Üç gün əvvəl televiziyalarımızın birində böyük
sənətçimiz Zeynəb Xanlarovanın doğum gününə həsr olunmuş verilişdən
sonra fəlsəfənin daimi problemi olan "maddiyyat, yoxsa mənəviyyat
birincidir" sualı tamaşıçılar üçün əhəmiyyətli
olmalıydı.
Ekranı zəbt etmiş balacalıq kompleksinin daşıyıcılarının bir
millətin mənəvi dünyasına vurduğu ziyanları görmək üçün simvol
şəxsiyyətlərin efirdə cəmi bir saat olması yetərlidir.
SSRİ-nin ideoloji rənginə nifrətinizi bir kənara qoyun.
"Totalitar quruluş" deyib, o dövrün bütün qəhrəmanlarını xalqdan
uzaq saymağa ixtiyarımız yoxdur.
Kimsə keçmişin xiffəti ilə yaşaya bilər. Lakin o dövrün bütün
rituallarını yenidən bərpa etməyə ehtiyac duymadan böyük əmək,
sənət və həyat qəhrəmanlarının gerçək dəyərini indi yenidən dərk
etməyə borcluyuq. Adil İsgəndərovdan Səməndər Rzayevə, Məlik
Dadaşovdan Nəsibə Zeynalovaya qədər bizim teatr və kino sifətimiz
təkcə səhnələrimizdən yox, həmçinin gerçəkliyimizdən qeyb olub
çıxıb gediblər.
Həsən Məmmədovun bədii obrazını hansısa quruluşa görə kənara
atmaq olarmı? Mərdliyi, bütövlüyü, soyuqqanlılığı və kişiliyi
özündə təcəssüm etdirmək heç bir toplum üçün yabançı sayıla bilməz.
Milləti formalaşdıran və dəyərlər sistemini yaradan insanları heç
bir formasiyada inkar etməyə çalışmayıblar.
Düz yüz il əvvəl barmaqla sayılacaq qədər az olan qabaqcıl zəka
sahiblərimiz - haqverdiyevlər, vəzirovlar və köçərlilər geri qalmış
Qafqaz xalqlarının həyatında işıqlı məbədə çevrilən Qori
seminariyasına sığınanda bununla da gələcək cümhuriyyət
quruculuğuna, milli ruhaniyyət məktəblərinin formalaşmasına əvəzsiz
töhfələr vermişdilər. Lakin Sovet dövrünün bütün ideallarının saxta
və qurama olduğunu iddia etməyə heç kəsin ixtiyarı yoxdur. Çünki
onların əmək rəşadəti, mədəni hünəri, hərbi şücaəti gerçək
meydanlarda qazanılmışdı və fərqli bir əsrdə yaşamaq kimlərinsə
günahı deyildi.
Əgər hər gün işdə, idarəetmədə və bizi əhatə edən insanlar
içərisində ədaləti, imanı, istedadı təşviq etməsək, heç bir milli
pul vahidi sabit kursuna sahib olmayacaq. İqtisadi qeyri-sabitliyin
ən böyük səbəbi təkcə neft kotirovkalarının birjalarda rəqs edən
qiymətləri deyil, həçminin kəmfürsətliyi, başqasına qarşı
aqressiyanı və qonşusunu özündən rifahlı görmək istəməyən ağılları
bürüyən böhrandır.
Vaxtilə ingilislər yoxsulluğun hökm sürdüyü İngiltərədə
Şekspirin əsərlərini səhnəyə daşımaqla millətin həyatını ədəbiyyat
və sənətlə dəyişməyə baş vurdular. Mənəvi intibah iqtisadi rifah
doğurdu. Ona görə də Xəzər dənizini ədəbiyyatımızdan və
poeziyamızdan çıxarmış Azərbaycan insanı iqtisadiyyatda yeri
getdikcə məhdudlaşan neft buruqlarının əvəzinə yeni mənəviyyat
dənizini yaratmağa ehtiyac duyduğunu bir daha ortaya qoyur.
Baxın, dünyada nə qədər təbii sərvətləri olmayan dövlətlər var.
Onların şüuru və həyata baxışı neft ölkələrindən çox fərqli
qurulub. İndi asan pullara qərar verən hökumətin qüsurlarından hamı
danışır. Bəs şərq ənənələri kimi əl-ayağımıza daxil olan toy-yas
nümayişlərimizi, orta məktəbi qurtarmaqdan hərbi xidmətə, müsəlman
olmaqdan tutmuş dünyaya övlad gətirməyə və müxtəlif dəbdəbəli ad
günlərinə qədər şadlıq evlərinə daışıdığımız mərəkələrimiz hansı
dövlət qərarının ayağına yazmalı olacağıq? Halbuki "qara qızıl"
Xəzər dənizində qurusa da, ağlımızda dərin qatlar bağlamış neft
laylarını şüurumuzdan çıxarıb ata bilmirik.
Mənəvi dünyamızı düzəltdikcə sosial və iqtisadi həyatımız ona
adekvat dəyişəcəkdir. Hamımız bir-birimizə yaxşı arzular diləməyə
borcluyuq. Çünki dualar devalvasiyaya uğramır!
Mübarək bayramları qapımızdan içəri qəbul edərkən evimizdəki
pisliyi və düşüncələrimizdəki kəsafəti də onunla bərabər keçmişdə
qoyub Yeni ilə başlamağa hər birimizin ehtiyacı var.
Bütün ağırlıqlar və itkilərimizin ötən ildə qalmasını diləyərkən
hər gün insan taleyi üçün yeni səhifə olduğunu unutmamalıyıq.
Bu dövlətin lideri öz xalqını hər zaman böyük təlatümlərdən
çıxarmağı bacarıb. İndi sınağa çəkdiyi hakimiyyət komandası da
cənab prezidentin idarəetmə üslubuna, fikir sürətinə və ayaq
səslərinə çatmağa borcludular!
Əziz dostlar!
Soyuq qış səngərlərində bizim babalarımızı saxlayan ruh təkcə
Stalinə məhəbbət deyildi, ciblərində gəzdirdkləri bir doğmasının
şəkli, ürəklərində daşıdıqları xeyirxahlıq və qardaşlıq duyğusuydu.
Faşizmə qalib gəlmək üçün hamı bir-birini qorumağa məhkum idi.
Sizi 2016-cı il münasibətilə ürəkdən təbrik edərkən sevgi
hisslərimizin heç zaman devalvasiya olunmayacagına əminliyimi
bildirərəm.
Bayramınız mübarək olsun!