Adı oxuculara yaxşı tanış olan Qan Turalının "Doqquz
hekayə" kitabını oxudum və təəssüratımı qısaca da olsa, paylaşmaq
istədim.
Qan Turalı seçilən, istedadlı gənc yazarlardan biridir. "Doqquz
hekayə" onun dördüncü kitabı olsa da, öncəki kitablarından yalnız
birini oxumaq imkanım olmuşdu. Milli Kitab Müsabiqəsinə verdiyi
"Mustafa" romanını bəyənmiş və münsiflər heyətinin üzvü olaraq
yüksək bal vermişdim.
"Doqquz hekayə" - 128 səhifəlik, o qədər də böyük olmayan bir
kitabdır, yeddi hekayə, bir kiçik pyes və bir povest var içində.
Lakin həcm önəmli deyil, bir müəllifin yazı və düşüncə tərzini,
ədəbi bacarığını və potensialını görmək, dəyərləndirmək üçün
cildlər vərəqləmək zəruri deyil, bir neçə hekayə də yetərlidir.
Kitabda toplanmış yazılar son illərin məhsuludur və buna görə də
artıq bəlli bir təcrübəsi olan müəllifin ədəbi xarakterini,
kimliyini göstərir.
Təəssüf ki, Qan Turalı yaşda olan və onların ardınca gələn gənc
yazarlarla oturub-durmaq və ya onların bütün yazdıqlarını ardıcıl
izləmək imkanımız yoxdur; ədəbiyyatımızın müxtəlif nəsillərini bir
araya gətirən, onları bir- birinə tanıdan, doğmalaşdıran ədəbi
məclislərimiz, görüş yerlərimiz də arzu olaraq qalır. Halbuki belə
imkanlarımız olmalıdır və yalnız ədəbiyyat adamlarımız yox,
yaradıcılıq aləminin müxtəlif qollarını təmsil edən bəstəkarlar,
rəssamlar, kinematoqrafiya işçiləri, ifaçılar, aktyor və
rejissorlar, mədəniyyət xadimləri tez-tez bir araya gəlib milli
mədəniyyətimizin sorunlarını və gələcək yollarını bir yerdə
müzakirə etməli, bir-birlərini yaxşı tanımalı, dost və əməkdaş
olmalıdırlar. Mədəniyyətimizin inkişafı üçün bu çox vacib bir işdir
və bizim gənclik illərimizdə Zaqatalada, Zuğulbada belə görüşlər
keçirilirdi. O vaxt təməli qoyulan münasibətlər bu günədək davam
edir və bəhrə verir. Bu da idman qədər mühüm bir işdir və Gənclər
və İdman Nazirliyimizi düşündürməlidir. İndiki halda bizim
özümüzdən sonra gələnlərlə ünsiyyətimiz epizodik və təsadüfi
xarakter daşıyır.
Qan Turalı mənim tanıdığım gənc yazarlar arasında ədəbi, mədəni
və intellekt səviyyəsinə görə seçilənlərdəndir. Populyarlaşmaq
xətrinə ədəbiyyata və milli ənənələrimizə yad olan yollar axtarmır,
ədəbiyyatın ciddiyyətini başa düşür. Bədii və publisistik
yazılarında görünən budur.
Qan Turalı bu günün yazıçısıdır; bu günün adamlarının taleyini
yaşayır, bu günün ruhunu və reallıqlarını duyur, bu günün dili və
üslubuyla yazır. O öz hekayə estetikasını qəhrəmanlarından birinin
dili ilə belə ifadə edir: "Vonnehut deyir ki, hekayədəki hər cümlə
ya bilinməyən bir şeyi bildirməlidir, ya da süjeti davam
etdirməlidir".
Sözçülükdən, gərəksiz təfərrüatdan qaçmaq, kino nəsri kimi
detaldan detala, ovqatdan ovqata adlamaq Qan Turalının
hekayələrinin ilk baxışdan görünən cəhətlərindəndir. Dünya
təcrübəsindən öyrənmək öz yerində, ancaq bu dinamik düşünsə axarı
həm də öz xalq ədəbiyyatımızdan, deyək ki, dastanlarımızın döşəmə
yazı üslubundan gəlir.
Belə ifadə tərzi Dədə Qorqud boylarına yüz illərlə yaddaşlarda
yaşamaq gücü vermiş və Mirzə Cəlilin, Haqverdiyevin bir sıra
hekayələrində davam etdirilmışdir. Qan Turalıda da, bu baxımdan,
türk təhkiyə tərzinin ənənələrinə bağlılıq müşahidə olunur: sadə,
yığcam, artıq təfərrüatçılığa varmayan, mahiyyəti az sözlə açan,
ciddi saydığı ictimai mətləbləri zahiri bəsitlik və sadəlövhlük
görüntüsündə "gizlədən". Cəmiyyətdəki ciddi sorunlar elə sadə bir
şəkildə, daha doğrusu, xalq psixologiyasına uyğun, xalq düşüncə və
ifadə müstəvisində deyilir ki, etiraza və don geyindirməyə yer
qalmır. Hər biri cəmi bir neçə səhifəlik yığcam hekayələr
bütövlükdə darıxan, sıxıntı içində olan adamların, vətəndaşı
yarıtmayan ictimai gedişatın hekayələridir; xırda, ötəri, adi
görünən yaşantıların arxasında həyatın əzabları və faciələri
dayanır. Sevgi və ayrılıq, uğur və uğursuzluq, xoşbəxtlik və
gözlənilməz ölüm iç-içə, yan-yanadır, çox asanca biri digərinə
çevrilə bilir. İnsanlar qılıncın ağzıyla yeriyirlər sanki, bu günün
kəndçi qızı sabah Moskva universitetində tələbə, sonrakı gündə
geriyə sürgün edilmiş ana, daha sonrakı epizodda qısqanclığın
qurbanı... Bir neçə səhifədə bir roman mövzusu, həyatın
alışdığımız, bəzən də ədəbiyyatın diqqətinə layiq görülməyən
reallıqlarından biri... ("Şaxta babanın qətli").
"Doqquz hekayə"ni müəllif başqa bir adla "şəhər əfsanələri"
adlandırır. Məncə, bunun əsas səbəbi bəzi hekayələrdə qəhrəmanların
öz həyatlarını qura bilməmələri, havadan asılı bir vəziyyətdə,
zaman və məkan qeyri-müəyyənliyi və xaosunda, ən başlıcası
hissiyyatlarının, münasibətlərinin mifik bir yozum çoxvariantlılığı
içində olmasıdır. Bu çıxılmazlıqları cəmiyyət, içində olduğumuz
çətinliklər yaradır və buna görə "Bir-birini sevməkdən qorxan iki
adamın hekayəti", "Kafka", "Cılğınlar" hekayələri qəhrəmanlarının
xarakteriylə yanaşı, insan-cəmiyyət münasibətlərinə işıq tutur.
Əslində, "Füzulinin qayıdışı" da yaşadığımız zamanın və cəmiyyətin
mənəvi kamillik və milli dəyərlər baxımından üzləşdiyi problemləri
göstərmək məqsədi daşıyır.
Yeri gəlmişkən deyim ki, kitabdakı hekayələrdən və povestdən
fərqli olaraq, "Füzulinin qayıdışı"nda maraqlı mövzuya müəllif
səthi yanaşıb. Xüsusən, şairlərin bir yerə toplaşdığı səhnədəki
danışıqlar bəzi hallarda bayağıdır və xarakterlərə uyğun deyil.
Füzulinin Səməd Vurğunun leksikonuyla düşünməsi (bu dünya "sirrini
sirdaşa da vermirmiş"; Füzuli: "Dur, gedək Makdonaldın tualetinə".
Nizami: "Ora niyə?" Füzuli: "Ora 24 saat işləyir"; Füzuli: "Bir
dövrdəyəm ki, nəzm xar olub"; Cəfər Cabbarlı: "Bir dəqiqə e...
Füzuli Nizami (?) ondan sonra yaşayıb axı") və s. Bu misalların
sayını artıra da bilərdim. Böyüklərimizi əsərdəki polislər
səviyyəsində, küçə jarqonlarıyla danışdırmaq olmaz. Ən azı ona görə
ki, onlar bu cür düşünüb, bu cür danışmayıblar. Məncə, müəllif bu
pyesi yenidən işləməli və adı çəkilən böyüklərimizi bu günlə
birləşdirən və ayıran motivlərlə zənginləşdirməli, dramaturgiyanı
dərinləşdirməlidir.
"Doqquz hekayə" kitabındakı ən uğurlu əsər, mənim fikrimcə,
"Prokurorun üç günü" povestidir. Detektiv əsərlər ədəbiyyatın özəl
bir növüdür və xüsusi bir qabiliyyət istəyir. Bu qabiliyyət Qan
Turalıda var. Bu povestin bir dəyəri də janrın verdiyi imkanlarla
ədəbiyyat tariximiz üzərində oynanılmış oyunlara diqqət çəkmək və
bu yolla ümumi tariximizin saxtalaşdırıldığını, soyqırıma məruz
qaldığını xatırlatmaqdır; repressiyanın əsas hədəfi milləti millət
eləyən dəyərlər, ilk növbədə, ədəbiyyatımız idi, ayrı-ayrı
şəxsiyyətlərlə yanaşı bütov ədəbiyyat tariximiz idi və Qan Turalı
bu faktı məharətlə bu günün detektiv mövzusuna çevirə bilmişdir.
Gərgin dramaturji xətt oxucunu inandırır və ardınca aparır. Güman
edirəm, Qan Turalı detektıv yazı imkanlarını dəyərləndirərək
gələcəkdə bu janrda yeni əsərlər yazacaqdır.
Bəzi nəşriyyatlarda korrektor ştatlarının ixtisara salınması dil
və orfoqrafiya səhvləriylə dolu kitabların çıxmasına səbəb olur.
Bu, nəşriyyatların müəllifə və oxucuya hörmətsizliyidir. Belə
səhvlər "Doqquz hekayə" kitabında da var: ("Bu, (?) Əli Kərim adlı
bir şair varmış"; "icazəni almaq qeyri- mümkünsüzdür (?)"; "mənə
çox qəribə şəkildə ilham edildi (?)"; "tamamilə spontan yazdığım";
"prokror heç cür özünü ala bilmirdi" və s.) Birbaşa bilgisayarda
yazmağın belə xətaları olur, mətndən sözlər və durğu işarələri
düşür, ancaq gərək bunlar redaktorun, korrektorun gözündən
yayınmasın...
Öz siması olan gənc ədəbiyyatımız maraqlı bir axtarış və inkişaf
yolundadır. Qan Turalının da daxil olduğu ədəbi nəsil artıq otuz
yaşı arxada qoyub, hərəsinin bir neçə kitabı çap olunub,
yetkinləşiblər. Onlar müasir həyatımızın bütün uğur və
uğursuzluqlarını, ağrı-acılarını öz talelərində yaşayan nəsildir və
bu günün ən canlı və çağdaş təsvirini də, yəqin ki, onların
əsərlərində görəcəyik.
"Doqquz hekayə" bu inami möhkəmləndirir.