Salam, əziz ata!
Yadındadır, nə vaxtsa "Atama
məktub" hekayəsini bu sözlərlə başlamışdım. O zamanlar çoxları elə
bilmişdi ki, bu hekayədə sənə müraciət edib yazını sənə
ünvanlayıram. Oxuyub başa çatdırandan sonra artıq anlayırdılar ki,
bu, bir metaforadır və söhbət insandan yox torpaqdan gedir. Ancaq
indi mən etiraflarımdan birincisini etmək istəyirəm. Əslində, mən o
hekayəni də, yazdığım başqa əsərləri də birinci növbədə səni,
atamı, Anarı düşünərək qələmə almışam. Əlbəttə, desəm ki, onların
hamısını sənə ünvanlamışam yalan olar. Ancaq istənilən yazını
bitirərkən mütləq: "Görəsən, atamın buna münasibəti necə olacaq?
Bəyənəcəkmi, yoxsa bir balaca tənqid edib müəyyən düzəlişlərin
olmasını məsləhət görəcək?" fikirləri dərhal ağlıma gəlir. Yəqin
ki, bu normaldır, çünki sən mənim üçün hər zaman təkcə ədəbiyyatda
deyil, həm də istənilən sənət sahəsində yüksək bədii zövqə malik
danılmaz nüfuz sahibi, əsas meyar, ən qiymətli məsləhətçi, həmfikir
və həmdərdsən.
Hər gün görüşməsək də ən azı
telefonla danışırıq. Halbuki, sən telefonla danışmağı, ümumiyyətlə,
uzun-uzadı söhbətlər etməyi xoşlamırsan. Qiymətli vaxtını daha
lazımlı işlərə sərf etməyə vacib bilirsən. Məsələn, vaxtını, daha
doğru desəm bütün varlığını yalnız özünəməxsus, qeyri-adi və heç
kəsə bənzəməyən, sadə və oxunaqlı səlis Azərbaycan dilində yazılan
bədii əsərlərinə, yaradıcılığa yenicə qədəm basmış istedadlı
gənclərə, eləcə də artıq bəşəriyyətin tarixində iz buraxmış məşhur
insanlara ithaf olunmuş esselərin qələmə alınmasına, bütöv elmi
araşdırma institutlarının görə biləcəyi fundamental tədqiqat
işlərinin təkbaşına yerinə yetirilməsinə, xalqımızın bilik və
dünyagörüşünün artırılmasına xidmət edən və əsl maarifçilik
missiyasını daşıyan kino və televiziya filmlərinin ssenarilərinin,
müəllif verilişlərinin yaranmasına, çoxşahəli ictimai fəaliyyətə,
müxtəlif səpkili və istiqamətli yüzlərcə dəyərli işlərin ərsəyə
gətirilməsinə, saysız-hesabsız, adlarını belə unutduğun insanlara
usanmadan kömək etməyə və daha nələrə nələrə... Arada bir eyvanda
oturub qəlyanını tüstülədə-tüstülədə doğma şəhərimizin tədricən
yadlaşan mənzərəsini seyr etməyə həsr edirsən...
Əlbəttə, mən də, bütün ailə
üzvlərin də sənin bu həyatda ağır bir yükün altına girib onu
təkbaşına, fədakarcasına daşıdığının fərqindədir. Axı
yeniyetməlikdə zarafatyana elan etdiyin "Siz hamınız mən tək!"
çağırışı ömrün boyu səni müşayiət edən həyat şüarına, kredona
çevrilib. Biz də səni hər zaman iş başında, fəaliyyətdə, saya
gəlməyən tədbirlərdə, iş görüşmələrində və səfərlərdə görməyə
alışmışıq və hətta onu da etiraf edim ki, səni bunsuz təsəvvür
etmək belə istəmirik. Çünki bu, sənin həyat tərzin, səni yaşadan və
millətinə dayanmadan, yorulmadan xidmət etməyə kömək edən ömür
ritmin və fəlsəfəndir. Bəzi hallarda bizimlə ünsiyyətin hesabına
olsa belə. Amma bir şeyi də etiraf etmək istəyirəm. Həyatımın
iyirmi ilini səninlə bir dam altında yaşasam da, ömrümün böyük
hissəsini səninlə müxtəlif görüşlərdə və səfərlərdə keçirsəm də,
maraqlarımız, həyata, insanlara və hadisələrə baxışlarımız çox vaxt
üst-üstə düşsə də mən sənin üçün daim darıxıram.
