3-cü Maydan şokoladsız
olacaq
"Poroşenkonun Ukraynası" ifadəsi Maydan inqilabından sonra
qurulmuş yeni hakimiyyətin siyasi arxitekturasını dolğun əks
etdirmədiyindən ayrı termindən yararlanmalı olacağıq. Əvvəlcə
gəlin, bir az tarixə qayıdaq.
Bolşeviklər Leninin rəhbərliyi altında çarizmin qəbrini qazanda
Rusiyada bir neçə yeni hökumət qurulmuşdu, lakin fəhlə-kəndli sinfi
adından çıxış edən burjuyların və ağqvardiyaçı generalların
ikihakimiyyətliyini hətta nəhəng təbliğat maşınına və ideoloji
buxovlar qurmaq qabiliyyətinə malik olan qırmızı imperiyanın
dövründə də yaddaşlardan tamam silmək mümkün olmadı. İnsanlar dara
düşən kimi Denikini, Kolçakı, çox sonralar Trotskini, Buxarini
xatırlayır, onları istibdadın və hərbi kazarma sisteminin
alternativi kimi görürdülər.
Ukraynada isə ən azı 4 qüvvə hakmiyyət mərkəzi kimi çıxış edir:
Donbasdakı müharibə partiyası, Yaçenyukun Xalq Cəbhəsi və onu
müdafiə edən qüvvələr, Poroşenkonun oliqarxiya ilə çulğalaşmış, həm
də Qərblə iş birliyində xüsusi canfəşanlıq göstərən
maliyyə-iqtisadi qrupları və millətçi-şovinist hərəkatlar son
inqilabın törəməsi kimi ölkənin taleyinə qərar verir. Kiyevdə
əyləşən və dövlətin müxtəlif qollarına nəzarət uğrunda savaş
aparanların cəmisi iki il əvvəl Yanukoviçi devirənlər olduğuna
şübhə etməyə bilmirsən. Axı "Moskvanın adamını - tiraniya
təmsilçisi"ni devirəndə xalqa vəd olunan gələcək bu deyildi.
O vaxt Müstəqillik meydanında həyatını itirən 100 nəfər şəxsin
ruhu qarşısında and içənlər diktaturadan sonra əsil xalq
hakimiyyətini quracaqlarına söz vermişdilər. İndi hamının gözü
qarşısında o vaxtkı soyuq yanvar günlərinin baş qəhrəmanları -
Saakaşvili və Avakov ana söyüşlərini prezidentin qarşısında, özü də
hər ikisi rus dilində, əsil demokartik leksikon kimi təqdim etməyə
çalışır, dövlət tərbiyəsinin və ərkanının nədən ibarət olduğunu hər
kəsə nümayiş etdirirlər. Baş nazirin üzünə çırpılan "sən oğrusan"
kəlməsi rəsmi məclisin teatral ovqatını nə qədər qaldırsa da, ondan
sonra atılan inqilab fincanına və sensurasız təhqirlərə görə
prokurorluq orqanlarından heç bir reaksiya verilməməsi təəccüb
doğurmur. Bundan sonra digər idarəetmə qollarının müstəqilliyinə
kimi inandıra bilərsən?
Bilirsiz "iflasın bir addımlığına gəlmiş ölkə"nin hökumət
rəhbəri Saakaşvilini susdurmaq üçün nə deyib? Dünyanın ən yüksək
"islahatçı lider" kimi qəbul etdiyi şəxsi, barışmaz
antikorrupsiyaçını və antisovet simvolu olan sabiq gürcü
prezidentini "ölkəndə necə yaxşı məhkəmə qurmusan ki, səni
vətəndaşlıqdan məhrum edirlər" deyə suçlandıran Yaçenyuk onu sahib
olduğu dünyəvi addan məhrum etməyə çalışarkən hansı nöqtəyə zərbə
vurduğunu yaxşı bilir. Saakaşvilinin bir neçə aydır irəliyə sürdüyü
ittihamlarsa səngimək bilmir.
Bu, onun baş nazirlik kreslosu uğrunda mübarizə aparması
haqqında Xalq Cəbhəsi təmsilçilərinin parlamentdə onun əleyhinə
başlatdıqları kampaniyadan sonra daha da sərtləşib və sistemli
xarakter alıb. Hökumət rəhbərini Kolomoyski və Rinat Əhmədov kimi
milyarderlərlə işbirliyində, müxtəlif qara biznes dövriyyələrinə
şəriklikdə ittiham edən "qızılgül lideri"nə qarşı elə onun öz
ölkəsindəki rəqiblərinin əli ilə Odessada heç də Monako stilli
Avropa cənnəti qurulmadığını Ali Radada deputat Qolubov tərəfindən
gündəmə gətirmişdilər. Guya müxtəlif xarici müğənnilər Odessaya
qastrollara büdcə vəsaitləri hesabına gəlir, Saakaşvilinin
Gürcüstandan özü ilə gətirdiyi legioner komandasının üzvlərinin
aviabiletləri və istirahət xərcləri xeyriyyə fondları adı ilə
yaradılmış qara kassadan ödənilir və s. Lakin əsil fəlakətin və
cəngəllik qanunlarının hökm sürdüyü doğma vətənində Saakaşvilinin
üzərinə silahla və kompramatlarla gələnlər onu qorxuda
bilməmişdilər. Kiçik bir əyalət şəhərində onu ləkələmək və siyasi
meydandan asanlıqla çıxarmaq mümkün deyil.
Rusiya boyda bir düşmənin bütün informasiya axınları onu basdıra
bilməyibsə, Avakovun siyasi rejissorlarının quraşdırdıqları və adi
gözlə baxanda saxtalığı üzə çıxan videofaktlar heç bir ukraynalıya
təsir edə bilməz. Daha qlobal miqyasda götürdükdə isə keçmiş Sovet
məkanında inqilab simvolu olan bir şəxsin məğlubiyyəti Qərbin
siyasi laboratoriyalarının işinin dayanması anlamına gələrdi ki, bu
da ağlasığmazdır.
Bəli, Odessa indi mühüm siyasi mərkəzə çevrilib. Onun əhali
sayının Gürcüstandan geri qalmasına baxmayın. Baş nazirin müavini,
yaxud antikorrupsiya idarəsinin rəhbəri təyin olunmaqdan imtina
edərkən gürcü lideri hansı hədəfi seçdiyini yaxşı bilirdi. Bütün
dünyada qəbul olunan siyasi imic və Amerikanın açıq-aşkar yardımı
sayəsində o, Nulandın siyahısı ilə formalaşan hazırkı Maydan
hökumətinin istənilən müqavimətini qırmağa qadirdir.
Digər tərəfdən, Odessada kəsişən maraqlar onu daim ölkə
idarəçiliyində baş fiqura çevirəcəkdi. Gömrük-keçid məntəqəsi,
dəniz limanı ətrafında qurulmuş infrastruktura sahiblənmək istəyən
müxtəlif güc mərkəzləri, ölkə əhəmiyyətli çoxlu müəssisə və
şirkətlər əsas daşıyıcı naqillərin məhz burada qovuşduğunu yerli
ukraynalılara aydın göstərirdi. Bütün hallarda 5 il oturaqlığı
olmadığından nə prezident, nə də deputatlıq kreslosu uğrunda vuruşa
bilməyən Saakaşvili Sezar kimi hərbi döyüşü qazanaraq hakimiyyət
olimpinə doğru getməyə məhkumdur.
Qısa müddət ərzində Odessa Kiyevin siyasi nailiyyətləri üçün
əsil mayak rolunda çıxış edir. Hər halda, korrupsiya sxemlərini
dağıtmaq üçün bütün köhnə komanda üzvləri işdən qovulub,
prokurorluq və polis sistemi gürcü modelində yenidən qurulub,
gömrük təşkilatı elektron qaydada şəffaf xidmətə keçib, Dnestryanı
bölgədən gələn qaçaqmalçılar ordusu minimuma endirilib, 26 rayon
rəhbərliyinə keçirilən seçki üçün müsabiqə elan edilib və
qubernator şəxsən özü son seçim raundunda iştirak edib, Gürcüstanda
ad çıxarmış polis nazirinin müavini Lordkipanidze vilayətin
eyniadlı qurumuna rəhbərlik edir, David Cakvarelidze və Xatiya
Cekaleidze də öz müsbət gürcü təcrübələrinə görə, Ukrayna DİN və
Baş Prokurorluğunda yüksək vəzifələrə təyin olunublar. Lakin
Saakaşvili təkcə hakimiyyətlə bu simbioz birləşməyə arxalanmır.
O, temperamentinə və siyasi miqyasına görə ümumxalq lideri
statusunda qəbul olunduğunu hər addımda nümayiş etdirir. Faktiki
olaraq, iqtidarda siyasi azlığın nümayəndələri təmsil olunduğundan
və onların nüfuzu hər gün aşağıya düşdüyündən siyasətçilər
içərisində yeganə bir adamı istər qastrolçu adlandır, istər sirk
ustası, ya da dahi siyasi texnoloq, yalnız onun bütün quldurlara və
korrupsionerlərə qarşı mübarizəsi səmimi qəbul olunur. Saakaşvili
prezidentlə qovğaya girməsə də, hamı yaxşı bilir ki, qızılgül
inqilabının lideri dövlət başçısından daha nüfuzludur və güclü
beynəlxalq dayaqlara malikdir.
