Moskvada çıxan "Nezavisimaya qazeta" da (22 oktyabr
2015) Anarın V.Mayakovskiyə həsr olunmuş "Kosoy dojd" ("Çəpəki
yağış") essesi dərc olunub. Həmin yazını oxucularımıza təqdim
edirik. Yazı azərbaycanca ilk dəfə çap edilir.
Çəpəki yağış
Gəncliyimizin şairi, bizim nəslin formalaşmasında rolu olmuş və
çoxlarımızın ədəbiyyat kumirinə çevrilmiş şəxs haqqında –
Mayakovski haqqında yazmaq qərarına gəldim. Düşünürəm ki, vaxtilə
qibtə etdiyin insana – həm də müəyyən dərəcədə gözdən düşmüş şairə
xəyanət etmək, elə öz keçmişinə xəyanət etmək deməkdir.
İndinin özündə də Mayakovskinin qərəzsiz olaraq poeziyada
tutduğu mövqenin sübutundan çox, onun özü haqqında mübahisələr
getməkdədir. Görəsən doğrudanmı Vladimir Vladimiroviçin vaxtilə
bəyan etdiyi ehtimal öz təsdiqini tapır: "Mən sovet hakimiyyətindən
savayı digər hakimiyyətlərdə bir kəlməylə də mövcud ola bilmərəm.
Əgər günlərin birində zamanı geriyə qaytarsalar məndən bir sətir
belə qalmayacaq, əsərlərimin hamısını yandıracaqlar".
Doğrudur, onun kitablarını yandırmırlar, amma nadir hallarda
nəşr edirlər. Ədəbiyyat autodafesi – yalnız tonqalda yandırmaq
deyil, həm də unutdurmaqdır. Hər halda, Mayakovski özünü yalnız və
yalnız sovet hakimiyyəti ilə bağlamaqla düz demirdi. Özünü doğru
qiymətləndirməmişdi. Səmimiyyətlə hakimiyyətə bağlansa da
istedadının miqyası hər hansı bir hakimiyyətin çərçivəsinə sığacaq
deyildi. Və indi, Mayakovskinin dövrümüzdə söylənilməsi ədəbsiz
görünən sözləri: "Mən şair deyiləm, qələmimlə bugünkü zamana xidmət
edən, sovet hakimiyyətinin və onun partiyasının təbliğatçısıyam",
əlbəttə ki, sadəcə epotaj xarakterlidir, eynilə bir zamanlar fərqli
auditoriyaya, fərqli kontingentə yönəlmiş, "cəmiyyətin zövqünə
sillə vurmaq", sarı köynək və "mən uşaqların ölümünə baxmağı çox
sevirəm" sözləri kimi... Bəlkə də müasirlərinin Mayakovskinin
hərəkətlərini gənclik şıltaqlığı kimi qələmə vermələri də təsadüfi
deyildi. Hər halda, yaşa dolduqda belə dalaşqan, ərköyün
xüsusiyyətləri onu tərk etmirdi. Ürəyi parçalanmış, qanamış
savaşçı. Lenin Mayakovskinin poeması ilə əlaqədar ona özünəməxsus
"kompliment" söyləmişdi: "Yüz əlli milyon". Bu, kommunizmin xüsusi
formasıdır. Haradasa dələduz kommunizmdir". Yeri gəlmişkən, nədən
Stalinin Mayakovskiyə ölümündən sonra söylədiyi tərifini
bağışlamırlar, amma Leninin onun poeması haqqında çıxardığı sərt
hökmü unudurlar (Lunaçarskiyə ünvanlanmış qeyd):
"5.000 nüsxəli "150 milyon"nun nəşrinə izn vermək ayıb deyilmi?
Avamlıqdır, cəfəngiyyatdır". Mayakovski barəsində Leninin yeganə
xoş sözü belə olub ki, İlyiç onun poetik istedadının pərəstişkarı
deyil, onun "İclasbazlar" şeiri siyasi və adminstrativ (!) cəhətdən
qiymətləndirilir.
Stalinin Mayakovskiyə verdiyi qiymət isə konkret zaman kəsiyində
onu qorumuşdusa, son nəticə etibariylə əleyhinə çevrilmişdi. Yalnız
Mayakovski ilə bağlı deyil, Stalinin "ən gözəl, ən mükəmməl" möhürü
incəsənətdə ierarxiya sistemini yaratmış oldu. Məsələn, "istedadlı
və müxtəlif" sənətkarların arasından məhz biri ən öncül şair və
yaxud ən Baş yazıçı elan edilirdi. Çünki totalitar sistemlərdə
ədəbiyyat, incəsənət sahələrində də vahid kulta ehtiyac var idi. Bu
metod zamanla milli ədəbiyyatlarda da tətbiq edilməyə başladı və bu
tip ədəbiyyat "başçıları", bəyləri və xanları yarandı. (Onlar
adətən ədəbiyyat sahəsində müəyyən rəhbər vəzifələrə də təyin
olunurdular). Məhz belələrinin yaradıcılıq nümunələri etalona
çevrilir və digərlərinə örnək kimi təqdim olunurdu. Mayakovskinin
buna nə dəxli var? Özündən sonra olanlarçün o, hansı məsuliyyəti
daşıyır? Axı verilən qiymət Mayakovskinin əziz xatirəsindən çox,
Stalinin özünün ideoloji məqsədlərinə xidmət edirdi.
Deməli əgər Stalin Mayakovski haqqında yaxşı danışırsa indi bu
onun üçün pisdir, Lenin də onun haqqında pis danışırsa bu yenə də
pisdir? Məgər səbəb Lenin və Stalindir?
Onun üzərinə axın edən qəzəbli tənqidçilərin sayı-hesabı yox
idi. Onlara elə gəlirdi ki, tənqidçilər şair olmağı, necə yazmağı,
nə yazmağı şairin özündən daha yaxşı bilirlər. Demə onun üzərinə
hücum edən tənqidçilər Mayakovski olmağı Mayakovskinin özündən daha
yaxşı bilirmişlər. Bir zamanların tanınmış ədəbiyyatşünası və
tənqidçisi Mayakovski haqqında (1927) belə yazırdı:
"Mayakovskinin bizim poeziyamızda kəsb etdiyi məna mənfidir;
onun şeirlərinə nəzər salmaqla, belə yazmağın doğru olmadığını
aydın sezirsən. Yoxsul ideyalı, hipoxandrik, dar dünya görüşü, zəif
usta – o, şübhəsiz öz dövründən aşağıda dayanır və bu zaman ondan
mütləq üz çevirəcək ".
Mayakovskinin üzərində Stalinin tənqid yasağına qədər ona
münasibət əsasən belə idi. Bəs indi, bir çox başqa Stalin
tabularının aradan götürüldüyü vaxt yeni dövrün tənqidçiləri yenəmi
Mayakovskidən əl çəkmirlər?
Mayakovski o şairlərdəndir ki, onu nəinki sağlığında, ölümündən
sonra da devirmək, təftiş etmək istəyirlər. Qərinələrin,
ideologiyaların, etnik və estetik gəlişmələrin dəyişməsinə
baxmayaraq, Mayakovskiyə yönəli kor, qərəzli, mübaliğəli aşağılama
cəhdləri dəyişilməmiş qalır. İndinin özündə də, yeni dövrün tənqidi
şairin üzərində məhkəmə qurur, onun şəxsiyyətini, poeziyasını
durmadan təftiş edir. Gör necə təmələ malik olamalısan ki,
sağlığında da, ölümündən sonra da bütün atəş burulğanından salamat
çıxasan?
Əslində Mayakovskinin populyarlığını, bənzərsizliyini həzm edə
bilmirdilər. Hətta intiharını belə ona bağışlamırlar. Bir çoxları
belə düşünür ki, bu hərəkət həmin dövrə qarşı yönəlmişdi, rejimə
etiraz idi. Bir başqaları isə onun Stalin repressiyalarından
"zamanında" yaxa qurtardığını düşünürlər.
Faciəvi ölüm faktının üzərindən yarım əsrdən çox vaxt keçdikdən
sonra yeni nəsil tənqidçilərindən olan Yuriy Karabçiyevskiy adlı
birisi "Mayakovskinin dirilişi" adı altında yeni bir yazı ortaya
çıxarır. Bu kitab öncə xaricdə, sonra isə Sovetlərdə nəşr olunur.
