Yeni ilin ilk günləridir. Bu həm də o deməkdir ki, ən
azı ilin sonunda bir xeyli arzumuzun gerçəkləşməsinə ümid etmək
üçün qarşıda bir illik zaman var. Hər bir fərd üçün arzu, ümidlərin
olması təbiidir, istənilən insan sosial vəziyyətindən, statusundan
asılı olmayaraq, özü üçün hansısa arzular, ümidlər qurur. Bu
arzuları gerçəkləşdirmək onun imkanları xaricində olanda isə, işi
Allahın öhdəsinə buraxır, metafizika dövriyyəyə girir. Ona görə də
yeni il həm də Allahın insan arzuları ilə ən çox yükləndiyi bir
başlanğıcdır.
Əminəm ki, əgər Allaha ünvanlanan arzuların, diləklərin
statistikasını çıxarmaq mümkün olsaydı, Azərbaycan ilk sıralardan
birində yer almış olardı.
Qurani-Kərimdə belə bir ayə var: "İnsanlar nankordur, xoş
günlərdə Rəbblərini zikr etməzlər". Bu ayədən yola çıxaraq
firavanlıq və rifahın təmin olunduğu Qərb cəmiyyətlərindən özümüzü
daha çox "ruhani, etiqadlı" saya bilərik. Çünki biz Allahı daha
tez-tez xatırlayırıq. İşin ciddisinə gəlincə, Allahı təkcə işimiz
düşdüyü üçün xatırlamaq dindarlıq deyil. Bu, yuxarıda sitat
gətirdiyimiz ayənin təsbit etdiyi nankorluq anlayışının ifadəsidir
daha çox... Çünki arzu və ehtiyaclarımızdan kənarda Allahı niyə
xatırladığımıza fikir versək, onun buyruqlarına nə qədər əməl
etdiyimizə nəzər salsaq, dindarlığımızın gerçək ölçüləri üzə çıxar.
Bəlkə elə buna görədir ki, Allah bizdən üz döndərib. Adi ticarətdən
tutmuş həkimin xəstəyə, müəllimin şagirdə, müstəntiqin, hakimin
müttəhimə... münasibətinə qədər, istənilən sahədə Allahı tapmaq
müşkül məsələdir. Bu ifadəyə görə tələsib bizi Allahı inkar etməkdə
günahlandırmayın, lütfən!
Quran məntiqinə görə, Allaha olan etiqad və inamımız
əməllərimizdə təcəlli edir, bu əməllər olmadan sözdəki inamın bir
qara qəpiklik dəyəri yoxdur. Demək, əməllərimizdə görünməyən Allaha
ürəyimizdə, qəlbimizdə də yer verməmiz mümkün deyil.
Məsələyə başqa bir bucaqdan baxaq. Bu gün zənginlərimizin, iş və ya
tanınmış sənət adamlarının əksəriyyətinin əməllərində Allahı görə
bilirikmi?! Bu kəsim sosial problemlərə görə Allaha işi düşməyənlər
hesab olunurlar. Yaxınlarda "Axar.az" saytında xarici ölkələrin
tanınmış sənətçilərinin öz gəlirlərindən xeyriyyə işləri üçün nə
qədər böyük vəsaitlər ayırdıqları ilə bağlı məlumat verib, eyni
mövzuda bizim sənətçilərimizdən soruşduqda bəlli oldu ki, heç biri
xeyriyyə fəaliyyəti ilə məşğul olmurlar. Lüks avtomobillərdə gəzən,
bahalı villalarda yaşayan zənginlərimizdən xeyriyyəçiliklə bağlı
soruşmaq mümkün deyil, çünki o saat aylıq maaşalarını deyib, ayın
başından sonuna güclə çatdırdıqlarını bildirəcəklər...
Yeni il də köhnəlməyə başlayacaq. Ancaq bizim Allaha
münasibətimiz dəyişməyincə, Allahın da bizə münasibəti
dəyişməyəcək: O, nə qədər mərhəmətli və bəndələrini sevən olsa
belə... Allahı öz əməllərimizdə göstərmədikcə, hər ili ümidlərlə,
arzularla başlayıb, amma hər dəfə də göyə açılan əllərimizi
yanımıza salmalı olacağıq.