Moskva telekanallarında Azərbaycanla əlaqədar
ictimai-siyasi xəbərləri, xüsusilə də Dağlıq Qarabağ problemi ilə
bağlı verilişləri, illərdir mütəmadi olaraq izləyirəm.
Əvvəla, bir azərbaycanlı, vətəndaş kimi bu mənim maraq
dairəmdir, sonra peşəkar jurnalist, siyasi icmalçı kimi işimdir.
Rusiya, əsasən də Moskva KİV-lərinin qafqazlılara, xüsusən də
azərbaycanlılara qarşı, yumşaq desək, qeyri-obyektiv münasibəti,
"Qafqaz millətindən olan şəxslər" ifadəsi məni daim narahat edib və
edir. Yaxşı yadımdadır, 90-cı illərin əvvəllərində, rus-çeçen
müharibəsinin qızğın dövründə aparıcı rus telekanallarından biri
qafqazlıları belə xarakterizə etmişdi: "Rusiyada çeçenlər
reketliklə, dağıstanlılar quldurluqla, gürcülər oğurluqla,
ermənilər dələduzluqla, azərbaycanlılar isə alverlə məşğuldurlar.
Əslində, burda təəccüblü bir şey də yoxdur, "Qafqaz millətindən
olan şəxslərin" sənəti budur. Ona görə də onların içindən bircə
nəfər Nobel mükafatı laureatı çıxmayıb və çıxmayacaq…"
Hesab edirəm ki, Rusiya KİV-ləri, mədəniyyət və incəsənət
xadimləri qafqazlılara qarşı bu neqativ münasibətin yaradılmasında
və əhali arasında yayılmasında aparıcı rollardan birini oynayır.
Məsələn, əksər ABŞ filmlərinə, hətta sırf gəlir məqsədilə
çəkilənlərə baxsaq, demək olar ki, hamısında müsbət, pozitiv bir
zənci obrazı görərik. Eyni tendensiyanı bədii ədəbiyyatda və
mətbuatda da görmək olar. Bu, ABŞ-da II Dünya müharibəsindən sonra
müşahidə edilir, rəsmi dövlət siyasətidir və ölkədə rasizm
elementlərinin aradan qaldırılmasına xidmət edir.
90-cı illərdən sonra Rusiya kinosunda, telekanallarında və
mətbuatında tam əksi müşahidə olunur, faktiki olaraq,
"Qafqazo-fobiya" təbliğ olunur. Hər filmdə, hər verilişdə mütləq
bir mənfi qafqazlı obrazı - "qafqazlı qatil və quldur" peyda olur.
Həmin vaxtlarda mənfi obrazları yalnız müsəlman qafqazlılar, əsasən
çeçenlər, dağıstanlılar və azərbaycanlılar təşkil edirdi, 2008-in
məlum hadisələrindən sonra doğma, provaslav gürcülərə də aman
verilmir. Şərabları içilmir, adamları da mənfi obrazlarda verilir.
Ermənilər isə daim seçilir, bəzi istisnalar olmaqla, "qədim və
mədəni millət" kimi göstərilir. Səbəblər məlumdur və hamıya
aydındır, odur ki, mahiyyətinə varmıram.
Üstündən illər keçib, amma vəziyyət dəyişməyib, "Qafqaz
millətindən olan şəxslər" ifadəsi yavaş-yavaş aradan çıxsa da,
münasibət həmin münasibətdir, azərbaycanlılara qarşı isə daha
pisdir. Fərq yalnız ondadır ki, əvvəllər Rusiya mətbuatında,
telekanallarında bizə qarşı ikili standartlarla, pərdəarxası
aparılan təxribat hazırda açıq, qərəzli və həyasız bir şəkil alıb,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin meydana gəlməsi
və həlli müstəvisində isə özünü daha qabarıq göstərir. Aprel ayının
əvvəllərində Dağlıq Qarabağ regionunda erməni tərəfin başlatdığı və
özlərinin məğlubiyyəti ilə də başa çatmış (ruslar deyir ki,
təşəbbüs həmişə cəzalandırılır!) Dördgünlük müharibədən sonra bu
təxribatlar əsil qarayaxma kampaniyasına çevrilib. Sözdə Minsk
Qrupunun həmsədrlərindən, münaqişənin həllində aparıcı tərəflərdən
biri olan Rusiya işdə erməni dəyirmanına su tökdüyünü qətiyyən
gizlətmir, öz sözünü mətbuatın, telekanalların, politoloqların dili
ilə deyir.
Aprel ayında Moskva telekanallarında yayımlanan və Azərbaycana
qarşı əsil qarayaxma kampaniyası olan "Vremya pokajet", "Politika",
"Struktura momenta", "Pravda qolosa" və s. kimi verilişlərə ürək
ağrısı ilə baxdım. Yuxarıda dediyim kimi, Rusiya rəsmilərinin də,
KİV-lərinin də azərbaycanlılara qarşı qərəzli münasibətini çoxdan
izləyirəm və yaxşı bilirəm. Ürəyimi ağrıdan isə bu münasibətin bu
qədər açıq və həyasızcasına verilməsi, eyni zamanda, Azərbaycan
tərəfin verilişdə nümayəndəsi olmadan "mühakimə edilməsi" idi.
Rusiya tərəfini verilişlərdə deputatlar, poltoqloqlar,
kinorejissorlar, hətta yüksək səviyyəli dövlət rəsmiləri təmsil
edirdi, erməni tərəfi də, dövlət təmsilçiliyi olmasa da, eyni
dərəcədə tanınmış adamlar idi. Xüsusi vurğulamaq lazımdır ki,
aparıcılar da erməni tərəfə havadarlıq edir, onların fikrini deyir
və yönəldici suallar verirdilər. Axı, qəbul olunmuş qaydalar,
normalar var, hətta qatili, qulduru belə özü, nümayəndəsi iştirak
etmədən, sözünü eşitmədən mühakimə, ittiham etmirlər. Axı
azərbaycanlıların Moskvada böyük diasporu, Rusiya Azərbaycanlıları
Konqresi kimi təşkilatı var, ən azı Azərbaycan səfirliyindən kimisə
dəvət etmək, sözünü eşitmək olardı. Azərbaycanı isə bu
verilişlərdə, nə qədər qəribə olsa da, Türkiyənin "İhlas" Xəbər
Agentliyinin Rusiya təmsilçisi, əslən azərbaycanlı olan Fuad
Abbasov adlı bir jurnalist təmsil edirdi. Həmkarımı bu verilişlərə
qədər görməmişdim və onun haqqında heç bir məlumat eşitməmişdim.
Odur ki, onun verilişlərdə iştirakını, müzakirələrə qatılmasını
sırf peşəkarlıq nöqteyi-nəzərindən izləyir, qiymətləndirirdim. İndi
isə fikirlərimi və qənaətimi hörmətli oxucularla bölüşmək
niyyətindəyəm.
Qeyd etmək lazımdır ki, jurnalistin əlinə qələm alıb analitik
yazı yazması ilə televerilişə çıxıb debatlara qoşulması arasında
yerlə göy qədər fərq var. Birinci halda sənin auditoriyanı qələmin,
istedadın və vicdanın təşkil edir. Bir qalır mövzunu yaxşı bilmək
və elementar məntiqə söykənmək. Sənin apponentin ancaq vicdanın ola
bilər ki, onunla da dil tapmaq vaxt məsələsidir. İkinci halda isə
sənin auditoriyan böyüyür, onlarla, hətta ekrandan publikaya keçib
minlərlə, milyonlarla ola bilər. Deməli, burda mövzunu yaxşı bilmək
və hətta dəmir məntiqə söykənmək kifayət eləmir, eyni zamanda,
diplomat olmalısan, auditoriyanı ələ almalısan, fikirlərini aydın
və dəqiq surətdə publikaya çatdırmalısan. Hesab edirəm ki, Rusiya,
xüsusən də erməni lobbisinin güclü olduğu Moskva telekanallarında
auditoriyanı ələ almaq mümkün deyil, çünki bu auditoiya əvvəlcədən
seçilmiş adamlardır, Azərbaycana və Türkiyəyə qarşıdır. Odur ki, bu
məsələdə həmkarımız Fuad Abbasovu qınamaqdan uzağam, amma
auditoriyanı qıcıqlardırmamaq, polemika mədəniyyətinə, dialoq
qabiliyyətinə malik olmaq lazımdır. Axı, hamı ilə mübahisə etmək,
hamının sözünü kəsmək nəyə və kimə xidmət edir?! Ən azı, Rusiya
parlamentinin yuxarı palatasının (Rusiyada parlament iki
palatalıdır) sədr müavinin sözünü kəsməmək, onu axıra kimi dinləmək
olardı. Bəs Fuad Abbasov nə etdi: Bəlkə, bütünlüklə bizə qarşı olan
auditoriyaya böyük səbir, tədbir göstərdi, yalançı erməni genosidi,
Dağlıq Qarabağ problemlərinin açılması və geniş auditoriyaya
çatdırılması istiqamətində dərin elm və helm nümayiş etdirdi?!
Əksinə, ağsaqqal və populyar siyasətçinin, yüksək səviyyəli dövlət
rəsmisinin bir neçə dəfə sözünü kəsdi və ona fikrini tamamlamağa
imkan vermədi. Bəs dövlət rəsmisi nə etdi? Tamamilə adekvat
reaksiya verdi, həmkarımıza müraciətlə dedi ki, siz tərbiyəsiz və
qanacaqsız adamsız. Sonra isə aparıcıya müraciət etdi ki, belə
mədəniyyətsiz adamları bu səviyyəli verilişlərə dəvət etmək
olmaz.
Təsəvvür edirsiz?! Çoxmillətli və çoxmililyonlu tamaşaçıların,
az qala, Rusiyanın yarısının baxdığı mərkəzi telekanalda populyar
bir verilişdə parlamentin sədr müavini əslən azərbaycanlı olan,
Türkiyəni və Azərbaycanı təmsil etmək iddiasında bulunan
soydaşımıza müraciətlə deyir ki, belə tərbiyəsiz və qanacaqsız
adamları bu səviyyəli verilişlərə dəvət etmək olmaz. Parlament
rəsmisinin yaxşı və ya pis adam olması, düz və ya yalan danışması
tamam başqa məsələdir, əsas odur ki, milyonlarla tamaşaçı onu
avtoritet hesab edir və sözünü dinləyir. Bizim soydaşımız da ona
nəinki, bu sözləri deməyə imkan verir, hətta təhrik edir. Və bütün
bunlar milyonlarla Rusiya vətəndaşının gözü qarşısında baş verir.
Təsəvvür edirsiz, azərbaycanlılar, türklər haqqında həmin
tamaşaçılar nə fikirləşir, onların ziyalıları, sadə adamları nə
deyir?! Mübaliğəsiz demək olar ki, yalnız auditoriya deyil,
Moskvada yaşayan və bizə qarşı olan rus, erməni ziyalılarının
hamısı birləşsəydi, Azərbaycana və Türkiyəyə bu boyda pislik eləyə
bilməzdi. Düşünürəm ki, yəqin elə ona görə də "Pravda qolosa"
verilişində Azərbaycanın diaspor nümayəndəsi Samir Məmmədov
türkiyəli ekspertin (oxu: Fuad Abbasovun) mövqeyinin Azərbaycanın
mövqeyi olmadığını söylədi, "Türkiyəli ekspertin mövqeyi
Azərbaycanın mövqeyi deyil, Azərbaycanın mövqeyini Azərbaycan
tərəfi səsləndirəcək", - dedi. Doğrudur, Samir Məmmədov da
auditoriyanı ələ almağa təşəbbüs göstərmədi, amma qıcıqlandırmaq da
istəmədi, sadəcə olaraq, polemika mədəniyyəti nümayiş etdirdi,
hamını səbirlə dinlədi, sonda aydın və lakonik şəkildə öz fikrini
bildirdi. Düşünürəm ki, Azərbaycan həqiqətlərinin rus tamaşaçısına
çatdılması nöqteyi-nəzərindən diaspor nümayəndəsinin bu çıxışı
jurnalist həmkarımızın bütün çıxışlarından faydalı oldu.
