Yardımlıda, Savalanla üz-üzə, vaxtilə Şah İsmayıl
Xətainin ova gəldiyi, Şahnişin (Şah oturan) deyilən yaylada,
arandan başlayaraq, hər yerdə gədiklərlə, dağların sırtiyla uzanıb
Ərdəbilə doğru aşan El Yoluyla Güneylə aramızı kəsən sərhəddə doğru
addımlayırdıq.
Yayın əvvəli olsa da, burda bahar hələ yenicə başlanırdı, dəniz
dalğaları kimi bir-birini əvəz edən aşırımlar başdan-başa mavi,
sarı, bənövşəyi çiçəklərlə bəzənmişdi. Orda-burda gözə dəyən
ağ-qırmızı laləliklər sanki uzaq döyüşlərin qanlı yadigarlarıydı.
Başımızın üstündə öz səsindən asılıb qalan torağayların səsi olmasa
elə bilərdin zirvələrin bu dərin sükutu dünya yaranandan bəri davam
edir və sonsuzadək pozulmayacaq. Gözəlliyindən göz doymayan
çəmənliklərin arasıyla qoşa təkər izi iki saz sımı kimi ağarır və
bu birgəliyə məhkumluq, eyni zamanda, görüşə bilməmək sərhəd
ayrılığının kədərini bir az da dərinləşdirir. Qonağım Zəlimxan Yaquba dağların əsiri olmuş
balaca kəndləri böyük dünyaya bağlayan yeganə sirli bağ olduğuna və
bizi də hər yaz bu yaylaq obalarına qaldırdığına görə mənə doğma
olan bu El Yolunun uşaqlıq illərindən ürəyimi qeyri-adi bir
cazibəylə uzaq səfərlərə çəkdiyindən danışıram. Qələm dostum qədər
sinədəftər olmasam də, gənclik illərində bu yola sevgimin ifadəsi
kimi yazdığım "Vəsiyyət" şerini deməkdən özümü saxlaya bilmirəm:
"Məzarımı El yolunda qazdırarsınız/ O yolda ki, indi onu sərhədlər
kəsir/ O yolda ki, yaz gələndə arandan dağa köç çatılır, ilxı
qalxır, ellər tələsir".
Üçüncü yoldaşımız Məmmd Aslan
gül-çiçək ümmanını görən kimi bizi unudub, arı kimi güldən-gülə
qonur, kamerasını dəqiqələrlə bir su şırnağına, bir qarışqa
yuvasına yönəldib səbirlə çəkir. Amma yəqin bizim bu qoşa izlərə
düşüb getməyimiz də gözündən yayına bilməzdi və yəqin ki, zəngin
videogörüntülərinin hansı bir səhifəsindəsə iki dostun geri dönməz
şəkildə sərhədə doğru o yürüşləri və dağ azadlığının gətirdiyi xoş
zarafatları də əksini tapıb.
Bir neçə günlüyə Bakıdan qopmağımız, Güneylə Quzeyi birləşdirən
bu tarixi yolun bir ucunun Ərdəbilə, Təbrizə bağlı olması, Xətainin
at oynatdığı yerlərdə gəzməyimiz və bəlkə onun da su içdiyi
bulaqlardan su içməyimiz Zəlimxanı qanadlandırmışdı. Bunu görəndə
"Yaxşı ki sazını götürmüsən!" dedim.
Sonra Dəvəboynu adlanan yerdə, bulaq başında oturanda şair
dostumun bayaqdan bəri sinəsini qabardan duyğular sazının səsiylə
yaylaqlara yayılacaqdı. Yan tərəfdəki qayalar o qədər ucadır ki,
sanki üstümüzə aşacaqlar. Elə bil dünyanın bütün qartallarını bu
qayalara yığıblar və aşağıdan baxanda onların qayalara
enib-qalxmaları arıların öz pətəkləri ətrafında dolanmasına
bənzəyir. Oturduğumuz talanın aşağı qırağında, uçurumun başında
ildırım vurmuş qocaman palıd ağacının nəhəng kösövə dönmüş
qap-qara, vahiməli heykəli ucalır. Bu görkəmiylə ağac bir qaya
parçasıydı sanki, ancaq o həm də sərhəd məftillərinin "qurutduğu"
El Yoluna və ildırım vurmuş taleyimizə də bənzəyirdi. Lakin bir
azdan Zəlimxan uzaqlardan gəlmiş bir Ozan görkəmiylə uçurumun
başında O kösövə dönmüş möhtəşəm ağacın altında dayanıb tarixin
çiynimizə yüklədiyi bütün ağriları "Yanıq Kərəmi"ylə dilə gətirəndə
anladim ki, yaylaqlarımızın əsil görünüşü o güllü-çiçəkli çəmənlər
deyil, ildırımın kösövə döndərdiyi və cansız heykəlində də əzəməti
azalmayan Yanıq Palıd ağacıdır... Bu ağac həm də Kərəmin
heykəlidir.
Zəlimxanın çalğısında Borçalının, itirdiyimiz İrəvan-Göyçə
torpaqlarının, Türküstandan Kıprısa bütün türk yurdlarının
ağrı-acısı səslənirdi. O gün hər iki dostumun torpağını itirmək və
öz yurdunda başqasından asılı olmaq dərdləri mənim çiynimə
yüklənmişdi...
İndi daha Zəlimxan yoxdur. Sözün şöhrəti və şəraitin
sıxıntılarıyla, Allahın istedadı və bəndələrin o istedadı istismar
ehtiraslarıyla dolu olan, həyatın faciəsini də sözün təntənəsinə
çevirməyi bacaran çətin bir şair ömrü bitmişdir.
Yanan da var, köhnə bayatıları təkrarlayanlar da... Bunlar
Zəlimxanın nə özünün, nə sözünün dəyərinə təsir göstərməz. Zatən
başqalarına qiymət verməyə, özünü hakim yerinə qoymağa qalxan hər
kəs əslində özünün kimliyini və nəyə layiq olduğunu göstərir.
Millətimizin xroniki xəstəliklərindən biri də qeybətdir və bu
xəstəliyə tutulanlar anlamadan öz ömürlərini baltalayırlar. Şairin
sözü özünü qoruya bilməsə, başqa kimsə onu qoruya bilməz. Və
tərsinə, sözüylə özünə ölməzlik qazananları da heç bir dedi-qodu
şəbəkəsiylə unutdurmaq olmaz. Bu barədə geniş danışmağa ehtiyac
yoxdur. Bir həqiqət inkarolunmazdır: İqtidarda da, müxalifətdə də
istedadsız və xırda adamlar kimsəni maraqlandırmır, sevilən və ya
inkar olunanlar da böyüklər və xalq arasında sözünün təsiri olan
adamlardır... Xalq umduğundan küsür, vecsiz adamlardan yox!
Mən Zəlimxanı gənclik vaxtından, Bakıda kitab ticarəti sahəsində
işlədiyi illərdən tanıyırdim. Sonra "Yazıçı" nəşriyyatına gəldi,
bir yerdə çalışdıq, yuxarıda yazdığım Yardımlı səfərinə bənzər
səfərlərimiz, oxucu görüşlərində, kitab müzakirələrində çoxlu birgə
çıxışlarımız oldu. O, Əli Kərim demiş, "məhəbbətdən qaşığacan", hər
şeyi halal zəhməti və istedadıyla qazanmışdı. Bakıda Borçalının
qüdrətli səsiydi. O mühitdən çıxmış bir sıra tanınmış qələm
sahibiylə birgə Borçalının mənəvi və ədəbi dünyasının Azərbaycandan
ayrılmaz olduğunu sübut eləmişdi.
Bəziləri onu aşağılamaq məqsədiylə "aşıqdır" deyirlər. Türk
əxlaqı və ruhunun beşiyi və yanar kürəsi olmuş böyük ürfan
ədəbiyyatının,Yunis Əmrə, Pir Sultan Abdal, Qurbani, Abbas
Tufarqanlı, Aşıq Ələsgər, Aşıq Veysəl yolunun davamçısı olmaq
zınqırovlu-mınqırovlu ərəb-fars ibarələriylə dolu və bizi
başqalarının süfrəsinə çəkən yazılı şeirbazlıqdan min qat artıqdır.
Bununla yanaşı, Zəlimxan həm də Füzulidən Şəhriyaradək klassik
ədəbiyyatımızın bilicisiydi və ona bağlıydı.
Saz Zəlimxanın gücsüzlüyü yox, gücüydü, böyüklüyüydü. Çağdaş
ədəbiyyatımızda sazla sözün vəhdətini saxlamaq baxımından Zəlimxana
bənzər qələm sahiblərimiz, təəssüf ki, yoxdur.
Xəstə olsa da diqqətliydi. Zəng vurub mənim mətbuatdakı
yazılarım və ya başqa dostlarımızın yazıları barədə fikirlərini
bölüşərdi. Ancaq son vaxtlar zənglərimə cavab vermirdi. Yəqin
nömrəsini dəyişib, deyirdim. Sonra öyrəndim ki, başqalarına da
cavab vermir. Zəngim çatsa deyəcəkdim ki, darıxma, özün xəstə olsan
da, sözün Məmməd Arazın sözü kimi sapsağlamdır...
Bu dünyanın dərdlərinə vida etdiyini, sevdiyi böyüklərin
dünyasına qovuşduğunu Azərbaycandan kənarda eşıtdim... İldırım
vurmuş palıd ağacını xatırladım və qulağımda Zəlimxanın Yanıq
Kərəmisi səsləndi.