Keçən il doğum günümdə yazdığım eyni başlıqlı
yazının davamını da yazacağımı düşünmüşdüm,
amma bu günə qədər yazmamışamsa, yəqin içimdə o ehtiyac
doğmayıb.
Günümüzün ən aktual problemlərindəndi intihar. Ən azı iki gündən
bir intihar xəbərləri oxuyuruq, dünən 23 yaşlı tələbə qız özünü
öldürmüşdü, bu gün 81 yaşlı qadın. Məktub yazıb qoymayana, kiməsə
konkret nəsə deməyənə qədər o insanların niyə intihar etdikləri
haqqında sadəcə təsəvvürlərimiz ola bilər ki, bəlkə də bunların
90%-nin intiharla yaxından-uzaqdan əlaqəsi yoxdur.
Dünya yarandığı, daha doğrusu, dünyada insanların intihar etdiyi
vaxtlardan intihar psixoloqlar, nevropatoloqlar tərəfindən
araşdırılan mövzudur. İntiharın məntiqlə (beyinlə), yoxsa ruhla
əlaqəli olduğu hələ ki elmə tam məlum deyil. Dinsə intiharı,
ümumiyyətlə Allaha qarşı gəlmək kimi qiymətləndirərək qadağan
edir.
İnsanlar niyə intihar edir? Bu, çox dərin və uzun söhbətlik
mövzudur. Amma mən, məhz mən niyə intihar etmirəm? Bir az bundan
yazmaq istədim. Niyə intihar etmək istəyim ki? Əvvəl bundan danışım
gərək. Cəmiyyətimizdə, ailəmizdə və məişətimizdə insanları intihara
sürükləyən min səbəb var. Adamlar həmişə ağıl və məntiqlə davrana
bilmir. "Hirsli başda ağıl olmaz", fikrini boşuna deməyiblər.
Hirslənəndə əsəbi, emosional halda ağılla hərəkət etmək mümkün
deyil. Bir də çarəsiz vəziyyətlərdə...
Hə, bizimki kimi cəmiyyətdə böyüyən insanlar təkcə bugünkü
günlərini deyil, həm də özlərindən sonrakı günləri də düşünmək
məcburiyyətindədirlər axı. Bütün həyatımızı başqalarının arzu,
istəklərinə görə yaşadığımız kimi ölümümüzü də onların
arzu-istəklərinə uyğun seçməliyik. Özümüzü öldürüb onların başını
aşağı edə bilmərik ki. Kişilərin özünü öldürməsinə haradasa haqq
qazandıra bilir bizim cəmiyyət. Məsələn, ən primitiv halda, kişidir
də, 3 balası vardı, hamısı yemək istəyir, geymək istəyir,
işləmirdi, imkanı yoxdu, oğurluq, cinayət eləyəsi deyildi ki... Vay
o gündən ki, özünü öldürən qadın ola. Bilirsizmi haqqında
olan-olmayan nə qədər şər-böhtan danışacaqlar? Əlbəttə, bilirsiz,
elə danışanların biri də sizsiz, deyilmi?!
Cavan qızsa "Allah bilir nə zibili varmış", "Şəkilləri varmış
kimdəsə şantaj edilirmiş", "Evli adamla gəzirmiş" və s. və ilaxır
kimi həqiqətlə əlaqəsi olub-olmadığını təsəvvür belə etmədiyimiz
şeylər danışılacaq. Halbuki, "zibil" də, "şantaj" da, "gəzmək" də
təkbaşına ediləcək "ayıb", "günah", "cinayət" deyil. Niyə bütün bu
hallardan danışanda ikinci tərəflərin adı çəkilib
günahlandırılmır?! Qarışıq mövzulardı, bunlar məni ciddi-ciddi
maraqlandırmır. Məni maraqlandıran əsas iş odur ki, biz niyə ölüb
gedən (eləcə də sağ olan kimsənin) birinin ardıyca olan-olmayan
şeyləri danışmaq məcburiyyətində hiss edirik özümüzü? Niyə ölən
birinin bakirə olub olmamağı, sevgilisinin yaşının neçəliyi, evli
olub-olmamağı, hansı şəkillərinin kimdə olmağı bizi bu qədər
maraqlandırır?! Tamam, insanların özünü öldürməsi yaxşı hal deyil,
amma bir halda ki artıq ölüb, niyə insanların ölümünün necəliyini
seçmə azadlığına hörmətlə yanaşmayaq?! İnsanlar (başqaları)
haqqında ağlımıza gələn hər şeyi danışmaq haqqını bizə kim verib
axı?! Bu qədər bekar cəmiyyətə necə çevrildik? Yoxsa əvvəldən belə
olmuşuq, amma indi şərait daha genişdir deyə, əslində, necə
olduğumuz üzə çıxır?!
Edə biləcəyimiz çox az şey var, məsələn, bu cür cəmiyyətə üsyan
olsun deyə intihar etməyə bilərik.