Yazar Hüseynbala Səlimovu gördüm, necə də yaşlanıb…
Yazdığı sətirlərin qırışları vardı alnında... Nə deyəsən, azdırlar,
azalırlar Hüseynbala kimi ustalar...
Onlardan fərqli olaraq, bizim nəslin mətbuata gəlişi söz
müharibəsinin axırına təsadüf elədi. Çoxumuz elə bilirdik ki, dava
indi başlayıb, demə, sonuna çatıbmışıq.
Kimisi böyük bir şövqlə, kimisi inqilabi romantizmlə, kimisi də
fanat kimi qoşulmuşdu bu cərgəyə.
İmza yerində adımızı görəndə, ilk qonorarı alanda, qəzet
səhifələrindən şəklimiz boylananda çöhrəmizdə uşaq təbəssümü
yaranardı. Ancaq bizim sıralarımızda Hüseynala Səlimov, Məmməd
Nazimoğlu kimiləri yetişmədi. Yetişə bilərdi.
Uşaqlarda yazmaq eşqi, yanğısı olmayanda bu peşəyə gündəlik iş
kimi baxmağa başladılar; söz çeynənməyə, fikirlər bozlaşmağa,
ideyalar öləziməyə doğru inkişaf elədi.
Açığı, mühit də, stimul də əvvəlki qədər olmadı. Tələbəliyimizi
nəşriyyatın liftində keçirərdik. O redaksiyanın qapısından girib,
bu redaksiyadan çıxardıq.
Sonralar incələyib, eşib-qurdalayıb həmin nəşrlərin kimə, hara,
hansı səviyyədə aid olduğunu öyrənmək təcrübəsi topladıq;
tükü-tükdən seçməyə başladıq, hansı müəllifin hansı yuvanın quşu
olduğunu, hansı yazarın isə insani keyfiyyətlərinin, nəcibliyinin
yazılarında olduğu kimi gördük.
Və heç zaman şəxsi təmasım olmayan rəhmətlik Məmməd Nazimoğlu,
hələ də lazımı diqqəti görməyən Hüseynbala Səlimov kimi yazarlar
qiyabi müəllimlik etdilər bizə. Onlar mətbuatın Cəbiş
müəllimləridir.
Kamyu yazırdı ki, sabah bundan da pis olacaq. Necə də bədbin
idi?! Yox-yox, bu pessimizmin içində ölümünə barışmazlıq, dönməzlik
vardı. "Taun"dakı bədbin "şəhər üsyançıları"nın mübarizliyi
qədər...
Və bu pis sabahlar neçə-neçə qərinələr, dövranlar, zəmanələr,
nəsilləri geridə qoyub... Ki, hər yeni gələn gün böhran dalğası
vəziyyəti ağırlaşdırsın, dərinləşdirsin, vitrində bərq vuran saxta
mallar keyfiyyət etalonu kimi satılmağa, ağzına gələni yazmaq söz
azadlığı adı ilə soxuşdurulmağa yön alsın, belədə isə cırlaşma
kütləviləşsin.
Azalmaqda olan Cəbiş müəllimlərin boşluğunu indi sırtıqlar,
dişlərini ağardan zəvzəklər, "eynəkli intellektuallar", kompleksdən
əziyyət çəkən didaktiklər, hikkədən boğulan girəvəçilər doldurmağa
can atır.
Bax belə. Yazar Hüseynbala Səlimovu gördüm, necə də yaşlanıb…
Yazdığı sətirlərin qırışları vardı alnında... Nə deyəsən, azdırlar,
azalırlar Hüseynbala kimi ustalar...