Tarixi prosesdə formalaşan
etnik-mədəni müxtəlifliklər (çoxmədəniyyətlilik, multikulturalizm)
və onların əsasını təşkil edən etnik-mədəni dəyərlər xalqların və
dövlətlərin inkişafında mühüm rol oynayır. Lakin bu müxtəlifliklər
dövlət tərəfindən tənzimlənmədikdə və yaxud düzgün
tənzimlənmədikdə, ölkədə uyğun multikultural siyasət
formalaşmadıqda ciddi problemlər, hətta münaqişələr baş verir. Buna
görə də bu müxtəlifliklərin düzgün tənzimlənməsi çoxmədəniyyətli
dövlət üçün böyük əhəmiyyət kəsb edir.
Təəssüf ki, multikulturalizmin özü də müxtəlif ölkələrdə ondan
gözlənən eyni müsbət nəticəni vermədi. Hansı ölkədə bu, hansı
nəticəni verdi — belə bir suala cavab axtarmazdan əvvəl biz
müəyyənləşdirməliyik ki, tarixən ölkənin etnik və dini
müxtəlifliyinin mahiyyətində nə durur?! Bəzi ölkələr tarixən hər
hansı müxtəlifliklərdən yan keçib digər mədəniyyətlərlə təmas
nöqtəsinə monoetnik bir birlik kimi gəlib çıxmışdır. Bəzi ölkələrdə
isə müxtəliflik ilkin xarakterli olmuşdur. Birinci halda gəlmə
multikultural dəyərlər artıq dəyərləri formalaşmış ölkədə özünə
asanlıqla yer eləmir. Belə bir ölkədə yeni dəyərlərin calağı
istər-istəməz süni alınır. Onun üçün də bəzi Avropa ölkələrində,
məsələn, Böyük Britaniyada, Fransada, Almaniyada bu modelin iflasa
uğramasının obyektiv səbəbləri yox deyil.
Bəzi ölkələrdə isə müxtəliflik ilkin çağdan başlayır və müxtəlif
xalqlar ən qədim zamanlardan etibarən bir-birini
formalaşdıra-formalaşdıra müasir dövrə qədəm qoyurlar. "İlkin"
müxtəliflik və "sonrakı" müxtəlifliyi bir-birindən ayırmasaq,
bugünkü dünyada hansısa ölkədə multikulturalizmin iflasının,
hansında isə təntənəsinin sirrini öyrənə bilmərik.
Azərbaycanda normal multikultural əhvalın olması — müxtəlif
konfessiyaların, etnik birliklərin dostluq və mehribançılıq
şəraitində yaşaması yenə də tarixin qədim dövrlərindən qidalanır.
"İlkin" müxtəliflik Azərbaycan ərazisində özünü göstərən nadir
xüsusiyyətlərdəndir və bu hal "sonrakı" müxtəliflikdən indicə qeyd
etdiyim kimi kəskin şəkildə fərqlənir. Məhz "ilkin" müxtəliflik bu
gün Azərbaycan ərazisində özünü qoruyub saxlamış sistemli münasibət
modeli formalaşdırmışdır. Nəticədə isə əsrlərdən bəri şair, yazıçı
və alimlərin bədii ədəbiyyatda, elmi traktatlarda özünü göstərən
müxtəlifliyə hüsn-rəğbəti və loyallığı məhz Azərbaycanda, özü də
müstəqillik dövründə yeni bir siyasi ahəng kəsb edə bildi.
Elə ona görə də təəccüblü deyil ki, bir sıra Qərb ölkələrində,
elə həmin Fransada, İngiltərədə, Almaniyada multikulturalizmin
siyasi xətt kimi iflasa uğramasının bəyan edildiyi dövrdə
Azərbaycan Respublikasında multikulturalizm dövlət siyasəti kimi
ortaya çıxdı. Azərbaycanın müstəqilliyinin ilk dövründə Ulu öndər
Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün son dərəcə
dəqiq ideoloji hədəf seçdi. Azərbaycanın çoxmədəniyyətlilik
ənənəsini inkişaf etdirib onu keyfiyyətcə yeni müstəviyə keçirdi.
Bu müstəvi siyasət müstəvisi idi.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş
multikulturalizm siyasəti müasir dövrdə Prezident İlham Əliyev
tərəfindən uğurla inkişaf etdirilir. Prezident İlham Əliyevin qeyd
etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə
çevrilmişdir. Multikulturalizmin vətəndaş cəmiyyətində həyat
tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bu
mərhələdə bəşəri dəyərlərin, mərhəmət, şəfqət, acıma, dözümlülük,
dəyərvermə kimi hisslərin cəmiyyətdə yayılması xüsusi miqyas və
məna kəsb edir. Multikulturalizm ideyaları ictimai şüurda
möhkəmlənir.
Şübhəsiz, Qərbi Avropa ölkələri ilə müqayisədə Azərbaycanın
demokratik inkişaf sahəsində real təcrübəsi azdır. Amma mənəvi
təcrübəsi böyükdür. Dastanlarımızdan, nağıllarımızdan, klassik
ədəbi nümunələrimizdən qədim demokratik prinsiplərlə bağlı
yetərincə misal və nümunələr göstərmək olar. Tarix boyu Azərbaycan
mənəvi həyatında tolerantlıqdan xeyli danışmaq mümkündür. Bunlar,
təbii ki, multikultural tərzin Azərbaycan cəmiyyətinə öncədən xas
olmasına bir sübutdur.
Baxın, multikultural dəyərlər harada iflasa uğradı? O ölkələrdə
bu belə oldu ki, mənəvi baxımdan formalaşma prosesini başa
çatdırandan sonra oraya miqrasiyaların yeni dalğası ilə bu çağa
qədər tanış olmayan multikultural dəyərlər, yad baxışlar gəlməyə
başladı. Və artıq formalaşmış orqanizm bu süni calağı qəbul
etmədi.
Azərbaycanda isə əvvəlcədən bu dəyərlər süni deyildi. Çünki
onlar təbii halda, başlanğıcdan bir yerdə idi. Əsas məsələ budur.
Buna görə də biz metodoloji olaraq, "ilkin müxtəliflik", "sonrakı
müxtəliflik" anlayışlarını bir-birindən fərqləndirməliyik. İlkin
müxtəliflik, əslində, özündə miqrasiya elementi saxlamır. O,
müxtəlifliyin ilk başlanğıcdan bir yerdə, yanaşı mövcudluğudur.
Elə bunu nəzərdə tutaraq Azərbaycan Prezidenti cənab İlham
Əliyev qeyd edir ki, "multikulturalizm ənənələri Azərbaycanda
əsrlər boyu həmişə mövcud olub. Sadəcə, müxtəlif cür adlanıb, lakin
mahiyyəti dəyişməyib". Elə buna görə də, Azərbaycan Avropa
məkanında multikulturalizm siyasətinin qarşısında yaranan
problemlərə məğlub olmamağı bacardı.
* * *
Multikultural təhlükəsizlik nədir?! Biz dövlətin milli
təhlükəsizlik sisteminin bir çox komponentləri ilə tanışıq.
İqtisadi təhlükəsizlik, nəqliyyat təhlükəsizliyi, mədəni
təhlükəsizlik, enerji təhlükəsizliyi, qida təhlükəsizliyi və s. hər
biri ayrılıqda və bütövlükdə dövlətin yaşaması üçün vacib
komponentlərdir. Bu sistemin içinə mənəvi, ideoloji həyatın
ayrılmaz hissəsi olan multikultural dəyərləri də bir bütöv
təhlükəsizlik komponenti kimi daxil etmək mümkündür. Ölkə öz
enerji, iqtisadi, mədəni təhlükəsizliyini qoruduğu kimi
multikultural təhlükəsizliyini də təmin etməlidir. Multikultural
təhlükəsizlik bir sıra prinsiplərdən ibarətdir. Bu prinsiplər
dövlətin özünü inamlı, ədalətli, keyfiyyətcə daim yeniləşən bir
mahiyyətə malik orqanizm kimi hiss etməsini şərtləndirir.
Multikultural təhlükəsizliyin ümumi mahiyyəti hər hansı bir
ölkədə irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq
hər kəsin hüquq və azadlıqlarının müdafiə olunması, etnik, dini,
irqi mənsubiyyətindən asılı olmayaraq bütün xalqların, etnik
qrupların mədəni dəyərlərinin qorunması və inkişaf etdirilməsi
deməkdir. Cəmiyyətin multikultural təhlükəsizliyinin təmin olunması
qarşısında yaranan problemlər inkişaf edərsə, etnik, dini, irqi
zəmində qarşıdurmalara, münaqişələrə səbəb olar. Son dövrdə
Avropanın bir sıra ölkələrində etnik, millətçilik və dini
radikalizm, ksenofobiya, antisemitizm, islamofobiya meyillərinin
artması qeyd olunanların bariz nümunəsidir.
Təəssüf ki, bəzən Avropa ölkələrindən ölkəmizə qarşı
Azərbaycanda gedən ictimai, ideoloji prosesləri dərindən duymayan
bəzi qurumlar və rəsmi şəxslər tərəfindən milli azlıqlar və insan
hüquqları ilə bağlı ağlasığmaz və hətta gülünc tələblər, iddialar
irəli sürülür. Anlaşılmaz məqamlarla bağlı Azərbaycan istənilən
çərçivədə diskussiya aparmağa həmişə hazırdır. Amma çox zaman
anlaşılan, amma qəbul edilə bilməyən, görmək istənilməyən məqamlar
ortaya atıldığı zaman biz düşünürük: bu pretenziyaları özünü
demokratik ruhlu sayan bir qurum və ya şəxs necə irəli sürə bilər?!
Belə bir dövlət qurumu (təəssüf ki, onlar da yox deyil) Azərbaycana
tətbiq edilən ikili-üçlü standartlara əhəmiyyət verməyib əzablı
yollarla öz-özünü qurmaqla və formalaşdırmaqla, əsrlərdə qalmış,
dağıdılmış dəyərlərini bərpa etməklə məşğul olan kiçik bir ölkəni
necə ittiham edə bilər?! Orta əsrlərin "xristian-müsəlman"
qarşıdurmasının bərpasınamı doğru dünya addımlayır?! Səlib
müharibələrinin şeypur səslərimi gurlamaqdadır?! Böyük alman
mütəfəkkiri F.Niççe, elə bil, belə halı bir öncəgör kimi duyaraq
bizləri xəbərdar edirdi: "Səhra böyüyür".
Səhranı isə böyüməyə qoymaq olmaz. Multikultural dəyərlər
sistemi işləyərsə, o dəyərlərə adekvat münasibət formalaşarsa,
səhranın böyüməsinin qarşısı alınar. Və dünyanı yaddaş ilahəsi
Mnemozinaya xəyanətdə ittiham etməzlər.
Azərbaycan kimi müxtəlifliyə ruhən açıq ölkədə multikultural
təhlükəsizliyin prinsiplərini formalaşdırmaq, əslində, ideoloji
müstəvidə gedən bəzi proseslərin sistemləşdirilməsi cəhdidir.
* * *
Multikultural təhlükəsizlik prinsipləri nəyi nəzərdə tutur?!
Prezident İlham Əliyev öz çıxışlarının birində qeyd etdi ki,
ondan xarici ölkələrdə tez-tez təəccüblə soruşurlar: Azərbaycanda
müxtəlif konfessiya rəhbərlərinin və üzvlərinin bir-birinə belə
tolerant, dostluq münasibətinin əsasında nə durur? Bunun səbəbi
nədir?
Etiraf edək ki, bu sualın özü bir azərbaycanlı üçün qəribə
səslənir. Çünki müasir azərbaycanlı bu münasibətin mahiyyətini ruhu
ilə, mənəvi orqanizmi ilə hiss edir. O bunun səbəbini bilməyə
bilər. Udduğun hava kimi, içdiyin su kimi bu münasibət də bizim
həyatımız üçün son dərəcə vacibdir. Amma bu sualın, əlbəttə ki,
ciddi cavabı da yox deyil. Azərbaycanda belə bir mühitin olması
onunla bağlıdır ki, ölkə başçısı, bütövlükdə dövlət müxtəlif
konfessiyalara bərabər siyasi münasibət bəsləyir. Heç birini
digərindən fərqləndirmir. Bərabər siyasi münasibət də öz növbəsində
konfessiyaların bir-birinə və hər birinin ayrılıqda dövlətə
tolerant münasibətini şərtləndirir. Və beləliklə: Multikultural
təhlükəsizliyin əsas və ən vacib prinsiplərindən biri məhz ölkə
daxilindəki müxtəlif konfessiyalara siyasi münasibətin bərabər
şəkildə yönəlməsi mexanizmini qurmaqdan doğur.
Multikultural təhlükəsizliyin başqa bir prinsipi ölkədə mövcud
olan milli müxtəlifliyin qorunmasına yönəlmiş dövlət qayğısının
formalaşdırılması ilə müəyyən edilir.
Azərbaycan müxtəlif xalqların dinc, dostluq, qardaşlıq
şəraitində yaşadığı, sevinci və kədəri birgə bölüşdüyü məkandır. Bu
məkanı qədim Qafqaz albanlarının bugünkü varisləri olan udinlər,
avarlar, ləzgilər, habelə yəhudilər, talışlar, ruslar, gürcülər,
kürdlər, yaxın keçmişdə almanlar öz ortaq vətənlərinə çevirə
biliblər. Bu gün Azərbaycana əsassız torpaq iddiası ilə çıxış edən
separatçılarla eyni millətdən olan, ancaq bu separatçıların əsassız
iddialarını qəbul etməyən Azərbaycan erməniləri də buranı öz
vətənləri sayırlar. Bir kənd qədər sakini olan, dili və etnik
kimliyi bu kənddən başqa heç bir yerdə təmsil olunmayan
xınalıqlılar və ceklilər də Azərbaycana məxsusdur. Bütün bu
xalqların dil və mədəni zənginliklərini Azərbaycan dövləti öz
zənginliyi, öz gücü sayır. Ulu öndər Heydər Əliyev deyirdi:
"Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin
olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və
sivilizasiyasına öz töhfəsini verir".
Bu gün Azərbaycanda formalaşan yeni, demokratik cəmiyyət
müstəqil dövlət quruculuğunda fəal iştirak edir. Öz milli kimliyi
onun bu gün özünü azərbaycanlı kimi hiss etməyinə mane olmur. O, öz
ana dilində danışa bilir, yaza bilir və öz mədəni ehtiyaclarını
ödəyə bilir. Konstitusiyamızın "Milli mənsubiyyət hüququ" adlı
44-cü maddəsində göstərilir: "Hər kəsin milli mənsubiyyətini
qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini
dəyişdirməyə məcbur edilə bilməz".
Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrini bu gün
müstəqil Azərbaycanın hər bir sahəsində — siyasətdə,
iqtisadiyyatda, təhsildə, idmanda, mənəvi həyatda, bir sözlə, bütün
sahələrdə görmək mümkündür.
Multikultural təhlükəsizliyin bir vacib prinsipi də ölkədə
mövcud olan mədəni müxtəlifliyin inkişafına dövlət və cəmiyyət
tərəfindən dəstək verilməsinin təmin edilməsindən formalaşır.
Etnik birliklərin dili, tarixi, ədəbiyyatı öz-özlüyündə
öyrənilməli, onlar ölkə daxilində özlərini yad elementlər kimi hiss
etməməlidirlər. Ümumazərbaycan mədəni konteksti onların hər biri
üçün mənəvi məkana çevrilməlidir. Bu siyasi xətt bu gün Azərbaycan
dövlətinin əsas hədəflərindən biridir.
* * *
Təhsil sahəsi ilə bağlı konkret olaraq onu qeyd etmək olar ki,
müstəqilliyin ilk dövründən başlayaraq ölkəmizdə Azərbaycan dili
ilə yanaşı rus və gürcü dillərində fəaliyyət göstərən məktəblər
olmuşdur. Milli azlıqların sıx yaşadıqları bəzi rayonların orta
məktəblərinin ibtidai siniflərində ana dili (avar, kürd, ləzgi,
talış, saxur, tat, udi, xınalıq və s.) dərslərinin tədrisi təşkil
edilmişdir. 2003-cü ildə Bakıda ivrit, yəhudi tarixini və
mədəniyyətini tədris edən özəl yəhudi orta məktəbi açılmışdır.
Bütün ali məktəblərdə rusdilli bölmələr fəaliyyət göstərir. Dövlət
vəsaiti hesabına rus, avar, talış, kürd, ləzgi, saxur, tat, udi,
xınalıq, ivrit dillərində əlifbalar, tədris proqramları və digər
dərsliklər, məktəbli lüğətləri mütəmadi olaraq çap edilir.
Azərbaycanda radio və televiziya məkanı da milli və dini
azlıqlar üçün açıqdır. Azərbaycan Dövlət Radiosunda kürd, ləzgi,
talış, gürcü, rus, erməni dillərində dövlət büdcəsindən
maliyyələşdirilən radio verilişləri təşkil edilir. İnternet
televiziyalarda dillər və mədəniyyətlər öyrənilir.
Mətbuat və kitab nəşri ilə bağlı onu qeyd etmək olar ki, ləzgi,
talış, rus, xınalıq, yəhudi, gürcü dillərində qəzet və ya qəzet
səhifələri çap edilir. Rus dilində teatr, orta və ali məktəblər və
s. fəaliyyət göstərir. Kitablar çap edilir. Ölkədə həyata keçirilən
proyektlərdən biri qədim dastan "Kitabi-Dədə Qorqud"la bağlıdır.
Alman alimi Haynrix Fridrix Fön Dits 1815-ci ildə bu eposun bir
hissəsini alman dilinə tərcümə edib öz giriş sözü ilə bir yerdə çap
etdirib. Azərbaycan Prezidenti İlham Əliyev bu hadisə ilə, yəni,
Azərbaycan dastanının dünyada alman alimi tərəfindən tanıdılmasının
200 illiyi ilə bağlı xüsusi Sərəncam imzalayıb. Müxtəlif elmi,
mədəni, tədris təşkilatları ilboyu bu mühüm hadisəni qeyd edirlər.
Bu, birfiloloji bayramdır. Həmin 1815-ci ildə Drezdendə çap edilmiş
"Dədə Qorqud" hekayəsini və Fön Ditsin müqəddiməsini Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycandakı milli dillərə
tərcümə edib çap etdirmək proyektini həyata keçirir. Bir başqa
proyekt milli dillərdə yazan şair və yazıçıların əsərlərini çap
etməyi nəzərdə tutur. Qədim tarixin öyrənilməsinə dair isə onu
demək olar ki, lap elə bu yaxınlarda Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi tərəfindən İtaliyada qədim albanların
varisi udinlərlə bağlı italyan və Azərbaycan alimlərinin birgə elmi
konfransı keçirildi.
Mədəni müxtəlifliyin qorunmasında vacib şərtlərdən biri bu işlə
dövlətlə yanaşı vətəndaş cəmiyyəti və onun fəaliyyətini dəstəkləyən
qurumların da məşğul olmasıdır. İlk olaraq bu baxımdan möhtəşəm
layihələrə imza atan Heydər Əliyev Fondunu göstərmək olar. Eyni
zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan
Prezidenti tərəfindən yeni yaradılmış Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti
yanında Bilik Fondu və b. bu istiqamətdə real işlər görür.
Multikultural təhlükəsizliyin Azərbaycan nümunəsindəki təhlili
göstərir ki, onun prinsiplərinə məqsədyönlü şəkildə riayət etdikdə
ölkənin həm daxili potensialı öz zənginliklərini ən dərin qatlardan
daha həvəslə üzə çıxarır, həm də ölkə öz beynəlxalq imicinə müsbət
çalarlar əlavə edir. Bu sonuncu məqam lap elə bu yaxınlarda Bakıda
keçirilmiş 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun
xarici iştirakçıları tərəfindən dönə-dönə vurğulandı. Daha bir
möhtəşəm misal birinci Avropa Oyunlarıdır. Bakıda keçirilən bu
Oyunlar bir daha göstərdi ki, Azərbaycan vətəndaşına milli və dini
ayrı-seçkilik yaddır, dünyadakı bütün millətlərə o, özününkü kimi
baxa bilir. Bir çox xalqların hələ də ayrıla bilmədiyi bir
qarşıdurma var: "öz-özgə" qarşıdurması. Amma "öz və özgə"
qarşıdurması bizim həmvətənlərimiz üçün öz kəskin əhəmiyyətini hələ
orta əsrlərdə itirmişdir. Bu gün bu qarşıdurma özünün ən "yumşaq"
formasını yaşayır.
Müasir azərbaycanlının həm ədəbiyyatında, həm psixologiyasında,
həm dünyaya baxışında, həm də müasir siyasi təsəvvürlərində
multikultural dəyərlərin yeri aşkardır. Elə buna görə də bu gün
"Azərbaycan multikulturalizmi" bir fənn kimi də bizim avropalı
həmkarlarımızı özünə cəlb edir. Məmnunluqla qeyd etmək istərdim ki,
bu semestr bir sıra universitetlərdə bu fənnin tədrisi başlandı.
Litva, Gürcüstan, Rusiya, Bolqarıstan, Belarus, İtaliya, Çexiya
universitetləri artıq Azərbaycana olan maraqlarını "Azərbaycan
multikulturalizmi" fənninin tədrisi vasitəsilə də nümayiş
etdirirlər. Eyni zamanda, bizim proqram əsasında bu fənnin bir sıra
Azərbaycan universitetlərində də tədrisi başlamışdır. Həm xaricdə,
həm də Azərbaycanda semestrdən semestrə bu universitetlərin sayının
artması gözlənilir. Belə bir fənnin ölkədaxili və dünya
universitetlərində tədrisinin özü elə multikultural təhlükəsizlik
prinsiplərindən biridir.
Multikultural təhlükəsizlik prinsipləri Azərbaycan kimi kiçik,
amma dərin kökə və tarixə malik ölkələr üçün digər təhlükəsizlik
doktrinalarının prinsipləri qədər vacib və zəruridir. Burda
sadalanan prinsiplərin Azərbaycanda bərqərar olması isə Azərbaycan
vətəndaşlarının birgə səyi və əməyi nəticəsində mümkün olmuşdur.
Kənar ideoloji müdaxilələrin qarşısının alınması, təxribat
xarakterli meyillərin minimuma qədər zəifləməsi bu prinsiplərin
həyata keçirilməsindən də asılıdır. Ulu öndərin dəqiqliklə
göstərdiyi ideoloji hədəfə doğru yaxınlaşdıqca dünya bizi daha
adekvat tanıyır, daha maraqla öyrənir. Bu isə Azərbaycana qarşı
loyallığın ən müxtəlif məkanlarda güclənməsi deməkdir.