Mətləbə dəxli var deyə, diqqəti Fuad Abbasovun Ölkə.az saytına
verdiyi müsahibəyə (02.05.2016) yönəltmək, bir-iki məqamı qeyd
etmək istəyirəm. Həmkarımız bilərəkdən, ya bilməyərəkdən təhrifə
yol verir, deyir ki, Moskvada bir qayda olaraq, azərbaycanlı
jurnalistləri verilişlərə dəvət etmirlər, ona isə Türkiyə
təmsilçisi olaraq önəm verirlər, dəvət edirlər. Bir daha diqqətə
çatdırmaq istəyirəm ki, Moskvada, o cümlədən bütün Rusiyada ictimai
rəyə təsir edən telekanallara, reytinqli verilişlərə yalnız
"ştatlı" qonaqlar və politoloqlar dəvət olunur. Verilişə dəvət
olunan dövlət rəsmiləri də onlara nəzarət edir, lazım gəldikcə
istiqamət verir. Əgər bu verilişlərdə ermənilərin sözü deyilirsə,
mövqeyi müdafiə edilirsə, deməli bu, rəsmi mövqedir. Bu
verilişlərin birində Azərbaycanın ərazisində "Krasnıy Kurdistan"
axtaran laməkan bir kürdün peyda olması və hətta üzü üzlər görmüş
"ştatlı" qonaqları heyrətə salması fikrimizi bir daha təsdiq edir.
Yəni bu kanalların verilişlərinə Azərbaycanın və Türkiyənin xeyrinə
söz deyəcək qonaqlar və politoloqlar dəvət olunmur. Əgər təsadüfən
Fuad Abbasov kimi, tutaq ki, müstəqil jurnalistlər dəvət olunursa,
onlardan da öz məqsədləri üçün istifadə edirlər və cəmiyyətə
göstərib dövlət rəsmilərinin dili ilə deyirlər: "Baxın, belə
adamları bu verilişlərə dəvət etmək olmaz".
Həmkarımız həmin müsahibəsində bəyan edir ki, onun Türkiyənin
"İhlas" Xəbər Agentliyindəki işindən çıxarılması məhz Moskva
telekanallarındakı verilişlərə çıxması, Azərbaycanın və Türkiyənin
mövqeyini müdafiə etməsi ilə bağlıdır. Sözün qısası, guya Rusiya
tərəfi onu sifariş verib və o, işini itirib. Yalnız siyasətlə
maraqlananlara deyil, adi vətəndaşlara da aydındır ki,
Türkiyə-Rusiya münasibətlərinin hazırkı vəziyyətində bu bəyanat
nonsensdir. Əvvəla, yuxarıda qeyd etdik ki, Fuad Abbasov əgər
Moskva kanallarında verilişlərə dəvət alırsa, deməli, ondan
razıdırlar, o, qəbul olunan şəxsdir. Verilişdən sonra "ştatlı"
qonaqların, hətta ermənilərin ona yaxınlaşması, əlini sıxması da bu
razılığın əlamətidir. Təbii ki, mən də hesab edirəm F.Abbasovun
"İhlas" Xəbər Agentliyindəki işindən çıxarılması Moskva
telekanallarındakı verilişlərə çıxması ilə əlaqədardır. Amma ərz
etdiyim səbəblərdən bu, Moskvanın sifarişi deyil. Sadəcə olaraq,
həmkarımızın həmin verilişlərdə yaratdığı imic, sərgilədiyi səviyyə
"İhlas" Xəbər Agentliyini qane etməyib və hamımızın təəssüfünə
rəğmən, o, işini itirib.
Sonda həmkarımızın Moskvada Azərbaycanı jurnalist kimi təmsil
etmək arzuları və iddiaları haqqında. Təbii ki, uğurlar
arzulayırıq. Amma yuxarıda dediyimizi bir də təkrarlayırıq:
Milyonların baxdığı, ictimai rəyin formalaşdığı telekanala çıxmaq,
debatlara qatılmaq çətin məsələdir. Burda mövzunu yaxşı bilmək və
hətta dəmir məntiqə söykənmək kifayət eləmir, eyni zamanda,
diplomat olmalısan, auditoriyanı ələ almalısan, fikirlərini aydın
və dəqiq surətdə publikaya çatdırmalısan. Mən hələ Moskvanı
bilmirəm, elə Bakının özündə kifayət qədər bu keyfiyyətlərə cavab
verən, Azərbaycanı Rusiyada təmsil edə biləcək, postsovet məkanında
tanınmış yüksək səviyyəli rusdilli jurnalistlərimiz var…