Yuxarı

Sonum Aytac kimi olacaqdı…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sonum Aytac kimi olacaqdı…

Qardaş qırğınından üzü bəri qıran qıranındı. "Bismillah" – deyib atasını bıçaqla doğrayan kim, "Ana haqqı – Tanrı haqqı" – deyibən anasını güllələyən kim, sevgilisinin qoynunu bu dünyadakı cənnət hesab edib yortaraq cəhənnəmə vasil edən kim.

O qızı deyirəm, ömrünün intibah dövründə – 17 yaşında öz canına qəsd edən qızı. Hə, düz oxudunuz, məhz öz canına qəsd edən. Öz ölümündə özünün də günahı var, hərçənd, bu onun ölümünə tərəf olmağımıza haqq vermir.

Aytacı yetirən mühit, onu tərbiyə edən ana özündən əvvəl günahkardı bu ölümdə. Demirəm, "sevən yaşı deyildi-filan". Xeyr, həm oxuyan, həm sevən yaşı idi, amma onun yeniyetməlik dövrünü bitirib gənclik illərinə qədəm qoyduğu ilk il idi – adamı ölümə sürükləyən il. Hisslərə çox meydan vermək olmazdı. 17 yaş uşaq yaşı deyil, sağlam qərar verə bilən yaşda idi. Bu yaşda həyata baxışlar, intim münasibət və şəxsi özünütəsdiq inkişaf edir, gəncin psixoseksual inkişafında xüsusi dəyişiklik baş verir. Görünür, ölən və öldürülən gəncləri əhatə edən ailə, mühit onların psixoloji və sosial yetkinliyi üçün müvafiq şəraiti yaratmayıb. Sağlam olmayan mühitdə, xəstə təfəkkürlü ailədə böyüyən uşaq sabah ya kimisə yortacaq, ya da normal düşünə bilməyib yortan tərəflə münasibətdə olacaq.

Qızcığazın ölümü xoş olmayan bir hadisəni yadıma saldı. Elə Aytac yaşda idim. Bir boynuyoğun, ağlıincə oğlan sevirdi məni. Adı Sənan idi, amma siz bunu "öküz" kimi də oxuya bilərsiniz. Polis idi. Mənə görə Sumqayıt–Tərtər yolunun neçə addım olduğunu əzbərləmişdi artıq. Hətta bir dəfə də nənəsinin ölümünü bəhanə edib gəlmişdi məni görməyə. Bunu özü "irişə-irişə" belə etiraf edirdi: "Nənəm ölüb, amma mənim nənə vecimə deyil, bunu bəhanə edib səni görməyə gəlmişəm". Sözünüzün arasında bıçaqlayanınız yox, sevəniniz dursun, mən bu "vorovskoy qaqaş"dan ilan vuran ala çatıdan qorxan kimi qorxurdum.

Bir dəfə hazırlıqdan gəlirdim, bu kəl də məni qarabaqara izləyirmiş. Bizim rayondakı küçə də qismən sakit küçədi. Qəflətən maşını yanımda saxladı, düşüb bir kağız parçası uzatdı mənə. Kəl olmağına baxmayın a, yaman romantik kəl imiş, mobil telefonumun nömrəsini bilə-bilə (bunu sonralar öyrəndim) mənə məktub yazıbmış. Təsəvvür edin, evə çatmağıma 10 addım qalmış yaman yerdə axşamlamışdım. Bizim ev tərəfdə dayanmışdı, qorxumdan gəlib yanından keçib evimizə gedə bilmirdim. Bəlkə də orada əlisilahlı bir erməni olsa, daha rahat keçərdim yolu.

– Bu məktubu sənə yazmışam, al.

– İstəmirəm!

– Niyə? Qorxursan məndən?

– .....

– Zəhlən gedir məndən?

– Hə!

– Bu məktubu al, gedirəm.

– Rədd ol! İndi qışqıracam, atam gələcək.

Sonra məktubunu da götürüb çıxıb getdi.

Deyirdi, "şəklini mamamgilə göstərmişəm, sən özünü öldürməklə deyil, ya mənimsən, ya qəhvəyi torpağın". Mənim də arzularımın Bakı Dövlət vaxtı bu "vorovskoy" qardaş canıma malyariya kəsilmişdi. Hətta bir dəfə mənim üstümdə keçən yazımda haqqında danışdığım Əli ilə Üçüncü Dünya müharibəsinə də çıxmışdı. "O qız mənlikdi, qaqaş" tiplərindən idi də.

Sənandan canımı necə qurtardığımı yazmayacağam, uzun məsələdir. Nə başınızı ağrıdım, demək istəyirəm ki, Aytac ölən yaşda idim. Mən də ağılsızcasına bu cür "gönüqalın, meyxanasifət gədə"yə "hə" deyib qətlimə fərman verə bilərdim. Mənim də sonum Aytac kimi ola bilərdi.

Görəsən, o məktubda nə yazılmışdı? Bəlkə də, qətl planı imiş...

Tarix
2015.05.14 / 09:33
Müəllif
Nigar An
Digər xəbərlər

Bu yoldakı körpü təmir edilir – Ehtiyatlı olun!

“Molla Nəsrəddin” jurnalı haqda şok faktlar

Xalq artisti niyə ruhi dispanserə gedib? - Video

“Belə bayağı, primitiv sözlər...”

Dünyanın ən gözəl azərbaycanlı Karmeni - Foto

Aşıq Ədaləti öldürmək istəyən kim olub?

Erməni hakerlərdən növbəti hücum - Foto

Möcüzələr yaradan Qəbələ sakini – Video

Pamuk: “63 il əvvəl İstanbul...”

Azyaşlılara sevindirici xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla