Axar.az
Yuxarı

Prezidentin xüsusi nümayəndə ilə xüsusi söhbəti

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Vahid Hacıyevi Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar (04 may 2022-ci ildə) videoformatda qəbul edərkən, Zəngilanda, Şərqi Zəngəzurdakı mövcud durum başda olmaqla, bir sıra vacib mövzulara toxundu.

Dövlət başçısının təsbitləri və perspektiv barədə dəyərləndirmələri Şərqi Zəngəzurun yaxın dönəmdə sürətlə dəyişəcək sosial-iqtisadi portretini, xəritəsini gözlər önündə canlandırdı. Burada infrastruktur layihələr ilk sırada gəlməkdədir. Ümummilli liderin çox sevdiyim sözünü xatırlatmaq istərdim: “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir!”

Prezidentin xüsusi nümayəndəyə verdiyi tövsiyələr və ictimaiyyətlə bölüşülən məlumatlar işğaldan azad olunmuş ərazilərimizdə yol tikintisi sahəsində görülmüş, görülən və görüləcək böyük işlərə işıq saldı. Dorğudan da yolun iqtisadiyyata, mədəniyyətə, demək olar, bütün əməli fəaliyyət sahələrinə real təsirləri gözlər önünə sərilmiş oldu.

Bəli, Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturu xüsusi önəm daşıyır. Yaxın dövr yerli, bölgə və beynəlxalq miqyaslı daşımaların meydanı, güzərgahı olacaq yolların özü bir yana, onların ideyası, layihəsi belə təsirlidir. Təsəvvür edin ki, onillər boyu Sovetlərin çəkmədiyi, yaxud çəkə bilmədiyi yolları müstəqil Azərbaycan dövləti çəkir, özü də 30 illik ağır işğala son verdiyimiz günün həmən ardından! Bu, ölkəmizin iqtisadi gücü ilə yanaşı, ali dövlət rəhbərliyinin siyasi iradəsini və yüksək vətəncanlılığını göstərir.

Yollardan danışarkən, söhbət yalnız avtomovil yolundan getmir, buraya şaxələnmiş dəmir yolu, hava yolu da daxildir. Prezident bildirdi: “Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Bu hava limanının çox böyük funksiyaları olacaqdır. Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur.

...Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq”.

İdeyalar, layihələr və artıq gerçəkləşməkdə olan işlər sübut edir ki, Zəngilan ərazisi beynəlxalq önəmə malikdir. Bu önəmi Zəngilanın əsl sahibləri dəyərləndirə və gərəkən addımları ata bilərdi – elə də oldu: “İşğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol Zəngilandan keçməli idi. Onların bu ümidləri və ümumiyyətlə, bütün ümidləri gözlərində qaldı”.

Ermənistanın öz ərazisi belə onların dədə-baba torpağı deyilkən, Ermənistan dövləti elan olunduğundan bugünədək özü-özünü təmin edə bilməzkən, Şərqi Zəngəzurda, Zəngilanda hansı böyük layihələrlə çıxış edə, necə qalıcı işlər görə bilərdi? Onların qalıcı işləri vandallıqla, dağıntılarla bağlı ola bilərdi – bu mövzuda mübahisə etmirik; dağıtmaq – onların xisləti, mandat - missiyası, qurmaq, yaratmaq – bizim işimiz, yaşam missiyamızdır.

Ermənistan işğal dövründə Şərqi Zəngəzurun, Qarabağın ekologiyasına da böyük zərər vurub: “Əlli-altmış min hektar meşə ilə örtülü sahə tamamilə məhv edilmişdir. Xüsusilə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında meşələrin kütləvi surətdə qırılması prosesi gedirdi. Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub - Bəsitçay Təbiət Qoruğu. Qoruğun böyük hissəsi məhv edilib. Bəsitçay Təbiət Qoruğunun bərpası artıq başlanıb. Ermənistan Zəngilandakı və digər rayonlardakı qızıl və digər qiymətli metallar yataqlarını da vəhşicəsinə istismar etmişdir. Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalmışdır. Ermənistanda istismar edilən mis kombinatının bütün axıntıları Oxçuçaya təmizlənmədən ötürülürdü”.

Burada biz ancaq ağır işğal illərinin ağrı-acısını bölüşmür və dərdlənmirik; biz rəsmi İrəvanın törətdiyi bütün cinayətlərə görə məsuliyyət daşımalı olduğunu bildirir, bu istiqamətdə müvafiq addımlar atırıq: “Dəymiş bütün ziyanı hesablayırıq, bütün şəhər və kəndlərimizin pasportlaşdırılması prosesi gedir. Hər bir binanın, yaxud da ki, o binadan qalan dağıntıların video-foto çəkilişi aparılır. Bu, sübutdur və Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək əzmindədir!”

Yenidən yol mövzusuna qayıtmaq istəyirəm. Yol mövzusunun iqtisadiyyat, mədəniyyət, bir sözlə həyatı ifadə etdiyini təkrar vurğulayaraq, qürurla demək istəyirəm ki, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına çoxzolaqlı yol çəkilir: “Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır”.

Və əlbəttə, Zəngəzur dəhlizi! – O dəhliz ki, ölkəmiz, bölgəmiz üçün mühüm əlavə imkanlar yaradacaq: “Zəngəzur dəhlizi yeni nəqliyyat dəhlizi açılacaq. Son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır. Bu səbəbdən Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq”.

Beləliklə, son 10-15 il içində ölkəmizdə nəqliyyat sektorunun inkişafına böyük önəm verilib. Məhz bu önəm vermənin nəticəsidir ki, “Bu gün Azərbaycan istənilən yükü qəbul və onu tranzit kimi ötürə bilir və Azərbaycanın imkanları daha da artacaq”.

Dediyimiz kimi, yollar yalnız iqtisadi deyil, eynigüclə mədəniyyət məzmunu daşıyır. Yeni yollar, bərpa olunan yollar bizi mədəniyyət müsəssisələrinə də aparacaq. Zəngilanda tarixi-dini abidələrin bərpası işləri artıq başlanıb: “Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur. Bu məsciddən cəmi bir divar qalmışdı. Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur”.

Çox şadam ki, işğaldan azad olunmuş ərazilərimizdə bərpa olunacaq, sıfırdan qurulacaq mədəniyyət ocaqlarımızın eksponatlarla təmini, əsərlərin, kitabların toplanması ilə bağlı müxtəlif təşəbbüslər mövcuddur.

Ümumən həm rəsmi, həm ictimai təşəbbüslər müəyyən nəticələrə gətirib çıxarmaqdadır. “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması (04 yanvar 2021), müxtəlif aksiyaların, sərgilərin, bağış kampaniyalarının təşkili dediklərimizə sübutdur. Yəni bu iş həm rəsmi, həm ictimai səviyyədə uğurla yürüdülür. Çox şadam ki, Milli Məclisin Mədəniyyət Komitəsinin mənəvi dəstəyi ilə baş tutan bir çox sərgidə, bərpa ediləcək muzeylərimiz, mədəniyyət ocaqlarımız üçün qiymətli rəsm əsərləri alınaraq, müvafiq qaydada təhvil verilib. Bir sıra ictimai qurumlar “Qarabağa kitabla dönək” kimi nəcib kampaniya ilə önəmli sayda kitab toplaya bilib. Bu işlər davam edir. Bunlar ali dövlət rəhbərliyinin apardığı böyük işlərə ictimai dəstəyin ifadəsidir. Belə işlər erməni dağıdıcılığına qarşı Azərbaycanlı quruculuğunun fəlsəfi (və praktik) fərqini də göstərir. Vandallıqla quruculuq arasındakı fərq yalnız təzahürlərinə görə deyil, diametral fərqli düşüncə, fikir, yanaşma fərqinin xalqların xarakterinə çevrilməsindək keçilən tarixi sürəci də təcəlla etdirir...

Dövlətimiz var olsun!

Tarix
2022.05.08 / 14:37
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Memorial Zefer
Digər xəbərlər

Onu səfərlərdə izlədiyim üçün xoşbəxtəm…

Bir nömrəli vəzifə

Qırğızıstanla imzalanan iki önəmli sənəd...

Bu görüş İrəvanda təlaş yaratdı

Yeni müttəfiqlik Bəyannaməsi bizə nə vəd edir?

Böyük ədibin xeyriyyəçi xanımı

Zəngəzura, Göyçəyə qayıdış inamı…

Bəhlulzadə bu xanıma görə ailə qurmamışdı...

Şuşaya aparan yollar Şuşada bitmir...

Biz onu çox gözləmiş, ona inanmışdıq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla