Axar.az
Yuxarı

Yeni müttəfiqlik Bəyannaməsi bizə nə vəd edir?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Öncə onu vurğulayaq ki, Azərbaycan Respublikasının bölgə ölkələri və beynəlxalq aləmlə münasibətləri, ümumən müstəqil siyasəti çoxşaxəli xarakter daşıyır. Və bu xarakterin əsas əlaməti milli maraqların mütləq prioritet olmasıdır.

Öz dövlət müstəqilliyini 30 il öncə bərpa etmiş respublikamız beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu işbirliyini təbliğ, təşviq və (özünəxas şəkildə) təmsil edir. Müstəqil Azərbaycan Respublikası öz xarici siyasətində qlobal həmrəyliyə, beynəlxalq işbirliyinə, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa, multilateralizmə xüsusi önəm verir. Azərbaycan bu vurğulanan sahələrdə örnəklər yaradır. Dünyada BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına (QH) respublikamızın (hazırda da davam edən) sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər, atdığı praktik addımlar bunu təsdiq edir.

Özəlliklə qonşu ölkələrlə yüksək səviyyəli işbirliyinin, əgər bu mümkün deyilsə, yenə etibar və ləyaqətini qorumaqla mümkün təmasların axtarışı, yaxşı münasibətlər üçün əsaslar yaradılması Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının prioritet hesab etdiyi vacib sahələrdəndir. Heç kəsə sirr deyil ki, 44 günlük Vətən Müharibəsində tarixi Zəfər qazanılmasında da məhz bu amil rol oynayıb. Cənab İlham Əliyev özünün 20 noyabr 2021-ci il tarixli xalqa müraciətində Ermənistanı nəzərdə tutaraq və çox haqlı olaraq sual edirdi: “Qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?”

Azərbaycanın qonşuları və hər qonşu ilə münasibətlərin keçmişi, bugünü bəllidir. Bu münasibətlərin gələcəyi isə bugün nəyi necə etməkdən, qarşılıqlı anlaşmadan, hadisələrə böyük tabloda baxmaqdan, necə deyərlər, “Lütfizadə məntiqi”ndən keçir. Burada klassik məntiq bir çox hallarda özünü doğrultmur. Yəni qeyri-səlis məntiq Aristotel məntiqindən yalnız İKT sahəsində deyil, siyasi qərar qəbuletmədə də açıq ara üstünlük təmin edir. Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya, Azərbaycan Respublikası-İran, hətta gələcək Azərbaycan-Ermənistan münasibətləri baxımından soyuq ağılla, düşünülmüş, dəqiq hesablanmış, xarakterli yanaşmaları görməkdəyik. Biz bizə problem yaratmayan heç kimə problem yaratmırıq, bizi özünə düşmən bilməyən heç kimin düşməni deyilik və Prezidentin sözləri ilə desək, “sözümüz imzamız qədər keçərlidir!” Əslində, Azərbaycan kimi bir xarakterli, etibarlı qonşu bütün qonşuların şansıdır.

Azərbaycanın ən yüksək, əvəzsiz və müstəsna münasibətləri, əlbəttə, qardaş Türkiyə ilədir. Qardaş ölkələrimiz arasında strateji müttəfiqlik münasibətləri ölkəmizin təhlükəsizliyi üçün əlavə zəmanətdir. 15 iyun 2021-ci ildə əziz Şuşada cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzalayıb. Bu önəmli sənəd hər iki ölkənin parlamenti tərəfindən təsdiq olunub. Bəyannamə qardaş, qonşu və dost ölkələrimiz arasındakı münasibətləri rəsmən strateji müttəfiqlik səviyyəsinə yüksəldib.

Azərbaycan ümumən türk dünyası ilə işbirliyinə çox önəm verir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin parlaq örnəyidir. Həmin Şura 2021-ci ildə İstanbulda keçirilən növbəti Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatına çevrilib. Bu yeni status, yeni – daha yüksək münasibətlər sistemi deməkdir.

Azərbaycanın qonşu Gürcüstanla münasibətləri yüksək səviyyədədir. Haqlı olaraq, Azərbaycan-Gürcüstan münasibətləri Ermənistanın örnək almalı, dərs çıxarmalı münasibət modeli olaraq təqdim edilir.

Azərbaycan Respublikası ilə İran arasındakı münasibətlər də, özəlliklə son aylarda müsbət məcrası ilə seçilir. Yüksək səviyyəli rəsmi təmaslar intensivləşib, müxtəlif əməli fəaliyyət sahələri üzrə ikitərəfli əlaqələrin böyük potensialı danılmazdır.

Ermənistanla münasibətlərdə bir başlıca problem var, o problem də elə Ermənistanın özüdür. Əgər Ermənistan hakimiyyəti və cəmiyyəti, hamı tərəfindən qəbul görmüş mehriban qonşuluq, birgəyaşayış formullarına, beynəlxalq hüquq normalarına əməl etsə, münasibətlərdə yeni səhifə açıla bilər. Keçmişdə olanların məsuliyyəti Ermənistanın üzərindədir, uğursuz dövlət gələcəyin məsuliyyətini daşıdığını göstərməkçün keçmişin məsuliyyətini etiraf etməyi bacarmalıdır.

Digər qonşumuz Rusiya ilə münasibətlərə keçməmişdən öncə çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa Birliyi (AB) ilə münasibətlərinə vurğu edək. Bu münasibətlər də yüksələn xətlə inkişaf edir. Gələn ay Bakıda Azərbaycan və AB arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Azərbaycan bu ilin birinci yarısında AB ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir.

Avropanın enerji təchizatında, qitənin enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin çəkisi durmadan artır. Heç təsadüfi deyil ki, 15 fevral 2022-ci ildə Prezident İlham Əliyevlə telefon söhbəti zamanı NATO-nun Baş katibi Yens Stoltenberq Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.

Avropa dedikdə, təhlükəsizlik dedikdə, ilk ağla gələn institut, əlbəttə, NATO olur. NATO ilə münasibətlərimiz uğurla inkişaf edir. 2021-ci ilin dekabr ayında Prezident İlham Əliyev Brüsseldə Yens Stoltenberqlə görüşüb, mühüm müzakirələr aparıb.

Bir sözlə, artan beynəlxalq nüfuz ölkəmizin inkişaf perspektivlərini müəyyənləşdirir. Öz milli maraqlarına əsaslanan çoxşaxəli müstəqil siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsinə, bölgə ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı sayğıya dayalı münasibətlərin qurulmasına (inkişafına) münbit ortam yaradır.

Azərbaycan-Rusiya münasibətləri

Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı sayğıya, güvənə əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ərazicə ən böyük ölkəsi, ümumən ən güclü ölkələrdən biri, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Ölkələrimiz arasında tarixən mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir. Yalnız bu faktorlar belə Rusiya ilə münasibətlərimizin xarakterini müəyyənləşdirməkçün yetərli sayıla bilər.

Ölkələrimizin münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən müddət içində iki qonşu arasında tərəfdaşlığın mahiyyətini müəyyən edən sənədlər imzalanıb:

- “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” 03 iyul 1997-ci il tarixli Müqavilə,

- “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında” 03 iyul 2008-ci il tarixli Bəyannamə və

- “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında” 01 sentyabr 2018-ci il tarixli Birgə Bəyanat.

Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 30-cu ildönümü tamam olur. Hazırda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında siyasi münasibətlər yüksək səviyyəyə çatıb. Eyni zamanda, əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşaraq, 16 faiz artıb. Bu ildə də artım perspektivi var. Örnəyi, kənd təsərrüfatı məhsullarımızın ixracı üçün Rusiya əsas bazarlardan biridir. Heç təsadüfi deyil ki, 22 fevral 2022-ci il tarixli “Moskva Bəyannaməsi”nin bir bəndi də aqrar-sənaye kompleksi sahəsində əməkdaşlığı ehtiva edir.

Beləliklə, Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlir. Bəyannamə qarşılıqlı fəaliyyətin ən önəmli sahələrini əhatə edir.

Hər iki ölkə öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qurur. Bəyannamənin yerdə qalan 42 bəndi məhz bu ilk – əsas bəndin açılımına, qüvvətləndirilməsinə xidmət edir.