Doğrudur, kitab kifayət qədər maraqlıdır, amma müəllifin əsas
məqsədi Mayakovskini devirmək və onu sümüklərinə qədər ifşa
etməkdir. Mayakovskinin hər sözünü, əməlini müəllif, hər vəchlə
şairin hakimiyyətə münasibətdə kölə olduğuyla izhar edir. Guya onun
qeyri-səmimiliyi, üzünə çəkilmiş maskanın arxasından boylanır.
Mayakovskini daha nələrdə ittiham etmir? O, yazdığı, yazmadığı
hər sətrə görə ittiham olunur. Hətta Karabçiyyevskinin təbiriycə
desək ölümün planlaşdırılması belə qüsurlu idi. Onun fikrincə
şairin tapanca darağına cəmi bir güllə yerləşdirməyi onun "sağ qala
bilmə" istəyindən qaynaqlanırdı. Müəllif Mayakovskini "dəftərxana
ruhlu" ("dəftərxana ruhlu" Mayakovski - bürokratizmi qurdlar kimi
didişdirməyə hazır olan insandır) adlandırır. Şairin "ən alçaq
buyruqları" yerinə yetirdiyini söyləyir. Ardı da eyni qaydada davam
edir. Müəllif belə cəfəng fikri də tam "ciddiliklə" söyləyir ki,
Mayakovski iblis ilə müqavilə bağlamışdı, şair qara qüvvələrin
ixtiyarında idi və ümumiyyətlə, taleyini və yaradıcılıq
məsələlərini müqavilənin müddəalarına daxil etmişdi. Guya onun
nəhəng yaradıcılıq gücü, enerjisi, hətta faciəvi ölümünün
planlaşdırılması belə (ölümündən sonra da şöhrətli olmaq,
heykəllərinin qurulması, miliyon tirajlı kitabları və.s.) iblislə
sazişin müddəalarına daxil idi. Hələ bu da kifayət deyil. Bu
sövdələmənin yekunu olaraq Mayakovskinin üç şairin – Yevtuşenko,
Rojdestvenskiy, Voznesenskiy şəxsində zühuru gerçəkləşəcəkdi.
Bundan o tərəfə getməyə ehtiyac yoxdur. Dünyadan köçmüş
Karabçiyevskinin ruhunu narahat etməyək. Ölülər cavab verməyi
bacarmır. Qeyd edək ki, Karabçyevskinin öncədən praqnozlaşdırdığı
bir müddəa təəssüf ki, öz təsdiqini tapır. Vaxtilə söylədiyi:
"Mayakovski – dərinliyə çəkib aparan dəlik kimidir. Onunla
yaxınlaşmaq bəzən məhvə gətirib çıxara bilər. Onun faciəvi ölümündə
belə insanı özünə çəkə biləcək cazibə var" fikri gerçəyə çevrildi.
Karabçiyevskiy də ömrünü sui-qəsdlə tamamladı.
Dövrümüzdə Mayakovskiyə yönəlmiş tənələrin, məzəmmətlərin
mayasında sovet hakimiyyətinin bütün qüsurlarına Mayakovskini şərik
etmək təşəbbüsü var. Bu cür düşünənlərin fikrincə sovet
cəmiyyətində baş verən bütün hadisələr cinayətlər xronikasından
başqa bir şey deyil. Buradan da belə nəticə çıxarıblar ki,
Mayakovskinin nəinki sağlığında, hətta ölümündən sonra da rejimin
bütün cinayətlərinə görə o da cavabdehdir.
Məsələn Mayakovskinin Leninə münasibətində səmimiliyini etiraf
etmək istəmirlər. Lenin haqqında poemanı o, İliçin ölümündən dərhal
sonra bu ağır itkinin təsiriylə qələmə almışdı. Axı şair, ancaq XX
əsrin sonlarında aşkara çıxan bir çox faktlardan xəbərdar deyildi.
