Yuxarı

Xankəndi küçələrində nələr hiss etdim...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün - iyunun 1-dir, uşaqların günü. Günün sonunda izləmək imkanım oldu. Baxdım ki, sosial şəbəkələrdə demək olar, hamı ya uşaqlarının şəklini, ya öz uşaqlıq şəkillərini, ya da uşaqlıq xatirələrini paylaşıb. Çox maraqlıdır.

Jurnalist həmkarım Günay Malikqızı yazıb ki, Laçında yediyim kətənin dadındadır uşaqlığım...

İstər-istəməz məni də uşaqlığıma qaytardı bu fikir.

Mənim uşaqlığımda nələr var, kimlər var? Laçının dadlı kətəsi mənim də yaddaşımda var, təbii. Motal pendirinin, pətək balının, diş donduran bulaq suyunun dadını unutmaq olarmı?!

Laçın mənimçün enişlər və yoxuşlardır. Aranla Dağın fərqidir Laçın. İlk dəfə orda görmüşəm enməyin asanlığını və yüksəyə qalxmağın, yoxuşa dırmanmağın nəfəs kəsməsini.

Bir də... “Ay Laçın” mahnısıdır Laçın. Sevgini xatırladır. Sarı simdir. Həzinliyin, zərifliyin və mübhəmliyin laylasıdır...

Xankəndinin küçələrində hiss etdiyim soyuqluq və solğunluq var uşaqlığımda. Dəqiq xatırlayıram o hissi. Orada yaşayan ermənilərin bozluğu sanki hopmuşdu hər yerə. Necə ifadə edim, sevmədiyin qonaq istəmədiyin, gözləmədiyin halda sənin evinə gələndə nə hiss edirsən? Xankəndiylə bağlı təxminən buna bənzər bir duyğu var zehnimdə…

Gözləyirsən ki, çağırılmamış qonaq getsin və sən rahatlanasan. Ayaqlarını uzadasan, hüzur tapasan, ürəyin nə istəsə, onu edəsən. Evinin rahatlığının dadını çıxarasan...

Şuşanın dadından, ləzzətindən doyulmayan havası da var xatirələrimdə. Ən çox da Cıdır düzü var. Möcüzəvi Cıdır düzü... Ən möcüzəvi olan odur ki, bu yaxınlarda Şuşada olarkən vaxtilə - səhv etmirəmsə, 4 yaşımda şəkil çəkdirdiyim o məkanı təkrar tapdım. Özü də axtarmadan. Sanki qolumdan tutub o qaya parçasının yanına apardılar məni. Həmin daşın üstündə oturdum və təkrar şəkil çəkdirdim.

Yuxu kimidir, inanılmazdır. Amma həm də reallıqdır, həqiqətdir. İlahi, Şuşa necə misilsizdir, necə gözəldir, necə qəşəngdir! Siz bəlkə də inanmayacaqsınız, amma bilirsiz mən indi nə düşünürəm?! Keşkə Şuşa səfərindən geri qayıtdığımız gün gözlərdən oğurlanıb gizlənə biləydim, məni axtarıb tapa bilməyəydilər və... Şuşada qalaydım. Daha çox qalaydım Şuşada.

O qədər doğmadır ki Şuşa! Ata evi kimi. Həmişə ehtiyac duyursan. Həmişə qayıtmaq istəyirsən, görmək istəyirsən. Həmişə qalmaq istəyirsən.

Mən Şuşada olanda heç bir yer üçün, Bakıdakı evim üçün heç darıxmadım. Məsələn, xaricə gedəndə dərhal Bakı üçün, evim üçün hədsiz darıxmağa başlayıram və səyahət nə qədər maraqlı olursa olsun, yenə də bir an öncə işlərimi yekunlaşdırıb Azərbaycana qayıtmaq, evimə qayıtmaq istəyirəm...

Şuşada isə bu hiss olmadı. Heç olmadı. Sanki elə öz evimdə, atamın Tərtərdəki evindəydim və çox xoşbəxt idim. Şuşa sanki mənim atamın eviydi, öz evim idi, öz evimdi...

Vətəndən danışmaq, doğma yerlərdən bəhs etmək o qədər gözəldir ki! Mən düz 30 il darıxmışam bu söhbətlər üçün. Ona görə də daha çox danışmaq, bölüşmək, paylaşmaq istəyirəm. 30 nisgilli, ağrılı, iztirablı ilin - ayların, günlərin, saatların, dəqiqələrin, hətta saniyələrin acığına, daha çox, daha da çox danışmaq istəyirəm. O 30 ağır ilin əvəzini çıxmaq istəyirəm…

Kəlbəcəri, yaddaşımda qalan Kəlbəcəri necə tanıdım sizə?! Dünyanın ən gözəl məkanı. Dünyalar gözəli. Dünyanı gəzin, dolanın, ordan gözəlini, füsunkarını, əsrarəngizini tapmayacaqsınız. Mümkün deyil. Çünki Kəlbəcər əvəzolunmaz, ecazkar və təkrarsızdır...

Kəlbəcərlə bağlı xatirələrim Yoldan başlayır. Məncə, dünyada ikinci belə bir gözəl Yol yoxdur. Qəribə, unudulmaz energetikası var. Qayalar yolun üstünə elə əyilib ki, sənə elə gəlir, bu dəqiqə qopacaqlar və başına töküləcəklər. Zəhmli, eyni zamanda şövqlü və həyəcanverici gözəllikdir Kəlbəcər…

Qaragöl var ha, o məşhur göl. Bir dəfə az qala orada batacaqdım, Allah saxladı. Murovda yaylaqda idik, qohumlarımızgildə. Qonaq getmişdik. Bir gün qızlar, gəlinlər xalça-palazları yumaq üçün atlara yükləyib Qaragölə sarı yol aldılar. Mən də onlara qoşuldum. Deyə-gülə gölün kənarında xalça-palazları yuyarkən gördüm ki, kiçik bir kilimi su aparır. Özümü atdım suya. Sahildən təxminən 5-6 addım irəli. Kilimdən yapışdım, ancaq hiss etdim ki, ayaqlarım sürüşür, su məni aşağı dartır. Suyun gücünü ilk dəfə onda gördüm. Vahimələndim və hövlnak özümü kənara atdım. Qadınların üz-gözündəki qorxunc ifadədən anladım ki, necə böyük bir təhlükəni adlatmışam. Bata bilərmişəm...

Yaylaqdan geri dönərkən Yanşaq kəndində - qohumlarımızgildə qalmağımız da unudulmazdır. Bu səfər həm də ona görə mənimçün unudulmazdır ki, ilk dəfə onda ata minmişdim. Elə fərəhliydim ki… Dağlar, alaçıqlar, tərəkəmə həyatı, ucsuz-bucaqsız qoyun sürüləri, atlar… mənimçün tamamilə yenilik idi. Yeni və ilginc bir dünya…

Hə, dadlardan bir az da danışaq. O dadlardan ki, uzun illər keçir, ancaq unuda, yaddan çıxara bilmirsən. Hansısa formada yaddaşında qalır. Yanşaq kəndində qonaq qaldığımız evin qızı Gülüşün - adın gözəlliyinə baxın - həyətdəki ağacdan dərib mənə verdiyi özü kimi qırmızıyanaq almanın ətri, dadı hələ də damağımdadır. Unutmaq mümkün deyil. Nə ondan öncə yemişdim, nə də sonra heç bir yerdə o ləzzətdə, o gözəllikdə, o şirinlikdə alma görmədim, yemədim.

Bizim torpaqlar o qədər bərəkətli, məhsuldar və bənzərsizdir ki, bitirdiyi, yetirdiyi ruzi də hədsiz dadlıdır, qeyri-adidir, doyumsuzdur...

Bax, o ətir - almanın ətri də mənim uşaqlığımdır, uşaqlığımdan mənə qalan qiymətli bir parçadır, zərrədir, xəzinədir. Heç zaman unudulmayacaq bir xatirədir. Ən əziz xatirədir. Və mənə elə gəlir ki, bizi formalaşdıran, şəkilləndirən, gücləndirən, ürəkləndirən və belə demək mümkünsə, ilhamlandıran, işıq olmağa, işıq verməyə, işıq almağa yönləndirən həm də o xatirələrdir, uşaqlığımızda yaşadıqlarımız, gördüklərimiz və unutmadıqlarımızdır. O ruhdur, o ruhaniyyətdir bizi yetişdirən.

Biz təbii ki, fərqində olmuruq. Amma heykəltəraş öz əsərini necə yonursa, incəldirsə, şəkilləndirirsə, yaddaşımız da bizi eləcə biçimləndirir. Ən mühüm informasiyalardır uşaqlıq yaşantıları - yaşadıqlarımız, gördüklərimiz, duyduqlarımız, hiss etdiklərimiz. Beyinlə, təfəkkürlə birbaşa əlaqəlidir. Gələcəyimizə, düşüncələrimizə, seçimlərimizə, hisslərimizə bir ömür boyu təsir edir, istiqamətləndirir...

O yaddaş həm də Vətəndir. Nə olursa-olsun, qopa bilmirik və sevməkdən, sahiblənməkdən doya bilmirik...

Və o yaddaş hər gün bizimlədir. Hər gün təzədir. Keçmiş olmur, keçmişdə qalmır, bizimlə çiyin-çiyinə addımlayır hər gün...

Gələcəyə doğru...

Gözəl gələcəyə doğru...

Tarix
2021.06.02 / 09:18
Müəllif
Aynur Camalqızı
Şərhlər
Digər xəbərlər

Xankəndidə yaşanan mistika və Əliyevin eyhamı...

Bu gün Xankəndi Paradına Onlar da qatılacaq…

“Xocalı alınsın...” Niyə belə qarğımışdın, Qənirə?

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir!

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Mehriban xanımın Laçında dediyi bu söz...

Ad gününü Laçın Gününə qatan Xanım…

Rasim Balayev nəyi “səhv” etdi ki…

Əliyevi əcnəbi jurnalistlərə sevdirən səbəb…

İlham Əliyev bu günü yaddaşımızdan sildi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla