"Bizim Cəbiş müəllim" təkcə müharibə mövzusunda çəkilmiş
film deyil, həm də ailə-məişət mövzularının yer aldığı, keçən əsrin
tipik Bakı məhəlləsini təsvir edən bir dramdır.
Filmdə hadisələr İkinci Dünya müharibəsi illərində Bakıda
cərəyan edir. Bu illərdə qələbə naminə – Namiqin sözləri ilə desək,
vətən üçün, Stalin üçün hər cür çətinliyə dözüb ailəsini halal
zəhmətlə dolandırmağa çalışan sadə adamların mənəvi üstünlüyü əks
olunur. Arxa cəbhə hərdən elə tragikomik boyalarla verilir ki,
filmdəki komik, xüsusilə, Nəsibə Zeynalova və Əliağa Ağayev olan
səhnələrə adam ağlamaq istəyir. Bu da Həsən Seyidbəyli peşəkarlığı
deməkdir.
Baş rolu ifa edən Süleyman Ələsgərov uğurlu seçim olub. Ancaq
Cəbiş müəllim hədsiz ideallaşdırılıb. Qurandan don da geyinsə,
inanmaram ki, 41-45-in aclığı vaxtı pul qazanacığını bildiyi halda
sabun bişirməkdən imtina edən bir adam olsun. Adam yersiz
kaprizlərinə görə uşağını acından öldürür. Rejissor burda
reallıqdan uzaqlaşır, sanki. Amma filmin canı da bir-iki məsələnin
üzərində qurulub ki, onun da biri sabun bişirməyən Cəbiş müəllimin
acından ölən qürurudur.
Şəfiqə Məmmədovanın canlandırdığı rol isə sözlə ifadə
olunmayacaq qədər möhtəşəm… Bir aktrisa bir rolu ancaq bu qədər
doğal oynaya bilər.
Bir çox peşəkar, aktyor, rejissor, kinotənqidçi bu fikirdədir
ki, filmə çəkilmək üçün aktyor təhsili olan adam olmaq şərt deyil,
əsas istedad və rola uyğun gəlməkdir. Makedon da belələrindəndir.
Aqil Ağacanovun yaratdığı Makedon obrazı filmdə elə Cəbiş müəllim
qədər yadda qalıb. Ancaq Namiq daha sevimli obrazdır mənə görə.
"Böyük Vətən müharibəsində Sovetlər Birliyi tərəfindən iştirak
edən hər 1000 tankdan 700-nü, hər 1000 təyyarədən 700-nü yanacaqla
Azərbaycan təmin edib".
Bu sözlər "Bizim Cəbiş müəllim" filmində Nəcəfovun dilindən
verilir.
Bakının qara nefti guya sovet camaatını ağ günə çıxardı. Sadəcə,
onsuz da, boyunduruqda olan xalq başqa bir boyunduruq daha
istəmirdi.
Son iki gündə İkinci Dünya müharibəsinə aid 2 filmə baxdım:
"Sıravi Rayanı xilas etməli" və "Qəzəb" ("Fury"). "Bizim Cəbiş
müəllim"lə qeyri-ixtiyari müqayisələr apardım beynimdə. Hollivud
filmləri üçün, əlbəttə ki, ilk növbədə böyük maliyyə vəsaitləri
ayrılıb. Güclü texnika, silah-sursat çoxdur və bu müharibə
təsəvvürünü yaratmağı asanlaşdırır. Bununla yanaşı Hollivudda
şiddət var, dəhşət var – müharibə səhnələri çoxdur və bu, bəzən
adamı yorur.
"Bizim Cəbiş müəllim"də isə əksinə, arxa cəbhədəki vəziyyət ön
plana çıxarılır. Yalnız bir-iki səhnəni çıxmaqla filmdə müharibə
detalları yox dərəcəsindədir. Əvəzində müharibə adamların
simasında, ac mədələrdə, qarışıq münasibətlərində, uşaqların
dedikləri meyxanalarda, Makedonun dama çıxmış Tanyanın arxasınca
qaçmağındadır. Əgər filmdə müharibə dəhşətləri arxa cəbhədəki
vəziyyətlə paralel təsvir olunsa, bu, daha da axıcı və baxılan
olmazdımı?
İkinci Dünya müharibəsi SSRİ və ABŞ-ın qələbəsi ilə başa çatdı,
bu dəfə də onların arasında "soyuq müharibə" başladı – elə soyuq
idi ki, buzları bu günə qədər də ərimək bilmir.
Olan olmuş, ölən ölmüşdü. Yerdə qalanlara ancaq susmaq
qalırdı... Yeri gəlmişkən, mənə elə gəlir, Üçüncü Dünya müharibəsi
başlasa, bu dəfə Cəbiş müəllim mütləq sabun bişirəcək...