Dilimizdə əndirabadi sözlər çoxdur. Götürək əndirabadi
sözünü; sözlüyümüzdə yoxdur, amma tez-tez işlədirik. Bir neçə
yazılış formasına rast gəlmək olur: endirabadi, andirabadi,
əndirabadi, əndirəbadi. Sabah bu sözü kimsə Andi Rabadi kimi də
yaza bilər.
Hələlik iki əndirəbadi sözdən danışmaq istəyirəm: kəndçi və
biabırçı. Əndirəbadi sözündən fərqli olaraq, bu iki əndirəbadi sözə
sözlüyümüzdə rast gəlirik. Azərbaycanda 4000-dən çox kənd var.
Məgər kənddə yaşayan adama kəndçi deyilməlidir?
İzahlı sözlükdə kəndçi sözünün mənası belə açıqlanır: "Kənddə
yaşayan və əsas peşəsi kənd təsərrüfatı olan adam; kənd əhli,
kəndli. Kəndçi qız. Kəndçi paltarı".
Sözün özü kimi izahı da qüsurludur. Kəndli qız söz birləşməsi
ilə "kəndçi qız" birləşməsi arasında çox ciddi fərqi hər kəs görür.
Bütün kəndli qızlar "kəndçi" olmadığı kimi, bütün "kəndli paltarı"
da "kəndçi paltarı" demək deyil. Hansısa səbatsız bir yazıçının nə
vaxtsa dilimizə belə bir söz gətirməsi kəndlərimizdə yaşayan
əhalini lağa qoymaq, aşağılamaq məqsədi daşıyıb. Bu, təxminən Sovet
dövündəki "çuşka" məsələsinə bənzəyir. Bu azmış kimi, kəndliyə
"kəndoş", "kəntoş" da deyiblər.
Qəribəsi budur ki, bu gün həmin sözləri gen-bol işlədirlər.
Dildən- düşüncədən "türkün sözü" kimi bu cür eybəcər ifadələri
qaşıyıb atmaq gərəkdir.
Əndirabadi sözlərdən biri də "biabırçı" kəlməsidir. İzahı
belədir: "Rüsvayedici, eyib gətirən, adbatıran, utanılacaq.
Biabırçı hərəkət".
Bu sözün qondarma bir kəlmə olduğunu sübut etməyə ehtiyac
yoxdur. Fars mənşəli -bi şəkilçisi isimlərin əvvəlinə gətirildikdə
inkar və yoxluq mənasında sifət düzəldir və dilimizdə dörd cür
yazılan -sız şəkilçisinin ekvivalenti kimi çıxış edir. Məsələn,
ədəbsiz əvəzinə biədəb, insafsız əvəzinə biinsaf, vəfasız yerinə
bivəfa və s. Bu məntiqlə biədəb, biinsaf və bivəfa sözlərindən
biədəbçi (söz), biinsafçı (qız), bivəfaçı (yar) söz birləşmələri də
düzəldilməliydi. Bu, mümkün deyilsə, dildə-düşüncədə yoxdursa,
deməli, saxta, qondarmadır.
Dilimizdən və sözlüyümüzdən bu cür qondarma sözlər
çıxarılmalıdır.