Moskva Bəyannaməsinin hazırlanması birdən-birə meydana çıxmış hadisə deyil, təbii. Təbii, yuxarıda da vurğuladığımız kimi, bu, daha öncəki sənədlərin ruhuna, münasibətlərimizin xarakterinə uyğun baş vermiş uzun sürən prosesin nəticəsidir. Prezident İlham Əliyev 2022-ci il – Yeni illə bağlı xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağının anonsunu vermişdi.

Bir sözlə, Moskva Bəyannaməsi tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir-birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir. Bu, müstəqil siyasətin aparılması üçün əlavə zəmanətdir. Qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi kimi, Moskva Bəyannaməsi də respublikamızın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Başqa sözlə, Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır. Moskva Bəyannaməsi Azərbaycanı daha da gücləndirir. 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz Zəfərdən sonra Güney Qafqazda yeni bir nizam, konfiqurasiya formalaşdğı bəllidir. Bu yerdə, “3+3” platformasını xatırlada bilərik. Bu platformanın ideya müəllifləri Türkiyə və Azərbaycan olsa da, bütün qonşular və yaxın-uzaq tərəfdaşlar üçün çox böyük önəm daşıyır.

Ümumən Qafqazdakı yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu anlamda, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit etmiş olur. 2020-ci ildə qazandığımız tarixi hərbi Zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, ölkəmizin bölgədə yaratdığı yeni gerçəkliyin tam olaraq qəbul edilməsi böyük önəm kəsb edir. Hər iki Bəyannamə bu məqsədə xidmət edir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, habelə yaxın zamanlarda AB ilə ikitərəfli sazişin imzalanması perspektivi peşəkar diplomatiya, habelə siyasi iradə, güc və uyğun bacarıqların təcallasıdır.

Azərbaycanla Rusiya arasında imzalanmış yeni Bəyannamə Ermənistanın durumdan sui-istifadə imkanlarını yetərincə məhdudlaşdırır. Artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək.

Onu da vurğulayaq ki, rəsmi Bakı və ya rəsmi Moskva digər ölkələrlə münasibətlərində sərbəstdir və imzalanmış Bəyanat Azərbaycan-Ukrayna əlaqələrinə qətiyyən xələl gətirməyəcək. Azərbaycan dost Ukraynanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir – bu barədə mövqeyimiz tam aydındır. Prezident İlham Əliyevin Ukraynaya 14 yanvar 2022-ci il tarixli səfəri Azərbaycan-Ukrayna əlaqələrinin mövcud durumunu ifadə etmək gücündədir.

Respublikamız dinc gələcək əzmindədir. Bizə müharibə istəmirik. Ərazi bütövlüyümüzün hərbi yolla bərpa olunması məcburi tədbir idi və postmüharibə mərhələsində siyasi metodlara üstünlük verilməsi Azərbaycanın konkret seçimidir. Azərbaycan Qafqazda barışın, Xəzər hövzəsində və Avrasiya məkanında işbirliyinin möhkəmləndirilməsi işində böyük uğurlar üçün birgə çalışmağa hazır və qadirdir.

Və nəhayət: bəzi maraqlı şəxslərin, siyasi qrupların Moskva Bəyannaməsinin mahiyyətini təhrif etməsi, onun guya Azərbaycanın dövlət müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyimizə xələl gətirən addım olması ilə bağlı iddiaları tam yanlışdır. Belə iddialar sənədin mahiyyətini idrak etməmək və ya qərəzdən irəli gəlir.

Dövlətimiz var olsun!

Tarix
2022.02.24 / 15:23
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Qərb mediası: Azərbaycan Ordusunun qarşısına çıxmaq...

Azərbaycanda belə bir struktur yoxdur

Bu yoldan yalnız yolsuzlar imtina edər...

Prezident təməl atdı və düz 1 il 1 ay 1 gün sonra…

Onu səfərlərdə izlədiyim üçün xoşbəxtəm…

Prezidentin xüsusi nümayəndə ilə xüsusi söhbəti

Bir nömrəli vəzifə

Qırğızıstanla imzalanan iki önəmli sənəd...

Bu görüş İrəvanda təlaş yaratdı

Böyük ədibin xeyriyyəçi xanımı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla