Ağlım kəsəndən bəri bu haqda
həmişə düşünmüşəm. Düşünmüşəm ki, heç bir çarəm, yolum qalmasa
belə, heç vaxt intihara əl atmaram.
Doğrusu, böyüdükcə daha çox düşündüm. Ki, adamlar niyə intihar
edir? Səbəblər çox fərqli görünsə də, məsələnin kökündə eyni şey
dayanır. Eyni şey dayanırmı?! Bu daha dərin mövzudur deyə, bu haqda
daha sonra yazmağa qərar verdim. Bu dəfə özümdən yazmaq istəyirəm,
özümkimilərdən; Ölmək istəyib ölə bilməyənlərdən. Ürəyindən intihar
keçib, intihar edə bilməyənlərdən.
Bir az böyüyəndən sonra yaşantılar fikirlərə də təsir etdi.
İntihar etmək keçmədimi ağlımdan? Dəfələrlə olmasa da, oldu, "gecə
damarlarımın gözümün içinə baxa-baxa intihar nəğməsi oxuduğu"
zamanlar çox oldu. Daha məntiqlə düşünüb "təsadüfən" bir maşının
altına yıxılaraq (sonrasında "yol qəzası zamanı bədbəxt hadisə"
donu geyindirələcək bir olayla) ölmək də az keçməyib ağlımdan.
Niyə kəsmədim damarlarımı? Niyə özümü yaşadığım çoxmərtəbəli
binaların pəncərəsindən atmadım? Niyə bütün qapı-pəncərələri
bağlayaraq qazı açıb çox ağrısız və rahat hesab etdiyim üsulla
özümü öldürmədim? Niyə özümü Xəzərdə boğmadım, Qız Qalasından
atmadım? Özümü asa da bilərdim, vannada boğa da... Mən niyə intihar
etmədim?
Biz belə böyüdülmüşük: "O qədər makiyaj etmə, qohum-qonşu nə
deyər?! Bu donu geyinmə, dardı, qısadı, el-aləm nə deyər? Şortik
geyinmə, rayon yeridi, camaat pis baxar. Eynək taxma, kepka geymə,
dikdaban geyinmə, saçına rəng qoyma, qaşını alma və s. və ilaxır
qadağalı əmr cümlələrinə tabe olaraq...
Hə, intihar etməməyimin, edə bilməməyimin səbəbi budur.
Qohum-qonşular, el-aləm, camaat, cəmiyyət! Ömür boyu başqalarına
(valideynlərinə, ərinə, övladlarına) görə yaşayan Azərbaycan qadını
öləndən sonra da onları düşünmək məcburiyyətindədir. Azərbaycan
qadınının ölümü belə ərinin, qohumlarının, valideynlərinin,
övladlarının başını aşağı etməməlidir. Bu adamlar mən öləndən sonra
haqqımda olmayan şeyləri düşünüb danışmasınlar deyə intihar
etmirəm, edə bilmirəm. Özümdən sonra "en" qədər sual qoyub yüzlərlə
adamın beyinini o suallarla yormaq istəmədiyimdən intihar
etmirəm.
Valideynlərimi cəmiyyətin qınaq obyektinə çevirməmək üçün
intihar etmirəm - buna yaxşı hal kimi baxanlar da olacaq, amma ayrı
cəmiyyətlərdə bu basqıya görə "o adamları" məhkəməyə verib yüklü
təzminat da almaq olar.
Yaxşı ki, "ayrı cəmiyyət"də yaşamırıq: ya siz məhkəməlik olub
var-yoxdan çıxardınız, ya da mən çoxdan intihar etmiş
olardım...
Redaksiyadan: Bu gün Nilufərin ad günüdür, təbrik
edirik...