BÜTÖV AZƏRBAYCANLI AXTARIŞI
Küçədə-bacada hamı Suriyanı müzakirə edir. Necə ola bilər ki,
insan bankda, şirkətdə, bazarda gəlirli işini atıb şəhid olmaq
niyyəti ilə tanımadığı bir məmləkətə yollansın?
Suriyadakı savaşa adam göndərən hansısa şəbəkədən söhbət gedir.
Ancaq hər cür belə şəbəkələr ola bilər, gedən ki ağlı başında olan
insandır: ailəsini, işini, Vətənini atıb gedə bilirsə, demək ki,
hansısa qəti qərar verəcək xarakterə sahibdir. Bütün bu hay-küyün
əslində bir səbəbini sezmək olur: Ölümdən qorxan çoxluq üçün ölümü
adiləşdirən bu azlıq uzaqlarda da olsa psixoloji təhlükə olaraq
rahatsızlıq yaradır. Əslində, Qarabağda savaş olsa, getmək niyyəti
olmayan böyük çoxluğun onlara qarşı birinci ittihamı da, "heç
Qarabağda savaş olsa getməyəcəklər"dən başlayır. Başqa ölkələrdə
silahlı münaqişələrdə döyüşən Azərbaycan vətəndaşları barədə
cinayət məsuliyyəti yaradan absurd bir qanunun qəbul olunmasına da
çağırışlar var. Anlamaq istəyən yoxdur ki, tarixi ənənəsinə görə,
bugünki qavrayışına görə, bizdə çoxluğun mənimsədiyi İslam - Suriya
savaşı olmadan belə öz içində nifrət ağırlığı ilə seçiən bir
İslamdır. İnsanlar dindarlaşdıqca sanki insana sevgilərini,
dəyərlərini daha çox azaltmış olurlar. Fərdi haqları daha çox
kollektiv haqların içində basdırmağa çalışırlar. Bu savaş
duyğusunun bəlkə də xaricə köçürülməsi Azərbaycan üçün bir vaxt
qazanma şansıdır. Bu şansdan ağıllı şəkildə yararlanaraq sağlam din
düşüncəsini cəmiyyətə çatdırmaq əvəzinə hamı öz durduğu mövqeni
haqlı sayaraq başqasının cinahına yönəlik mübarizədən danışır.
Ancaq bir gerçəyi anlamaq istəmirlər ki, yanlış din anlayışına
qarşı ən səmərəli mübarizə doğru alternativlərin təbliğ
olunmasıdır.
Əlbəttə, insanların asudə vaxtını necə seçmələri yönündə dəqiq
bir istiqamətləndirmə işi xeyli çətindir. Kimisi bu asudə vaxtını
Yesentukidə, Karlova Varıda, Baden-Badendə, kimisi də
bəşərəsadçilər cinahında və yaxud zəngin ərəb dövlətlərinin
dəstəklədiyi anti-bəşər cinahında radikal dinçilər tərəfdə
vuruşaraq keçirməkdə görür. Xeyli hissəsi müasir silahlardan
istifadə etmək qabiliyyətində olmasa da, savaş məntəqəsinə çatan
kimi alovun içində özlərini görməyə başlayır və bir çox halarda
təcrübəsizlikdən ölürlər. Bir tərəfdən də Əsədi müdafiə edən
Hizbullahın ölüm timlərində bu millətin təmsilçiləri başqa bir
anti-islamın təəssübkeşi kimi döyüşməyə girişir.
İki xarakterik Azərbaycan dindar kimliyi üz-üzədir. Hər ikisi də
İslamın sağında və ya solundadırlar, İslamın özündə olmağı, onun
nüvəsində durmağı bacarmamış, hər ikisi də yaradılanı yaşatmağı
deyil, öldürməyi hədəf olaraq seçmişlər. Doğru İslama yürüyənlər
üçün İslam dini hər an yenidən insana açılır, tükənmir, bitmir.
Yanlış din anlayışı insan üçün artıq özünün qərar verdiyi görüntüdə
tamamlanır, yekunlaşır. Bu tamamlanmanın arxasında, yanında nə
varsa, hamısı silinməli, yox edilməli, uzaq tutulmalıdır. İslam
saqqalın uzunluğudur, İslam möhürün həcmidir, İslam ölüb bu
dünyadan canını qurtarmaqdır, İslam öldürüb həzz almaqdır.
Bu yalnız dinlə bağlı qarşıdurma deyil. Rusiya şəhərlərində bu
ölkənin kəşfiyyat orqanlarının yönləndirməsi ilə bir-birini
gülləbaran edən azərbaycanlıların "bazar polkası" davası motiv
etibariylə fərqlənsə də, nəticə etibarilə eyni xarakterin
məhsuludur.
