1993-cü ilin əvvəlləri. Prof. H.Əzimov LDU-nun rektoru
idi.
Yeni təsis etdiyi Vahid Azərbaycan Milli Birlik Partiyasının
sıraları o zaman tələbələrin hesabına daha çox genişlənirdi.
Regionda vəziyyətin mürəkkəb olmasına baxmayaraq, rəhbərlik etdiyi
Universitetdə təhsilin səviyyəsi çox yüksək idi. Tam şəffaf təhsil
mühiti vardı, rüşvətlə qiymət almaq istəyən tələbələrə rast
gəlməzdik.
O zaman Əzimovun müstəsna təşkilatçılıq və idarəçilik
qabiliyyəti nəticəsində tələbələr arasında milli, dini, irqi
ayrıseçkilik salmağa cəhd edən radikal qüvvələrin qarşısı ustalıqla
alınırdı. Azərbaycançılıq, milli birlik ideyası təbliğ olunurdu.
Yadımdadır ki, 1993-cü il, yanvar ayının 18-də N.Vəzirov adına Dram
Teatrında Universitetin açılış mərasimində millət vəkili Sabir
Rüstəmxanlının çıxışı sevgi və coşqu ilə qarşılandı. Tanınmış
alimlərin, ziyalıların çıxışı kulturoloji mərkəzə çevrilmiş
Lənkəran üçün böyük bir tarixi hadisə idi.
Az sonra H.Əliyevin hakimiyyətə gəlişi Lənkəranda da sevinclə
qarşılandı. Lakin bu, hələ məsələnin tam həlli demək deyildi.
Universitetdə dərs deyən bəzi yerli müəllimlər də H.Əzimovun
ətrafında sıx birləşir, separatçı qüvvələrin fəaliyyətini pisləyir,
tələbələri onların çağırışlarına uymamağı tapşırırdı. Bəzi yerli
müəllimlər isə prosesi gərginləşdirməyə, soyuqluq yaratmağa gizli
şəkildə cəhd göstərirdi.
Prof. Əlisa Şükürlünün dərsləri böyük-səs küyə səbəb
olurdu.Səbəb də bəlli idi. Fənnin adı "Orxon-Yenisey abidələrinin
dili" idi. Universitetin əsas tələbə kontingentini yerli tələbələr
təşkil etdiyindən aralarında radikal talışçılıq ideyasını yayanlar
da az deyildi. Belə bir vəziyyətdə separatçı qüvvələrin təsiri
altında elm ocağına məkrli niyyətlərlə gələnləri öz yolundan
çəkindirmək üçün ciddi bacarıq tələb olunurdu.
Mənə elə gəlir ki, prof. H.Əzimovun bu istiqamətdə fəaliyyətini
danmaq nankorluqdur. H.Əzimovun ən böyük tarixi xidmətlərindən biri
cənub bölgəsində universitet təsis etməsi idi.
Bölgə gənclərinin, xüsusilə talış uşaqlarının elmə gəlməsi,
qızların təhsilə cəlb olunmasında onun misilsiz rolu oldu.
Baxmayaraq ki, kadr çatışmazlığı var idi, Bakıdan ən seçmə alimlər
cəlb olunurdu ki, təhsilin səviyyəsi yüksək olsun. O zaman keçid
ballarının aşağı salınmasında əsas məqsəd uşaqları təhsilə cəlb
etmək, mövhumatın aradan qaldırılmasına nail olmaq idi. Bu hal
bölgədə gənclərimizin başqa yollara düşməsinin müəyyən qədər
qarşısını aldı.
Talış tələbə dostlarımız bizi doğulub-böyüdüyü kəndlərə qonaq
aparar, görməli yerlərlə tanış edər, onların nə qədər mehriban,
qonaqpərvər olduqlarının şahidi olardıq. Bu gün də o yerlər üçün
adam darıxır. Ayrıseçkilik bilməyən, talışı türkdən ayırmayan -
hamıya eyni gözlə baxan o cür saf insanlar üçün darıxmamaq olmur,
sevməmək olmur.
Biz 5 illik tələbə həyatımızı belə yaşamışıq, indi də o sevgi,
ehtiram yaşayır. Bu bir haşiyədir bəlkə də. Yəni, biz - ən çətin
anlarda belə bir olmuşuq, heç bir dedi-qoduya uymamışıq. Başqa cür
də ola bilməz!
Yadımdadır, Müşfiq adında bir sarışın oğlanla 2-3 nəfər gecə
kirayə qaldığımız otağa hücum etdi. Əllərində də bir büküm
"Talışo-sədo" qəzeti vardı. Sifarişlə gəldikləri şübhəsiz idi.
Çünki biz onların fəaliyyətini qorxmadan, cəsarətlə tənqid və ifşa
edirdik. Üstümə bıçaq çıxararaq zorla həmin qəzetə üzv olmağımı,
onları müdafiə etməyimi istəyirdilər. Əyilməzliyim, çılğınlığım və
qürurumun qarşısında çox cılız görünürdü onlar. Kim bilir, o gecə
məni ölümdən xilas edən də dəyərli tələbə yoldaşım, bir otaqda
kirayə qaldığım talış balası oldu.
Talışın ləyaqətli oğulları kifayət qədərdir. Yetər ki, onların
üstünə elə o torpaqdan çıxan bəzi qüvvələr kölgə salmasınlar. Bəzi
boşboğazların, ara qızışdıran, xam xəyallarla yaşayan və
talış-talış deyib çığır-bağır salanların həmin xalqın adından
danışması yolverilməzdir. Saytlarda, sosial şəbəkələrdə insanları
çaşdıran, türkə nifrət hissi aşılayan, millətimizi və dövlətimizi
gözdən salan təbliğat və təxribat dolu çıxışlar edən kifayət qədər
zərərli materiallar yer alıb. Belə təbliğat aparırlar ki, guya
talışlar separatçılıq etmir, "muxtariyyət" tələb edirlər. Bu xülya
ilə saxta əsərlər yazılır, özləri üçün xəritələr cızıb qondarma
sərhəd müəyyən edirlər. Kövrək və naşı talış balalarının beynini
yumaqla məşğuldurlar. Cənub bölgəsinin ləyaqətli insanlarını gözdən
salmaq üçün min bir fırıldağa, fitnəyə əl atırlar. Onların siması
sosial şəbəkələrdə daha aydın görünür. Görün tərəfdarları sosial
şəbəkələrdə M.Səfərova nə yazır: "Minnətdarıq ki, siz talış adını
20 ildən sonra yenidən dövriyyəyə qaytardınız".
Əslində, anlayan hər kəs üçün çox ciddi ürəkbulandıran faktdır.
Belə çıxır ki, Səfərov Milli Şuraya deyildiyi kimi talışları
"dövriyyədə saxlamaq" üçün göndərilib?
Bəzi şəxslər bölgədə milli ayrıseçkilik, etnik qarşıdurma
yaradır, qonşu rayonlara qarşı ərazi iddiaları irəli sürür, yerli
sakinləri, ziyalıları təhqir edirlər.
Bu gün bəzi insanların prof. H.Əzimovu ittiham və təhqir etməsi
başa düşülən deyil. Prof.H.Əzimov məhz həmin talışların edə
bilmədiyi elə bir xeyirxahlığa imza atıb ki, bunu ancaq korlar,
nadanlar görməyə bilər.
Kiçik bir haşiyə çıxım. O vaxt humanitar sahənin uşaqları ilə
çox isti münasibətimiz vardı. Öz tələbə dostlarıma siyasi
fəaliyyətlə məşğul olmamağı tövsiyə edirdim. Deyirdim ki, biz bura
təhsil almağa gəlmişik, auditoriyalarda siyasi söhbətlər
olmamalıdır, kim partiyaya üzv olursa, gedib qıraqda üzv olsun,
bura təhsil ocağıdır. Bu fikrimi dərhal Əzimova çatdırırlar.
Mühazirənin ən maraqlı yerində xəbər gəldi ki, səni rektor çağırır.
Getdim. Onun yarızarafat, yarıciddi atmacalarına, duzlu ifadələrinə
təkcə mən yox, bütün tələbə-müəllim kontingenti örəncəli idi. Duzlu
replikasından xoşhal olmadığımı görüb bayram tədbiri ilə bağlı
yazdığımız ssenariyə və çıxışa görə ayırdığı pul mükafatını
göstərib dedi: "Tədbirlərin keçirilməsində yaxından iştirak
edirsən, ancaq tələbələrin partiyaya üzv olmasına müdaxilə etməsən
yaxşıdır. Biz universitetdə siyasi fəaliyyətlə məşğul olmuruq.
Tələbələri bu partiyaya cəlb etməkdə məqsədimiz var. Bu partiyanın
adı Vahid Azərbaycan Milli Birlik Partiyasıdır. Milli birliyimizi
pozan, bu birliyə mane olan çoxlu qüvvələr var. Biz bu partiyanı
xüsusilə cənubda milli-ideoloji sahədəki boşluqları doldurmaq,
birliyimizi qorumaq və təbliğ etmək üçün yaratmışıq".
Bu, yadımda qalan epizodlardan biridir. Mən sonralar onun bu
işdə nə qədər səmimi olduğunun şahidi oldum. Hər halda gördüyüm və
haqqında eşitdiklərim bunu deməyə əsas verir. O, sözügedən
universitet tədbirlərində milli birliyə əsaslanan aktual çıxışlar
edir, H.Əliyevin dövlətçiliyimiz üçün gördüyü işləri tədbir
iştirakçılarına çatdırır, çəkinmədən separatçıları ifşa edirdi. Bir
tərəfdən əhalinin H.Əliyevə böyük inamı, bir tərəfdən Qarabağda
gedən müharibə, gələn şəhidlər, bir tərəfdən də separatçıların
məkrli planları və vətəndaş müharibəsi.
Ölkənin ən ağır vaxtlarında separatçıların Vətənə xəyanətindən -
xəcalət dolu hadisələrdən 20 ildən artıq vaxt keçir. Mənə elə
gəlirdi ki, üzücü və ağılsız hərəkətlərdən həmin adamlar bir ibrət
dərsi götürəcək, doğru yola qayıdıb dövlətçiliyimizin
möhkəmlənməsinə xidmət edəcəklər.
Çox təəssüf ki, bəziləri hələ də "xanlıq" amalı ilə yaşayır.
Əksinə, keçən 20 ildə bəzi qüvvələr özlərini qara ləkədən
təmizləmək əvəzinə, bir qədər də irəli gedərək "Azərbaycanlılar
talış xalqını soyqırım edir" şüarları ilə ayrı-ayrı şəbəkələrdə
beyinləri zəhərləməyə, Azərbaycan türklərini təhqir etməyə
başladılar, hətta Vətən xainlərini "şəhid", "milli qəhrəman"
səviyyəsinə qaldırdılar.
Mənə elə gəlir ki, həmin şəxslərin öz fəaliyyət və niyyətlərinə
ciddi korrektələr etməsi hər kəs üçün faydalıdır. Talış dili
Azərbaycan dili ilə az qalsın ki, eyni vaxtdan tədqiq olunmağa
başlayıb, bu gün də şıdırğı elmi-tədqiqat işləri aparılır, bölgənin
etnoqrafiyası, folkloru öyrənilir və s. Belə olan halda, sosial
şəbəkələrdə, digər elektron yazı vasitələrində tamamilə əsassız
ideyalar suvarılmaqdadır. Dilimizə, tariximizə, milli-mənəvi
dəyərlərimizə bu qədər aşırı nifrət və kini anlamaq olmur! Çingiz
xanın, Qazan xanın intiqamını niyə yerli xalqdan çıxmalısan axı?!
Onlar gələndə sənin sayın nə qədər idi ki qardaşım!? Məgər o
fırtınalar yerli Azərbaycan türklərindənmi yan keçmişdi?
Vuruşmuşuqsa da, bir vuruşmuşuq, qırılmışıqsa da bir qırılmışıq.
Arxiv materiallarına baxsanız, görərsiniz ki, hələ 1800-cü ildən bu
yana "hər kənddə" bir, ya iki ailə olub, ya olmayıb. İndi 5 əsr o
tərəfə keçsəniz, kimi tapacaqsınız? Şübhəsiz ki, birliyimizə xələl
gətirən niyyətlər heç vaxt baş tutmayacaq, necə ki, xaricdəki
havadarlarının diktəsilə hərəkət edən həmin beş-altı adam da bunu
yaxşı anlayır. Həmin insanların talış xalqının arzu və istəklərinə
heç bir dəxli olmadığı hər kəsə bəllidir.
İnanıram ki, birliyə, bütövlüyə çağırışlarımız dövlətimizi,
millətimizi təhqir edənlərə bir cavab olacaq və Azərbaycanımızın
vətənpərvər talış ziyalıları cənub bölgəsini növbəti dəfə gözdən
salmaq istəyən həmin gerizəkalı və xəstə təxəyyüllülərə "dur!"
deyəcək!
Dövlətimizin sərt addımlar atmasına da ehtiyac olmayacaq.