sifarişçinin kimliyi erməni cəmiyyəti və beynəlxalq aləm
üçün sirr olaraq qalıb.
Bu hadisədən keçən müddətdə Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə həlli Minsk Qrupu həmsədrlərinin apardığı sonsuz və
mənasız bir danışıqlar prosesinə çevrilib. Həmin müddətdə iqtisadi
və hərbi potensialı məhdud olan Ermənistanı şimaldan Rusiya,
cənubdan isə İran dəstəkləyib, faktiki olaraq, sülh danışıqlarının
reallaşmasına imkan verməyib. Yeri gəlmişkən, münaqişənin həllində
ATƏT-in Minsk Qrupu həmsədrlərinin real iş görəcəyinə, problemi
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, ədalətlə həll edəcəyinə
inanmaq dəryada balıq sevdasıdır. Çünki Ermənistanın dünyaya
yayılmış diasporunun ən güclü lobbi təşkilatları ABŞ-da, Fransada
və Rusiyada yerləşir. Bu ölkələrdə erməni lobbisi hətta yerli və
mərkəzi hakimiyyət orqanlara seçkilərin nəticələrinə təsir etmək
gücündədir. Bu ölkələr də hazırda ATƏT-in Minsk Qrupu
həmsədrləridir. Düşünürəm ki, əlavə şərhə ehtiyac yoxdur.
Soruşula bilər ki, bütün bunları - məlum reallıqları mən niyə
yazıram?! Sadə bir məntiqdən: tarixin dərslərini öyrənməyən,
bilməyən onu təkrarlamaq məcburiyyətində qalır. Eyni zamanda, bir
daha xatırlatmaq istəyirəm ki, Ermənistan rəhbərliyi birmənalı
olaraq Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir, ancaq
vəziyyəti dondurmaq, status-kvonu saxlamaq istəyir. Təsadüfən
millətinin və ölkəsinin rifahını arzulayan, status-kvonun
Ermənistanda iqtisadi tərəqqinin qarşısını aldığını, regionda
müharibə təhlükəsini saxladığını anlayan bir siyasi lider meydana
çıxırsa, xalqın dəstəyini alırsa və real sülh danışıqlarına
başlayırsa, həmin şəxsi dərhal aradan götürürlər. Nəyin bahasına
olursa-olsun, nə yolla olursa-olsun… Deməli, erməni rəhbərliyinin
qeyri-konstruktiv mövqe nümayiş etdirməsi, münaqişənin həllinə
maneçilik törətməsi xalqdan gəlmir, sosial sifariş deyil, kənar
sifarişdir. Sadə bir məntiqə görə: əgər sən siyasətçisənsə və
sosial sifarişə, yəni sənə sərf edənə əməl etmirsənsə, edə
bilmirsənsə, deməli, kimsə sənə imkan vermir, mane olur. Və səni
iradənin əleyhinə getməyə vadar edən bu kimsə səndən güclüdür, çox
güclüdür.
Yuxarıda qeyd etdik ki, Ermənistan parlamentində məlum terror
hadisəsindən keçən bütöv bir müddətdə Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində real bir addım atılmayıb. Bu müddətdə
Ermənistan Minsk Qrupu həmsədrlərinin bilavasitə dəstəyi ilə
status-kvonu saxlayıb, Rusiya və İranın birbaşa köməyi ilə ayaqda
qalıb. Belə çıxır ki, münaqişənin həllini istəməyən və yaxud
həllində maraqlı olmayan bu dövlətlərdir. Yəni onlar Ermənistanın
dostu, Azərbaycanın düşmənidir?! Məlum klassik ifadə ilə cavab
versək, dövlətlərin daimi düşmənləri və yaxud daimi dostları olmur,
daimi maraqları olur. Deməli, rahat nəfəs almaq olar, regionun bu
iki qədim, qüdrətli dövləti, ən azı, bizim düşmənimiz deyil. Sadəcə
olaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli, həm də Azərbaycanın
maraqları (ərazi bütövlüyü) daxilində həlli bu dövlətlərin
marağında deyil. Münaqişənin bu cür həlli Ermənistanın da marağında
deyil. Və hazırkı zaman kəsiyində regionun iki qüdrətdi dövlətinin
maraqları ilə Ermənistanın marağı üst-üstə düşür, ona görə də onlar
müvəqqəti dostdurlar. Hesab edirəm ki, burda Rusiya ilə İranın
maraqlarını, hazırda üst-üstə düşsə də, ayırmaq lazımdır. İran
regionda ağalıq etmək niyyətində və qüdrətində deyil, amma ona
güclü Azərbaycan, heç güclü Ermənistan da lazım deyil. İrana
rəqabət imkanı olmayan ərzaq və yüngül sənaye məhsullarını (həm də
karbohidrogen xammalını) satmağa bazar lazımdır. Zəif Azərbaycanla
zəif Ermənistan da bu cür bazardır. Eyni zamanda, İranda
çoxmilyonlu azərbaycanlı yaşayır və onların kompakt yaşadığı ostan
da Azərbaycan adlanır. Yəni İran güclü Azərbaycan dövlətini özünün
ərazi bütövlüyü üçün real olmasa da, ehtimal təhlükə mənbəyi kimi
görür.
Rusiyanın maraqları isə, türkün sözü ilə desək, daha yoğundur.
Rusiya özünü SSRİ-nin varisi, regionun sahibi kimi görür. Postsovet
respublikalarının müstəqillik qazanmasını tarixin səhvi hesab edir
və nəyin bahasına olursa-olsun, nə yolla olursa-olsun, bu səhvi
düzəltmək istəyir. Doğrudur, praqmatik Rusiya rəhbərliyi SSRİ-nin
hansısa formada bərpasından danışmır, amma postsovet
respublikalarını imkan daxilində təsir dairəsindən buraxmır. Bu
respublikaların hansısa müstəqil yol seçmək, müstəqil siyasət
yürütmək fikrinə düşürsə, həmin respublikada milli zəmində
münaqişələr yaranır və onlar faktiki olaraq, parçalanır.
Azərbaycan, Gürcüstan, Moldova nümunələri yaxın tarixdə, sönmüş
vulkan mislindədir, Ukrayna isə Krımla göz önündədir, aktivdir.
Böyük Pyotrdan qalmış "parçala və hökm sür!" siyasəti gündəmdədir.
Nə qədər ki, Rusiya hazırkı formatda və maraqlarda mövcuddur, bu
münaqişələrin də həlli mümkün görünmür. Daha doğrusu, onların
həllində maraqlı olanların - respublikaların buna gücü, ABŞ və
Avropanın isə cəsarəti (daha ağır ifadə işlətmək istəmirəm!)
çatmır. Rusiya da yaratdığı münaqişələri sönmüş vulkan şəklində
saxlamaqda və istədiyi anda fəaliyyətə başlatmaqda maraqlıdır. Bir
sözlə, İrandan fərqi olaraq, Rusiyaya bizim regionda nəinki güclü,
heç zəif Azərbaycan və Ermənistan lazım deyil, cənub sərhədlərində
forpost lazımdır ki, özəl məqsədləri üçün, məsələn, real və ehtimal
təhlükələrə qarşı bufer zonası kimi istifadə etsin.
Burda hörmətli opponentlər yəqin ki, etiraz edəcək və hətta
məşhur aforizmlərdən arqument kimi istifadə edəcəklər: "Türkiyə ilə
Azərbaycan bir millət, iki dövlətdir", "Azərbaycanın dərdi
Türkiyənin dərdidir", "Türkiyə-Azərbaycan qardaşlığı əbədidir" və
s. və i.a. Bəli, bu, doğrudan da belədir, Türkiyə hər zaman
Azərbaycanla bir yerdədir və dünyada söz sahibi olan böyük
dövlətlərdən biridir. Həm də regionda NATO-nun təmsilçisidir,
ordusu da, nüvə silahı olmasa da, Avropada 3-cü, dünyada 10-cu
yerdədir. Amma bütün bunlar 1992-94-cü illərdə Rusiyaya
Ermənistanın əli ilə Azərbaycan torpaqlarının 20 faizini - Dağlıq
Qarabağı və ətraf 7 rayonu işğal etməyə mane olmadı. Çünki
Türkiyənin də dövlət maraqları vardı və bu maraqları ancaq Türkiyə
naminə riskə atmaq olardı. Yaddan çıxarmaq olmaz ki, Rusiya ordusu
nüvə başlıqlarının və ağır silahlarının (tanklar, sualtı qayıqlar,
uçaqlar və s.) sayına görə dünyada ikinci olsa da, rəhbərliyinin
aqressivliyinə görə tarixən birinci olub və indi də liderdir. Bu
yaxınlarda rus təyyarəsinin türk səmasında vurulmasından sonra
Rusiyanın yersiz və hədsiz aqressivlik sərgiləməsi, Türkiyə ilə
iqtisadi-ticari əlaqələri kəsməsi, hərbi-siyasi münasibətləri
gərginləşdirməsi, faktiki olaraq, soyuq müharibə səviyyəsinə
gətirməsi bunu bir daha sübut etdi. Sözümün canı odur ki,
reallıqlar aforizmlərdən fərqli olaraq, hər zaman arzulara
söykənmir, çox zaman onları dağıdıb məhv edir.