Dünyada ilk konslagerlərdən, siyasətdə ikiüzlülükdən, çar ailəsinin
məhv edilməsində, hətta uşaqlarının mərhəmət bilmədən
öldürülməsində birbaşa əli olmasından məlumatlı deyildi. Lenin
Mayakovski üçün inqilabı təcəssüm edirdi. Mayakovski isə elə
xislətcə, xasiyyətcə inqilabçı idi. Bəlkə də onu inqilabçı yox,
qiyamçı adlandırmaq daha doğru olardı. Mayakovskinin qiyamçı
xüsusiyyətini şübhə altına almaq, mifoloji, tarixi, ədəbi
qəhrəmanlardan - Prometeydən tutmuş Avvakuma qədər, Fransua
Viyondan tutmuş Puşkinə qədər qiyamçılığı inkar etmək olardı.
Mayakovskinin qiyamçı xüsusiyyəti onun ilk məhəbbət poemalarında da
sezilir. Bu qiyam haradasa, cəmiyyətin konformist xüsusiyyətinə
qarşı yönəlmiş bir üsyan idi. Bu cür xarakterik xüsusiyyəti Alber
Kamünün sözlərilə də izah etmək olar: "İnqilabi ruh insanı
bütünlüklə tələtümə yuvarlayaraq uçurumun kənarına gətirir. İnqilab
daima, Prometeyin dövründən üzü bəri Allahlara qarşı yönəlmiş bir
qiyam olub. Tiranlar, burjua kuklaları burada yalnız
bəhanədir".
Əgər Mayakovski şəxsiyyətinin daxili qiyamı, fərdi
xüsusiyyətləri bütünlüklə o dövrün 1905-1917-ci illər arasında rus
tarixində baş verən konkret ictimai-siyasi təlatümlər ilə üst-üstə
düşürdüsə, o zaman Mayakovski hadisələrin hansı barrikadasında
dayanmalı idi? O, həmin insan ki, 5-ci sinifdə yaxasından yapışaraq
Moskva həbsxanalarına atılmışdı. Elə bu səbəbdən də Mayakovskidən -
"22 yaşlı yaraşıqlı gəncdən" inqilabın əsl mahiyyətini dərk etməyi
gözləmək olmaz. Çünki onun düşüncəsi Buninin inqilabın mahiyyətində
nə dayandığını dərk etməsindən çox-çox uzaqdır. Əlbəttə, zadəgan
təlimi ilə böyümüş, tərbiyə almış Bunin üçün açılmış gerçək
mənzərə, Mayakovski üçün belə erkən yaşda açıla bilməzdi. Halbuki,
onun özü də zadəgan köklərinə malik olmasını anketlərində dəfələrlə
qeyd edirdi. Əlbəttə, sonrakı dərketmənin hesabını Mayakovski
sonacan ödədi. Yaradıcılığının axır dönəmlərində o, "Tatyana
Yakovlevaya" ünvanlanmış mənzum məktubunda sanki hərəkətlərinə haqq
qazandırmağa çalışırdı.
Çiyinlərində yamaq gördüm
Vərəmləri nəfəslərindən duyulur.
Yüz milyonluq pis güzaranlıya görə
Bizmi suçluyuq.
Biz indi daha çox belələrə mehribanıq -
İdmanla düzənə düşmək çox zaman alınmayır.
Siz də bizə lazımsınız
Moskvada uzun ayaqlılar
Çatışmayır.
Mayakovski gənclik illərində özünü pis güzəranlıların tərəfində
olmağına görə və səbirsizliklə gözlədiyi inqilabın yekununda
adamların özünü xoşbəxt hiss etməməsində günahkar deyildi. Ən
əsası, o özündə güc taparaq cəsarətlə bunları deyə bilirdi:
RSFSR-in arxasında
Meşşanlığın idbar
Siması göründü.
Onun bütün sarkazmaları yeni həyatın - "Sovet tibbinin yüzilliyi
adına meydanlar"dan tutmuş Marksın qumarbaz (hətta məlum faktlara
görə o, pul ilə də oynayırdı) olması faktına qədər, absurd
təzahürlərə qarşı yönəlmişdi. Hətta kəmiyyət baxımından müqayisə
etsək, onun palitrasında satirik rənglərin miqdarı fərəhverici
nüanslardan daha çox idi. O, olmayan şeylər haqqında, xəyalları
haqqında daha çox qürurlu şeirlər yazırdı, nəinki gündəlik
həyatında gördüklərindən... Bu tip mövzular "Birə", "Hamam"
komediyalarında daha nümayişkaranə şəkildə, "O barədə" poemasında
lirik üslubda, "Var səslə" şerində isə sonuncu hayqırış kimi
canlanır.
Mayakovskinin qiyamçı, inqilabçı xarakterinin arxasında kəsgin
satirası dayanırsa, digər xarakterik xüsusiyyətinin kökündə lirik
ab-hava durur və bu lirik irsi onu poeziya tarixində yüksək
məhəbbət nəğməkarları ilə bir sıraya gətirir. Bəlkə də
Mayakovskinin əsl faciəsi öz istəklərinin əksinə gedərək
daxilindəki liriki öldürmək və öz lirik səsini ayaqlamaq olub.
Bəzən sənətin, yalançı, ani məqsədlərindən çıxış edərək o, bu lirik
boğazını üzməyə çalışsa da, onun nəğmələri ağır başmaqlarından daha
davamlıdır.
Özüylə əlbəyaxa döyüşdə, qarşı-qarşıya dayanılmış dueldə
Mayakovski daxilindəki lirik duyğuları öldürməyi bacarmamışdı. Bu
cür ağrılı, pünhan sətirləri:
İstərdim vətənim anlasın məni
Əgər anlamasa, neyləmək, nə qəm.
Çəpəki, köndələn yağışlar təkin
Ölkəmin yanından yağıb keçərəm.
çap variantından çıxararaq, hətta bu sətirlərə görə özünü
ittiham da etmişdi: "Həssas, göz yaşardan sözləri söyləmək çox
asandır. Romansvarı, həddindən ziyada duyğusallığına baxmayaraq
(publika o saat gözünü silməyə yaylıq çıxarır), mən bu "gözəl",
yağışla islanmış lələkləri yerindən qoparıb atdım".
Nədən qorxurdu? Bir zamanlar qorxmadan bütün bunları çılpaq
şəkildə öz ilkin poetik nümunələrində və daha sonrakı - "Şalvarlı
bulud", "Onurğa - fleyta", "Sevirəm" poemalarında tərənnüm etdiyi
həssas hisslərindənmi qorxurdu? Bəlkə spartan ciddiliyi, ideoloji
prinsiplər onu çərçivədə saxlayırdı? Bəlkə də Mayakovski
dostlarının, dar çevrəsinin bu "həssaslığı" doğru anlamamasından,
xəyanət kimi qəbul etməsindən ehtiyatlanırdı. Doğrudanmı Mayakovski
öncə gətirdiyiniz "həssas" şeirləri poeziyada, Mosselpromanın
reklamından, təbliğindən az qiymətli hesab edirdi?
Axı o, şair idi, bilməliydi ki, əsl sənətkar bütün estetik,
siyasi bəyanatlarının fövqündə dayanır. Çünki istənilən ideoloji,
siyasi fikir hamı tərəfindən qəbul edilsə belə, həyat öz-özlüyündə
daha geniş anlayışdır. A.Kamünün fikrinə diqqət yetirək, "Öz
Əlczair gəncliyindən belə yazır – "Mən yoxsulluqla günəşə gedən
yolun yarısında idim. Yoxsulluq məni əmin edirdi ki, tarixdə hər
şey öz qaydasında deyil. Günəş isə mənə öyrədirdi ki - tarix hələ
hər şey demək deyil..."
Bunu Mayakovski də çox yaxşı bilirdi. O bilirdi ki,
yoxsulluqdan, müharibələrdən, çəkişmələrdən, savaşlardan,
inqilablardan, sosial haqsızlıqdan savayı əbədi səma, əbədi günəş
də var. Təsadüfi deyil ki, özünün ideoloji poemalarının birində
qəflətən bu sözləri deyir:
Mavi, ipək səma durur
başımın üstə mənim
heç vaxt belə yaşanmayıb
Həqiqi xoşbəxtliyim.
Xoşbəxtlik – sovet hakimiyyəti, qalib gəlmiş inqilab deyil.
Xoşbəxtlik – bir insanın qəflətən başının üzərində mavi ipək
parçaya bənzər səmanın varlığını hiss etməsi deməkdir. XX əsrin
digər böyük şairi Nazim Hikmətin də buna bənzər sətirləri var. Bu
sətirlər haradasa eyni hissləri ehtiva edir. Uzun illər çılpaq
həbsxana divarları arasında qalan şair eyni divarlarla
çərçivələnmiş meydançada gəzintiyə çıxarılarkən qəflətən başını
yuxarı qaldıraraq çox uzaq, buludsuz, təmiz, mavi səmanı görür.
Məhz bu anda o, heç nə haqqında düşünmək istəmir. Nə döyüşlər, nə
inqilablar, həyat yoldaşından uzunmüddətli ayrılıqlar belə həmin
anda yada düşmür. Bu zaman o, əsl xoşbəxtliyi duyur. Günəş və
səmanın vəhdətində xoşbəxtliyini tapır.
Bu, həqiqi, səmimi poeziyadır. Onu ayaqlamaq mümkün deyil. O,
heç nə ilə - ideoloji, partiya çabalarıyla müqayisə oluna bilməz.
Ümumiyyətlə, Mayakovski özü bütün bunların fərqini bizdən az bilir,
bu dramı az yaşayırdımı? Hər halda, partiya tərəfkeşliyinin ən
fırtınalı zamanlarında belə onun həyatının, şəxsi, gizli, pünhan
məqamları var idi. Bu qaranlıq məqamların mərkəzində onun təkliyi,
yalqızlığı dayanırdı. Elə bir yalqızlıq ki, o, öz fəryadını incə,
zərif qadın bədənində gizlətmək istəyir və özünün acı aldanışının
astanasında belə deyirdi:
Partiya mənim üçün
Yeganə xəyanət etməyən
nəsnədir.
Amma o da xəyanət edir. Axı Mayakovski görməyə bilməzdi ki,
təmənnasız inqilab cəngavərləri tezliklə şöhrətin və firavan
həyatın dadını hiss edərək bütün varlıqları ilə kef damaqlı ömür
sürməyə başlayacaqlar. Çevrə qapanır. Hamı xəyanət edir. Kimə
inanasan? Qadınlaramı? Onların biri ilə o, elə gənc yaşlarından
iztirablı, müəmmalı münasibətlərlə bağlı idi. Bir başqası, ömrünün
son mərhələsində aşiq olduğu qadın Parisdə idi. "Parisi də, səni də
zəbt edəcəyəm" - yazırdı. Qəflətən qadın bir başqası ilə ailə
qurmaq qərarına gəlir. Üçincüsü isə ailəli idi və ailəsini
Mayakovskinin xatirinə dağıtmağı ağlından belə keçirmirdi. Bəs nə
qalırdı? Partiya? Yeganə ona xəyanət etməyən obyektmi? Yoxsa şən
şeirin sonuncu nəfəsi kimi:
Bax, həyat da keçib gedəcək
Azor adaları tək...
Nə yaxşı ki, o, çəp yağış haqqında sətirlər kimi bu qəmgin
etirafı da pozmayıb. Gəlin Mayakovski dramını anlamağa çalışaq.
(Bəlkə də o, qəzəblə bizim "mərhəmətimizi" rədd edərdi). Onun
faciəsinə ehtiramla yanaşaq. Günahlandırmayaq, məzəmmət etməyək,
əksinə, daxili sarsıntılarını, yalqızlığını, ağrısını anlamağa,
başa düşməyə çalışaq. Səmimi misralarını etiraf kimi qəbul
edək:
Mən qəlbimlə
May ayına qədər heç bir vaxt yetişmədim.
Yaşadığım həyatda
Yüzlərlə aprellər var.
Mayakovski 1930-cu ilin 14 aprelində özünü güllələdi. Bu onun
ömrünün sonuncu, otuz yeddinci apreli idi. Şair bir daha maya qədər
yetişə bilmədi.
Rus dilindən tərcümə etdi: Günel Eyvazlı
AYB.az