BİR GECƏ "FEYSBUK"DA...
"Bu gün "Azadlıq" qəzetində mənim və "Yeni Müsavat"ın əleyhinə 5
məqalə dərc olunub..."
"Axar.az" "Xezerinfo.az"a istinadən məlumat
verir ki, bu barədə Rauf Arifoğlu öz "feysbuk" səhifəsində
yazıb:
"AXCP-nin liderlərindən olan Fuad bəy günlərdir bizdən yazır
statuslarında. Az öncə də bir status paylaşdı. Bəy der: ""Yeni
Müsavat"a təklif edirəm ki, hər nömrədə mənə qarşı ifadə etdiyi
aqressiyasının yarısını heç olmasa bir nömrədə İlham Əliyevə
göstərsin, biz də onun yazdıqlarının iqtidar projesi olmadığına
inanaq".
Mən bu siyasətçini hər zaman çox dəyərləndirmişəm. Qəzetimizin
əməkdaşı olub, xeyli müddət bir çatını, iş yerini
paylaşmışıq...
Siyasətdə formalaşan zamanları idi. O zamandan iddialı, irəli
görüşlü birisi kimi diqqətimi çəkmişdi. Əvvəl Fazil Qəzənfəroğluna
yaxındı, sonra Əli Kərimligilə qoşuldu... Son aylara qədər -
hörmətli Aynur Camalqızının layihələrindən birinə - "Axar.az"a
qoşulana qədər xanımı qəzetimizin yazarı olub... Yəni bizi
yaxın-uzaq xatirələr, hörmət bağlayır... Amma son günlər tam qazla
əleyhimə kampaniya aparır, "Yeni Müsavat"ı aşağılayır... Məni də
şərləyir - ən pisi də bu! Özündən soruşdum, son 6 gündə bu
hakimiyyətin, eləcə də İlham Əliyevin əleyhinə bircə status, bircə
məqalə, təhlil də yazmamısan, amma əvəzində İsa bəyin, Arif
Hacılının, "Yeni Müsavat"ın əleyhinə onlarla yazı, status yazmış,
müsahibələr vermisən. Xeyir ola, bir qəzetdən prezidentə aqressiya
tələb edirsən, amma özün siyasətçi olduğun halda aqressiyanı
Müsavata və "Yeni Müsavat"a yönəldirsən...
Ona bir cavab da yazdım, dedim mənim də dostlarımın xəbəri
olsun: "Fuad bəy, sizi dəvət etdik, gəlin redaksiyaya, İkram
İsrafillə debata, kimə istərsəniz, eləcə də İlham Əliyevə, sözünüzü
özünüz deyin... Ayrıca, bu gün "Azadlıq" qəzetində mənim və "Yeni
Müsavat"ın əleyhinə 5 məqalə dərc olunub... "Feysbuk" AXCP-çilərin
mənim ünvanıma nifrin və söyüşləri ilə doludur. Sizin sözlərinizi
mən də onlara aid təkrarlayıram. Lakin maarifləndirmək üçün deyim
ki, bir qəzet redaksiyasının dövlət rəhbərinin əleyhinə aqressiya
göstərmək kimi öhdəliyi yoxdur. Varsa, o, qəzet deyil... Siz yəqin
yazı demək istədiniz... Qəzet gündəmdə nədirsə, onu da yazır. Siz
də arada statuslarınızı hakimiyyətə yönəldin. Son vaxtlar ancaq
Müsavat və "Yeni Müsavat"dan yazırsınız..."
Bu statusdan sonra komanda verildi və bütün AXCP dəstəsi
tökülüşdü oraya... Yekunda bir status yazıb, zombixananı tərk
etdim. Bu da son statusum: "Bütün AXCP dəstəsi səfərbər olub,
buraya hücum etdi. Allah qüvvət versin. Sözümü deyib, çıxım,
boş-boş zaman itirməyim:
1. Məni özünə düşmən elan etmiş bir liderin və onun zombilərinin
Azərbaycanda iqtidar olmasını istəmirəm. Əli Kərimlinin iqtidar
olması ölkəm üçün əliyevlərin iqtidar olmasından daha fəlakətli
olardı. Allah bu millətə onda rəhm elədi ki, Heydər Əliyevin oğlu
Əli Kərimli olmadı (Bu fikri Əli Kərimlinin üzünə demişəm).
2. Milli Şuranı və bu modeli ilk gündən Azərbaycan siyasətinin
fəlakəti, müxalifətin, demokratik təsisatların bitirilməsi layihəsi
saymışam, Rusiya və Azərbaycan iqtidarları bunu qurdular... Sadəcə,
Müsavat oyunu pozdu...Bu gün də bu fikirdəyəm.
3. Kimdən nə yazmağı qəzet redaktoru və qəzetin rəhbərliyi
müəyyən edir, daha ona düşmən olan bir düşərgənin tərəfdarları yox.
İndi nə təklif edirsiniz, Azərbaycanın fəlakəti hesab etdiyim bir
şərçi, zombi dəstəsinin iqtidar olması üçün savaşmalıyam? Niyə?
Azərbaycan yazıq deyilmi?
4. "Yeni Müsavat" müxalifət partiyası deyil, müxalifət yönümlü
qəzetdi. O qəzet də mənim və kollektivin maraqları ilə idarə
olunur.
5. 15 il bundan öncə Əli Kərimli İlham Əliyevlə birlikdə Heydər
Əliyevdən sonrakı iqtidarı qurmağı planlayırdı. O zaman Heydər
Əliyevə qarşı tək vuruşurdum. "Azadlıq" qəzeti başqa ladda idi, bu
projeyə dəstək verirdi... Sonradan Əli Kərimlini bu oyundan şəxsən
mən çəkib çıxardım. Bunu deyirəmsə, şahidim, sübutum da var... İndi
vəziyyət köklü dəyişib. Siyasət belədir, maraqlar və dəngələr
zamana, vəziyyətə, başqa kriteriyalara görə dəyişir. Sabah da
dəyişəcək... Bu baxımdan, hələ qəti bir qənaət demək tezdir, kim
haradadır, kim kimdir, kim kim olacaq...
6. Allah Azərbaycanı Əli Kərimlinin bu zombi dəstəsindən hifz
eləsin".