Bir vaxtlar "Ural-Altay" nəzəriyyəsini ortalığa atdılar.
Özünü doğrultmadı. "Ural" adını çıxarıb "Altay"ı saxladılar və
beləliklə də türkologiyada, tarixşünaslıqda yanlış bir nəzəriyyənin
əsası qoyuldu. Bu istiqamətdə məqsədli şəkildə cild-cild əsərlər
yazıldı. Oxuduq, təsir altına düşdük, susduq! Həqiqəti deyənləri,
yazanları elə özümüz qınadıq, bəzən də lağa qoyduq.
Ədalətsizliyə, haqsızlığa dözməyib də "dişi, dırnağı ilə fakt
toplayanlar"ı, "iynə ilə gör eşən" tədqiqatçıları çox vaxt gözdən
salmağa çalışdıq! Kim bilir, daha çox kimlərinsə xoşuna gəlmək
üçün! Bugün ortalıqda bizi məhz bu məmləkətdə öz tarixi keçmişimizə
bağlayan çox doğru və ciddi bir nəzəriyyə mövcuddur!
Məhz bu coğrafiyadakı XI əsrə qədərki tariximizi,
mədəniyyətimizi və s. kimlərəsə "bağışlamaq"la cəmiyyətə və elmə
yenidən "dinclik gətirmək" istəyənlər ancaq başqalarının işinə
yaraya bilər!.. Ümumiyyətlə, içimizdəki kiçik xalqlar o cür "ideya
ötürücüləri"lərinin çıxış yolu hesab etdiyi "məğlubiyyət"dən bir
"fayda" götürə bilərlərmi? Təbii ki, yox!
Azərbaycan türklərini Albaniyasız, Mannasız, Midiyasız,
Atropatenasiz, Girdimansız, Xürrəmisiz, lap elə Dədə Qorqudsuz
təsəvvür etsələr də belə! Bu ölkədə ağrıyan bir can var, o da
Azərbaycandır! Məsələn, Zəngəzuru, İrəvanı, Qarabağı təkcə biz
itirdikmi?
Tariximizi dilimizdən ayrı tədqiq etməyi bizə öyrədiblər,
halbuki dilin tarixi elə xalqın tarixidir! Xalqlar, mədəniyyətlər
kimi sözün də "milli"si, "yad"ı olur. Təəssüf ki, bizi özümüzə
sahib çıxmağa çox vaxt "özümüzkülər" də qısqanır. Ortaya atılmış
iki sərsəm fikirlə: "ya bura gəlməyik, ya da buralıyıq, dilimizi
dəyişiblər". Bir soruşan yoxdur ki, o zaman ən kiçik etnosların
dili nə üçün dəyişməyib? Əcaba, bu ayrı-seçkilik hardan və nədən
qaynaqlanırmış!
Fikirlərimi iki dil faktının - turşpalan və qorapalan sözlərinin
etimololoji təhlili ilə davam etdirirəm. Hər kəs bilir ki, bu
məişət əşyasının adı dilimizdə aşsüzəndir! Əgər gəlmə etnos idiksə,
bu sözlər başqa türk dillərində də olmalıydı. Türkiyə türkcəsində
heç "aşsüzən" sözünü çoxluq anlamır, qalmışdı turşpalan, qorapalan
sözünə! Anadolu şivələrində türşpalan sözü işlənir. Bu da
təbiidir!
Qorapalan sözü qor və aparan sözlərindən yaranıb. Qor - aparan
deməkdir. Dəmirdən (və s.) olan məişət əşyasının içini bir neçə
yerdən deşirdilər ki, közü içinə yığıb apararkən sönməsin,
qaralmasın! Rus dilindəki "qoret" sözü də həmin "qor"
sözündəndir.
Başqa bir fakt: Ucar şivələrində "odluq" (çıraqda, lampada)
mənasında qarapalan sözü işlənir.
Turşpalan sözü də tüstüaparan, közaparan deməkdir.
Bölgələrimizdə düşbalan, tüşpalan da deyirlər. Maraqlıdır ki,
ruslar turşpalan sözündəki düş-tüş-turş sözünü "durşlaq" şəklində
(aşsüzən, kəfgir) mənimsəyib. Ancaq söz (dü – duman - türk dilində
tüstü anlamında) (tü- tüs/tüt -ün) öz varlığını qoruya
bilib.
Tarixin qaranlıq səhifələrinə işıq salan dilimiz neçə min il
öncə məhz burda yaranıb, burdan parçalanıb, çünki bu dilin özü
işıqlı dildir!