Əslində, bu mənzərə nəyi bir daha bizlərə göstərir? Nəyin
uğrunda savaşdığını, yaşadığını bilməyən, tarixi təsadüflərin
gətirdiyi qazancı xərcləyən, yanlış bir din anlayışının sıxıntısını
yaşayan bu gün azərbaycanlı adlanan bir milli kimliyin Arazın o
tay-bu tayındakı, eləcə də Rusiyanın hər tayındakı acınacaqlı
durumunu.
İllərdir fəxr etmişik ki, güney Azərbaycanda bütün inqilablar
Təbrizdən başlayıb. Bütün inqilablar da keçici bir qızışmadan
başlayır və emosiyaların ağlı üstələməsi ilə hər kəs sabahın
məsuliyyətini düşünmədən dərhal qısa bir zamanda hər şeyin həllinə
çalışır. Ağıl yenidən oyanmağa başlayanda anlaşılır ki, öz əlinlə
öz düşmənini başına çıxarmısan, qazandığın da minlərlə qətledilən
insanın adlı-adsız qəbirləridir. Bizim əcdadların yaşadığı
Azərbaycan adlanan coğrafiyada beş yüz il öncə də beləydi, 35 il
öncə də, indi də... Yaxşı ki, İranda bu inqilablar ənənəsi bir az
geridə qalıb və ağlın imkanları ilə milli kimliklər üçün nələrinsə
tədricən qazanılması yolları açılıb. İndi İran Məclisində
müzakirələr gedir ki, ölkədə yaşayan bütün xalqların dillərində
məktəblər açılsın. Bu təkliflə ərəblər, bəluclar, türkmənlər,
kürdlər çıxış edirlər, Azərbaycan türklərini təmsil edənlərin səsi
gəlmir. Millət vəkilləri susurlar. Bəziləri isə bunun əleyhinə
olduqlarını belə gizlətmirlər. Hətta bir sıra fars millət vəkilləri
də, tanınmış fars aydınları da İranda yaşayan xalqların ana dilində
məktəblərinin olması fikrini dəstəkləyirlər. Bunun qarşılığında
sosial şəbəkələrdən oxudum ki, hətta Təbrizin bələdiyyə başqanı
məsxərəli üslubda belə bir ifadə də işlədib: "Küçələrdə danışılan
dili siz Ana dilimi hesab edirsiniz?"
Mən Suriya ilə nədən başladım? Vaxtilə İran-İraq savaşında da
kor-koranə başqasının hədəfi üçün başını-bədənini fanatikcəsinə
güllə qabağına verən bizim güneyli soydaşlarımız idi. Bu gün də
Suriyada hər iki tərəfdə döyüşən yenə də bizim başqasının ideyası
üçün ölməyə hazır güneyli-quzeyli azərbaycanlımızdır. Savaşı da,
inqilabı da başqasının çıxarı üçün edirik, öz çıxarımız üçün bir
Urmiya gölünün qurumasının qarşısını almağa, məğlub olduğumuz bir
Qarabağ ayıbını üzərimizdən götürməyə, öz ana dilimizin haqqını bir
ölkənin parlamentində kürd qədər, bəluc qədər, ərəb qədər almaqda
israrçı ola bilmirik. Bir qismimiz bir Kral dininin axmaq fanatına
çevrilirik, digər qismimiz bir Molla dininin axmaq fanatına
çevrilirik, Allahın dininin gözəlliklərinə, məsuliyyətinə eyni
bağlılığı ortaya qoya bilmirik.
Narahatlıq yaradan məqam budur ki, dəyişən dünyanın hərəkət
trayektoriyasında dini də, demokratiyanı da, insana, təbiətə,
təhsilə, sağlığa münasibəti də eybəcərləşdirərək yavaş-yavaş
özümüzəməxsus bir milli xarakter formalaşdırmağa meyllənirik. Bu
gedişlə səslənişi gözəl xəyallarla Bütöv Azərbaycan deyilən bir
ərazini şerlərdə, mahnılarda bir-birinə birləşdirdik, Bütöv
Azərbaycanlını haradan tapacağıq?
Müasirliyi ilə, sağlam dini inancı ilə, doğru tarix şüuru ilə,
30 milyon adam sayı ilə deyil, dünyada söz sahibi olacaq 30 düşüncə
adamı ilə fəxr etməyi arzulayan Bütöv Azərbaycanlı kimliyindən
danışıram... Güneydə, Quzeydə, Rusiyada, Avropada yaşamağından
asılı olmayaraq...
Hələ ki, Suriyada döyüşənlər başlarını orada qatıb; hələ ki,
Qarabağın başını atəşkəs kəsib; hələ ki, İran məclisində
əvəzimizdən kürdlər, ərəblər, bəluclar danışır, düşünməyə qızıl bir
vaxt fürsəti qazanmışıq.
Mən yazaraq düşünürəm. Hər kəs öz bildiyi şəkildə düşünsün:
Sabahımızı!