Və nəhayət, Ermənistan - Azərbaycan münaqişəsinin aktiv fazaya
keçməsi və Dördgünlük müharibənin baş verməsi. Qeyd edək ki, bu
gözlənilən idi, Azərbaycan nə vaxta qədər səbir etməli idi?! Axı
ermənilərin işğal etdiyi torpaqlarda yeni nəsillər yetişir, dünyada
nəsillər dəyişir və Dağlıq Qarabağ məsələsinin yaddaşlardan
silinməsi, tarixə gömülməsi təhlükəsi bizi təqib edir. Azərbaycan
bütün dünyaya sübut etməli idi və etdi ki, erməni işğalı faktı ilə
barışmaq, status-kvonu saxlamaq fikrində deyil, torpaqlarını nəyin
bahasına olursa-olsun, hansı yolla olursa-olsun azad etmək əzmində
və qüdrətindədir. Dörd gündə erməni silahlı qüvvələrinə sarsıdıcı
zərbə endirən Azərbaycan Ordusu və ordumuzu yalnız Azərbaycanda
deyil, bütün postsovet məkanında, Avropada, dünyada dəstəkləyən
Azərbaycan xalqı bu qüdrəti və niyyəti bir daha bütün dünyaya
nümayiş etdirdi. Düşünürəm ki, Dördgünlük müharibənin ən böyük
nailiyyəti və dərsi də bu oldu. Hazırda Rusiyanın da, Ermənistanın
da əl-ayağa düşməsinin səbəbi budur. Erməni tərəfi böyük
müharibənin başlanmasından və böyük məğlubiyyətə düçar olmasından
qorxur. Rusiya tərəfi də onun iradəsindən xaric böyük müharibənin
başlanmasından və marağından xaric böyük sülhün bağlanmasından
ehtiyat edir. Odur ki, Rusiyanın təşəbbüsü ilə baş tutan Azərbaycan
və Ermənistan prezidentlərinin Vyana görüşü də böyük müharibə
təhlükəsinin ertələnməsinə və atəşkəsin möhkəmlənməsinə xidmət
edirdi. Və nə qədər xidmət edəcək, gələcək göstərəcək.
Yeri gəlmişkən, mətbuata sızdırılan (!) məlumatlara görə,
Dördgünlük müharibə Azərbaycan rəhbərliyi tərəfindən əvvəlcədən
ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə razılaşdırılmışdı. Belə
çıxır ki, həmsədrlər (ABŞ, Rusiya və Fransa) hansısa maraqları
səbəbindən Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli
məsələsini dalandan çıxarmaq və danışıqlar stoluna qaytarmaq
niyyətinə düşüblər. Bu zaman danışıqları davam etdirmək və hər
hansı kompromisə getmək istəməyən Ermənistana azca "qulaqburması"
vermək lazım gəlib. Və ən maraqlısı budur ki, hətta Rusiya da buna
razılıq verib. Təbii ki, ortada Rusiyanın razılığı olmasaydı,
Ermənistanda Rusiyaya qarşı bu qədər aqressiv münasibət, hətta
bayraqların ayaqlar altına atılması və yandırılması da baş
verməzdi. Amma ortada Rusiyanın razılığının olması da həmsədrlərin
münaqişənin həll olunmasına, böyük sülhün əldə olunmasına səmimi
qəlbdən çalışdıqlarına əsaslı şübhələr yaradır. Yuxarıda ərz etdik
ki, bu, Rusiyanın maraqlarına cavab vermir və Rusiya Dağlıq Qarabağ
münaqişəsini, obrazlı desək, idarə olunan sönmüş vulkan şəklində
saxlamağa çalışır. Rusiyanın baş naziri D.Medvedyev Dördgünlük
müharibədən sonra dərhal regiona səfər etdi və bu fikri çox lakonik
(və mətbuatın diqqətindən kənarda qalan) şəkildə bəyan etdi: "Əgər
bu gün münaqişənin tərəfləri qane edən həll variantı yoxdursa,
status-kvo olduğu kimi saxlanılmalıdır".
Hazırda bu, təcavüzkar Ermənistanı qane etdiyi kimi, güclü
erməni lobbisinin olduğu və seçkilərin yaxınlaşdığı ABŞ-ı, Fransanı
da qane edir.
Maraqlıdır, bəs görəsən, ATƏT-in Minsk Qrupunun həmsədrləri
hansı maraqları səbəbindən Dördgünlük müharibənin başlanmasına və
faktiki olaraq, Ermənistanın "burnunun ovulmasına" imkan verib?
Təbii ki, burda Prezident İlham Əliyevin böyük diplomat olması,
kiçik Azərbaycanın maraqlarını böyük dünyanın maraqları ilə
uzlaşdırmğı bacarması, Dağlıq Qarabağ münaqişəsinin əsil
mahiyyətinin dünyaya çatdırlması mühüm əhəmiyyət kəsb edir.
Həmçinin düşünürəm ki, məsələ son zamanlar Azərbaycanın Minsk
Qrupunun, xüsusilə həmsədrlərinin fəaliyyətindən, daha doğrusu,
fəaliyyətsizliyindən narazılıq etməsi və həmsədrlərin
dəyişdirilməsi kimi radikal təkliflər səsləndirməsi ilə bağlıdır.
Arada hətta Almaniya və Türkiyənin həmsədrliyə gətirilməsi ilə
bağlı fikirlər də eşidilirdi. Bu, ATƏT-i, həm də həmsədr ölkələri
əndişələndirib, hərəkətə gətirib və onlar münaqişənin həllində
aktivlik göstərdiklərini, onu sıfır nöqtəsindən çıxarmaq
istədiklərini imitasiya etməyə (!) girişiblər. Həmsədrlik institutu
isə, məlum olduğu kimi, sərfəli məsələdir, həm Cənubi Qafqaz boyda
regiona nəzarət edirsən, yeri gədikcə maraqlarını həyata
keçirirsən, həm də diplomatlarını yüksək maaşla işlə təmin
edirsən.
Burda mətləbə dəxli var deyə, bir haşiyə çıxmaq, Dördgünlük
müharibəni Azərbaycanın möhtəşəm qələbəsi hesab etmək, Ermənistanın
"kapitulyasiyası" kimi qələmə vermək, faktiki olaraq, Azərbaycanı
böyük müharibəyə təhrik etmək istəyənlərə ismarış yollamaq
niyyətindəyəm. Bu günlərdə yerli TV kanallarının birində populyar
telejurnalist Dördgünlük müharibənin davam etməsi və Ermənistanın
"tam kapitulyasiyası" ilə bitməsi barədə sualı saç-saqqalını Dağlıq
Qarabağ probleminin həlli istiqamətində danışıqlarda ağartmış, adlı
azərbaycanlı diplomatlardan birinə ünvanladı. Diplomatımız adına
uyğun cavab verdi ki, ermənilərlə qonşu olmaq onların "maksimalizm"
xəstəliyinə yoluxmağımıza əsas vermir. Hazırda böyük müharibədən,
tam qələbədən danışmaq illyüziyadan başqa bir şey deyil, buna
gücümüz çatsa da, heç kim imkan verməz. Biz ordumuzu daha da
gücləndirməli, sülh siyasətimizi davam etdirməli, haqlı olduğumuzu,
təcavüzə məruz qaldığımızı bütün dünyaya sübut etməli, Dağlıq
Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində,
ədalətli həllinə nail olmalıyıq. Opponentlərimiz yenə etiraz edə
bilərlər ki, bu, ümumi yanaşmadır, əsil diplomat cavabıdır və s.
Razıyam, amma bu ümumi yanaşmada da böyük müharibə, "tam
kapitulyasiya" istəyənlərə layiqli diplomat cavabı verilir.
Təəssüflə olsa da, qeyd etməliyəm ki, Dağlıq Qarabağ münaqişəsi
artıq regional miqyaslardan çıxıb, qlobal bir problemə
çevrilib.
Yaxınların - Rusiyanın, Türkiyənin, İranın və uzaqların -
Amerikanın, Avropanın mövqeyini yuxarıda nəzərdən keçirdik. Belə
çıxır ki, hazırkı zaman və məkan daxilində bütün dünya (tək Türkiyə
istisna olmaqla!) Ermənistanın, yəni status-kvonun saxlanmasının
tərəfindədir. Kiçik Azərbaycanın bütün dünyaya qarşı çıxması isə
təxminən qədim əfsanədə Sizifin allahlara qarşı çıxmasına bənzəyir.
Ən yaxşı halda böyük bir daşı (bizim misalda Dağlıq Qarabağ
problemini) hündür bir dağa qaldırmalı olursan, amma dağın başına
çatan kimi onu yenidən aşağı buraxırlar… Və bu, sonsuzluğa qədər
təkrar olunur…
Və Prezident İlham Əliyevin səsləndirdiyi yeganə düzgün fikrə
gəlirik: Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın
Azərbaycandan başqa köməyi yoxdur. Deməli, azərbaycanlı diplomatın
göstərdiyi yol ən düzgün yoldur: Hazırda böyük müharibədən, tam
qələbədən danışmaq illyüziyadan başqa bir şey deyil, buna gücümüz
çatsa da, heç kim imkan verməz. Biz ordumuzu daha da gücləndirməli,
sülh siyasətimizi davam etdirməli, haqlı olduğumuzu, təcavüzə məruz
qaldığımızı bütün dünyaya sübut etməli, Dağlıq Qarabağ
münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, ədalətli
həllinə nail olmalıyıq.