Çünki səninlə ünsiyyət mənə heç
vaxt bəs eləmir, sanki hər görüşümüzdən sonra: "Eybi yox, bu dəfə
az danışdıq, gələn dəfə daha çox danışıb dərdləşərik" - deyə özümə
təsəlli verir, növbəti görüşümüzdə daha açıq və səmimi olmağı
düşünürəm. Ancaq növbəti dəfə, hətta sən yanımda ikən səninçün yenə
darıxıram...
Bununla belə əminəm: sən məni hər
zaman dinləməyə, mənə məsləhətinlə, əməlinlə kömək etməyə, mənə
arxa durmağa hazırsan. Sən dünyalar qədər sevdiyim anamla məni və
qardaşımı heç vaxt məqsədyönlü şəkildə tərbiyələndirməmisən, bizə
sadəcə əqidəmizə, seçdiyimiz yola və məqsədə sadiq qalaraq xəyanət
etməməyi, ikili standartlara uymayıb vicdanla yaşamağı, Vətən üçün
çalışmağı öyrətmisən. Bununla belə məni necə varamsa eləcə sevən,
dəyişmək və hansısa çərçivələrə salmaqdan uzaq olan, mənim
xislətimi duyan və məhz buna görə dəyərləndirə bilən nadir
insanlardansan. İstənilən problemimə şərik çıxıb onu çox güman ki,
ürəyinə salan, amma bunu göstərməyib həmişə eyni sözləri: "Darıxma,
bala, hər şey yaxşı olacaq" səbrlə təkrar edən əsas dayağımsan. Mən
də bunu bilib darıxmıram. Çünki, bilirəm ki, sən varsan, darıxsam
da, darıxmasam da, yanında olsam da, olmasam da yanımdasan. Buna
görə də hər şey, əlbəttə ki, yaxşı olacaq...
Əziz ata, bir etirafım da qaldı, bu
yazıda sonuncu və ən vacib etiraflardan biri. O da bundan ibarətdir
ki, sən mənim üçün təkcə millətini və torpağını sonsuz və
təmənnasız sevən əsl vətəndaş, ziyalı, maarıfçi və xeyirxah insan
olmaqla yanaşı, həm də ailənə - valideynlərinə, xanımına,
övladlarına, bacılarına və dostlarına münasibətdə necə sədaqətli,
vəfalı və dürüst olmağı şüarsız flansız, sadəcə uzun illər boyu
gündəlik həyatınla nümayiş etdirən bəlkə də yeganə nümunəsən.
... Yəqin ki, etiraf xarakterli bu
məktub ad günün ərəfəsində yazıldığına baxmayaraq düşündüyüm kimi
nikbin və ürəkaçan olmadı. Amma neyləyək... Həyatın özü də
arzulanan kimi ürəkaçan olmur çox vaxt...
Bəlkə də mən peşəkar tənqidçi-alim
olsaydım indi daha ağıllı və sanballı ifadələrdən istifadə edərdim.
Ancaq mən sadəcə bir balaca yazmağı bacaran övladınam. Səni gözümü
açandan bəri və illər keçdikçə həyatımda görməyə alışmış, bu həyatı
sənsiz təsəvvür etmək belə istəməyən, bu gün və bütün gələcək
ömrümüz boyu hər gün Allahdan sənə çox adi, amma adi olduğu qədər
də əvəzsiz olan neməti - can sağlığını, uzun, məna dolu ömrü
usanmadan diləyən qızın Günel...
Trend