Kapitan Dadaşov deyir ki, həmin ilin dekabrı qar Qanlı
qaya yüksəkliyinə düz 3 gün, 3 gecə dayanmadan yağdı:
- İtlərin çoxu yuvalarında donub qaldı. Hər tərəf qar olduğu
üçün onları basdırmağa yer tapa bilmədik. Məcbur olub evlərində –
təmizlədiyimiz yuvalarında basdırdıq. Sonra başqa bölüyün zabitləri
bizə it gətirdilər. Dedilər ki, bu itlərin əvəzinə sizin tərəfdəki
meşədə ceyran vuracağıq. Razılaşdıq. Orda yaşamaq üçün ərzaqdan çox
təhlükəsizliyə ehtiyac var idi. İtlər istənilən təhlükəni duyub
hürüşürdülər.
Sözünü kəsmək istədim, "Dayan, hələ gör nə danışacam, gözün
kəllənə çıxacaq", - dedi.
Kapitan Dadaşov o günü elə qar kimi soyuq şəkildə nəql edir:
- Qar kəsdiyi günün səhəri baş leytenant Zeynalov ağ paltar geyinib
maskalandı. Snayperi də kamuflyaj edib özünə mövqe seçdi. Ağzına
bir ovuc qar alıb gözlədi. Ermənistanla bizim aramızdakı neytral
ərazidə sıx meşə var idi. Bir-birini tikə-tikə etməyə hazır olan bu
iki milləti bircə bu meşə birləşdirirdi. Bizim əsgərlər hətta
erməni tərəfdən bizə keçib gələn ceyranı belə kəsib yemirdilər.
Çünki erməni zabitlər çox bic idilər. Heyvanları zəhərləyib göndərə
bilərdilər.
Komandir siqaretdən 2-3 tüstü alıb sözünə davam elədi:
- Nəsə, baş leytenant Zeynalovun yanında dayanıb binoklla qarşı
tərəfi müşahidə edirdim. Ağappaq uzanan qardan başqa heç nə gözə
dəymirdi. Ara-sıra boş ərazidə çaqqallar gəzişirdi. Birdən Zeynalov
pıçıldadı: "Odeey, nə qəşəng ceyrandı e. Qayadan 20 metr sola
bax".
Dediyi yerə baxanda qurudum qaldım. Mənə hər şey aydın oldu.
Zeynalov bura ceyran vurmağa gəlməmişdi. Onun dediyi nöqtədə iri
cüssəli bir erməni hərbçisi dayanmışdı. Uşaq həvəsi ilə qardan adam
düzəldirdi. "Zeynalov, bu ceyran deyil e, ayıdır", – dediyim an
güllə qulağımın dibində şillə kimi partladı. Qardan adam qıpqırmızı
rəngə boyandı. Hərbçi lay divar kimi arxası üstə yerə
sərildi.
Kapitan Dadaşov deyir ki, həmin gün qar öldü. Elə bildim ki, bir
də heç vaxt uşaqlarım qartopu oynaya bilməyəcəklər. Sonra daha bir
siqaret yandırıb paytaxtdakı vəziyyətdən danışdı. Sözü
hərləyib-fırlayıb Bakıda gümüş medal qazanan Miqran Arutyunyana
gətirdi. Dodaqucu gülümsəyib dedi ki, baş leytenant Zeynalovun
vurduğu əsgər həmin erməni güləşçinin qardaşı imiş. Miqran
Arutyunyan Ermənistan mətbuatına verdiyi müsahibədə qardaşının da
güləşçi olduğunu və onun cəbhədə vurulduğu tarixdən 4 il ötdüyünü
deyib. Düz 4 il öncə həmin gün baş leytenant Zeynalov onun
qardaşının kürəyini yerə vurmuşdu...
İndi məsələ odur ki, biz Qarabağ kimi böyük bir problemi
getdikcə kiçildirik. Əvvəl onu "Sarı gəlin"in ətəyinə bağladıq. Bir
müddət keçəndən sonra dolmanın yanına qoyduq. Sonra lavaşın arasına
bükdük. İndi isə tatamiyə, yorğan-döşəyə gətirmişik Qarabağı.
Bu öz yerində. Amma məsələ bir az dərində.
Nə qədər ki, cəbhə xəttində qan tökülməyə davam edəcək,
miqranlar Bakıya, Zeynalovlar da cəbhəyə gedib intiqam alacaqlar.
Adi bir idman yarışını Ağdam uğrunda gedən döyüşlərə çevirmək bizim
nə qədər balaca işlərlə məşğul olduğumuzun əyani sübutudur. Reallıq
budur ki, Miqrana məğlub olan qardaşımız Həsən Əliyevi
günahlandıranların çoxu hərbi xidmətdən yayınanlardır. Andranikin
qulağı haqqı, Qarabağ o erməni güləşçinin heç qulağına da
deyil.
Başa düşmək lazımdır ki, Qarabağ dolma, lavaş, güləş deyil,
Qarabağ Üzeyir Hacıbəyovdur, Xan Şuşinskidir, Səxavət Məmmədovdur,
Qədir Rüstəmovdur...
Qəribə bir paradoks da var: Güləş də bir növ,
qucaqlaşmaqdır.