Bununla yanaşı, iki illik hakimiyyətin günahlarını təkcə
Yaçenyukun üzərinə yıxmaq düzgün olmazdı. Ölkədə ÜDM-in ilin
sonunadək 5,4 faiz əvəzinə 15 faiz aşağı düşəcəyini Dünya Bankı
bəyan edib, xarici borclar iri şirkətlərin öhdəlikləri ilə birgə
143 milyard dollardan yuxarıya qalxıb, həyat səviyyəsi keçmiş
illərlə müqayisədə qat-qat geriləyib, qrivnanın dəyərsizləşməsini
son aylar durdurmaq mümkün olsa da, xaricdən asılılığın və Rusiya
ilə ticari dövriyyənin kəskin azalmasının fonunda iflyasiyanın 50
faiz olacağı qaçılmazdır.
Qərbin yardımları da hamıya nümayiş etdirilən yüksək qəbullara
və dəbdəbəli diplomatik həmrəyliklərə rəğmən Ukraynanı defoltdan
xilas etmək gücündə deyil. Yanvar ayından BVF ilə aparılan
danışıqlar nəticəsində gözlənilən 17,5 milyard dollarlıq yardım
islahatları radikal xarakter daşımadığına görə növbəti dəfə təxirə
salınıb. Bunun ardınca qurum Moskva qarşısında Kiyevin borcunu
dünən rəsmi olaraq tanıdı - 3milyard dollar. Avrokomissar Donald
Tusk isə Brüsseldən Poroşenkonu yenə də əliboş qaytardı, vizasız
gediş-gəliş indi mümkün olmayacaq.
Bir yandan da Donbas ölkənin büdcəsini yeməkdə davam edir.
Gündəlik hərbi xərclərin bir neçə milyon dollara çatdığı
bildirilir. Söhbət yeni texnikaların alınmasından, fərarilərin sayı
50 min nəfərdən artıq olduğu üçün müxtəlif şirnikləndirici
vasitələrlə silahlı qüvvələrə arxa cəbhə yaratmaq vəzifəsindən,
inqilaba gedənlərlə müqayisədə sayı on qat az olan müharibə
döyüşçülərinin hər gün real yardıma ehtiyaclarının
qarşılanmasından, köçkünlərin yerləşdirilməsindən, yaralıların,
həyatını itirənlərin ailələrinin ayaqda saxlanmasından gedir.
Poroşenko müharibəni siyasi rəqiblərin başı üzərində qılınca
çevirməyə çalışsa da, o tarixi Fransa sərkərdəsi ola bilmir.
Parlamentdə yer almış səhra komandirlərinin hamısı vətənə
xidmətləri müqabilində pay aldıqlarını iddia edirlər. Özü də
Yaçenyuka hücum edən də təkcə Saakaşvili deyil. "Qaz kraliçası"
ləqəbini qoruyub saxlayan Yuliya Timoşenko narıncı inqilabın
memarlarından olan hazırkı baş nazirin onun həbsdə olduğundan
istifadə edib, hakimiyyət tortunun böyük hissəsini özünə
götürdüyünü hələ də sinirə bilmədiyindən Radanın son iclasında
hökumətə etimad votumu üçün səsvermədən öncə Yaçenyuku cinayət
məsuliyyətinə cəlb etməyi təklif edib. Bəli,"ölkənin salındığı
uçurum"un cəzası bu olmalıdır.
Amerikadan gələn direktivlər isə Poroşenkonun əl-qolunu tamamilə
bağlayır. Bayden parlamentdə xəbərdarlıq etdi ki, koalisiya
dağılsa, Qərbdən əlinizi üzün. Başa düşdünüz yəqin - yeni baş nazir
axtarışları və ya seçkilərə getmək haqda planlar cızmaq Ağ Evin
nəzərlərinə görə bütün inqilab hökumətini iflasa uğradardı.
Avropanın siyasi instutları da eyni qənaəti bölüşürlər.
Sadəcə desovetləşmə adı ilə heykəlləri uçurmaq, dərsliklərdə
Rusiyanın izini silmək və milli ləyaqət pamfletlərini oraya
doldurmaqla, Banderanın ruhunu dirçəltmək üçün hər gün meydanlarda
kahin ayinlərinə bənzər mərasimlər düzənləməklə demokratiya
qurulmaz. Lüstrasiya qanuni ilə nə qədər adamı çölə töküb yeni
komanda yaratdılar. Lakin onlara qiyməti Saakaşvili yaxşı verib,
Yanukoviç dövründə demokratiya bundan yuxarı olub.
Dünən Avakov son klinçdə rəqibinə atdığı bir fincan suya və
söyüşlərə görə xalqdan gələn qəzəb selini qarşılamaq üçün böyük bir
müraciətlə çıxış edib. O, az qala yeni Ukrayna demokratiyasının
Zevsi kimi inqilab məşəlini əlində daşıyarkən xalq mücadiləsində
iştirak edənləri mükafatlandırmaqda heç bir cinayətə yol
vermədiyinə, kseonfobiyaya uğramadığına, ətrafında qanunsuz
silahsız birləşmələr yaratmadığına hamını inandırmağa çalışır.
Lakin varlılardan, yaxud keçmiş hakimiyyət mənsublarından
yağmalanmış vəsaitlərin bir hissəsinin devrimçi qüvvələrə
paylanmasını izah etməkdə çətinlik çəkən nazir əsil sovet komissarı
qiyafəsində çıxış etdiyinin fərqində deyil.
Düz 23 il əvvəl Azərbaycan da eyni ssenari ilə inqilab
balalarını taxta çıxararkən milli polis nazirimiz demokratik
inqilab cəbhəsinin yetirmələrini mükafatlandırmaqla məşğul idi. Düz
bir il ərzində xalq çiyin verdiyi qüvvələri zorla saxlamağa çalışsa
da, sonra ayağı altına atıb onları əski kommunistlərdən daha betər
cəzalandırdı.
İndi Ukrayna inqilabı növbəti iflasa doğru yaxınlaşır.
Saakaşvilinin dediyi "simasını itirmişlər" əslində Maydanın
vitrininə çıxanların hamısına aiddir. Ləyaqət uğrunda mübarizə və
Avromaydançılıq ölkəni 20 faizlik torpaq itkiləri, kasıblıq,
ədalətsizlik və sərvətlərin talanması ilə üz-üzə qoydu. Yerli
seçkilərdə saxta yekunlar hesabına çıxarılan 34 faizlik xalq
iştirakı çoxluğun bu dövləti müdafiə etmədiyinin güzgüsüdür.
Tarix inqilabın təkcə qanunlar və yeni üsul-idarələr deyil, həm
də gilyotinlər istehsal etdiyini yaxşı bilir. Kralı edam edənlər
Lüdovikin cəsədi üzərindən keçib yeni inqilabi hökumət
yaratmışdılar. Lakin sonra onların üstünə göndərilən yoxsul kütlə
Robespyeri, mütləqiyyət tərəfdarlarını, konstitusiyalı
monarxiyaçıları və triumviratçıları taxt-taca sahib edincə bəlli
oldu ki, Konvent bütün düşmənlərini adi qaydada edam etməyə vaxtı
çatmır, yeni edam qurğusuna ehtiyac duyulur. Budur, təp-təzə baş
kəsən alət artıq tam gücü işə düşüb. Ölkədə yeganə istehsal siyasi
rəqiblərinin və inqilab əleyhdarlarının hər gün gizli polisin əli
ilə tapılıb öldürülməsi hesabına anbaan artır. Xarici düşmənlərə
qarşı mübarizəyə bir az fasilə vermək də olar, təki ölkə
termidorçulardan, yakobinçilərdən və jirondistlərdən təmizlənsin.
On il ərzində Fransa inqilab maşınının sürətlə irəliyə getməsi üçün
xalqın önünə çıxan liderlər böyük məramlar, yüksək ideallar naminə
nə qədər desəniz, qan tökməyi bacardılar. Nəhayət, hərbi sərkərdə -
Napoleon cəsədi ortada qalmış Vətənə sahib durmaq üçün qılıncını
Parisdə qınına qoymağa söz verdi. Lakin yeni imperator dünya
ağalığına baş vurunca Bastiliya qalasına hücum edənlərdən heç biri
sağ qalmadı.
İndi Avakovun söyüşləri inqilab keşikçiləri üçün siyasi edamlara
hazılığın bir siqnalıdır. Yox, o, Fransanın əzəmətli polis naziri
Jozef Fuşe ola bilməz. Lakin avroinqilabın tonqalını qalayanlar
indi həmin ocaqda bir-birini yandırmağa hazırdılar.
Vaxtilə Yanukoviç əleyhinə Kiyevi bürüyən qara tüstü yenidən
qayıdır. Əksəriyyətində Amerika pasportu olan siyasi elita
kapitulyasiyaya məhkumdur. Poroşenko hər gün meydan liderlərinin
ona necə acılar bəxş etdiyini yaxşı görür.
Siyasət yovşan kimidir. Ətri olsa da, onu yemək olmur. Bir
vaxtlar Ukraynanın ən böyük şokolad istehsalçısı indi özü və xalqı
üçün acılıq gətirir. Robespyerin dediyi kimi, inqilabı xilas etmək
üçün min adamı belə qurban vermək artıq gecdir. 3-cü Maydan
şokoladsız olacaq!